adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Qocalar və gənclər

14979 | 2012-05-03 07:23

   
   Mentalitet adlı sağalmaz mərəzə tutulan xalqımızın ən xoşuma gəlməyən dəyərlərindən biri də, "ağsaqqal-qarasaqqal söhbəti"dir. Saqqalımın qara olmasından qaynaqlanmayan bu antipatiyamın bir çox səbəbləri var. Yaşlı nəsil özünü hər zaman haqlı və çoxbilmiş hesab edir. Mən əminəm ki, gənclik daha çox bundan əsəbləşir və daha aqressiv və yenilikçi olur. Qocalara haqlı olmadıqlarını izah etmək üçün dərin fəlsəfi polemika açmağa ehtiyac yoxdur. Çox bəsit nümunələrlə qocalara gənclərin heç də fərasətsiz olmadığını çatdırmağa çalışacağam. Ona görə yox ki, qocaları geridəqalmış hesab edirəm. Yox, qətiyyən. Mən sadəcə qocalarda gəncliyə qarşı itimiş inamı anlaya bilmirəm.
   
   Təbii ki, insan ömrünün bütün mərhələlərində uğur qazana bilər. Uğur qazanmaq üçün yaş bir o qədər də önəmli deyil. Bütün uğurları qazanmaq üçün əzmkarlıq və mübarizlik əsas şərtdir ki, bunu istənilən yaşda eləmək mümkündür. Çoxları yaşlandıqca küskünləşir. Müasir texnologiyalardan bixəbərlik, zamanın nəbzini tuta bilməmək yaşının ahıl çağında insanlara mane olur. İllərini boşuna xərcləmiş və heç bir uğura imza ata bilməmiş adamlar isə qocaldıqca daha vasvası və anlayışsız olur. Fikirlərimi yüzlərlə nümunə ilə zənginləşdirə, hətta oxucunu heyrətləndirə bilərəm. Məqsədim, gəncliyə inanmayan deyingən qocalara dərs keçmək də deyil. Özləri bilər. Tarix onları arxivə göndərdiyi kimi, nə vaxtsa bizi də arxivin bir küncünə tullayacaq. Fərq isə ondadır ki, biz arxivə zəngin matereal kimi göndərilməyə bu gündən hazırlaşırıq. Yox, deyəsən qocalar yenə də bizə inanmayacaq.
   
   Fikrimi qüvvətləndirmək üçün dünyanı heyrətə salan insanlardan, böyük tarixi şəxsiyyətlərdən nümunə göstərəcəm. Qoy gəncliyə barmaqarası baxan qocaların xətrinə dəyməsin, amma yaşın azlığı insanın istedad və savadının böyüklüyünə mane olmur. Ağarmış saqqal isə ağsaqqallığa dəlalət eləmir. Mənim nəzərimdə zamanın hər parçasını millət, vətən və insanlıq üçün dəyərləndirən gənclik böyük missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır. Bu gün gəncliyə ağız büzən qocalar görəsən gənclərin nəyə qadir olduğundan xəbərdardırmı?
   
   Görəsən fizika institutunda çalışan, gənc fiziklərin qarşısını almağa çalışan ağsaçlı qoca alim bilirmi ki, məşhur fizik İssak Nyuton cazibə qüvvəsini kəşf edərkən 24 yaşında idi?
   
   Gənc bəstəkarların musiqilərinə ağız büzən qoca sənətşünas, bilirsənmi ki, Bethoven ilk əsərini 13 yaşında bəstələyib?
   
   İlk qələm təcrübələrini çap etdirmək həvəsi ilə alışıb-yanan gənc şairin yolunu kəsən xalq şairi, Götenin ilk şeirlərini 10 yaşında yazdığını eşitmisənmi?
   
   Münsif olduğun səhnədən uzaqlaşdırdığın gəncin arxasınca ağız büzən qoca musiqiçi, Motsart hələ 6 yaşında ikən konsert verirdi!
   
   Gənclərin yazdığı yazılara ağız büzən qocaman qələm adamı, hərisliklə baxdığın 100 dollarlıq əskinasın üstündə rəsmi olan Benjamin Franklin "Kasıb bir adamın almanaxı" adlı məşhur əsərini 26 yaşında yazmışdı.
   
   Gənclərin erkən qazandığı uğurları qəbul etməməklə guya gəncliyin qarşısını aldıqlarını düşünənlər yanılır. Köhnə və kif basmış düşüncənizlə nə etdiyinizi düşünürsünüz? Gənclərə mane olmaqdansa özünüzdə güc tapıb, gənclərlə eyni sırada dayanın. Çoxmu çətindir gəncliyin yanında olmaq?
   
   Hərdən mənə elə gəlir ki, qocalar gənclərdən öz uğursuzluqlarının qisasını alır. Qocalığın gətirdiyi müdrikliyin dadını çıxaranlara baxıb ibrət götürməyin məqamıdır məncə.
   
   Yazdığı pyes səhnəyə qoyulanda Bernard Şou 94 yaşında idi və gənclərin dostu sayılırdı.
   
   Cüzüppe Verdi dünyaca məşhur "Otello" əsərini bəstələməyə başlayanda 75 yaşında idi. Çarli Çaplin 76 yaşında rejissorluq edirdi.
   
   Eh, qocalar, qocalar... Bu yazını oxuyub ağız büzməkdənsə, kif basmış dünya görüşünüzü yeniləyin. Dünyanın sürətli inkişafıyla ayaqlaşmağa sadəcə kiçik bir cəhd edin. Kim bilir, bəlkə də alındı...
   
   Kiçik bir sözardı...
   
   
   
   Hər zaman "qocalara" , yəni gənc yazarların yolunu kəsməyə çalışan yaşlı yazıçılara qarşı sərt və kəskin mövqedə olmuşam. Vəziyyət onu göstərir ki, deyəsən bu radikal mövqeyimi heç vaxt dəyişməyəcəm. Bunun üçün əlimdə tutarlı səbəblərim də var. Keçən həftə qəzetimizin Baş redaktoru İradə Tuncay və gənc yazar Seymur Baycan ANS televiziyasında keçirilən "Açıq söhbət" teledebatının qonağı idi. Hər iki tərəfə böyük hörmətim olduğu üçün debata dəvəti qəbul edib həvəslə proqramda iştirak elədim. Mənə danışmaq üçün verilən təxminən 3 dəqiqə vaxt ərzində Azərbaycan Yazıçılar Birliyində prezident təqaüdü verilərkən qanun pozuntuları olduğunu, bəzi AYB rəsmilərinin övladlarının da təqaüd aldığını vurğuladım. Ad çəkmək təklifi səslənəndə isə Ədalət Əsgəroğlunun - AYB-nin mətbuat katibinin adını çəkdim. Proqram efirə gedəndən sonra, Ədalət bəy mənə zəng edib məsələyə aydınlıq gətirdi, onun övladlarının prezident təqaüdü alan gənc yazarlar arasında olmadığını bildirdi. Ola bilsin ki, mənə yanlış məlumat verilib. Fikirlərimə düzəliş eləməyim problem deyil. Əgər Ədalət Əsgəroğlunun övladları ədəbiyyatdan uzaqdırsa, gənclər üçün verilən prezident təqaüdünə "şərik" deyillərsə bu, çox yaxşı haldır.
   
   Mən AYB-nin mətbuat katibi Ədalət Əsgəroğludan xahiş edirəm ki, üç həftədir vəd verib açıqlamadıqları prezident təqaüdçülərinin siyahısını söz verdikləri kimi açıqlasınlar. Məncə bu addımdan sonra cəmiyyətdə də bu məsələdən narahat olan insanlar xeyli rahat olar. Hər halda, bir jurnalist kimi, müstəqil yazar kimi mən də Ədalət bəyin AYB-nin sözçüsü kimi, cəmiyyətə verəcəyi açıqlamanı, təqdim edəcəyi siyahını səbsizlikə gözləyirəm!

TƏQVİM / ARXİV