adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GüNƏŞiN üZü DÖNSƏ...

VƏSİLƏ USUBOVA
27116 | 2012-05-12 07:31
Bilmirəm, xeyrimədi, ya ziyanıma, uzun illərdən bəri bir vərdişdən qurtula bilmirəm; oxuduqlarımın, eşitdiklərimin içərisində ağlıma batan bütün ağıllı sözləri dəftərçəmə yazıram... Yazıram və... unuduram. Sanki bunu yaddaşımı sığortalamqçın edirəm. Həm də zehnimi çox yükləməməkçin. İstədiyim vaxt açıb oxuyuram-yaddaşımı təzələyirəm. "İstədiyim vaxt" yox, o anlarda ki, mənə elə gəlir qəlbim və beynim bomboşdu. Xatırlamağa heç nə tapmıram. Onda bu dəftərçədəki fikirlər karıma gəlir, "təzədən dirilib" yaddaşımda öz yerlərini tuturlar. Hər dəfə oxuyanda da mənə yeni duyğular, anlamlar təlqin edir bu qeydlər. Sanki dəftərçəmdə səssiz-səmirsiz yığılıb qalmır, zamanla, mənim ovqatımla birgə dəyişirlər. Halımla səsləşib təsəllim, dayağım, istinadgahım olurlar. Doğrudan da, söz ölmürmüş. Yaxşı ki, dünyamız şəklini, quruluşunu, əxlaqını, dəyərlərini zaman-zaman dəyişsə də, hər dövrdə düşünən başlar, görən gözlər, həqiqəti söyləyən dillərdən qıtlıq çəkməyib. Hər şeyin qıtlığına, yoxluğuna dözmək olur. Qəlbin boşluğuna, yaddaşın korluğuna, susqunluğa, sözsüzlüyə dayanmaqsa imkansızdı...
   
   Çox işləyib az düşünəndə qəribə hisslər keçirirəm. Özüm-özümə yad görünürəm. Elə bilirəm həmişə fikirli, dalğın olan mən haralarasa uzaqlara getmişəm. Özüm öz "mən"imdən ötrü darıxıram. Belədə mütləq yuxarıda qeyd elədiyim "qəlb, qafa boşluğu"nu yaşamalı oluram. Və mənə çox mənalı görünən bir rəvayəti xatırlayıram: Tələbə məşhur alimin yanında təcrübə keçirmiş. Alim hər səhər işə gələndə oğlanı laboratoriyada çalışan görür, soruşurmuş: "Oğlum, neynirsən?" Oğlan cavab verirmiş: "İşləyirəm, professor". Günorta nahardan qayıdanda yenə də həmin sualı verib, eyni cavabı alırmış. Axşamüstü evə gedib bir qədər dincəlir, təkrar laboratoriyaya dönəndə yenə də tələbəni işləyən görürmüş. Bu sual-cavab çox təkrar olunandan sonra bir gün professor bezib deyir: "Oğlum, bəs, sən nə vaxt fikirləşirsən?"...
   
    Ətrafımızda nə qədər belələrini tanıyırıq. Nə edəsən ki, çox zaman belələri daha tez diqqəti çəkir, çoxlarına işgüzar, savadlı təsiri bağışlayırlar. Vaxtilə işlədiyim qəzetdə də beləsi vardı. Bütün günü qələm əlindəydi, ancaq şablon cümlələrdən başqa heç nə yaza bilmirdi...
   
   ***
   
   Bütün mövzuların hamı üçün maraqlı olmadığını yaxşı bilirəm. Çox olub ki, ürəksiz işlədiyim yazı daha çox ürəklərə yol tapıb. Sirrini özüm də anlamamışam. Bəlkə də zövq və düşüncələrin müxtəlifliyindəndi bu. Bəlkə də hər kəsin fərqli qayğı və dərdlərindən.
   
   Ağıllı adamlar həyatda hər şeyə hazır olurlar. Belələrini çox az məqamlarda təəccübləndirmək, həyəcanlandırmaq olur. Hər şeyi təbii qəbul edir, heç nəyin üstündə qafalarını zorlamırlar. Nə qədər haqq qazandırsam da, lap yeri gələndə qibtə eləsəm də, hərdənbir barışmıram. İnsan emosional varlıqdı, damarlarında axan qan həmişə hisslərini cilovlamağa imkan vermir. Nə edəsən, başqalarının ağrı-acılarına, itkilərinə, imkansızlığına biganə qala bilməzsən. Qəsdən özünü qoruyub da, laqeydlik göstərsən, bu rəftarın insanlıqdan sayılmaz. Sayılmamalıdır da...
   
   ***
   
    İnsan qəlbinin sirləri, müəmmaları yəqin ki, Yer üzündə sonuncu adam yaşayanadək öyrəniləcək və öyrənilməmiş də qalacaq. Zehninin unutduğunu da qəlbin unutmur bəzən. Özün də anlamırsan ki, bax, səhər açılandan bəri sinəmi sıxan nədi, ürəyini üzən dumanlı hisslər hansı ilahi ismarıcdan xəbər verir?! Neçə saatdan bəri üzülə-üzülə gəzirəm, dolanıram, yazıram, pozuram- ancaq sanki duman içində baş verir bunlar. Ən nəhayət,g kimsə o günlərdən söz salır. Hə, indi bildim məni üzən nəymiş. Düz iki il keçir. İki min onuncu ilin may ayının ilk ongünlüyü ən ağır, ən gərgin günlər idi bizlərçin... Hərdən elə bilirəm, hamı unudub o günləri, məndən başqa kimsənin canında sızıltı qalmayıb. O günlərdə "Yüz ilin tənhalığı"nı yaşadım bir ömürdə. Anladım ki, indiyəcən eşitdiklərim də, oxuduqlarım da, bildiklərim də boş, faydasız imiş. Həyat əsl üzünü göstərməyibmiş hələ. Sevdiyim və inandığım çox şeylərin boz üzünü, sərt, alçaldıcı rəftarını gördüm. Gözümdən pərdə götürüldü. Gördüm ki...
   
   Çox şeylər gördüm. Ağlım kəsəndən heyran olduğum Ana təbiətin adına yaraşmayan amansızlığını gördüm. Yağışının, küləyinin, dumanın, sazağının gözəlliyindən danışırdım bir kərə. Onda etinasızlıqla, həm də dalğınlıqla, gözləri yol çəkə-çəkə demişdi həmsöhbətim: "Təbiət sən düşündüyün qədər də gözəl deyil. Həm də çox amansızdı..." Gördüm, inandım dediklərinə. Və təpədən-dırnağadək titrədim, uçundum. İnsan bu boyda Kainatda bir qarışqa qədərmiş. Bütün iddialarına, özünütərənnümlərinə baxmayaraq. Təbiət üzünü bozardanda necə yazıq, gücsüz, köməksiz qalırmış...
   
   Gördüm ki, malı-mülkü olmayanın qüruru da olmurmuş. Bir neçə saatlığa illərdən bəri dişnən-dırnaqnan qurub-tikdiklərini, yığdıqlarını itirib quru yerdə qalan(indi o quru yer də ayağının altından qaçmışdı) kəs nələr düşünməli, nəyə tapınmalıdı?! Əlinə düşən ən ucuz siqareti acgözlüklə sinəsinə çəkib tüstü arxasından uzaqlara dikilən baxışların ağırlığına can lazımdı tablamağa. Ağamalı Sadiq Əfəndinin nə vaxtsa oxuduğum şeirindən bir parça yadıma düşürdü: "Əyil, səndən keçim, dünya!" Yox, bu adamlar dünyanı əyib istədiklərinə tabe edə bilməmişdilər. Dünya onları əyib, əyib nədi, lap tapdalayıb, əzib üstlərindən keçmişdi...
   
    Gün çıxmamışdan bağında-bostanında, damında-tövləsində əlləşən, ruzisini qazanan, süfrəsinin başında xoş yorğunluqla oturub şirin-şirin yeyib-içənlər bu güzəranı bir anda itirmişdilər. Xoşbəxtlikçin insana çox az şey lazım imiş, sən demə. Ayağının altında torpağın, başının üstündə tavanın, yanında doğmaların. İngilislər nahaq demirlər: mənim evim-mənim qalamdı. Bu "qala" sözünün də özündə nələr birləşdirdiyinin ana dilimizi dərindən bilənlər yaxşı anlayır. Ev qürurdu, ismətdi, sipərdi, isti ocaq başıdı, çörək ətrinə, körpə nəfəsinə bələnmiş məkandı. Heç yerdə bulmadığımız rahatlıqdı, arxayınçılıqdı...
   
   ***
   
   Üç-dörd gün əvvəl təbiət yenə bizim tərəflərdə sərt üzünü göstərdi. Əkinlərə ziyan vurdu, köhnə tikililərin damını uçurdu, yuxarı mərtəbələrdə yaşayanların evini yağış yudu. Yenə qanqaraçılıq, məyusluq. Ammag səhərisi Günəş doğdu, buludları parçalayıb nurunu səpələdigBu dəfə işığı, istisi ürəklərəcən işlədi Günəşin...
   
   Günəş buludları parçalayanda
   
   Yaxşı adamları xatırlayıram...
   
   Elə mən də təbiəti həlim görəndə Musa Yaqubu xatırlayıram...
   
   ***
   
   Nədəndi, insan ömrü boyu qorxu içində yaşayır?! Çox sevdiklərini, ürəkdən bağlandıqlarını itirmək qorxusu gecəli-gündüzlü izləyir onu, rahatlıq tapmağa, sakit yaşamağa qoymur. Və insanın bu qorxusu əbəs deyil. Sevmədiyin, biganə qaldığın həmişə yanındadı. Könlünün, gözünün istədiyi, həsrətində olduğun yuxularına da qaçaqdı. Nədən? Nədən? Nədən?... Bu üzüntülərimin cavabını bir gün Mövlanədə tapdım:
   
   "Allah der ki, Kimi benden çok seversen, onu senden alırımg Ve ekler, Onsuz yaşayamam deme, seni Onsuz da yaşatırımg Ve mevsimler geçer, gölge veren ağacların dalları kurur, sabır taşar, canından saydığın Yar bile, bir gün el olurg Aklın şaşar, dostun düşmana dönüşür, düşman kalkar dost olur, öyle qarip bir dünya işteg Olmaz dedigin ne varsa, hepsi olurg Düşmem dersin düşersin, şaşmam dersin, şaşarsıng En qaribi de budur ya, öldüm der durur, yine de yaşarsın..."
   
   Oxudum dönə-dönə. Lap əzbərlədim də. Təsəlli tapdım, ancaq bir-iki saatlığa. Vəssəlam!
   
   Yenə qorxa-qorxa yaşamaqda davam eləyirəm...
   
   Ona görə ki, hələ sevdiyim, bağlandığım çox şeylər var bu dünyada...

TƏQVİM / ARXİV