adalet.az header logo
  • Bakı 18°C

Bənövzələrin zairi və ya güzgüdəki ADAM

ORXAN ARAS
13864 | 2012-05-05 06:07
Dünən səndən ötrü qalxıb ərinmədən Ren çayının sahilinə qədər getdim, bəyəndinmi? Sabah-sabah nə Kölnün qurşun rəngli səmasına aldırdım, nə də hər üzümə dəyişində mənə Bakını xatırladan rüzgarına...Yorğun və bitgin addımlarımda sənin şeirlərinin ağırlığı və gözlərimdə illah ki məni ağladacaq bənövşələrinin lənət olasıca solğun rəngləri...Bu rəngləri niyə bu qədər solğun təsvir etmisən, anlamış deyiləm. Dünyamı dağılardı o solğunluğa azacıq aydınlıq damlatsaydın, Mirseyid? Həsrət çəkənlərə qəsdinmi var, dostum? Nə isə... Fırçan hansı hüznün sarısına boyanmış, Allah bilir. Amma sənə bir dost tövsiyəsi, bənövşələrin rəngini alıb da insanların üzündə bu qədər soldurma, nə olar! Onsuz da bənövşələrin boynubükükdür, bilirsən.
   
   İsveçrənin Alplarında doğulub buralara qədər gələn Romanın yetimi, bulanıq və günahkar Rendə nə səndən, nə də sənin rəsmlərindən bir işarət yoxdur.
   
   Sahillərində boşuna bənövşələr aradım. Bənövşə bir yana, bənövşəyi rəngdə kol-kos belə gözlərimə dəymədi. Amma yaşıllıq təpələrə qədər sıçramışdı. Nə də olsa bahar. Quşlar almanca bilməsələr də bahara aldanıb buralara qədər gəlmişlər. Peşmandırlarmı, onu mənə sorma! Sanki kapitalizm matah bir şeymiş kimi fabrika dumanlarının kölgəsində cik-cik bir sağa bir sola uçurlar. Adı sadəcə sahildəki bir küçədə yaşayan qanlı Roma, bulanıq Ren və kosmopolit Köln veclərinə belə deyil. Hələ Renin tam üstündə yerləşən vağzaldan Hitlerin əmri ilə 1944cü ildə ölümə göndərilmiş minlərcə məsum qaraçı və onların ruhları artıq heç kimi maraqlandırmır. Amma mən sənin bir yurddaşın olaraq o məsum insanların acılarını ürəyimdə hiss edərək Haynrih Böl(Heinrich Böll) meydanında az dolaşmadım. Doğrusu oralarda minbir qarışıq duyğuyla gəzərkən ölümü düşünmək və qürbətin sinəsində ah çəkmək heç də keyf verici bir şey deyil. Amma arada bir sənin şeirlərinə sarılmadım desəm yalan söyləmiş olaram. Andrey Voznesenkiyə yazdığın o şeir... Elə bir şeir yazdığın üçün sənə necə qibtə etdim, bir bilsən!
   
   Mən talesiz adamam
   
   Mulen Rujda Tuluz kimi...
   
   bir son macəramdı Parisdə bu axşam
   
   namluda namus kimi...
   
   Hansımız bir az Tuluz deyilik ki, dostum? Şeir yazan, rənglərin bənövşəyiliyinə batan bir adamın "bohem" həyatının olmaması, iztirabı qurtum-qurtum içməməsi mümkünmü? Parisin o bərbad axşamları bir yana, cəsarətin varsa , Bakının o məşhur xəzrili axşamlarında gəzən insanların gözlərinin içinə hələ bir bax! Sənə solğun gələn o gözlərin neçəsində neçə Tuluz var, görəcəksən! Özün Tuluz olmusan, çoxmu?
   
   Bənövşələr, bulanıq Ren və dərdsiz , kədərsiz quşlardan gəlib haralara çıxdıq, gördünmü? Amma olsun. Sən rənglərin və şeirlərin adamısan. Hər kəlməmdə bir rəng arayacağını bilirəm. Bu üzdən bir az dəli doluyam bu gün, qüsuruma baxma! Amma aramızdakı uzaqlıq və kapitalizmin soyuqluğu heç bir şeyi dəyişdirmir. Sən Ağdaşda doğulub Bakıda yaşasan da eyni duyğuların adamı olduğumuzu bilir və hər rəngdə sənin bənövşəyiliyini görüb səni düşünürəm. Girəsunlu rəssam Bədri Rahmi dediyi kimi...
   
   
   
   Seni düşünürken
   
   bir çakıl taşı ısınır içimde
   
   Bir kuş gelir yüreyimin ucuna konar
   
   Bir gelincik açılır ansızın
   
   Bir gelincik sinsi kanar.
   
   
   
   Səni düşünmək dedim də ağlıma uçurtmalar gəldi. Sənin çəkdiyin uçurtmalar... Birbirinə bağlı və bəzən hilallaşan , bəzən də ulduzlaşan, amma başımızın üstündə sovrulan uçurtmalar... Uşaqkən heç uçurtmam olmadı mənim. Amma hər uçurtma gördüyümdə heç utanmadan döndüm uşaq oldum. Sənin uçurtmalarında isə bəlli-bəlirsiz bir hüzn var, dostum.Varlıqla yoxluğun, yaşamla ölümün yan-yana duruşu kimi çarəsiz və solğun bir hüzn...Bir də uçurtmaların hamısı bir-birinə bağlı. Sanki tək qalınca uçub, qeyb olub gedəcəkləri qorxusu var içlərində.Yoxsa sən də o uçurtmaların birindəsən, Mirseyid?
   
   Bu gün sənə suallarım çox oldu, deyilmi? Halbuki sənin şeirindən, sənin rəsimlərindən, sənin solğun bənövşələrindən bəhs edəcəkdim. Amma Ren çayı və Köln şəhərində qalaraq sənin sənətinin yanından keçib getdim. Yordusam, əhf et. O bir şeirində:
   
   
   
   "Ölüm desən mən ölümdən gorxmuram
   
   Qərib olduq məmləkətin içində
   
   Amma yenə əhf etmişəm hər kəsi
   
   Dua edəcəyəm sənin üçün də...
   
   
   
   demənə güvəndim və bu qədər danışdım. Məni əhf et və mənim üçün də dua et. Çünki sənin dərbədərliyinin mənasını mən yaxşı bilirəm. Bir də o güzgüdəki adamı...O da sənsən...
   
   
   
   "Güzgüdəki adam,
   
   Satmadın, satılmadın
   
   Bir də satmaq üçünmü söylə,
   
   Öz-özünə oxunan dualar?
   
   Özüm istəmədən aldatdım səni
   
   Vaxtsız gocaltdım səni
   
   Güzgüdəki adam...
   
   Kimsən, nəçisən?
   
   
   
   Güzgüdəki adam olmaq, bənövşələri solğun çəkmək sənə yaraşır. Hələ Qafqaz dağlarının yüksəkliyində qanad çalan bir qartal kimi Azərbaycan isimli başı bəlalı ölkədə şair kimi şair, rəssam kimi rəssam Adil Mirseyid olmaq sənə yaraşır, dostum!
   
   Hər şey sənə yaraşdı da son sözü mən özümə yaraşdırammadım. Ən yaxşısı səni yaxından tanıyan və sənin dostun olan Osman Şən söyləsin son sözü:
   
   "O nağme adam...
   
    Konuştukça bütün teni ürperen, gözlerinde bulutlara taş çıkartan damlalar, gözlerinin bir noktaya takılışındaki derinliğin ötesi bulutlar, bulutlar ötesi ufuklar, ufuklar ötesi yüreği, yüreğinin ses tellerini titretişi, kelimelerin yıllanmış, olgunlaşmış sofraya dökülüşü... cümlelerin bir sevda çınarından çıkış doğruluğunda dün, bugün ve yarına ait tahlillere uzanış..."

TƏQVİM / ARXİV