adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

OğLUMA BEŞ MƏKTUB

26022 | 2012-05-12 07:31
Birinci məktub
   
   Salam oğlum.
   
   Təəssüf ki, sən hələ çox balacasan və yazdığım bu məktubu oxuya bilməyəcəksən.
   
   Amma o günləri, uşaqlıq illərini xatırlayanda bu məktublar sənin köməyinə çatacaq. O gün... O gün ananla bərk mübahisə elədik. Yaxşı yadımdadır, sən qorxub ağlamağa başladın. Məcbur olub mübahisəni kəsdim.
   
   Utandığımdan siqaretimi götürüb evdən çıxdım. Kirayədə qaldığımız həyətdə beton parçasının üstündə oturub bir siqaret yandırdım.
   
   Qəhərdən boğazım sızıldayırdı. Amma ananın yanında ağlamaq istəmirdim. Ağlamadım da. Axşam nənən gəldi. Həmişə boynumu qucaqlayıb üzümdən öpən arvad bu dəfə heç üzümə də baxmadı. Başını bulayıb, ağlayan qızının yanına keçdi. Əvvəlcə ananın, sonra da sənin paltarlarını yığmağa başladı. Sonra baban gəldi. Mənimlə salamlaşanda üzünə baxdım, deyəsən, məsələdən xəbərdar deyildi. Evə qalxdı, yığılmış çantaları maşına daşıdılar. Sən ağlamağını kəsib qonşudan gətirdiyimiz dəmir beşikdə mışıl-mışıl yatırdın. Ayaqqabımı soyunmadan evə keçib üzündən öpdüm. Ağlamadım. Amma elə ağlamaq istəyirdim ki...
   
   Sonra anan səni qonşudan gətirdiyimiz dəmir beşikdən götürüb bağrına basdı və əsəbi şəkildə evi tərk elədi. Uçuq-sökük mətbəxdə bir cüt nəm corabın, bir də bapbalaca köynəyin qalmışdı. Götürüb qoxuladım. Yuyucu tozun qoxusuna qarışmış qoxun hələ də köynəyində qalmışdı... Qonşu otaqdakı ev sahibi səsimi eşitməsin deyə, dişimi-dişimə sıxıb ağladım...
   
   
   
   ***
   
   
   
   Qoy bir az da sənə qaldığımız ev haqqında danışım. Hələ universiteti bitirməmişdim və sən doğulmamışdın. Anan kənddə qalmaq istəmədiyi üçün, birlikdə Gəncəyə gəldik. Anan hamilə, mən isə işsiz idim. Ümid yerim tələbə təqaüdüm və nənəmin təqaüdü idi. İndi qaldığımız evin sahibi ilə babanla dost idi.
   
   80 yaşlı ev sahibi siqareti həmişə "Kolxoz bazarı"nda alver eləyən babandan alırdı. Tək-tənha yaşayan bu qoca evin iki otağını bizə kirayəyə verdi. Bizim qaldığımız otaqlara bitişik digər iki otaqda isə o qalırdı. Əslində bu yarıuçuq tikilini ev adlandırmaq da olmazdı. İt damından bir az babat tarixi bir tikilidə soyuq qış gecələrində ananla bir-birimizə qısılıb isinirdik.
   
   Evin nə suyu, nə də hamamı vardı. Suyu küçədəki ehsan üçün tikilmiş bulaqdan daşıyırdıq. Mən dövlət imtahanlarına hazırlaşanda sən dünyaya gəldin. Amma sənin üçün beşik almağa pulum yox idi. Qonşulardan biri bizə dəmir bir beşik verdi və sən səkkiz ay o dəmir beşikdə yatdın. Bu xaraba evdə ananla mübahisələrimiz daha çox şəraitsizliyə görə düşürdü. "Suyu niyə doldurmamısan?", "Üzümü harada qırxım?", "Çay niyə yoxdur?" və bu cür mənasız mövzularda qanqaraldıcı mübahisələrimizin sonu əməlli-başlı davaya çevrilirdi. Bu mübahisəmizin səbəbi o qədər mənasız idi ki, yazmağa utanıram. Amma anan: "Daha bu cür yaşamaqdan bezmişəm," - deyib getməyə üstünlük verdi.
   
   Hə, oğlum, bax sən təsvir elədiyim bu xaraba evdə böyüyürdün.
   
   
   
   ***
   
   O gün, siz gedəndən sonra küçəyə çıxdım. Dostlarla görüşüb oradan-buradan danışdıq. Sizin getməyiniz barədə danışa-danışa hiss elədim ki, göz yaşlarımı saxlaya bilmirəm. Dostlar mənə ürək-dirək versə də, qaşqabağım açılmırdı. Onları mənimlə babanın qapısına getməyə məcbur elədim.
   
   Dostlarım babanla söhbət eləyəndən sonra məni də evə çağırdılar. Mənasız mübahisəmizdən xəbərdar baban danışmağa söz tapmırdı. Yazıq kişi, heyrətlə arvadının üzünə baxırdı. Söhbətimiz uzun çəkmədi və biz üçümüz birlikdə evə qayıtdıq. O gecə səhərə qədər ağladın və anan narahat olmasın deyə, səni qucağıma alıb küçəyə çıxdım. Sabaha qədər şəhərin yarıqaranlıq küçələrində ata-bala ağladıq. Sən bütün uşaqlar kimi ağlayırdın, mən isə öz şanssızlığıma, başıma gələnlərə ağlayırdım.
   
   Səhəri birlikdə açdıq. Ananla axşama qədər küsülü qalsaq da, sənin şirin hərəkətlərin bizi birlikdə güldürürdü. Gülə-gülə bir-birimizə baxdıq və... və barışdıq. Onda heç küsülü qala bilmirdik. Bir-birimizə ehtiyacımız vardı. Mən özümü sənsiz təsəvvür edə bilmirdim və sənin ağlamağın belə mənə yaşamaq həvəsi verirdi. Yadımdadır, üç ayın tamam olan günün axşamı o qədər ağlamışdın ki... Ananla mən də sənə qoşulmuşduq. Xəstələnməyindən qorxurduq. Həmin gecə mən sənə layla yazmışdım. Sən bütün mübahisələri xoş sonluqla həll etməyimizə yardımçı olurdun...
   
   Dekabr, 2009
   
   İkinci məktub
   
   
   
   Salam oğlum.
   
   Yenə ananla mübahisə elədik. Mübahisəyə nə üçün başladığım yadımda deyil, amma bərk mübahisə elədik. Mən anana möhkəm bir şillə vurdum, o yerə yıxıldı. Əsəbdən əllərim əsirdi. Mübahisə edəndə ananın gözü heç kəsi görmür. Söyür, qarğayır, qıcıq yaradan ittihamlarla adamı hövsələdən çıxarır. Sanki yüz ilin düşməniyik. Mənim isə təhqirə dözümüm yoxdur.
   
   Sözün düzü, vurduğum şilləyə peşman olsam da, anan da borclu qalmadı. Üz-gözümü, qollarımı dırnaqları ilə elə hala saldı ki, utandığımdan yayın istisində şəhərə çıxanda uzunqol köynək geyinməyə məcbur oldum. Sonra yenə nənən gəldi, yenə mənimlə salamlaşmadan evə keçib sizin paltarlarınızı yığışdırdı. Bu dəfə baban gəlməmişdi, çünki Rusiyaya pul qazanmağa getmişdi. Nənən sizi aparıb getdi. Bu dəfə siz gedəndə artıq sən bir az böyümüşdün. Bir yaşın təzəcə tamam olmuşdu. Bu mübahisədən bir ay əvvəl balaca bir kafedə, sənin ad gününü qeyd eləmişdik. Artıq tıpış-tıpış yeriyirdin. Yıxıla-dura evdə qaçırdın. Biz də sənin ayağından stola bağlayırdıq ki, sobaya toxunub əl-ayağını yandırmayasan. Bir-birimizə elə isinişmişdik ki... Nənənlə anan isə bizi düşünəcək durumda deyildi. "Ata," - deyib qucağıma qaçmağa çalışsan da, səni götürüb apardılar. Artıq əvvəlki evdə qalmırdıq.
   
   Bu evi sən 8 aylıq olanda kirayələmişdim. 5 otaqlı rahat bir mənzil. Nə ev sahibi vardı, nə də onun ucuz siqaretinin tüstüsü. Daha qapının arasından evə siqaret və yemək qoxusu dolmurdu. Rahat mətbəx, rahat hamam, isti ev. Qışı elə rahat başa vurmuşduq ki...
   
   Atam kənddən bir çarpayı düzəltdirib göndərmişdi. Sən bu çarpayıda balaca şahzadə kimi mışıl-mışıl yatanda özümü dünyanın xoşbəxti sayırdım. Amma siz gedəndən sonra sənin çarpayın da, bizim çarpayımız kimi boş qaldı. Səhərə qədər siqaret çəkib kədərli musiqilər dinlədim. Ağladım. Amma arxanızca gəlməyi qüruruma sığışdıra bilmirdim. Axı, günah ananda idi. (ya da mən belə düşünürdüm).
   
   Doqquz gün ağladım. Sonra qonşuları sizin arxanızca göndərdim. Sağ olsun anan, məni qırmadı. Bəlkə də, yenidən mübahisə eləmək, məni günahlandırmaq üçün geri qayıtdı. Biz həmin gecə səni yuxuya verib illərin həsrətlisi kimi bir-birimizə sarıldıq. Çox darıxmışdı. Hiss etdirməsə də, başa düşürdüm ki, mənim üçün darıxıb. O gecə bir-birimizi bir daha incitməməyə söz verdik.
   
   Aprel, 2010
   
   
   
   Üçüncü məktub
   
   
   
   Salam, oğlum.
   
   Ananın bərk xəstələnməyini yəqin ki, xatırlamırsan. Əslində, biz birlikdə yaşayanda anan heç sağalmırdı. Nənən ona qəribə diaqnozlar qoyur, biz də bu diaqnozları dəqiqləşdirmək üçün xəstəxanaları gəzirdik. Həftənin üç gününü xəstəxanalarda keçirirdik. Sənə isə nənən baxırdı. Artıq getdikcə əsəblərim ananın bu halına dözmürdü. Bilirdim ki, tez-tez "xəstələnməyinin" səbəbi adicə qadın şıltaqlığıdır. Məcburən ananı və səni kəndə, atamgilə göndərməli oldum. İlk dəfə səndən bu qədər ayrı qalacaqdım. Bütün günü yeni iş yerimdə internetdə başımı qatırdım. Hər gün zəng edib qığıltına, gülüşünə qulaq asırdım. Bir gün...
   
   Yalançı sevdalara uyduğum zamanlar idi. Bir qadına sevdalanmışdım. Mənasız boşluqdan qurtulmaq üçün bir təsəlli uydurmuşdum. Guya, sevgi var idi həyatımda. Qeyri-səlis bir sevgi...
   
   Kəndə arxanızca gələndə, anana hər şeyi danışmağa qərar vermişdim. Çünki etdiyim yanlışa son verməyi düşünürdüm.
   
   O gecə pəncərədən görünən aya baxa-baxa anana bütün yaşadıqlarımı nağıl elədim. Sevişdik və ananın məni bağışladığını düşünüb yuxuya getdim. Səhər yenidən Gəncəyə, kirayə evimizə qayıtdıq. Siz sonuncu çərşənbəni nənəngildə keçirdiniz. Mən isə evdə tək qalıb düşünməyi üstün tutdum. Ondan ayrılmaq əsil əzaba çevrilmişdi.
   
   Üstəlik anan bu qeyri-səlis sevgidən xəbər tutmuşdu. Məndən çox şübhələnir və hər gələn mesaja, zəngə diksinir, internetdəki yazışmalarımı ciddi şəkildə nəzarətdə saxlayırdı.
   
   Artıq o qadından ayrılmağa qərar vermişdim və münasibətlərimizi soyutmağa çalışırdım. Yaşadıqlarım əsəblərimi pozmuşdu. Ürək ağrılarından əziyyət çəkirdim. Yenə hər gün ananla mübahisə edir, bir-birimizi incidirdik. Bu gərginlik içində yaşadığımız günlərin birində axşam o qadından mesaj gəldi və hər şey gözlənilmədən dəyişdi. Biz yenə ananla mübahisə elədik. Bu dəfə də nənən gəldi, salam-kalamsız evə girib mənimlə mübahisə eləməyə başladı. Onun təhqiramiz sözlərinə ancaq sənə və anana görə dözürdüm. Bu dəfə anan getmədi, nənən isə səni aparıb getdi. Ananla küsülü olduğumuzdan mən qonaq otağındakı divanda yatdım. Bu ərəfədə mən Bakıya köçməyə hazırlaşırdım.
   
   İki gün sonra anan da getdi. Ayrılmaq, biryolluq məndən canını qurtarmaq istəyirdi və bunu dilə gətirməklə məni daha da ruhdan salır, həyatdan bezdirirdi. Bu mübahisədən sonra yaşadıqlarımı sənə daha münasib bir vaxtda yazacağam.
   
   Sonra yenə barışıb birlikdə bizim kəndimizə getdik. Sizi kənddə qoyub Bakıya yollandım. Bakıda iş tapandan sonra kəndə qayıdıb sənin iki yaşını qeyd elədik. Sonra mənim Bakıda sərgərdan həyatım başladı. Əvvəl bir nəşriyyatda, sonra isə televiziyada işləməyə başladım. Televiziyada maaşım o qədər az idi ki, yol puluna güclə çatırdı. Tanıdığım hər kəsə müəyyən qədər borcum vardı.
   
   (Ardı var)

TƏQVİM / ARXİV