Reallıqdan yoğurulan mətbuat

ETİBAR CƏBRAYILOĞLU
69627 | 2015-07-17 02:14
Bir neçə gündən sonra milli mətbuatımızın 140 illiyini qeyd edəcəyik. Bu illər ərzində media ilə dövlət qurumları arasında münasibətlər heç də həmişə ürəkaçan səviyyədə olmayıb.
Son dövrlər bu sahədə xeyli iş görülüb, problemlərin həlli istiqamətində əməli və xoş niyyətli addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işə öz töhfəsini verən rəsmi qurumlardandır. Jurnalistlər arasında aparılan sorğular da bunu sübut edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, keçmiş həmkarımız Elman Babayevlə mətbuatımızın keçdiyi yola nəzər saldıq, indiki durumunu incələdik. Həmsöhbətimiz təmsil etdiyi dövlət orqanının son illərdəki fəaliyyəti barədə də danışdı.

- Elman bəy, milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində medianın bugünkü mənzərəsinə sizinlə birgə nəzər salmaq istərdik...
- Hesab edirəm ki, Azərbaycan mətbuatı keçib gəldiyi bu 140 illik yolda bəlkə də min ilin təcrübəsinə, müdrikliyinə yiyələnib. Çünki 140 il əvvəl "Əkinçi"dən başlanan bu yol heç də həmişə hamar olmayıb, bir-birilə davan-dabana zidd ictimai-siyasi-ideoloji mərhələlərdən, zamanın çətin sınaqlarından keçərək bu günə gəlib çatıb. Və bu uzun yolda milli jurnalistika məktəbi "Əkinçi" ənənələrinə, "ictimai həyatın aynası" olmaq, milləti maarifləndirmək, cəmiyyəti mütərəqqi proseslərə səfərbər etmək missiyasına sadiqliyini və ən başlıcası, özünün milli simasını dəyanətlə qoruyub saxlaya bilib.
Hər bir ölkənin mətbuatı üçün ən vacib keyfiyyət meyarı onun cəmiyyətə təsir imkanlarının səviyyəsi ilə ölçülür. Bu mənada Azərbaycan mətbuatı elə "Əkinçi"dən üzü bəri cəmiyyətə təsir imkanlarına malik, ictimai düşüncəni formalaşdırmaq və ya dəyişdirmək gücündə olan, lazım gəldikdə cəmiyyəti hətta öz ardınca apara bilən mətbuat olub. Bütün dönəmlərdə Azərbaycan mətbuatının belə demək mümkünsə, xəmiri məhz Azərbaycan reallıqlarından yoğurulub və onun qisməti də məxsus olduğu xalqın taleyindən kənara çıxmayıb. Bu gün də milli mətbuatımız ölkənin, xalqın, dövlətin həyatının bir hissəsi olaraq, azad, müstəqil, daim inkişaf edən, məhz yeniləşməyə, gələcəyə istiqamətlənən mətbuatdır. 140 illik yolun ən yaxşı ənənələrini, dəyər və prinsiplərini, müdrikliyini qoruyub saxladıqca və eyni zamanda təkmilləşməyə, zənginləşməyə meyl etdikcə, qlobal informasiya məkanında özünü sübut etdikcə milli mətbuatımızın qarşısında daha geniş üfüqlər, yeni uğur səhifələri açılacaq.
Azərbaycan mətbuatının hazırkı mənzərəsi məndə yalnız nikbin təəssüratlar oyadır, xüsusən də ölkə mediasına dövlət siyasəti səviyyəsində davamlı və güclü dəstək onun inkişafının stimullaşdırılmasında mühüm rol oynayır.
- Bir müddət əvvəl mətbuatda çalışmış həmkarımız, bu gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya siyasətinə cavabdeh bir məmur kimi mediamızın problemlərini aydın görmək imkanlarınız var...
- Mətbuatla iş bizim gündəlik fəaliyyətimizin ana xəttini təşkil edir. Bu iş, çap və elektron KİV-lərin ümumi mündəricəsi barədə gündəlik əldə etdiyimiz məlumatlar bununla bağlı müəyyən nəticələrə gəlməyə imkan verir. Bəli, mediamızda problemlər var və əminliklə demək olar ki, bunların çoxu məhz subyektiv səbəblərdən qaynaqlanır.
- Mətbuatın ən böyük problemi, sizcə, hansıdır?
- Qələm əhlinin çoxalması fonunda peşəkar, öz fəaliyyətinə tələbkar yanaşan, öz üzərində daim işləyən, araşdırmaçı jurnalistlərin sayının azalması narahatedici məqamdır. Mediaya ən asan fəaliyyət sahəsi kimi baxaraq bu sahəyə qeyri-ciddi məqsədlərlə yönələnlərin sayı isə artır. Ömründə bir bədii ədəbiyyat, bir qəzet-jurnal belə oxumayan, savad səviyyəsi aşağı olan, üç-dörd cümləlik bir mətni tərtib etməyi bacarmayan birisi necə jurnalist ola bilər? Amma təəssüf ki, belələri var. Ya da görürsən hansısa mövzuda yazı yazmaq istəyir, amma o mövzuda heç bir təsəvvürü yoxdur, heç o mövzuda öyrənmək belə istəmir, sadəcə istəyir ki, hazır material götürüb müəlliflik etsin. Yəni peşəkarlıq səviyyəsinin, jurnalist işgüzarlığının müəyyən qədər zəifləməsi, başqa sözlə, kəmiyyətin keyfiyyəti bir qədər üstələməsi diqqəti cəlb edir.
- Nazirliyin mətbuatla əlaqələri necə qurulur, hansı yeni layihələr həyata keçirilir?
- Qeyd edim ki, ictimaiyyətlə əlaqələrin təşkili hər bir qurum, o cümlədən ƏƏSMN üçün mühüm önəm kəsb edir. Bu, cəmiyyət qarşısında mütəmadi hesabatlılığın və cəmiyyətə məlumat açıqlığının təmin olunmasında, digər tərəfdən nazirliyin öz fəaliyyəti ilə bağlı ictimai rəy və təşəbbüslərin, eləcə də cəmiyyət üzvlərinin fərdi münasibətlərinin öyrənilməsi və nəzərə alınması baxımından vacibdir. Bizim şöbənin fəaliyyətində də bu mühüm faktor əsas götürülür və şöbə, belə demək mümkünsə, nazirliyin ictimaiyyətlə əlaqələrində sanki bir körpü funksiyasını yerinə yetirir.
Bunu jurnalistlər də təsdiq edərlər ki, bu gün mətbuatla əlaqələri açıq cəmiyyət prinsiplərinə uyğun səviyyədə və kifayət qədər işgüzar müstəvidə qurulan dövlət orqanlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bunun əsas səbəbi kimi, mən ƏƏSMN rəhbərliyinin, şəxsən nazir cənab Səlim Müslümovun nazirliyin ictimaiyyətlə əlaqələrinin, xüsusən KİV-lə əməkdaşlığının yüksək səviyyədə təşkilinə, mediaya məlumat açıqlığının təmin olunmasına xüsusi diqqətini qeyd edə bilərəm. Çünki bu, bir həqiqətdir ki, hər hansı bir qurumun rəhbərinin mətbuata münasibəti həmin qurumun mətbuatla əlaqələrinin səviyyəsini müəyyən edən əsas faktordur.
Son illərdə nazirlik tərəfindən milli əmək və sosial müdafiə sisteminin şəffaflaşdırılması, əhaliyə xidmətin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahədə məmur-vətəndaş təmaslarının azaldılması və bununla neqativ halların aradan qaldıılması, əmək bazarına nəzarət sisteminin innovativ texnologiyalar üzərində qurulması və s. istiqamətlərdə uğurlu islahat tədbirləri həyata keçirilib və bu işlər davam etdirilir. Bütün bu islahat tədbirləri, eyni zamanda ənənəvi sosial müdafiə tədbirləri, onların nəticələri, vətəndaş müraciətlərinin yerində və obyektiv araşdırılaraq cavablandırılması, bölgələrdə keçirilmiş vətəndaş qəbulları, əhaliyə elektron xidmətlərin təşkili və s. barədə mütəmadi olaraq mediaya məlumatlar verilir. Hər gün press-relizlər hazırlanaraq KİV-lərə ötürülür və bu press-relizlər nazirliyin rəsmi saytında da yerləşdirilir. Sayt gündəlik olaraq yenilənir.
- Mətbuatın gündəlik monitorinqi də aparılırmı?
- Bəli, ölkə mətbuatının gündəlik monitorinqi və yayımlanan aidiyyəti materialların qeydiyyatı, Nazirliyin fəaliyyət sahələri barədə yayımlanan məlumatların vaxtaşırı təhlili aparılır. Bununla bərabər, hər gün şöbəyə jurnalist sorğuları daxil olur ki, onların qısa müddət ərzində və obyektiv cavablandırlması işimizin bir hissəsidir. Nazirliyin fəaliyyəti barədə mütəmadi şəkildə mətbuat konfransları, brifinqlərin, müsahibələrin təşkili təmin olunur. Həmçinin nazirliyin rəsmi facebook səhifəsi və twitter hesabı da daim yenilənir. Nazirliyin fəaliyyət sahələrindəki bütün tədbirlər barədə məlumatlar, foto və video materiallar mütəmadi olaraq həmin səhifələrdə təqdim edilir. Rəsmi facebook səhifəmiz vasitəsilə vətəndaşların aidiyyəti üzrə müraciətləri də cavablandırılır. Eyni zamanda, şöbənin qarşısında duran digər vəzifələrin icrası yönündə də müvafiq işlər aparılır.
Onu da deyim ki, ölkə mətbuatında nazirliyimizə islahatçı, işgüzar bir dövlət qurumu kimi böyük maraq və diqqət var. Ona görə də media orqanları nazirlikdən hər gün yeni bir məlumatın gözləyir və bu, təbiidir.
- Keçmiş jurnalist Elman Babayev bu gün hansı bir mövzu barədə yazı yazmaq istərdi və həmin yazını hansı mətbu orqanda dərc etdirərdi...
- Jurnalistlik fəaliyyəti dövründə əsasən ictimai-siyasi proseslərlə əlaqədar analitik yazılar yazmışam. Yəqin ki, yenə də bu mövzuda davam edərdim. Əlbəttə, bütün mətbu orqanlara həmişə xoş hisslər bəsləmişəm. Amma yazdığım yazını uzun illər çalışdığım və mənə doğma olan "Trend"ə və "Kaspi" qəzetinə verərdim.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdəki fəaliyyətində hansı mühüm tədbirləri xüsusi qeyd etmək istərdiz?
- Son illər nazirliyimizin həyatında Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi, onlara dövlət qayğısının artırılması yönündə fəal işlərin görülməsi, eyni zamanda milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin formalaşdırılması, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması, xidmət sahələrində məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılması məqsədilə uğurlu islahatların aparıldığı dövr kimi səciyyələndirmək olar.
Öncə sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi yönündə görülən işləri diqqətə çatdıraraq, qeyd edim ki, dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, ötən il nazirlik tərəfindən 2014-cü ilədək növbəyə dayanmış bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin, hətta 2014-cü ilin mart ayınadək növbəyə dayananların dövlət büdcəsi hesabına pulsuz olaraq "Naz-LİFAN" markalı minik avtomobili ilə təminatı həyata keçirilib. Həmçinin son illərdə bu şəxslərin və şəhid ailələrinin mənzil təminatı sürətlənib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatının xeyli sürətlənməsini şərtləndirir.
2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin bu Sərəncama əsasən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur. ƏƏSMN bu Sərəncamın da uğurlu icrasını həyata keçirir. Bu ilin iyun ayında Tərtər rayonunda daha bir çoxmənzilli yaşayış binası müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Hazırda bu təbəqələrdən olan şəxslər üçün Bakıda 96 mənzilli, İmişli, Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binaları, bölgələrdə 375 fərdi ev inşa edilir. Digər tərəfdən, hazır yaşayış binalarından onlar üçün mənzillər alınıb və təmir edildikdən sonra onların istifadəsinə veriləcək.
Bunlarla yanaşı, qeyd etdiyim kimi, sosial təminat sisteminin, o cümlədən ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizminin şəffaflaşdırılması, ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi yönündə uğurlu addımlar atılıb. Nəticədə bu yardımları alanların sayı azalmaqla, ödənilən yardımların məbləği artmaqda davam edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu sahədə görülən işləri yüksək dəyərləndirərək: "Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır..."-deyə vurğulayıb.
Hazırda mühüm islahat tədbirlərindən biri kimi, Azərbaycan Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi və həmin yardımların təyinatı prosesinin avtomatlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı üzrə işlər aparılır.
Digər tərəfdən, ötən il əmək bazarına dövlət nəzarətinin müasir tələblərə uyğun və səmərəli təşkili üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycanda mükəmməl proqram təminatına malik əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb. Beləliklə də ölkədəki mövcud əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması təmin edilib. Bu gün mötəbər beynəlxalq təşkilatlar tərəfindən ümumən Azərbaycanın mütərəqqi bir təcrübəsi kimi dəyərləndirilən həmin sistem mövcud əmək bazarındakı prosesləri izləməyə, eyni zamanda işçi hüquqlarının təminatına operativ və səmərəli şəkildə nəzarət etməyə imkan verir.
Son illər nazirlik tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsi sahəsində mühüm uğurlara nail olunub, yeni və əhali üçün olduqca faydalı e-xidmətlər yaradılaraq istifadəyə verilib. Təkcə son 6 ayda "Elektron hökumət" portalı vasitəsilə nazirliyin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93 min dəfə istifadə edilib ki, bu, ölkə üzrə ən yüksək göstəricilər sırasındadır. Ümumilikdə son illər ƏƏSMN-nin fəaliyyətinin bütün istiqamətlərində səmərəli və məhsuldar bir dövr olub.

TƏQVİM / ARXİV