adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

İSMAYIL ŞIXLI HAQQINDA YENİ SÖZ

VAQİF YUSİFLİ
68977 | 2015-07-15 08:17

XX əsr Azərbaycan ədəbiyyatının bir çox unudulmayan şəxsiyyətləri var ki, zaman keçdikcə onların varlığı daha çox hiss olunur. Elə bil, bu şəxsiyyətlər zamanın hər yeni mərhələsində bir daha doğulur və parlaq şəkildə üzə çıxırlar ki, istedad üçün zamanın heç bir əngəl olmadığını sübuta yetirsinlər. Belə bir həqiqəti ortaya qoysunlar ki, əsl şəxsiyyətlər həm də əsl istedaddırlar. Şəxsiyyətlə istedadın birliyini, vəhdətini-harsoniyasını əks etdirən belə sənətkarlardan biri də Xalq yazıçısı İsmayıl Şıxlıdır. Mən İsmayıl Şıxlının yaradıcılığı ilə orta məktəb illərindən tanışam. Öncə hekayələrini oxumuşam, sonra "Ayrılan yollar"ı və "Dəli Kür"ü. ..İllər gəlib keçib və səksəninici illərdə, artıq ədəbi aləmdə az-çox tanındığım vaxtda bu böyük sənətkarla bir neçə dəfə ünsiyyətdə olmuşam. O, Azərbaycan Yazıçılar İttifaqının rəhbəri idi, mən isə "Azərbaycan" curnalında tənqid şöbəsinin müdiri idim. İsmayıl müəllim o illərdə cavan və istedadlı yazarların heç birinə biganə deyildi. Mən də onun İttifaqın sədri kimi qayğısını hiss etmişəm. Ancaq tənqid şöbəsinin müdiri kimi məni bir neçə dəfə yanına çağırmışdı. Kimsə öz yazısının curnalda getməməyindən ona şikayət edirdi. Mən də bu "şikayət masası"nda əyləşməyə məcbur idim. Çalışırdım ki, şikayətçi müəlliflərin iddialarının əsassız olduğunu sübut edim.
İsmayıl müəllimin gözəl bir hekayəsi vardı: "Qızıl ilan". Mən müasir Azərbaycan hekayəsi haqqında bir icmal yazı qələmə almışdım və o yazıda həmin hekayənin məziyyətlərindən söz açmışdım. İsmayıl müəllim məqaləni oxuyub telefonda mənə öz rahzılığını bildirdi. Bu, ilk yazıçı idi ki, cavan bir tənqidçiyə təşəkkür edirdi.
Sonralar mən İsmayıl Şıxlı haqqında "Şəxsiyyət, yaxud zəhmli kişinin təbəssümü" adlı bir portret yazı qələmə aldım. Ümumiyyətlə bu görkəmli sənətkarın yaradıcılığı heç bir vaxt mənim ədəbi düşüncəmdən kənarda qalmayıb və əgər XX əsr Azərbaycan nəsri və xüsusilə romanı barədə söhbət düşürsə, İsmayıl Şıxlını xatırlamamaq olarmı?
İsmayıl Şıxlı yaradıcılığı haqqında yazılar say etibarilə o qədər də çox deyil, amma iş burasındadır ki, ciddi tədqiqat əsərləri heç yoxdur. Nəhayət, filologiya elmlər doktoru, professor Təyyar Salamoğlu "İsmayıl Şıxlının bədii nəsri" monoqrafiyası ilə bu sahədə ilk addım atdı.
Təyyar Salamoğlu (Uavadov) son illərdə tənqid və ədəbiyyatşünaslıq istiqamətində fəallıq göstərən müəlliflərdən biridir. O, ən çox müasir Azərbaycan nəsrinin inkişaf yollarından, xüsusilə, roman yaradıcılığından məqalələr yazır. Bu sahədə tədqiqat hüdudlarını genişləndirərək "Müasir Azərbaycan romanının poetikası" adlı monoqrafiya da (2005) onun qələmindən çıxmışdır. Həmin monoqrafiyada "Roman və müasir həyat: mövzu və onun bədii həlli", "Tarixi romanın tipologiyası, problematikası və əsas ideya istiqamətləri" adlı iki geniş fəsildə müəllif müasir Azərbaycan romanının poetikası ilə bağlı problemləri şərh etməyə çalışmışdır. Onun "Ədəbi tənqid tarixinə dair portret-oçerklər" kitabı da (2011) tənqid tariximizin işıqlandırılmasında əhəmiyyətli bir addımdır.
Təyyar Salamoğlu öz yaradıcılıq stixiyasına görə tənqidçi olsa da, ədəbiyyatşünas kimi daha çox diqqəti cəlb edir. Yəni onun yazılarında bu iki sahənin vəhdəti hiss olunur. Ədəbiyyat tarixinə bələdlik, müasir ədəbiyyat haqqında yazanda keçilmiş yollara nəzər yetirmək, hazır təcrübə ilə müasir elmi fikri bir araya gətirmək onun məqalələrində üslubi bir xətt təşkil edir. Onun yazı tərzi artıq qəti şəkildə müəyyənləşib. O, hansı dövrə müraciət edirsə, öz fərqli baxışını ortaya qoya bilir, bu da əsas şərtdir. O, daha çox nəsrdən yazır və görünür, ədəbiyyatın bu sahəsinə daha yaxşı bələddir.
Təyyar Salamoğlu məhsuldar işləyir. Və etiraf edim ki, o, son on ildə yazdığı əsərlərin, araya-ərsəyə gətirdiyi tədqiqatların sanbalı etibarilə heç də bizdən, yaşı altmışı keçmiş bir neçə tənqidçidən geri qalmır. Təyyar həm pedoqoci sahədə çalışır, həm də mətbuatda öz elmi-tənqidi yazıları ilə müntəzəm çıxış edir. Onu bir tənqidçi-ədəbiyyatşünas kimi səciyyələndirməli olsam, deyərdim ki,bu adam Ədəbiyyat üçün yaranıb. Bu adam tənqidçi missiyası ilə ədəbiyyatşünaslıq missiyasını yaradıcılığında birləşdirən tək-tük alimlərimizdən biridir.
İndi keçək onun "İsmayıl Şıxlının bədii nəsri" monoqrafiyasına.
İsmayıl Şıxlının nəsri, xüsusilə, "Dəli Kür" və "Ayrılan yollar", "Ölən dünyam" romanları haqqında tənqiddə az-çox söz deyilib. Xüsusilə görkəmli tənqidçi Asif Əfəndiyevin "Dəli Kür" haqqında esse-məqaləsi, Nizami Uəfərovun İ.Şıxlı nəsri ilə bağlı fikir və mülahizələri maraqla qarşılanıb.
Lakin sistemli bir tədqiqat ortada yox idi. Yenə təkrar edirəm: Təyyar Salamoğlunun "İsmayıl Şıxlının bədii nəsri" monoqrafiyası tənqiddə "Dəli Kür" və "Ölən dünyam" romanları haqqında birinci tədqiqat əsəridir ki, problemin geniş, əhatəli həlli ilə diqqəti cəlb edir.
Təyyar Salamoğlunun "Dəli Kür" romanı: tarixi mövzuya yeni münasibət" adlandırdığı fəsil, elə hesab edirəm, İsmayıl Şıxlının bu məşhur romanı haqqında ümumiləşdirici fikir mənasında ən sanballı tədqiqatdır. Nədir bu tədqiqatın özəlliyi?
1. Adından başlayaq. "Tarixi mövzuya yeni münasibət". T.Salamoğlu "Dəli Kür"ü ondan əvvəl və sonra yazılan tarixi romanlardan qəti şəkildə fərqləndirir. Romanı təhlil edərkən orada bariz nəzərə çarpan özünəməxsus cəhətləri şərh edir: ideya-bədii xüsusiyyətlər, ayrı-ayrı obrazlar və bu obrazların nəyi və necə təmsil etməsi (təbii ki, Uahandar ağa obrazı öndə durur), sovet dövründə yazılmasına baxmayaraq "Dəli Kür!ün sosrealist estetika üzərində qələbə çalması, onun prinsiplərindən imtina etməsi.
2. Romanın məxsusi poetikasını açıqlayan təhlili məqamlar da yenidir.
İsmayıl Şıxlının "Ölən dünyam" romanı haqqında da Təyyar Salamoğlunun fikirləri maraqlı və prinsipial təsir bağışlayır. Bu roman haqqında geniş söz açan Təyyar Salamoğlu lap öncə qeyd edir ki, "Ölən dünyam" mürəkkəb sücet və kompozisiya strukturuna malikdir. Məlumdur ki, dünya ədəbiyyatında müxtəlif dövrlərə, zaman kəsiklərinə aid hadisələri paralel sücet xətti və mürəkkəb kompozisiya sistemi ilə bir ideya, müəllif mövqeyi ətrafında birləşdirən roman ənənəsi mövcuddur.
Markesin, Bulqakovun, Aytmatovun yaradıcılığında əyaniləşən bu struktura Azərbaycan ədəbiyyatında da rast gəlirik. Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ölüm hökmü" romanlarında bu ənənə uğurla davam etdirilib. T.Salamoğlu "Ölən dünyam"ı da bu prinsip üzrə təhlil edir.
Doğrudur, "Ölən dünyam" bədii sanbalı etibarilə "Dəli Kür" deyil, amma "Dəli Kür"dən heç də geri qalmayan milli, etnik, etnoqrafik xüsusiyyətlərin parlaq təsviri baxımından da, fərqli xüsusiyyətlərin yüksək bədiiliklə təqdim edilməsi mənasında da gözəl əsərdir. Mən Təyyar Salamoğlunun bu monoqrafiyasını oxuyub başa çatdırandan sonra düşündüm ki, İsmayıl Şıxlı kimi bir sənətkarın yaradıcılığına layiqli bir töhfədir.

TƏQVİM / ARXİV