adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MAY GüNü

MƏZAHİR ƏHMƏDZADƏ
38078 | 2012-05-01 08:05
Hər dəfə may yaxınlaşanda, nəfəsi, ətri duyulanda uşaqlıq illərimizin 1 Mayını xatırlayıb qəribsəyirəm. Əslində bu bayramın dünya zəhmətkeşlərinin həmrəyliyi günü mənasında daha çox böyüklərə aid olmasına da fikir verməzdik. Kim idi tribunalardan söylənən siyasi şüarlara qulaq asan. Bircə paradın tez qurtarmasını istərdik. Ancaq tribunaya, aşağıda və yuxarıda dayanan seçmə adamlara, bir az hündürdə sıralanan siyasi büro üzvlərinin portretlərinə ürəkdən pioner və komsomol salamları verməyimizi də inkar etmirəm.
   
   1 May nəyə görə bizim, yəni uşaqların, orta məktəb şagirdlərinin ən sevimli, bütün il boyu gözlənilən bayramı idi? Novruzu nəzərə almasaq, heç Yeni ildə, 7 Noyabrda, 8 Martda, 9 Maydag bu dərəcədə sevinməzdik, comərd, mehriban olmazdıq. O illərin uşaqları təsdiqləyər, adət idi, həmin gün ən kasıb ailənin belə uşağının əynində təzə paltar olurdu, cibində pul olurdu, əlində gül-çiçək, şar, kiçik bayraq olurdu, könüllərdə daha sıcaq hiss edilən ata-ana nəvazişi olurdu...
   
   May günümüz əvvəlcə şar üfləyib şişirtməklə, sonra saplaqları çubuğa sapla bərkidilmiş gilas alıb yeməklə (o vaxtlar gilas 1 Maya kimi dəyərdi - qıpqırmızı!), daha sonra elə küçənin ortasındaca hazırlanan və stəkanlarda satılan dondurma, bəzən də Bakıdan gətirilən "Plombir", "Eskimos"la başlayardı. Günortaya yaxın şəkil çəkdirmək anları, peşmək, bamiyə və mütləq su-kökə mərasimi, son siniflərdə oxuyanlardan bəzilərinin ..... Faiqin qəlyanaltısına qaçıb 1-2 stəkan çaxır içməsi və onlardan bəzilərinin ilk dəfə "belə iş tutduqları üçün" Sabir bağındakı qovaqlıqda ögüyüb-böyürməsi, daha sonra isə mərkəzdəki "1 May" kinoklubunda hansı film olur-olsun saat 15.00 seansına bilet almağımızla davam edərdi. Çoxumuz bəlkə 5-6 dəfə gördüyümüz filmlərə sonadək baxmayaraq zalı yarımçıq tərk edib küçələrdə, bağlarda gəzir, "yelləncək" dediyimiz şaquli fırlanan qorxulu karuselə növbə tutardıq.
   
   1 May bayramlarının əksəriyyətində ateist böyüdüyümüz üçün hələ tam dərk etmədiyimiz Göylər kefimizə bir 10-15 dəqiqəlik soğan doğrayardı, leysan tökərdi. İslansaq da evə getməzdik. Çünki 1 May bizim halal bayramımız idi - biz belə düşünürdük. Hətta fikirləşirdik ki, biz olmasaq, yəni uşaqlar olmasa heç 1 May da keçirilməz.
   
   O illəri yaşayan hər kəs illər ötüb keçsə də həmişə 1 Mayı gözləyərdi. Xatirələri üçün, sonralarsa həm xatirələri, həm də uşaqları üçün.
   
   Bu bayram SSRi-də çox təntənəli keçirilərdi. Keçmiş sosialist ölkələrində də. Bəzi başqa ölkələrdə isə bayram deyil, zəhmətkeşlərin 1 May nümayişləri olurdu. İcazəsiz keçirilənləri polis dəyənək və güclü su şırnağı ilə dağıdırdı - leysana ehtiyac qalmırdı.
   
   Sovet dövründəki bütün bayramlar qaldı. Ancaq 7 Noyabra qatıb 1 Mayı da ləğv etdilər. Dünya zəhmətkeşlərinin həmrəylik günü olan 1 Mayı!
   
   
   
   Dünya zəhmətkeşlərinin həmrəyliyi çox pis məsələ imiş.
   
   Türkiyədə bu ildən1 Mayın keçirilməsinə icazə verilib - qurd ürəyi yeyiblər.
   
   Dünya Zəhmətkeşlərinin Həmrəylik Günü...
   
   Yox, 1 May uşaqların bayramı idi.
   
   Bu sevincin, bu coşqunun qarşısında kommunist ideologiyası da boş şey idi.
   
   Baxın, hər şey öz yerindədir, təkcə uşaqlara yazıq oldu. 1 May əllərindən alındı, bayramları qırıldı...
   
   Bəlkə elə ona görə də daha dağ yamaclarından başqa heç yerdə lalə görünmür. Göyümtül yasəmənlər də yoxa çıxıb. May gilası da daha iyun ayından tez dəymir. Heç göy qurşağı da bərq vurmur.
   
   Xatirələrin doğurduğu sevinci, özləmi indi arxanca gələn nəslin yaşamında, ruhunda görməmək, duymamaq nə qədər acı, darıxdırıcı bir şey! Çətindir bunları düşünmək və kimsələrə danışmaq.

TƏQVİM / ARXİV