adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

iBLiS CiLDiNƏ GiRMiŞ ADAM

BABƏK YUSİFOĞLU
42797 | 2012-05-02 07:18
"The Gainesvill Sun" qəzeti dörd gün bundan öncə xəbər verdi ki, Amerika Birləşmiş Ştatları Florida ştatında qatı antiislamçı Terri Cons hamının gözü qarşısında "Quran"ın bir neçə nüsxəsini və Məhəmməd peyğəmbərin şəklini yandırmışdır. Guya bu şeytan xislətli adam belə hərəkəti ilə İranda xristian keşiş Yusef Nadirxaniyə verilən ölüm cəzasına etirazını bildirir. Maraqlıdır, Agence Frnse-Presse bildirib ki, yandırılma mərasimi Qeynsvilldəki kilsənin lap yaxınlığında keçirilib və bu zaman Consa adı hələlik açıqlanmayan başqa bir pastor da kömək edib.
   
   Məlumat üçün deyim ki, pastorun bu hərəkətləri xristian aləmində heç də birinci hadisə deyil. Dinə inanc gətirənlərin sayına görə, islam xristianlıqdan sonra ən böyük din hesab edilir. Bir din xadimi tərəfindən nümayişkaranə şəkildə müqəddəs Kitabın və Peyğəmbərin şəkillərinin yandırılmasıyla dünya bir daha şahidi oldu ki, müsəlmanlara qarşı düşmənçilik hansı səviyyədədir. Və kimsə deməsin ki, bir adamın hərəkətlərini bütövlükdə xristianların adına çıxmaq düzgün deyil. Xeyr. Bu cür hadisə bir dəfə baş versəydi, yaxud bunu dindən, məzhəbdən uzaq bir adam həyata keçirsəydi məsələni tündləşdirməyə dəyməzdi. Amma hər kəs anlasın ki, pastor xristianların din xadimi hesab edilir. Daha dəqiq ifadə etsəm, pastor protestantların keşişi deməkdir.
   
   Xristianlar özlərini daha inkişaf etmiş, daha müasir, daha savadlı, daha ağıllı bilirlər və uzun illərdir çox geniş şəkildə bunun təbliğatını aparırlar. Əvəzində isə müsəlmanlara cahil kimi, terrorçu kimi, geridə qalmış toplum kimi baxmaqda davam edirlər. Lakin onlar əmin olsunlar ki, Allahın göndərdiyi Kitaba - hansı din olursa-olsun - həqarət etmək, onu aşağılamaq, yandırmaq əxlaqsızlıq, vəhşilik, Allahsızlıqdır. Hansısa texniki nailiyyət hələ insanlığın, mənəviyyatın, Tanrıya inancın göstəricisi sayıla bilməz. Amma Qərb bu Allahsızlığı "Qurani-Kərim"i yandırmaqla, Həzrəti-Məhəmmədin karikaturalarını qəzet və jurnallarda çap etməklə, İslama qarşı hədyan dolu çıxışlarla dəfələrlə sübut edib.
   
   Azərbaycan torpaqlarında ermənilər tərəfindən müsəlmanlara aid olan məscidlərin, müqəddəs yerlərin kütləvi şəkildə dağıdılması, təhqir edilməsi, hətta qəbiristanlıqların belə vandalizmə məruz qalması işğalla yanaşı, həm də dini aqressiya, dini düşmənçilik deyil bəs nədir?! Bu da "Quran"ın yandırılmasının başqa variantı deyil, bəs nədir? Belə vəhşilik dolu, insanlığa yaraşmayan aktların sayını istənilən qədər sadalamaq mümkündü. Lakin xristian düşmənçiliyini sürdürənlər bir nümunə göstərə bilməzlər ki, dünyanın hansısa ölkəsində Allahın evinə, yer üzərinə göndərilən hansısa müqəddəs Kitaba müsəlmanlar tərəfindən hörmətsizlik edilib. Heç bir müsəlmanın kilsəni təhqir etməyə cürəti çatmaz. Çünki müsəlmanlar Tanrıdan qorxarlar. Amma ermənilər müsəlmanları öz doğma torpaqlarından qovmaqla kifayətlənmədilər, onlar həmin ərazilərdəki Allah evləri sayılan Məscidlərdə donuz saxlamağa başladılar. Budurmu müasir xristianlıq?! Həzrəti İsa özü iman gətirənlərinə buyurmurdumu Tanrını sevin, insanları sevin, xeyirxah olun?..
   
   ABŞ hansısa müsəlman ölkəsində ona məxsus bir avtomobilə zərər dəyəndə az qalır ki, onu beynəlxalq səviyyədə qalmaqala çevirsin. Həmin ölkəyə qrupu qrup dalısınca göndərir, nə hoqqalardan çıxır. Amma qəribədir ki, Terri Cons belə bir aksiya keçirəcəyini əvvəlcədən xəbər versə də Vaşinqton həmişə olduğu kimi demokratik ölkə maskasını taxaraq ona yalnız belə şeylər etməməsini məsləhət görməklə kifayətlənib. Bir dövlət olaraq üzr istəməyəcəyini bəyan edib. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland keçirdiyi press-brifinqdə bildirib: "Bilirsiniz ki, biz bütün müqəddəs mətnlərin bu cür hərəkətlərə məruz qalmasına necə münasibət bəsləyirik. Biz bu hərəkətləri layiqli təəssüflə qarşılayırıq. Onları hörmətsizlik kimi qəbul edirik. Amma düzünü desəm, mən həmin adama və problemə vaxt sərf etmək istəmirəm. Belə hərəkət şəxs tərəfindən törədildiyi üçün bu, bütövlükdə amerikan xalqının və Amerika hökumətinin iradəsini əks etdirmir".
   
   
   
   Özünü insan hüquqlarının ən böyük müdafiəçisi kimi dünyanın gözünə soxan, insan hüquqlarının pozulduğunu bəhanə gətirərək bir sıra müsəlman dövlətlərinin başına bomba yağdıran Birləşmiş Ştatlar Terri Consun hüququnu pozub yüz milyonlarla insanın müqəddəs kitabının təhqir edilməsinə mane ola bilməyib. Gülüncdü, şarlatanlıqdı, deyilmi?! Terri Consun insanlıqdan kənar hərəkəti yalnız Qeynsvillin yanğın əleyhinə xidmət idarəsi tərəfindən cərimə ilə cəzalandırılıb.
   
   Təxminən 200 dollardan bir qədər çox olan bu cəza, əlbəttə bu şeytan cildində olan pastorun və digərlərinin müsəlman dünyasına qarşı yönəlmiş hərəkətlərinin əvəzi ola bilməz. Belə cəza və dövlət sözçüsünün həmin açıqlamaları bir daha sübut edir ki, min il əvvəl başlamış səlib yürüşləri bu və ya digər formada davam edir. Etsin. Lakin müsəlmanlar buna darılmasınlar, düşmənçiliyi sürdürən xristianlar da unutmasınlar: Müqəddəsliyə həqarət edənlər, qarşı çıxanlar var-dövlətləriylə, texnikalarıyla, qəzet-jurnallarıyla, top-tüfəngləriylə, iftiralarıyla Tanrının göndərdiyi Kitabı, Dini, Məscidləri hörmətdən salmaq, yox etmək gücündə deyillər. Və bu günədək göstərilən bütün təşəbbüslərin nəticəsi də bunun ən gözəl sübutudur. Sadəcə hər kəs bilməlidir ki, pastor Terri Cons kimilərin hamısı insan cildinə girmiş iblislərdir və onlara qarşı mübarizə aparmaq dinindən asılı olmayaraq hər bir Allah bəndəsinin borcudur....

TƏQVİM / ARXİV