adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Şairanə rejissor

19777 | 2012-05-02 10:57
Şairin rejissor oğlu
   
   Yaşasaydı bu il dahi rejissor Tarkovski 80 illiyini qeyd edəcəkdi. O 1932-ci ildə Rusiyada dünyaya göz açıb, 1986-cı ildə ildə qürbətdə dünyasını dəyişib.
   
   Filmləri ilə dünya kino tarixində silinməz iz qoyan Tarkovskinin bir filminə baxmaq kifayətdir ki, onun vəhşi istedadının cazibəsinə düşəsən. "Stalker" adlı filmi ilə tanıyıb sevdiyim bu ünlü rejissorun haqqında yazılan bir çox yazını maraqla oxumuşam. Xüsusən Adil Mirseyidin "Andrey Tarkovski - kinonun şairi" adlı yazısı Tarkovski haqqında yazılmış çox gözəl bir yazıdır. Nədənsə mənə elə gəlir ki, Tarkovski haqqında bu qədər gözəl və duyğulu bir yazını ancaq Adil Mirseyid yaza bilər. Etiraf edim ki, "Stalker" filminə də Adil Mirseyidin adıçəkilən yazısından sonra baxmışam.
   
   Rusiyanın tanınmış şairi Arsen Tarkovskinin ailəsində dünyaya göz açan bu qeyri-adi istedad sahibi, kinematoqrafiya sahəsində təhsil almamışdan əvvəl musiqi təhsili alıb. Eyni zamanda Tarkovskinin ərəb dilini də bilməsini onun qabiliyyətləri arasına qatsaq, ona nə üçün "kinonun şairi" deyildiyini anlamış olarıq. Tarkovski doğurdan da, şairanə rejissordur. Tarkovski Sovet İttifaqında çərçivələri dağıtmağı bacaran insanlardan biri idi. Rejim onu daim təzyiq altında saxlasa da, onun Paracanov kimi problemləri yox idi. Onu nə məhkəməyə vermiş, nə də həbsə atmışdılar.
   
   
   
   Uğurlu rejissorun uğursuz həyat yolu
   
   
   
   Sovet İttifaqında üzləşdiyi çətinliklər bir yana, bu dahi rejissorun uşaqlığı və gəncliyi də o qədər uğurlu olmamışdı. Rejissorun atası tanınmış şair Arsen Tarkovski müharibədən şikəst qayıtmış, döyüşlərdə bir qolunu itirmişdi. Onun tək qolla işə yaramadığını, ailəni dolandırmaqda çətinlik çəkdiyini görən həyat yoldaşı Mariya ondan boşanmağa qərar vermişdi. Andreyin sonrakı həyatı anasının və ata nənəsinin yanında keçmişdi.
   
    Ancaq bu uğursuzluq da son olmadı. Uşaqlıqdan musiqiyə və rəsm çəkməyə sonsuz marağı olan Tarkovski 1954-cü ildə Şərq Dilləri İnstitutuna qəbul olunsa da, səhhətinə görə təhsilini yarımçıq qoymağa məcbur oldu. Daha sonra, Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul oldu və 6 il təhsil aldı. Onun sənət haqqında düşüncələri və sənətə olan sevgisi də çox cazibəlidir.
   
   
   
   "Sənətkar cəmiyyətin əksinə dura bilməz"
   
   
   
    Hiss olunur ki, yaradıcılığındakı üsyan ruhu, rejimi narahat edən mövzulara müraciət etməsi təsadüfi deyil. Bütün məhrumiyyətlərə baxmayaraq o kinonu sevirdi və düşünürdü ki, "Sənətkarın nəyi eləmək olar, nəyi eləmək olmaz düşüncəsindən zəhləm gedir. Ümumiyyətlə, sənətdə hər hansısa bir siyasi mövqe mənasız şeydir. Sənətkarı yalnız sonra siyasi mənada həmfikir eləmək olar".
   
   O müasir sənətin əleyhidarı deyildi, əksinə müasir sənəti həyat tərzinə çevirmişdi. "Sənətkar heç vaxt öz mədəniyyətinin, öz cəmiyyətinin əksinə dura bilməz. Hətta o, müasir dövrün əleyhinə fikirlər söyləsə belə, bu fikirlərin özü də, əslində, cəmiyyətin içində yaranır. Sadəcə olaraq, cəmiyyət hələ bu fikirləri dərk edə bilməyib." Bu fikir də Tarkovskinindir.
   
   
   
   "İvanın uşaqlığı"ndan "Qurban"a qədər
   
   
   
   Tarkovski 1962-ci ildə ekran həyatı verdiyi "İvanın uşaqlığı" filmiylə kino aləmində özünə diqqət çəkməyi bacardı. İlk işi ilə diqqət çəkən rejissor bundan sonra kino sahəsinə daha çox bağlandı. Qazandığı uğurlar onu ruhlandırdı. 12 yaşlı bir cəsusun taleyindən bəhs edən bu film "Venesiya" Kino Festivalından da mükafatla qayıtdı. Tarkovski 1969-cu ildə "Andrey Rublev" filmini çəkdi. Kann festivalına qatılmağına nə qədər mane olsalar da, film festivalın son günü səhər saat 4:00 festivala təqdim edilir. Tarkovski burda bir mükafat qazanmağı bacarır.
   
   Yaradıcılığı davam etdirən rejissor, 1972-ci ildə fantast yazıçı Stanislav Lemin eyni adlı romanı əsasında "Solaris" filmini çəkir. Solaris aerokosmik stansiyada baş verən hadisələrdən, insan xəyalları, arzuları və vicdan qarşısında hesabatdan bəhs edir. Digər filmlərinin nümayişinə çətinliklər yaransa da, "Solaris" filminə mane olan olmadı. Ancaq 1975-ci ildə ekranlaşdırdığı "Ayna" filmi dövlətin ideoloji maşınında çarxlarına ilişdi.
   
   Öz uşaqlıq xatirələrindən təsirlənərək 40 yaşlı bir insanın uşaqlığı, anası və müharibə xatirələri sovet ideologiyasına zidd idi. Film qısa müddətdə zərərli hesab edildiyi üçün filmə rəsmi dairələr qadağa qoydu. 1979-cu ildə çəkilən "Stalker" filmi isə daha ciddi problemlərlə rastlaşdı. Laboratoriyada baş verən qəza nəticəsində məhv olan "Stalker"i Tarkovski çox az büddəcə ilə yenidən çəkməyə girişdi.
   
   Daha sonra Tarkovski 1983-cü ildə İtaliyada "Nostalgiya" filmini çəkdi Bu rejissorun sürgündə çəkdiyi ilk filmdir. Son filmi olan "Qurban" filmi isə 1986-cı ildə, İsveçrədə Bergmanın qruppasının köməkliyi ilə tamamlandı. Həmin il film Kann Festivalında 4 mükafatla böyük şöhrət qazandı.
   
   Təəssüf ki, dünya şöhrətli rejissor bu filminin qazandığı uğurların ləzzətini çox dada bilmədi.
   
   
   
   Amansız xəstəliyin qurbanı
   
   
   
   1986-cı ildə tanınmış rejissor ağciyər xərçəngindən Parisdə dünyasını dəyişdi. Tarkovski kimi böyük bir rejissor, amansız və sağalmaz xəstəliyin qurbanı oldu.
   
   Tarkovskinin yaxınlarının dediklərinə və özünün yazdığı gündəliklərə əsasən onu Sovet ideologiyasının qurbanı hesab etmək olar. Ancaq bu da bir faktdır ki, nə qədər filmlərinin xarici festivallarda iştirakına maneə yaradılsa da, Tarkovski özü dünya ölkələrinə yaradıcı ezamiyyətlərə göndərilirdi. Halbu ki, bir çox ziyalılar sürgünə göndərilir, həbsə atılırdı.
   
   Bir çox tədqiqatçılar Tarkovskinin dünyada məhşurlaşmasında Sovet rəhbərliyinin də rolunu qabardırlar. Hesab edirlər ki, onun filmlərinin xaricə çıxışına icazə verilməsəydi Tarkovski dünyada məhşurlaşa bilməzdi. Xüsusilə Ümumittifaq Kinematoqrafiya İnstitunda müəllimi olmuş Mixail Romm ona 1971-ci ilə qədər çox böyük dəstək verir.
   
   
   
   Tarkovskinin cazibəsi
   
   
   
   Tarkovski haqqında geniş yazmaq, onun çəkdiyi filmləri təhlil etmək, filmlərdəki ideyalar haqqında uzun-uzun danışmaq olar. Tarkovskidən yazmaq, onun yaradıcılığını təhlil etmək o qədər də asan deyil. Mənə elə gəlir ki, Tarkovskinin yaradıcılığındakı dahiyanə gedişlərlə tanış olmaq, onun düşüncələrini anlamaq üçün mütləq onun filmlərinə baxmaq lazımdır. Mən cəmi bir filmlə ona heyran olmuşam. Elə bu həftə sonu Tarkovskinin daha iki filmini izləməyi planlaşdırıram. Ümid edirəm ki, bu düha haqqında fikirlərim heç vaxt dəyişməyəcək. Ömrünüzdə bir dəfə də olsun Tarkovski filmlərinə baxmamısınızsa, mütləq bu yazını oxuyandan sonra heç olmasa bir filminə baxın. Əminəm ki, onun cazibəsindən xilas olmaq o qədər asan olmayacaq.

TƏQVİM / ARXİV