BU ZALIM DüNYADA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29911 | 2012-05-05 06:07
Söz adamları istedadlı qələm sahiblərindən biri olan Givini yaxşı tanıyır. Öz dünyası, öz ətrafı olan bu söz adamını tanıdığım gündən onun ətrafında həmişə bir yaradıcı, işgüzar mühitin də formalaşdığını görmək mənə nəsib olub. Hiss etmişəm ki, o daha çox dostlarını, ətrafında olan adamları, istedadları arayıb-axtarır, onları təqdim edir, onlara bir növ yaradıcılıq körpüsü rolunu oynayır. Çünki gürcü dilini elə mənimlə danışdığı Azərbaycan dili qədər sevən və bilən (mən qəsdən Azərbaycan dilini öncə yazdım - Ə.M.) bu qələm adamı özünün tərcümələri ilə də Azərbaycan sözünü qonşu məmləkətin oxucu dünyasına bir növ transfer edir, çatdırır. Ona görə də səmimi, xeyirxah, yaradıcı bir insan kimi hamıya və hamının da ona isti bir münasibəti var.
   
   Mən Givi haqqında bu sözləri təsadüfdən demirəm və yazmıram. Əksinə, onunla hər görüşümdə etdiyim zarafatlardan tutmuş, yaradıcılıq söhbətlərinə qədər hər birində bir müsbət enerji qazanıram. Bu enerjini hər adamdan almaq indiki zamanda nə mümkün deyil, nə də bu mümkün olmayan hər adamda da yoxdur. Elə bu günlərdə iş otağımın qapısı döyüldü... gələn Givi idi... əlində də bir çanta, həmişə özü ilə gəzdirdiyi çanta...barmaqlarının arasında da tüstülənən siqareti...görüşdük, hal-əhval tutduq. Sonra çantasını açdı və mənə bir kitab bağışladı. Elə bildim ki, özünün kitabıdı. Sonra gördüm ki, yox, şair dostum Həzi Həsənlinin kitabını gətirib mənə. Düzü, onun bu cür jestlərini çox görmüşdüm. Bu dəfə isə onun Həzi ilə yaxın münasibətlərinin olduğunu anladım. Amma yenə soruşdum:
   
   - Givi, Həzi Həsənlini yaxından tanıyırsan?
   
   Gülümsəyib dedi:
   
   - Köhnə dostlardandı,bizim adamdı.
   
   Artıq hər şey məlum idi. Bircə mənim üçün qaranlıq qalan bir məqam qalırdı. Onu da gedəndə Givi dedi:
   
   - Fikrət haqqında yazıbdı. Yadına düşür, kitabını sənə bağışlamışdım. Sən də o kitab haqqında yazdın...
   
   Givi getdi. Mən bir xeyli müddət fikirləşib Fikrəti xatırlamaq istədim. Açığı yaddaşım köməyimə çatmadı. Ona görə də Həzi Həsənlinin kitabını götürüb vərəqləməyə başladım. Və...
   
   Hər şey mənə aydın oldu. Bu, dünyadan nakam köçmüş, böyük ürəyi, böyük insanlığı olan, dünyanı gözləri ilə görən, əlləri ilə duyan nakam şairimiz Fikrət Mursaqulov idi. Yəni Həzi Həsənlinin onun barəsində yazdığı "İşıq əlifbası" adlı portret-povesti indi stolumun üstündə, bir az da dəqiq desək, gözlərimin önündə, əlimin içində.
   
   Həzi Həsənli şair-publisist kimi imzasını çoxdan təsdiqləyib. Onun şeirləri barəsində oxucularla da, özü ilə də fikirlərimi zaman-zaman bölüşmüşəm və ona görə də Həzi müəllimin "İşıq əlifbası" məndə bir qəribə maraq yaratdı. Şairin nəsrə keçməsi zaman-zaman olub, bu gün də var, yəqin sabah da olacaqdı. Burda qeyri-adi heç nə axtarmaq lazım deyil. İnanmıram ki, poeziyadan nəsrə üz tutanlar şairliyin daşını atmış olsunlar. Çünki bu insanlar bir bulaqdılar - qaynayırlar, çağlayırlar, şeirə sığa bilməyəndə nəsrə keçirlər. Nəsrdə də özlərinin ilham pərilərini istədikləri kimi təqdim etməkdə bir az çətinlik duyanda yenə şeirin meydanına dönürlər. Bax, bu mənada qəribə hesab etmədiyim bu yaradıcılıq aləmində Həzi Həsənlinin nəsrə könül verməsinin səbəbləri povesti oxuyub başa çıxandan sonra mənə məlum oldu. Gördüm ki, Fikrət haqqında nəzmlə hər şeyi ifadə etmək o qədər də asan deyil. Çünki şeirin tələbləri burada müəyyən çətinliklər yaradır. Amma nəsr geniş bir üfüqdü, orda hər şeyi nəqş etmək mümkündü.
   
   Həzi Həsənlinin kitabının redaktoru və ön sözünün müəllifi yaxından tanıdığım İlham Abbasovdur. Mən İlham müəllimin ön sözünü oxuyub xeyli xəyala daldım. İnanın ki, bu ön sözdə mən Fikrət Mursaqulovu yenidən gördüm. Onun şeir kitabını sanki yenidən oxudum, Givinin mənə verdiyi şeir kitabını. Mənə ilk cümlə xüsusilə təsir etdi. İlham Abbasov yazır ki, "bu yazının adını "Qaranlıq dünyanın işıqlı adamı" qoymaq istədim... Sonra gördüm, düz alınmır...". Bəli, doğrudan da alınmır qardaş. Çünki ürəyi ilə dünyaya baxan, dünyanı görən Fikrətin qaranlıq dünyası olmayıb. O bəlkə də bu dünyaya gözləri ilə baxan çox-çox insandan daha yaxşı görüb günəşi də, ayı da, otu da, ələfi də, gülü də, çiçəyi də, daşı da, suyu da. Əgər görməsəydi, o yaza bilməzdi axı?.. Şeiri deyirəm, lap elə bu şeiri.
   
   
   
   Gələn payız, gedən yaz
   
   İndi kimə kədərsən?
   
   Mən sənə yaz deməzdim,
   
   Bilsəydim, bu qədərsən...
   
   
   
   Dünyada bütün yollar kəsişir, bu birmənalıdır. Dünyada tale yaxınlığı, duyğu oxşarlığı, düşüncə paralelliyi olanlar da üz-üzə gəlməsələr də, qarşılaşmasalar da eyni karvanın, eyni əqidənin yolçusu, daşıyıcısı olurlar. Onların ruhu bir-biri ilə təmas qurur, bir-birinə söykənir, bir-birinə güvənir. Mən kitabı oxuduqca buna bir daha inandım. Təsəvvür edin ki, müxtəlif ünvanlarda doğulub, müxtəlif məktəblərdə təhsil alıb, bir-birinin üzünü görməyən, amma sözünü görüb, sözünü tanıyan insanlar günlərin birində üz-üzə də gəlirlər, yolları da kəsişir. Bax elə Fikrətlə Həzi Həsənli də müxtəlif ünvanlarda doğulub müxtəlif orta məktəblərdə oxuyublar. Aralarında az qala bir günlük məsafə olub. Amma sözləri, imzaları eyni qəzetdə, eyni səhifədə yanaşı, qoşa çap olunub. Bir-birlərini tanımayanlar bir-birlərinin sözünü tanıyıb. Həyat onları bir ali məktəbin auditoriyasında qarşılaşdırıb. Bu qarşılaşma dostluğa, unudulmaz bir ömür parçasına çevrilib. Həzi Həsənli yazır: "Mən Fikrəti ilk dəfə özündən kiçik qardaşı Musa ilə qol-qola gedəndə görüb tanımışam...O zaman Universitetə sənədlərin qəbulu başlanmışdı...Sonralar Givi ilə qol-qola gedəndə Fikrət elə nikbin görünürdü ki...Fikrətin yolları Givinin qollarından başlanırdı..."
   
   Doğrudan da taleh iki yaşında dünyanı görmək imkanını əlindən alan Fikrət Givinin qollarından başlayan yolun işığında jurnalistika fakültəsini müvəffəqiyyətlə başa vurdu və o,universiteti bitirdikdən sonra ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışdı. Amma heç vaxt nə vəzifəsindən, nə ətrafında olan dostlarından umacaqlı olmadı, istifadə etmədi. Həzi Həsənli yazır ki: "Fikrət yeriyəndə də qaranlıqları nur topası kimi yarıb keçirdi". Bu təbiidir və belə də olmalı idi. Çünki əvvəldə dediyim kimi, o, dünyaya ürəyi ilə baxırdı. Elə ona görə də bütün yük işıqla bərabər onun ürəyinə hopmuşdu. Amma bu işıqlı ürəyin elə nisgilləri var idi ki, onu bu kitabı oxuyanda təzədən yaşamaq, təzədən xatırlamağın özü də səmimi deyim ki, müsibətdi. Dünyaya ürəyi ilə baxan Fikrət ürəyinin bir parçası olan Yılmazını çox erkən itirdi və onun adına yazdığı misralarda dedi:
   
   
   
   Güllər könülsüz açılmaz,
   
   Yılmaz, başına dönüm.
   
   Yaşıl otlar yaz gecəsi,
   
   Solmaz, başına dönüm,
   
   Oğul atasından qabaq,
   
   Ölməz, başına dönüm.
   
   
   
   ...Nə boyunu öyəmmirəm,
   
   Nə nağıllar deyəmmirəm,
   
   Nə ağılar deyəmmirəm,
   
   Lalam başına dönüm,
   
   Balam, başına dönüm...
   
   
   
   İndi gördünüz də Fikrətin ürəyinin işığını və o işığın üstündəki dərdi!
   
   Həzi Həsənli, üzümü sənə tuturam. Etiraf edim ki, mən xatirə-povestlər oxumuşam və hərəsi də məndə bir ovqat yaradıb. Amma sən bu kitabınla sözün bütün mənalarında mərhum şairimiz Fikrət Musaqulova bir söz abidəsi yapmısan. Özü də təkcə ona yox, bu kitabda adı çəkilən, dünyadan nakam köçmüş söz adamı Məmməd Nazimoğlunun da, üstəlik qolları Fikrətə yol olan Giviyə də! Fikrətlə bağlı fikirlərini ürəklə, amma nisgillə dilə gətirən digər ziyalılarımızı da yenidən işıqlı məqamdan, işıqlı nöqtədən oxucuya göstərmisən.
   
   Bu kitab məni elə kövrəltdi, elə təsirləndirdi ki, nəyi necə yazdığımı və ümumiyyətlə yaza bilib bilmədiyimin fərqində deyiləm. Bircə onu bilirəm ki, bu kitab məni də 80-ci illərə qaytarıb apardı. Mənə də tələbə yataqxanasının, universitet auditoriyalarının, o illərin xatirələrini yenidən kino lenti kimi göz önündən keçirmək imkanını verdi. Mən də dünyasını dəyişən tələbə dostlarımı andım... ruhlarına salvat çevirdim. Mən bu kitabı yazanı da, onu mənə gətirəni də içimdə yaxşı mənada qınadım. Qınadım ki, biz dünyada, həyatımızda haqqı olanlara qarşı bir az deyəsən laqeyd olmuşuq, bir az biganəlik göstərmişik. Görünür başımız özümüzə, öz işlərimizə çox qarışıb. İndi-indi o işlərdən vaxt tapıb dünənə boylanırıq. Deyəsən budəfə Həzi Həsənli qabağa düşüb. O, arxada qalan illəri və o illərin dünyaya ürəyi ilə baxan işıqlı adamın "İşıq əlifbası"nın səhifələrində bu günün, sabahın insanlarına təqdim edib. Uğurlu təqdimatdı...
   
   ...Sevindim. Doğrudan-doğruya Həzi Həsənli bir savab iş görüb, bir abidə ucaldıb, sözün, işığın abidəsini. Zaman-zaman hər yerdən görünəcək bir abidə. Sahibinin və Yaradanın, eləcə də o ünvanın işığı bizlərdən əskik olmasın!

TƏQVİM / ARXİV