VƏTƏNDƏ VƏTƏNSiZ ŞUŞAM, HEY...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28426 | 2012-05-09 07:45
Zamanın sürətini ölçmək və yaxud da onu dayandırmaq doğrudan da mümkün deyil. Deyilənə görə ən iti surət işığa və səsə məxsusdur. Amma zaman anlayışı ortaya gələndə həmin o işıq da, səs də arxa plana keçir. Çünki zaman indi bir göz qırpımı olub.
   
   Çox da uzaq olmayan tarixə nəzər salsaq onda dediklərimizi sübut etməyə ehtiyac qalmaz. Çünki həmin o tarixdən bizi ayıran məsafə də elə bir göz qırpımıdı...
   
   Bəli, iyirmi il bundan öncə Azərbaycanın Musiqi Konservatoriyasının paytaxtı, beşiyi sayılan Şuşa şəhəri işğal edildi və aradan keçən bu iyirmi il nə qədər şuşalını, nə qədər qarabağlını, nə qədər azərbaycanlını öz həsrətinin caynaqlarında didib parçaladı, məhv etdi - onun sayını deyə bilmərəm. Heç bu ölkənin baş statiqləri də deyə bilməz. Yəni şuşasızlıqdan ölənlərin sayı Şuşada şəhid olanların sayını dəfələrlə vurub keçdi. Və biz də bu iyirmi ili bir göz qırpımında bağışladıq tarixə. Sanki elə-belə də olmalıydı...
   
   İndi bu iyirmi ili anbaan, günbəgün, aybaay xatırlamaq və bu xatirələrin içərisində bir səliqə-səhman yaratmaq istəsəm də heç nə alınmır. Çünki bu iyirmi ildə ancaq biz Şuşa həsrətindən danışmışıq, Şuşa itkisindən söz açmışıq, bir az da Şuşanın kimin və nəyin güdazına getdiyini öz bildiyimiz kimi, öz məntiqimizə uyğun şəkildə şərh etməyə çalışmışıq. Amma bununla heç nə dəyişməyib. Şuşa elə əsirlikdə qalıb, biz də xatirələrimizin qoynunda...
   
   Doğrudur, bir neçə dəfə jurnalistlər, ziyalılar Qarabağa, Şuşaya səfərlər ediblər. Hətta qəzetimizin dəyərli əməkdaşlarından sayılan hörmətli Kərim Kərimli də bu səfərlərin birində iştirak edib, gələndə də bizə bir ovuc Şuşa torpağı, bir də İsa bulağının suyundan gətirmişdi. Görünür, Kərimin köməyinə şairliyi çatıb. Düşünüb ki, bu su, bu torpaq bir təsəlli olar, amma Kərim Kərimli, o torpaq, o su Bakının, bizim yolumuzu gözləyir. Özünü bura daşıyıb gətirməklə biz heç bir yaranı sağalda bilmərik, əksinə o daşıdığımız torpaq, su bizi burda da alışdırıb yandırar, bizim burda guya ki, qovuşduğumuz "dincliyimizi" göz dağına çevirər. Nə isə...
   
   Artıq ölkə başçısının sərəncamına uyğun olaraq məmləkətin hər yerində (təəssüf ki, bunu Şuşada, işğal olunmuş ərazilərimizdə edə bilmirik - Ə.M) Şuşanın işğalının iyirmi illiyi ilə bağlı tədbirlər keçirilir. Mən bunu anım tədbirləri hesab etmirəm. Mənə elə gəlir ki, bu daha çox yaddaşı oyatmaq, qanımızı coşdurmaq, intiqam hissimizi alovlandırmaq üçün edilir. Axı, artıq iyirmi ildir ki, şuşalı Şuşada doğulmur! Şuşalı Şuşada ölmür - ölüb Şuşa torpağına qarışmır! Şuşalı Şuşanın suyuna, havasına, torpağına, Xarı Bülbülünə həsrətlidir, nisgillidir... bax bütün bunları ayaqda saxlamaq, döyüş vəziyyətinə gətirmək üçün imzalayıb Şuşanın işğalı ilə bağlı cərəncamı dövlət başçısı!
   
   Milli Məclisin sonuncu iclasında da əksəriyyət Şuşadan danışdı. Dünya dövlətlərinə, parlamentlərinə bu işğalla bağlı müraciətlər ünvanlandı. Ali və orta məktəblərdə, müxtəlif qurumlarda, QHT-lərdə Şuşa günün mövzusuna, qəhramanına çevrildi. Hətta "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyində QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalı ilə bağlı bircə tədbir keçirildi. Mənim üçün ən önəmlisi o oldu ki, həmin tədbirdə böyük əksəriyyət xatirə danışmaqdan daha çox Şuşanı xilas etməyin yollarından, üsullarından danışdılar. Xüsusi olaraq vurğuladılar ki:
   
   - ŞUŞA YALNIZ HƏRBİ YOLLA AZAD OLUNA BİLƏR!
   
   Doğrudan da, düşmənin hərbi təcavüzlə bizim əlimizdən aldıqlarını biz ondan elə onun öz üsuluyla geri almalıyıq! Birincisi ona görə ki, özünü problemin həlli ilə məşğul kimi göstərən beynəlxalq təşkilatlar, xüsusi ilə ATƏT-in Minsk Qrupu faktiki olaraq heç bir iş görmür. Gördüyü iş ermənilərə vaxt qazandırmaq, bu ərazilərdə məskunlaşmalarını təmin etməkdi. İkincisi, biz bir müstəqil dövlət və bir millət olaraq iqtisadi, siyasi hərbi gücümüzü nəhayət düşmənə də, dünyaya da göstərməliyik. Üçüncüsü, biz şəhidlərimizin ruhu qarşısında günahkar kimi yox, qalib kimi dayanmalıyıq!
   
   Bəli, indi hər bir evdə, hər bir ailədə, Azərbaycanın hər bir guşəsində günün mövzusu Şuşa olmalıdı. Yəqin ki, elə bu cür də var. Əgər yanılıramsa, gəlin bu yanlışlığı ortadan qaldıraq. Axı iyirmi ildi Şuşasızıq!..

TƏQVİM / ARXİV