adalet.az header logo
  • Bakı 19°C

ORUC BAYRAMI

MƏMMƏD DƏMİRÇİOĞLU
37923 | 2015-07-17 01:33

Oruc bayramı kəndimizin ən mutlu, qəlblərin ən sevincli, könüllərin ən nurlu günü olmaqla bərabər, insanın insana həmrəylik, küsülülərin barışan, maddi əxlaqın mənəvi əxlaqa, ölənlərlə qalanların ruhən bir-birinə qovuşan bayram günüdü. İlin hər bir fəslinə düşən Orucluq bayramı bu il yayın qızmar günlərinə təsadüf etsə də, axşamdan hava bulanmışdı. Qalaça tərəfdən eşilə-eşilə burmalanan qara buludların arasından hərdən bozbulanıq şimşək işığı görünür, arxasınca sərin-sərin göy gurultusu eşidilirdi. Nəhəng orduya bənzəyən bu bulud qoşunu Qurumsu, Sarı yoxuş istiqamətdən Çılpaq dağ, Avey tərəfə, ya da Kəmərli kəndini sulayaraq Kəməndin üstündən burulub üzü Gürcüstana tərəf axına bilərdi.
Əslinə qalanda belə yağışlar yayın qızmarında tütyə hesab edilər, saralıb-solmuş boz təpələr bir göz qırpımındaca yamyaşıl fərəhləriylə adamın üzünə gülərdilər.
Axşam selləmə yağış yağmasa da bozarmış ruzigar elə qaşqabaqlıda gecə yuxusuna getdi və sanki səhərin açılmasını gözlədi.
İncə Dərəsi orucluqda ən gözəl günlərini yaşayır, köksündən pərvazlanıb uzaq-uzaq ellərə oxumaq, işləmək dalınca gedən, aylarla, illərlə qayğılar içində itib-batan oğul, qız balaları bu bayramda nəyin bahasına olursa-olsun kəndə dönər, qohum-qardaşla bayramlaşar, kəndin qucağındaca uyuyan dədə-baba qəbirlərini ziyarət edər, ölənlərinin ruhunu yad etmək üçün ölülərinə quran oxutdurarlar. Qəbiristanlığı, elə kəndin özünü də tən ortadan bölüb üzü yuxarı uzanana yolun kənarları insan seliylə bəzənər, maşın əlindən tərpənməyə yer olmaz. Əli torbalı uşaqlar əlvan kəpənəklər kimi qəbirlərin arasıyla oyan-buyana uçuşar, qəbirlərin üstünə tökülmüş qalet-qanfeti, nöbənöv meyvələri döyşürüb çantalarına doldurarlar. İncə dərəsi bu bayramda ən mutli, ən fərəhli günlərini yaşayar.
Könül dostum, dəyərli alimimiz Rüstəm Kamal da bu bayramda mənimlə İncə dərəsinə qonaq gəlmiş, Göy Türbədə ata-babasına quran oxutdurmuş, səhəri gün də İncə dərəsinin bu bayramı necə qutlamasının seyirçisi olmaq istəmişdi.
Gecəni əmim qızı Xədicəgildə gecələmək qərarına gəldik. Axşam havanın belə çisəkləməsi əhvalları ona görə pozmuşdu ki, səhəri gün yağış yağsaydı, bayramın növrağı pozula bilərdi.
Elə bel də oldu, səhərimiz yağışla açıldı. Hamıdan erkən durmuş Rüstəm sən demə bu yağışlı havada kəndin bir-birinə oxşamayan səhər mənzərəsinə, çəpərlin arasıyla mal-heyvan, qoyun-quzu aparan adamlara, alçaqlı hündürlü təpələrin üstünü bəzəyən evlərə, bağlara, bağçalara xeyli tamaşa edibmiş. Məni görən kimi:
- Dəmirçioğlu, kəndiniz yağışlı havada da gözəl görünürmüş. Könlüm yaman açıldı, amma o miskin duruşlu, divarları quzulayıb tökülmüş, kirəmləti mırıqlamış, şüşəbənd eyvanı sınıq-sınıq olmuş o ikimərtəbəli evi gördüm, ürəyim kabab oldu, - deyib bir zaman kəndin ən yaraşıqlı evi olan indi isə çökmək ərəfəsini yaşayan növrağı pozulmuş evi mənə göstərdi.
Tanıyırdım o evi. Dərdini içinə salıb zaman-zaman əsən ruzigarlardan kərpic-kərpic sökülən, doğma yurd yerindəcə qərib-qərib yol gözləyərək quzulayan, əlvan rəngləri bozaran, bağı-bağçası quruyan, ağzındaca qıfılı paslanıb çürüyən o evi yaxşı tanıyırdım.
Xeyli susduqdan sonra: - Gəl bu evi dindirməyək, dostum, dərdini təzələməyək, olan-qalanı da uçulub dağılacaq, göz yaşları tökəcək, - dedim.
Maraq qəlbinə hakim kəsilmişdi dostumun. Gözlərini o evdən çəkə bilmirdi. Ev onu duyurmuş kimi dil açmışdı sanki.
***

Söz vaxtına çəkər. Elə Orucluq bayramıydı. Alı müəllim də həmişə olduğu kimi, bu dəfə də balaca ailəsiylə dədə-baba yurduna gəlmişdi. Alı müəllim Bakı şəhərində ən nüfuzlu alimlərdən biri idi. Mehriban xasiyyəti, qonaqpərvərliyi, səxavəti, xüsusən də, biliyi, zəkası ilə hamının sevimlisi idi. Yeganə qız balalarından sonra uşaqları olmadığından balaca Nərgizi dünyanın varlığı hesab edər, üstündə nanə yarpağı kimi əsərdilər.
Kənddən əlaqəsini kəsməyən Alı müəllim, hər bayramda kəndə dönər, ölülərlə, dirilərlə əhvallaşar, bir xeyirdən-şərdən qalmazdı.
Bu Novruz bayramında da balaca Nərgizini bahar çiçəkləri kimi bəzəmiş, balaca hörüklərinə topa-topa bant bağlamışdılar. Qonşuluqlarında yaşayan balaca, yaraşıqlı oğlan uşağı Nərgizdən olsa-olsa 3-4 yaş böyük olardı. Nərgizin 7-8 yaşı olardı və totuş yanaqları, əlvan geyimləri hamının diqqətini çəkərdi.
Balaca Şirxan aylarla onların Bakıdan gəlişini gözləyər, Nərgizi görəndə ürəyi çırpınar, gözləri alacalar, canını titrətmələr alardı. Möhkəmcə vurulmuşdu Nərgizə Şirxan. Kim deyir ki, belə yaşda sevgi olmaz? Elədirsə bəs gecələr səhərəcən Nərgizini düşünüb, səhərin açılmasını intizarla niyə gözləyir, səhər onu yenidən görəcək deyə səhəri niyə diri tuturdu Şirxan? Gözünü yumanda da, açanda da ancaq onu görür, onlar Bakıya gedəndən bir də gələnədək niyə onların getdiyi yoldan gözünü çəkə bilmirdi? Uşaq təfəkkürüylə, uşaq eşqiylə əsil Məcnuna bənzəyirdi bu dolu bədənli, sağlam cüssəli, qıvrım saçlı, od-yoloy parçası olan balaca Şirxan.
Bu orucluq bayramında ondan çox sevinən yox idi. Nərgiz də ona qarşı çox mehriban idi. Amma Şirxanın bu dəli sevgisindən xəbəri yox idi. Nə biləydi sevmək necə olur, balaca Nərgiz. Nə bilirdi onlar Bakıya dönəndən sonra dünya Şirxanın başına uçacaq, günləri, ayları sayacaq ki, Nərgizi nə zaman Bakıdan gələcək. Bunları bilməsə də Şirxana çox isinmişdi, onunla bağa-bağçaya düşər, Şirxanın özündən uydurduğu igidliklərinə maraqla qulaq asar, hətta Şirxanı hərdən nağıl qəhrəmanlarına bənzədərdi. Onu inandırmağına çox sevinərdi Şirxan. Bəzən özü də inanardı necə ov etməyinə, canavarı necə vurmağına, necə tüfəng atmağına, göydə quşu necə vurmağına. Əlbəttə, bunları uydursa da, içində bir əminlik var idi iki, Hasan babası öz təklülə ov tüfəngini ona versəydi, uydurduqlarından daha çox igidliklər edərdi. Nərgizin ona igid kimi baxmasından xoşhallanar, kəmərinə sancdığı qamçısını çıxararaq möhkəmcə şaqqıldadır, cibində gəzdirdiyi bıçağıyla ceviz ağacının şüyündən Nərgizə fışqıraq düzəldib məharətini təsdiqləməyə çalışardı.
Bu gün o da bəzənmişdi. Güllü torbasını da çiynindən asıb Oruc bayramına, qəbiristanlığa tərəf gedən Nərgiz gilə qoşuldu.
Alı müəllimi görən hər kəs onunla salamlaşır, bayramlaşır, o isə fərəhlə öz növbəsində illərlə görmədiyi həmkəndlilərilə qucaqlaşıb öpüşür, mollalara ölən ölüləriyçün quran oxutdururdu. Şirxan balaca Nərgizin totuş əllərindən tutub qəbiristanlığın arasıyla gəzdirir, qəbirlərin üstünə səpələnmiş mer-meyvələri, şirniyyatları döyşürərək, güllü torbasına doldururdu. Dünyanın ən xoşbəxti idi, Şirxan. Bu anlar da Nərgizi onun idi, əlindən tutub istənilən səmtə çəkib aparırdı. Hər ikisi dünyanı unutmuşdular. Dost-tanışlar, qohum-əqrəbalarla şirin-şirin bayramlaşan Alı müəllim də unutmuşdu hər şeyi, elə balaca Nərgizini də.
Şirxan artıq torbasını doldurmuşdu. Al qırmızı qırçınlarla ətəyi bəzədilmiş, sapsarı donuna xeyli pıtırğan daraşmışdı Nərgizin. Aşağı əyilərək paltarından pıtırğanları təmizləyən Şirxanın əli onun totuş ayaqlarına dəydikcə dünya başına hərlənir, oğrun-oğrun qırmızı ayaqqabısına, yanlarından qırmızı qotazları sallanan ağ naskilərinə tamaşa edirdi.
Gülüşə-gülüşə qəbiristanlığın lap baş tərəfinə yaxınlaşmışdılar. Birdən, Şirxan nə düşündüsə Nərgizin əlindən tutub babasıgil tərəfə apardı.
- Nərgiz, gəl babamgilə gedək, tüfəngimi, patrondaşlarımı, vurduğum dovşanların dərisini sənə göstərim, - deyib kəndin başında yerləşən yer damına tərəf üz tutdular.
Hasan babası çoban idi. Həmişə yapıncısı çiynindən əskik olmayan Hasan kişi çox haylı-küylü kişiydi. Üstü iri köbələyə oxşayan yer damının qabağında çardağı var idi. Çardağın ərdiləri üstünə döşənmiş şax-şellərin yarpaqları qurusa da tam tökülməmişdi. Yaşayış yeri olan bu damın sağında, heyvanları saxlamaq üçün iri bir xal-xal düzəldilmişdi. Xalxalın yanında, yerdən bir metr hündürlükdə, ağac millərin üstünə yığılmış tayanın yanlarından, dözümlü kəndirlərlə qara daşlar asılmışdı. Tayanın altında bağlanmış sarı it çox vahiməliydi. O it hürəndə ətraf lərzəyə gəlirdi, və buna baxmayaraq bu qulağı, quyruğu kəsilmiş zəhmli qoyun iti Şirxanı yaxşı tanıyırdı, görən kimi gödək quyruğunu tərpədərək şırvanırdı ona.
Evdə heç kim yox idi. İt aslan nəfəsiylə nərildəyərək hürsə də Şirxanı görən kimi mumlayıb, şırvanmağa başladı. İtdən qorxan Nərgiz içəri keçməyə qorxudu. Şirxan əlindən tutub onu arxasınca çəkdi, doqqazı itələyib içəri girdi. Divardakı yarığa əlini salıb açarı oradan çıxardı. Cəld hərəkətlə qapının qıfılını açaraq zirəzəni aralayıb cırıltı ilə qapını içəri itələdi. Qapıdan düşən işıq, enli bir zolaqla içərini işıqlandırdı. Sağ tərəfə düşən enli işıq zolağında iri taxt, taxtın üstündəki naxışlı kilim, bəzəkli mütəkkələr və divardan asılmış təklülə tüfən apaydınca göründı. Əks divarda olan balaca bacadan da işıq düşdüyündən çiraq yandırmadan içəridə hər şeyi aydınca görmək olurdu.
Şirxan özünü əsil cəngavər kimi aparır, divarlardan asılmış cüyür, dovşan dərilərini Nərgizə göstərir, "bunları mən vurmuşam" deyib, lovğalanırdı. Sonra taxtın üstünə çıxdı, patrondaşla bir mıxdan asılmış tüfəngi əlinə götürdü. Taxtın üstünə düşən patron qatarını belinə bağladı, çevik hərəkətlə taxtın üstündən yerə tullandı.
Şirxanın bütün hərəkətlərini maraqla izləyən Nərgizin ağzıaçıq dalmışdı. Şirxan əlini torbaya atıb iri bir alma çıxardı. Sonra nərgizə yaxınlaşıb:
- Bu almanı başının üstünə qoy, öz gözlərinlə mənim igidliyimin şahidi ol, - deyib Nərgizi buxarının yanına çəkdi. Heç nə anlamayan Nərgiz itaətlə onun dediklərinə əməl edərək, sapsarı almanı başının üstünə qoyub, Şirxanın nə edəcəyini gözlədi. Arxa-arxaya qapıya yaxınlaşan Şirxan Nərgizdən 4-5 addım uzaqlaşıb: -Gör almanı necə nişan alacam, - deyib tüfəngi sinəsinə qaldırdı. Şirxanın bütün hərəkətlərini maraqla izləyən Nərgiz, gülümsəyərək onun nə edəcəyini gözləyirdi ki...
Şirxan almanı nişan alıb, çaxmağı çəkdi. Gurultu səsi qara damı başına götürdü, pərdilərin arasından torpaq üşələndi. Tüfəngin qundağı necə zərblə təpdisə Şirxanı arxasındakı cürdəyin üstünə tulladı. Enli işıq zolağında burulan aqmusoy tüstü, bu ağ zolaqda dolaşıq cızmalara oxşadı. Şirxan bir anlıq özünü itirsə də tez ayağa durub Nərgiz tərəfə qaçdı. Nərgiz buxarını içində çapalayırdı. Band bağlanmış balaca hörüyü buxarının hisli daşlarına pərçimlənmişdi. Buxarının kələ-kötür daşlarına sıçramış qan damcıları üzü aşağı axırdı. Nərgiz rahatlamışdı, çapalamırdı, onun totuş yanaqları yoxa çıxmışdı. Sapsarı donu qırmızı ləkələrlə boyanmışdı, Ayağındakı qırmızı ayaqqabılarının hərəsi bir tərəfə düşmüşdü.
***

Qonşular səsi eşitmişdilər, amma anşıra bilməmişdilər ki, tüfəngi kim atıb. Alı müəllim Nərgizini gəzirdi, dəli kimi gəzirdi. Elə bil ürəyinə nəsə dammışdı.
-Ay camaat, mənim Nərgizimi görən oldumu? - deyib qəbiristanlıqda tüyükən Alı müəllimə Şirxangilin getdiyi istiqaməti göstərdilər...
Xarabaxanaya dönmüş ikimərtəbəli ev açıq-aydın dil açmışdı:
-Nərgizin yas günü, sonuncu günləri oldu sahiblərimin. Nərgizin qanlı, sarı köynəyini bax oradan asmışdılar, Alı müəllimin beli bükülmüşdü. Bahar xanımın növrağı pozulmuşdu, kəndimizin Oruc bayramı qana dönmüşdü.
Şirxanı çox axtardılar. Heç yerdə tapılmadı Şirxan. Elə o gündən Alı müəllimim ayağı bu kənddən kəsildi, bu bağlı qalan qapının ağzını açan olmadı. Elə o gündən Şirxan da yoxa çıxdı, indi də öldüsünü, qaldısını bilən yoxdu.

TƏQVİM / ARXİV