adalet.az header logo
  • Bakı 18°C

Şuzanı necə xatırlayaq?

20834 | 2012-05-04 07:46
Qarşıdan Şuşanın işğalının 20 illik ildönümü gəlir. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunub.
   
   Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Ümid öləzisə də sönmür...Ümid itmir... Dünyanı idarə edən supergüclər başımızı qatmağa çalışsa da, böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi..."
   
   Hər il bu anım günü yaxınlaşanda efirlər, qəzetlər səs-səsə verir, bir-birinə macal vermədən işğalın ildönümünü gündəmdə xatırlamağa çalışır. Əslində bu günü, Şuşasızlığın ildönümünü necə xatırlamalıyıq? Bu haqda qələm adamlarımızın öz düşüncəsi var.
   
   Yazıçı Şərif Ağayar işğal günlərini bayağı şəkildə xatırlamağın heç bir faydası olmadığını düşünür: "Əvvəla bu xatirələrdən kabab tüstüsünü və muğam səsini uzaq tutmalıyıq. İşğalda olan torpaqlar barədə rasional düşünmək lazımdır. Lirika və sentimentalizm belə ciddi məqamlarda bayağı görünür. İstərdim bu anım və yas tədbirlərində televiziyada şeir deyən əsgər görməyim. Amma lap səmimi desəm, Şuşa ilə bağlı heç bir verilişə baxmayacam, iş icabı olmasa heç bir tədbirə qatılmayacam. Adamın qanı qaralır. Bizdə dərdi də adam balası kimi çəkməyə qoymurlar. Hətta azyaşlı uşaqlar belə saxta, yalan danışmağı öyrəniblər. Məncə biz Şuşanı o zaman qaytara biləcəyik ki, o gözəl torpaqlara layiq cəmiyyət qura bilək. Bu yaltaqlarla Cıdır düzünə getməyin də bir ləzzəti yoxdu. Vətən davası eləmək üçün adam olmaq gərəkdi. Adam! Dəqiqi deyə bildimmi? Cəmi üç hərfdir: iki "a", bir "d", bir dənə də "m"! "
   
   Yazıçı Kənan Hacı hesab edir ki, media işğal olunan torpaqlarımızın işğal günlərini yazı müsabiqələri ilə, müxtəlif vətənpərvərlik layihələri ilə xatırlamalıdır: "Şuşa bizim ən ağrılı yerimizdi. Çox təəssüf ki, biz Şuşanın adını şadlıq evlərinə verməklə, o şadlıq evlərində yeyib-içib ağlamaqla xatırlamışıq. İndiki gənc nəsil Şuşanı görməyib, onların təsəvvüründə Şuşayla bağlı demək olar ki, heç nə yoxdur. Biz Şuşanı təkcə ildönümlərində deyil, həmişə, hər gün xatırlamalıyıq. Media kitab, yazı müsabiqələri keçirsə çox yaxşı olar. Televiziya mənasız əyləncə şoularından daha çox itirilmiş torpaqlarımızla bağlı tarixi həqiqətlər haqqında sanballı verilişlər hazırlamalıdır."
   
   Gənc yazar Alpay Azər düşünür ki, biz güclü, döyüşkən olmağımızdan ağız dolusu danışmaqla yanaşı, zəif tərəflərimizi, məğlub durumumuzun səbəblərini çözməyə çalışmalıyıq: "Ümumiyyətlə işğal olunmuş torpaqlar, xüsusilə də ən böyük itkimiz olan Şuşanın işğalı problemi bayağı, ah-uf şəklində deyil, həm obyektiv kritik, həm də sağlam vətənpərvərlik ruhunda öyrənilməlidir.Məsələn, biz zəif millət olduğumuzu deməkdən çəkinməməliyik, daha doğrusu, bu məsələdə hansı məqamlardasa zəiflik göstərməyimizi etiraf etməliyik. Amma eyni zamanda Şuşanın işğalı vaxtı, səhv etmirəmsə 200-ə yaxın azərbaycanlının döyüşlərdə həlak olmasını da təbliğ etməliyik və deməlyik.Torpaqlarımız heç də bütün hallarda döyüşsüz işğal olunmayb.Bu məqamı unutmamalıyıq."
   
   Şairə Nisə Bəyim işğal olunan torpaqların işğal günün qeyd olunmasını, əslində o torpaqları itirmək hesab edir: Şuşanı cəmi bir dəfə görmüşəm. Uşaqkən ailəmizlə yay istirahətinə gedərkən.Yaddaşıma silinməz təsvirləri həkk olunub. Bu haqda bir əsərim də var. Çoxdan yazmışam. Xatirələr, hisslər, duyğular əsəridir. Şuşanı və başqa işğal olunan şəhərləri tarixdən-tarixə xatırlamaq elə onu itirmək deməkdir. Hər dəfə həmin torpaqların itirilməsi haqqında verilişlər efirə gedəndə acı həqiqətlər bir daha təsdiq olunur. Təslim və məğlubiyyət xalqın tarixində acınacaqlı bir faktdır. Azərbaycanın 20 illik tarixi birbaşa və ya dolayısı ilə Qarabağla bağlıdır. Bu tarix çoxumuzun gözləri önündə və bilavasitə iştirakımızla yazılıb. 365 gündən bir arxivdə olan verilişlərlə anım günü keçirmək çox pis ənənəyə çevrilib. Gecə saat 12 olan kimi yenidən efirləri bayram təntənəsi bürüyür. Belə vətənpərlik nəyə lazımdır? 10 ildən sonra gənc nəsil bu tarixləri ağrısız anacaq. Hamımız bilirik ki, belə olmamalıdır. Torpaqları işğal olunan xalqın bütün diqqəti bu problemə yönəlməlidir, həyat tərzinə, ideologiyasına, milli şüuruna çevrilməlidir. Bunu əlbəttə ki, kütləvi informasiya vasitələri etməlidir. Saxta deyil, gerçək, pafossuz vətənpərvərlik ideyaları təbliğ və təşviq olunmalıdır. Bir-birini ittiham edən, əsəb doğuran çıxışlardansa, həmin dovrün qəhrəmanlarını, şəhid olanları, iştirak edənləri dinləmək daha yaxşı olmazmı? Onlar unudulur. Ağır gündəlik qayğıların, dolanışığın, problemlərin fonunda tarix arxa plana keçir. Xalqın problemlər qarşısında ümidsizliyi pessimizm, ruh düşgünlüyü yaradır. Hər şeydən əlini üzmüş xalqın bir günlük təkrar anım verilişinə baxmağı heç nəyi dəyişmir. Ona görə də bu haqda ciddi düşünmək vacibdir. Ən böyük dərd vətən dərdidir. Bu xalqın dərdidir.
   
   Şuşada ermənilər tərəfindən inşa olunan evləri, obyektləri görmək bu xalqın yarasına duz basmaq deməkdir. Sabah nə olacaq? Bu sualın cavabı varmı? Konkret hansısa bir ideya varmı? Məncə, əsas budur. Mübarizə üçün təməl. Mən bu təməli görmək istərdim. Hər hansı film, bədii əsər heç nəyi həll etmir. Mən siyasətimizi və hərbimizi görmək istərdim.

TƏQVİM / ARXİV