adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DƏRDiN POEZiYASI... POEZiYANIN DƏRDi

VAQİF YUSİFLİ
47193 | 2012-05-05 06:07

   
   Eldar İsmayıl Azərbaycanın Göyçə mahalında dünyaya gəlib və Göyçə adı çəkilən kimi xalqımızın ulu sənəti və sənətkarları gözlərimiz qarşısında canlanır. İstər-istəməz aşıq şeirimizin (və ümumiyyətlə, şeirimizin) korifeylərindən olan Aşıq Ələsgər yada düşür. Aşıq Ələsgərdən əvvəl və Aşıq Ələsgərdən sonra gələn neçə saz-söz ustadı bu yurdda, bu mənəvi paytaxtda dünyaya göz açmışlar.
   
   Görkəmli tənqidçi Yaşar Qarayevin səksəninci illərin ortalarında qələmə aldığı "Təbiət: poeziya və ekologiya" məqaləsini xatırlayıram. Həmin məqalədə böyük sənətkarımız Səməd Vurğunun, onun poetik ənənəsini yaşadan Qasım Qasımzadənin, Hüseyn Kürdoğlunun, Zəlimxan Yaqubun təbiət şeirlərindən söz açılırdı. Doğrudan bu şairlərin poeziyasında təbiət, onun gözəllikləri, təbiət-cəmiyyət, təbiət-insan münasibətləri böyük ilhamla tərənnüm olunub. Onların şeirlərində (mən bu sıraya Hüseyn Arifi, Musa Yaqubu, Məmməd Aslanı da əlavə edirəm) təbiət söz-söz, lövhə-lövhə poeziyaya köçür və burada əbədiyaşarlıq qazanır. Yaşar Qarayevin həmin məqaləsinin sonu mənim o zaman tanımadığım, heç bircə misrasını belə oxumadığım Eldar İsmayılın şeirlərinə həsr olunmuşdu.
   
   
   
   Ulu Göyçə, nələr olub yaşında,
   
   Min bir hikmət torpağında, daşında.
   
   Tarix yaşar Qara quzey başında
   
   Babaları çox ziyarət etmişəmg
   
   Bu sevdaya uşaq-uşaq yetmişəm.
   
   
   
   Bu şeir parçası Eldar İsmayılın "Ulu Göyçə" poemasındandı və Yaşar Qarayev yazırdı: "Öz ruhu, öz nəfəsi ilə, yəqin ki, sizə artıq doğma görünən bu misralar "Heydərbaba şairi"nin ana dilli şeirdə yaratdığı təlatümə təzə bir dalğa kimi doğulub. Dəclə və Fəratdan, mavi Xəzərdən, Göy Göldən sonra "Heydərbabaya salam"ın əks-sədası indi Göyçə sahilindən gəlib, durna gözlü Göyçənin şair oğlu Eldar İsmayıl Şəhriyarın mahnısını Aşıq Alının və Ələsgərin sazında çalıb. Elə-obaya, torpağa-daşa, ana dilinə, ana Vətənə müqəddəs pərəstiş sazdan-saza, sözdən-sözə keçib". Daha sonra görkəmli tənqidçi yazırdı ki, "Ulu Göyçə" poemasının dili oynaqdır, axıcıdır, sadə və aydındır, danışıq dilinə və təfəkkürünə yaxındır. Poemada qədim Göyçənin sanki hər daşının özü danışır, təbiətə həkk olunan imzalar, qayalarda və qalalarda abidələşən əfsanə və rəvayətlər özü yazıya alınır, xalqın və torpağın yaddaşı bədii yaddaşa çevrilir.
   
   Yaşar Qarayevin bu qeydlərini oxuyandan sonra Eldar İsmayılın həmin poemasını tapıb oxudum və görkəmli tənqidçinin necə də haqlı olduğuna bir daha inandım.
   
   Eldar İsmayıl otuza yaxın şeir, nəsr və publisistik kitabların müəllifidir. "Ulu Göyçə", "Allah amanatı", "Vətən dedi İbrahim", "Ermənistan türklərinin 1988-ci il soyqırımı", "Göyçənin qisası qalır", "Şəhid yurdun şəhid övladları", "Hikmət dünyası", "Səttar oğlu", "Mən burda qəribəm, yurd orda qərib", "Ağrıdağı qədər ağrılarım var", "Oğuz yurdun övladları", "Sabaha məktub", "İçimdə bitən bənövşə" və s. kitabların adları da bu müəllifin nələr düşündüyündən, nələr yazdığından xəbər verir.
   
   Bu yaxınlarda Yazıçılar Birliyinin "Natəvan" klubunda Eldar İsmayılın 70 yaşı qeyd olundu. Qələm dostları, göyçəlilər onu ürəkdən təbrik etdilər. Orda mənim əlimə Eldar İsmayılın "Hazır ol qisasa, hazır ol xalqım" şeirlər kitabı keçdi. Deyirlər ki, əsl şairi elə bircə şeirindən də tanımaq və sevmək olur. Kitab "Qarabağ dərdi" şeiri ilə açılırdı:
   
   
   
   İllərdi bu çılğın, dəli könlümdə
   
   Ağlayır, kiriyir Qarabağ dərdi.
   
   Yanağım üstündə axıb sellənir,
   
   Gözümdə quruyur Qarabağ dərdi.
   
   
   
   Zaman ötüşdükcə meydan daralır,
   
   Bulud qatılaşır, hava qaralır.
   
   Gözüm görə-görə solur-saralır,
   
   Qocalır, qarıyır Qarabağ dərdi.
   
   
   
   Gəl baxma biganə, mənə yad kimi,
   
   Bu dərd məni boğur bir cəllad kimi.
   
   Kürədə qızaran bir polad kimi
   
   Canımda əriyir Qarabağ dərdi.
   
   
   
   Qaçqın olan millət zülümdə yanır,
   
   Közərmiş qələmim əlimdə yanır.
   
   Qəlbimdə göynəyir, dilimdə yanır,
   
   Qanımda səyriyir Qarabağ dərdi.
   
   
   
   Qarabağ bir qərib, Eldar bir xəstə,
   
   Zəngilan qandallı, Şuşa qəfəsdəg
   
   Başını söykəyib sinəmin üstə
   
   İçimdə çürüyür Qarabağ dərdi.
   
   
   
   Kitabdakı şeirlərin bir çoxunda belə kədərli notlar diqqəti cəlb edir, bunu da təbii sayıram. Amma onun əksər şeirlərində qəzəb, nifrət, ittiham görürəm və qəzəbin də, nifrətin də, ittihamın da ünvanı məlumdur. "Hər böyük qüdrətin Kor şeytanı var. Sən də bilməlisən, Sənin balan da, Atam oğlu, Türkün Erməni adlı Bir düşmanı var" ("Türkün bir düşmanı var").
   
   Eldar İsmayılın şeirlərində publisistika ilə poeziya vəhdətdədir. Elə həqiqətlər var onları zərif-zərif, incə-incə demək olmur, gərək o şeirə bir az hiddət, bir az qəzəb qatasan ki, hamının ürəyindən xəbər verəsən. Doxsanıncı illərdə "Pravda" qəzetində ermənipərəst yazılar çap olunurdu və o zaman bu, hamımızı hiddətləndirirdi. Günahkarı lənətləmək, ittiham etmək, müqəssirlər kürsüsünə əkib sorğu-sual etmək əvəzinə onun suçu olmadığını, günahın qarşı tərəfdə olduğunu abırsızcasına "sübut edənlərə" Eldar İsmayıl şeirin sərt kürsüsündən belə suallar yağdırırdı:
   
   
   
   Keçdin Qarabağa "problem" deyə,
   
   "Sən yağlı quyruğa quyruq bağladın".
   
   Yayıb Sumqayıtın səsini göyə
   
   Hamıdan birinci özün ağladın.
   
   
   
   Eldar İsmayılın bütün şeirlərinin bir əsas qəhrəmanı var-Göyçə.
   
   İnsanın doğulduğu, böyüyüb başa çata çatdığı məkan itiriləndə, insan o yurddan uzaqlaşanda o məkan, o ocaq sənin içində heç də itmir, heç də səndən uzaqlaşmır.
   
   Əgər uzaqlaşırsa, itirsə, onda sən də itirsən.
   
   Durnalar ötüb gedər,
   
   Gözümdən itib gedər.
   
   Sevincim batıb gedər,
   
   Vətən yadımdan çıxmaz.
   
   
   
   Atıb şanı-şöhrəti,
   
   Vətən bildim qürbəti.
   
   Tapa bilsəm cənnəti
   
   Vətən yadımdan çıxmaz.
   
   
   
   Eldar İsmayılın kədərli, nisgilli səsi təkcə Göyçə dərdi ilə bitmir. O, 20 Yanvar və Xocalı şəhidlərinin də ruhunu yad edir, Qarabağ faciəsi də onun şeirlərinin əsas mövzularının birinə çevrilir.
   
   Şeirimizdə bu mövzularla bağlı yüzlərlə, minlərlə nümunələr var və gəlin etiraf edək ki, dərd nə qədər ağırdırsa, o dərdi bəzən eyni, standart ifadə tərzi ilə söyləmək şablonçuluğa aparıb çıxarır. Gərək dərdin poeziyasını, poeziyanın öz dərdinə çevirə biləsən. Yəni sənin dərddən yazdığın bir şeir yüz dərdli şeirin içində seçilsin, fərqlənsin. Bu baxımdan Eldar İsmayılın kitabdakı bir çox şeirləri doğrudan da seçilir, fərqlənir və hiss olunur ki, şair, şeirə məsuliyyətlə yanaşır. Onun qoşma və gəraylılarında Ələsgər şeirindən gələn təmiz nəfəs var. Hətta siyasi mövzularda yazanda da bunu duya bilirsən:
   
   
   
   Ulu Tanrı, ululuğun xətrinə,
   
   Başıma gələnə sən nə deyirsən?
   
   Qardaş libasında, şeytan donunda
   
   Məni yad bilənə sən nə deyirsən?
   
   
   
   Bu necə düşüncə, bu necə xəyal?
   
   Qürbət qismət imiş, qəriblik vüsal.
   
   Bir əlində zopa, birində dəsmal,
   
   Gözümü silənə sən nə deyirsən?
   
   
   
   Özünə agahdır, düşmüşük şərə,
   
   Ədalət, mərhəmət qalxıb göylərə,
   
   Mənim türk adımı on yeddi yerə
   
   Ayırıb bölənə sən nə deyirsən?
   
   
   
   Neçə ev odlayıb, çıraq söndürüb,
   
   Qanıma susayıb, gözümə giribg
   
   Boynumun dalına qılınc endirib
   
   Üzümə gülənə sən nə deyirsən?
   
   
   
   Kitabda belə poetik gözəlliklə süslənən şeirlər çoxdur və hamısından əgər belə demək mümkünsə, Göyçə qoxusu gəlir.Eldar İsmayıl həm də çoxlu lirik və epik poemaların müəllifidir. Xüsusilə Atatürkə həsr etdiyi poema öz bədii səviyyəsi ilə diqqəti cəlb edir.
   
   Mən təəssüf edirəm ki, Eldar İsmayılın nəsr və publisistik yaradıcılığı ilə tanış deyiləm. Amma əlimdə dilçi alim, filologiya elmləri namizədi Məfkurə Hüseynovanın "Eldar İsmayıl yaradıcılığının bəzi aspektləri" adlı bir kitabı var. O kitabdakı məqalələrdən məlum olur ki, Eldar İsmayıl nəsrlə də ardıcıl məşğul olur. Belə ki, Eldar İsmayıl "Səttar oğlu", "Zülmətdə parlayan qılınc" romanları var.
   
   Mən Eldar İsmayılı yetmiş yaşı münasibətilə təbrik edirəm. Və yazının sonunda mənə unudulmamış Göyçənin gözəlliklərini sevdirən, həm də Göyçə həsrətini duyğularıma səpələyən Eldar İsmayıl haqqında bir fikri xatırlatmaq istəyirəm. O fikrin müəllifi Eldarın ustadı -böyük şairimiz Hüseyn Arifdir.
   
   "Eldar yaradıcılığında məni özünə çəkən cəhət şairin torpağa-daşa bağlılığı, ata-anaya, el-obaya istəyi, sadə, mehriban zəhmət adamlarına məhəbbətim, bununla yanaşı əliəyrilərə, yaltaqlara, cəmiyyətimizdə alaq otuna çevrilsmiş tüfeylilərə olan nifrətidir. Dili saz dilidir: Aydın, Obrazlı, Axıcı".
   
   Və bir də bu sətirlər:
   
   
   
   Öz dilində dillən, qardaş
   
   Dilinin qurbanı olum.
   
   Təbriz adlı eldən danış,
   
   Elinin qurbanı olum.
   
   
   
   Can çəkirəm, qardaşım, can,
   
   Keçir zaman, daha oyan!
   
   Yananda Eldar kimi yan,
   
   Külünün qurbanı olum!

TƏQVİM / ARXİV