adalet.az header logo
  • Bakı 20°C

"DOST DOSTA TƏN GƏRƏK..."

BABƏK YUSİFOĞLU
51876 | 2012-05-03 07:23
Azərbaycan torpaqlarını işğal edən Ermənistan mövcud status-kvonu saxlamaq, yalandan qələbə qazandıqları ilə xalqını aldatmaq, situasiyadan yararlanaraq xarici erməni diasporun mütəmadi olaraq göndərdiyi böyük pulları bundan sonra da mənimsəmək... üçün bütün hoqqalardan çıxır, heç bir şeytani əməllərdən çəkinmir. Onlar vəziyyətə görə gah qalib kimi danışırlar, gah məzlum cildinə girirlər, gah qədim görünməyə çalışırlar, gah məşhur hiyləgərlik maskalarını taxırlar...
   
   Bu günlərdə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov erməni işğalının davamı, Qərbin bu münaqişədə tutduğu mövqe barədə ilginc açıqlama verib. Trend-in "Bloomberg Bussinesweek"-ə istinadən verdiyi məlumata görə, Cənab Məmmədov açıqlamasında fərqli məqamlardan bəhs edib. Həmin mətndə deyilir:
   
   "Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər. Məmmədov deyib ki, rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir.
   
   Onun sözlərinə görə, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb. "Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik".
   
   Məmmədovun sözlərinə görə, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. Bununla yanaşı, o qeyd edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir. "Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük".
   
   Məmmədov bildirib ki, Azərbaycanın keçmiş sovet respublikalarını birləşdirən Müstəqil Dövlətlər Birliyinin üzvü olduğu bir vaxtda Qərblə yaxınlığı İranla münasibətlərdə müəyyən gərginlik yaradıb. "İran bizə deyir: Siz neftinizi niyə Qərbə satırsınız? Siz ABŞ və İsraillə münasibətlərinizi pozmalısınız, çünki onlar bizim düşmənimizdir".
   
   O, həmçinin Qərbin bəzi mətbuat orqanlarını "Foreign Policy" jurnalının ötən ay ABŞ kəşfiyyatının adı çəkilməyən casuslarına istinadən Azərbaycanın guya öz aerodromlarını İrana mümkün hərbi aviazərbələrin endirilməsi üçün İsrailə təklif etməsi haqqında məlumat yaymasından sonra Azərbaycan və İran arasında gərginliyı qızışdırmağa cəhd etməkdə təqsirləndirib". (Milli.Az)
   
   Əslində Novruz Məmmədovun açıqladığı bu tezislər çoxdan gündəmə gəlməliydi. Və Azərbaycan həqiqətən də başqa bloklarla üzvlük məsələsini müzakirəyə çıxarmalıydı. Əlbəttə, hesab edirəm ki, qərblilər bir yana dursun, elə Azərbaycanda da bu təkliflərin səhv olduğunu sübut etməyə çalışan kifayət qədər qərbpərəstlər səslərini ucaldacaqlar. Və iddia edəcəklər ki, Azərbaycanın yeganə yolu Qərbə üz tutmasıdır. Çoxlu arqumentlər də tapıb göstərəcəklər. Amma bunlar yalnız nəzəri cəhətdən cəlbedici görünə bilər.
   
   Heç kim unutmasın ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Qərbə inteqrasiyanı özünün əsas kursu elan edib və dövlətimiz bu yolda üzərinə düşənləri pis-yaxşı yerinə yetirir. Böyük proqramların iştirakçısına çevrilib. Beynəlxalq layihələrdə tərəfdaş kimi iştirak edir. Antiterror koalisiyanın fəal üzvüdür. Lazım olan qərbyönlü bütün təsisatları yaradır və c. Bəs əvəzində Azərbaycan Qərbdən hansı real addımları görüb? Özümüzü aldatmasaq etirafda bulunmalıyıq ki, boş və heç nəyə yaramayan demokratiya nağıllarından, yalançı dostluq bəyanatlarından başqa heç nə. Əslində qərbpərəstliyin gerçək üzü Gürcüstanın timsalında daha qabarıq görünür. Niyə Qərb dünyası Gürcüstanın ikinci dəfə işğalının qarşısını almaq üçün mənasız bəyanatlarından başqa heç bir addım atmadı? Yalançı NATO üzvlüyü məsələsi və ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun Tiflisə gəlib bambılı kimi rəqs etməsi Abxaziya ilə Cənubi Osetiyanın Moskva tərəfindən müstəqil dövlət kimi tanınmasının əvəzi ola bilərmi?
   
   Onlar Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyü məsələsində düz 20 ildir ATƏT adlı yalanlardan savayı bizə heç nə verməyib. Bütün davranışlarında özlərini elə göstərirlər ki, guya onlar bu münaqişədə kimin haqlı, kimin haqsız olduğundan xəbərsizdirlər. Amma öz maraqlarına uyğun gələndə dünyanın harasında olursa-olsun belə işğal aktlarını vaxt ötürmədən yoluna qoyurlar. Bütün bunlar axı, sirr deyil. Gerçəkləri hesaba alsaq, iyirmi illik Qərbə üz tutmağımız uzun illərin itirilməsindən başqa bizə bir şey vermədi. Və məhz bu və ya digər faktları nəzərə alsaq cənab Novruz Məmmədovun belə mətnlə çıxış etməsi çox doğru hesab edilməlidir.
   
   Qeyd edim ki, bu açıqlamalar artıq rezonansa səbəb olub. Məsələyə ilk reaksiya elə Ermənistandan gəlib. Onlar məlum təklifləri narahatlıqla qarşılayıblar. Çünki hazırki "ATƏT nağılı" onlara çox sərf edir və bu situasiyadan əldə etdiklərinin bir qismini yazının əvvəlində sadalamışam. Erməni informasiya mənbələri indi var qüvvələri ilə Azərbaycanın bu cür mətnlə çıxışının niyə sükutla qarşıladığını anlamadıqlarını gözə soxmağa çalışırlar. Amma boşuna. Görünən budur ki, artıq ATƏT-in, Qərbin bizimlə bağlı boşboğazlığı haqlı olan tərəfi daha optimal variantlar üzərində düşünməyə vadar edir. Məşhur bir kəlamda deyilir: "əsl siyasət yalnız nəticəyə hesablanmış bir oyundur"... Və biz də əsl siyasəti tutmalıyıq..

TƏQVİM / ARXİV