ANA SƏHİFƏ / YAZARLAR

Küçə tələbəsi

Xüsusi olaraq "Ədalət" qəzeti üçün - HEKAYƏ

127824    |   2012-04-30 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saat 23:10. Uzundıraz küçə fənərlərinin sarı işıq saçan lampaları bir neçə dəfə "göz vurub" söndü... iki gündür fasiləsiz yağan qar küçəni ağ rəngə bürüdüyündən, fənərlərın sönməsi görməyimizə mane olmur. Şəhərin digər mərkəzi küçələri kimi burada da səkilərə mərmər döşənib. Qarlı mərmərin üzəri ilə addım atmaq mümkün deyil. Səndərləyərək irəliləyən ("yeriyən" sözü yerinə düşməz) piyadalar maşın yolundan istifadə edir. Gözə dəyən sonuncu piyada səkinin kənarında küləklə mübarizə aparmaq üçün sönmüş küçə fənərinin dirəyindən yapışanda, uzaqdan maşın işığı gözə dəydi. Hava elə soyuqdu ki, bunu çəkinmədən "gecənin sonuncu maşını" adlandıra bilərik. Sürüşməmək üçün təkərlərinə zəncir sarınan "sonuncu" buz üzərində səndirləyən piyadanın yaxınlığında dayandı. Başqa cür təssəvvür eləmək mümkün deyil. Belə havada pələnglə də üzləşsən, kömək edər. Piyada maşının arxa tərəfindən tutaraq birtəhər qapını açıb, özünü içəriyə sala bildi. Təkərlərə sarınmış zəncirin buzlu asfalta sürtünəndə at arabası səsi çıxarırmış.
   
   Saat 23:18. 4 dəqiqə sonra isə küləyin səsinə daha bir səs əlavə olundu və küçənin demək olar ki, ortasıyla gələn piyada irəlilədikcə, tam aydın görünür. Böyük çantanı yanıyla sürüyən ucaboy cavan boz plaş geyinib. Qar papaqsız başda saçları görünməz edib, belə şaxtada dərinin rəngini də dəqiqləşdirmək mümkün deyil. Hər halda ağ dərilidi. Demək olar ki. hər addımdan bir dayanır, nəfəsini dərindən alır, sonra davam edirdi. Bu minvalla 2 dəqiqə ərzində təxminən 10 metr məsafəni qət edib, dayandı.
   
   Saat 23:25. Boz plaşlı, ucaboy oğlanın çantasını yerə qoyub əllərini ovxalamasından 5 dəqiqədən çox vaxt keçir. Həmin müddətdə bir neçə söz desə də, küləyin istiqaməti onu eşitməyimizə imkan vermir. Təxminən 17-18 yaşlarında olan yeniyetmə qəfil dikəlib çantasını səkinin üzərinə qaldırdı. Özü avtomobil yoluyla asta-asta addımlayır, çantasını isə səkidə yanıyca sürüyür... səkkiz addımdan sonra arı vurmuş kimi çantanın buraxıb əlini ağzına apardı. Yerə oturub əllərini qarnına sıxdı.
   
   Saat 23:31. Oğlan ayağa qalxıb, ciblərini qurdalayır. Cəmi 60 qəpik. raraq. Daha çox, yaz, payız fəsilləri üçün münasib sayılan boz plaşın içəri cibindən tələbə biletini çıxarıb arasındakı pulları saydı, biri beşlik, qalanları bir-birinə yapımış manatlıqlar olmaqla, cəmi 11 manat. Əlindəki 60 qəpiklə indicə gözünə sataşan avtomat telefona tərəf gəldi. Telefon bizə yaxın olduğundan danışsa eşidəcəyik.
   
   Saat 23:34. Proqnozum özünü doğrultdu. Küçədə o qədər sakitlikdir ki, boz plaşlı yeniyetmə dəstəyi götürəndə hətta "qudok"un da səsini eşitdik. Deməli telefonun o biri başındakını da eşitmək şansımız var. Dəstəyi çiyni ilə qulağına sıxaraq, avtomat telefonun dirəyinə söykəndi. Cibindən mobil telefonunu çıxardı. Telefonun monitorunun işığı zəiflədi, enerjinin bitməsini bildirən siqnal eşidildi. Titrəyən barmaqları ilə telefonun yaddaşındakı nömrələrı çevirir.
   
   Saat 23:37. Hələ zəng vurmayıb. Menyudakı adlar siyahısı təxminən 3-cü dəfədi təkrarlanır. "Leyla Qrup". Düyməni yeddi dəfə sıxmaq üçün bir dəqiqəyə yaxın vaxt itirdi. Tərslikdən bu nömrədə rəqəmlərin heç biri təkrarlanmır.
   
   Saat 23:39. Dörd dəfə çağırış qudokundan sonra
   
   - Bəli - qızın səsini eşıdırık...
   
   - Nə yaxşı telefonu özün götürdün... çağırtdıra bilməyəcəkdim...
   
   - Nə olub? Mobil telefonuma zəng vuraradın...
   
   - Konturum qurtarıb... qurtarıb hər şey... - qəfil qopan külək səkidəki çantanı yolun ortasına atdı...
   
   - Sözün də qurtarıb, niyə danışmırsan?
   
   - Nə deyim, belə soyuqda adamın heç çənəsi sözünə baxır ki, üzüm donur ee...
   
   - Nə?
   
   - Heeçç.. deyirəm soyuqdu... - deyəsən həqiqətən, çənəsini çətinliklə açırdı...
   
   - Get evə də...
   
   - Evimiz uzaqdadı, bee-elə soyuqda gedə bilmərəm... onsuz da gedəcəm də, səhər açılan kimi gedəcəm...
   
   - Səhərə kimi küçədə?..
   
   - Həə, nolacaq... kişiyəm, dözərəm...
   
   - Belə havada kişi yox ee, it də dözməz küçədə qalmağa... başın xarab olub?
   
   - İşim xarab olub...
   
   - Şairlik eləmə yenə...
   
   - Bəs qızışmaq üçün neyniyim? Bəlkə də donmazdım. Dəhşətlisi budu ki, şairəm - gülümsəmək istəyir, üzünün əzələlərini hiss eləmir... Bilir ki, indi üzü daha eybəcər hal alıb. Biz isə dəqiqini görürük: onun üzü balacalaşır.
   
   - Deyəsən kefin yaxşıdı...
   
   - Heç vaxt kefim belə pis olmamışdı...
   
   - Zarafatı qurtaraq. Soyuqdur get evə... heç demədin niyə zəng vurmuşdun?
   
   - Vallah uzaqdı ev...
   
   - Necə uzaqdı axı... bəs hər gün dərsə necə gəlirsən ?
   
   - Universitetə evimizdən yox, kirayə qaldığım mənzildən gəlirdim. Bayaq ev sahibi bizi qovdu...
   
   - Sizi?
   
   - Hə, də.. biz üç nəfər qalırdıq axı.. Mən pulu gecikdirdim deyə Fuadnan Zamiqi də qovdu əclaf. Onlar Fuadın əmisinin evinə getdilər. Mənə acıqlıydılar... dəvət eləmədilər. Cəhənnəmə eləsinlər.., yalvarmayacam ki... gözlə... - dəstəyi buraxıb əllərini ovuşdurdu.
   
   Danışıq davam edir:
   
   - Evimiz uzaqdı, kənddə... burdan iki yüz otuz altı kilometr uzaqda...
   
   - Əli.... sən ciddi danışırsan?
   
   - Hə... ciddi danışıram...
   
   - Qohum-tanış yoxdu?
   
   - Tanışlar qohum deyil, eee, qohumlar tanış deyil... yəni demək istəyirəm ki, iki qohumum var burda, evlərinin yerini bilmirəm... onlar bizə, kəndə qonaq gələndə tanımışam, amma mən qonaq getməmişəm onlara... evlərinin yerini bilmirəm... bir qohum da var, evlərinin yerini bilirəm... elə o da uzaqdı... həm də atam tapşırıb ki, heç vaxt onlara getməyim... saymaz adamdılar...
   
   - İndi neynəyəcəksən?
   
   - Dedim axı... hava işıqlanan kimi... marşurutlar işləyən... gedəcəm, kəndə... yol pulum var, narahat olma.. bizim kəndə... İki avtobus dəyişirsən... Səkkiz manata rayona, ordan ...üç manata kəndimizə aparırlar... Bilirsən niyə sənə zəng vurdum?
   
   - ...
   
   - Narahat olma, sevgi etirafı eləmirəm... - üzü daha da balacalaşdı...
   
   - Ay dəli, sözünü de... həm də kəndə niyə gedirsən? Bəs dərs? - qızın gülüş səsi bizim kadrımız üçün qətiyyən uyğun gəlmir.
   
   - Səndən iki xahişim var... - dərindən nəfəs aldı - bilirəm ki, ürəkli qızsan... sabah üçüncü gündü, birinci dərs MSSF-di, Mina müəlliməyə deyərsən ki, öyrətdiklərinə tüpürüm. Mənim adımdan de xahiş edirəm, Leyla. De ki, Mina, dərs keçdiyin kitabdakı hər şeyi, bütün mərkəzi sinir sistemini gecələr ac qarına, yuxusuz başla öyrəndim, əzbərlədim. İmtahanda gözümə baxa-baxa kəsdin... 4 almamaq üçün acığa düşüb verdiyim doxsan manat da, kirayə qaldığım evin yiyəsi İmrana çatmalı idi... Budey, məni atdılar küçəyə... həmişəki kimi desə ki, bu nə tərbiyəsiz sözlərdi, de ki, bağışlasın, bu şaxtada adamın sinir sistemi düz işləmir....
   
   - Əli, həqiqətən gedirsən? Bəs dərs?
   
   - Dərs budu ee.. küçədədi... Cek Londonun hekayəsi...
   
   - Hə, mənim də yadıma "Həyat eşqi" düşdü... ay Əliiii, sən Allah bəsdi dəlilik elədin... donarsan... mən necə kömək edim sənə?
   
   - Hə, ikinci xahişim də var... Günelin ev telefonunu bilirsənsə, de də mənə...
   
   - Bizim Günel?
   
   - Qrup nümayəndəniz...
   
   - Onu neynirsən?
   
   - Xahiş edirəm...
   
   - Gözlə, telefona baxım... - vaxtı itirmədən dəstəyi buraxıb, əllərini ovuşdurdu. Qaməti bir qədər də əyilmişdi... telefonla danışdığı müddət ərzində qar yağmağa başlamışdı, başındakı qarı təmizləyib, dəstəyi yenidən götürdü.
   
   - Hə, baxdın?
   
   - Yazırsan?
   
   - Hə gözlə - dəstəyi sol qulağına keçirib, sağ əli ilə plaşın cibindən çlıxarıb qızın dediyi rəqəmləri mobil telefona yazdı. Enerjinin tükənməkdə olduğunu bildirən siqnal yenə də eşidildi.
   
   - Əli, bax Allah haqqı, Bir-iki pisniyyət qızı çıxmaq şərtilə qrupumuzda hamı sənin xətrini çox istəyir Əli. Sən kişisən... Sənsiz darıxdırıcı olar bizə... Heç vaxt belə ümidsiz danışmazdın... nooldu ee? Məni çağırırlar... bayaqdan atamın səsini eşidirəm. Telefonla bu qədər danışmağıma hirslənib yəqin...
   
   - Atana salam de...
   
   - Əli, bəlkə belə edəsən... get otellərin birinə, de ki, pulunuzu səhər verərəm... səhər qızlara deyim, gələk səni çıxaraq girovdan.. həəə... gör nə əla ideyadı...
   
   - Yox! Yox! Yox! xatirimə dəyirsən. Sən fərqli idin axı... nə oldu? Nə isə, gecən xeyrə qalsın...
   
   - Əli, atama qorxuram deməyə... amma deyərəm indi...
   
   - İstəmirəm...
   
   - Əli... - Əli (adını dəqiqləşdirmişik) dəstəyi asmadı... Amma danışığın bitdiyini bildirən, qudok səslərini eşidirik:
   
   - Duud, duud, duud... - bunun necə baş verdiyini dəqiq izləyə bilmədik. Amma dəqiq deyə bilərik ki, danışıq 5 dəqiqə 52 saniyə davam etdi.
   
   
   
   Saat 23:46.
   
   Əlidə canlanma hiss olunur. Təxminən 1 dəqiqəyə yaxın müddət telefonun monitorunda indicə yazdığı nömrəyə baxdıqdan sonra - yəqin ki, əzbərləmək istəyir- geriyə çevrilib küçənin ortasındakı çantanı yerdən götürdü. Sürüyərək telefonun yanına gətiridi. Yerdə oturub, çantanı açdı... Bir qədər qurdalandıqdan sonra çıxardığı şarfı boynuna sarıdı. Ayağa qalxdı. Hərəkətlərində anormal cəldlik və qırıqlıq var. Məsələn, ayağa sıçrayaraq qalxsa da, telefona qədər olan 4 metrlik məsafəni çox ləng gəldi. Cibindən növbəti qəpiyi çıxarıb, avtomata saldı və nömrəni yığdı. İndi onun cəmi 11 manat 20 qəpiyi qalıb.
   
   Saat 23:50.
   
   - Salam. Bağışlayın narahat edirəm, qrup yoldaşı Əlidi, Günelə sözüm vardı... - cümlə pis qurulub. Bəlkə də məhz buna görə, dəstəyin digər tərəfindəki qadın cavabı müəyyən fasilədən sonra verdi:
   
   - Çağıraram... - səsdə narazılıq və bir az təəccüb hiss olunurdu.
   
   - Çox sağ olun...
   
   - ...
   
   Əli sol ayağını yerə döyəcləyir. Bunun soyuqdan titrəmək və ya həyəcan eləməntləri olduğunu dəqiqləşdirmək çətindi. Dəstəyin o başından qadın səsləri, sonra xışıltı, sonra təngnəfəs qız səsi cavab verdi:
   
   - Hə, Əli eşidirəm... Axşamın xeyir
   
   - Salam Günel... necəsən?
   
   - Yaxşıyam. Sən yaxşı ol. Nə olub?
   
   - Heeç. Bağışla narahat elədim... Sözüm vardı
   
   - Buyur, eşidirəm...
   
   - İndi çöldəyəm, səhər kəndə gedəcəm. Daha gəlməyəcəm bura. Neçə vaxtdı tələbəyik?
   
   - Başa düşmədim...
   
   - Səndən xahişim odu ki, qulaq as... Bu gün yanvarın 27-sidi... sentyabr - dekabr, dörd, yox, artıq beş aydı.. amma bax... - Əli plaşın cibindən tələbə biletini çıxarır, açir, içindəki pullara baxır..
   
   - Bu on bir manatı - yol pulunu ilk gündən tələbə biletinin arasında saxlayıram. Bu, son silahımdı. Hiss eləmişdim ki, şəhərlə bacarmayacam. Bilirsən nə vaxtdan? Elə birinci dərs həftəmizdən... Atamın 1 aylıq pensiyası 1 həftə içərisində jurnala, həmkarlara, təmizliyə, nə bilim hansı ziliblə yığılan pula xərclənəndən sonra... Bunları sən hamıdan yaxşı bilirsən... çünki qrup nümayəndəsisən, elə sənin əlinlə olub çoxu... Sizinlə çəkdirdiyim şəkili almağa pulum çatmayan gün. Yadındadı, demişdim ki, şəkildə pis düşürəm, ona görə də istəmirəm... amma istəyirdim... Anam da istəyirdi tələbə yoldaşlarımı görmək... ona deyəndə ki, qrupumuzda 25 tələbədən bir oğlan mənəm, dedi şəkillərini göndər baxım, gəlnimizi elə ordan seçək... daha deyə bilmədim ki, gəlinin şəkilini almağa gücü çatmayan oğlan, gəlinin özünü necə alsın? Deyə bilmədim ki, mən səndən icazəsiz seçmişəm, hiss eləmişdim ki, şəhərdə qala bilməyəcəm.... gülməlidi hə?
   
   - Əli, bəs...
   
   - Qulaq as qurban olum...mən səndən də icazəsiz seçmişdim səni... sevmişdim... Bağışla, elə sevirəm də... amma bunun əhəmiyyəti yoxdu, bilirəm...
   
   - Əli xətrimə dəyirsən ... (qız demək olar ki, pıçıltı ilə danışdığından bəzi sözləri eşitmək olmur)... bizim aramızda belə söhbət ola bilməz. Biz dostuq. Savadlı tələbə yoldaşım... hörmətim... amma belə söhbət lazım deyil axı... və bir neçə söz....
   
   - Bilirəm, yersizdi.. bağışla.. heç vaxt deməyə imkanım olmayacaqdı... Belə yersiz hərəkət edən adam olsaydım, indiyə kimi deyərdim ki, sən dərsə gəlməyəndə dərsdə otura bilmirəm, səhərlər universitetin yanındakı parkda rastlaşmağımız təsadüfi deyil. Mənim yolum heç ordan keçmir... Mənim xalam sizin məhlənizdə yaşamır, ümumiyyətlə mənim Bakıda qohumum yoxdu. Bilirsən, belə o qədər deyəcək şeylər var ki... Amma vaxt yoxdu, ona görə dedim... gecən xeyrə qalsın - Əli dəstəyi asdı, yerə oturdu, avtomat telefonun dəmir ayaqlığından tutub bir neçə saniyə belə qaldı və qəfil ağlamağa başladı... hərdən bu sözləri eşidirik: "kaş sən burda yox kənddə olaydın, qrup yoldaşım yox, qonşum".
   
   28 yanvar Saat 00:02
   
   Əlinin çiyinləri silkələnir, o ağlamaqda davam edir. Küçənin Sağ tərəfi ilə - bizə tərəf gələn it axsasa da, bu gecə gördüyümüz iki piyada, hətta "sonuncu maşın"dan daha sürətlidi. İt yerdə oturub ağlayan Əliyə 5 metr qalmış dayandı, əvvəl mırıldadı. Sonra hürməyə başladı. İtin səsi artdıqca, Əlinin ağlamağı da güclənirdi.
   
   Saat 00:06-da bu "deyişmə" yüksək həddə çatıb. İt var gücü ilə Əliyə tərəf hürür - Əli var gücü ilə hönkürür.
   
   - Rədd ol köpəy, cəhənnəm ol burdan....- it mırıldayaraq qaçdı. Əli bir neçə saniyə donuq şəkildə oturdu. Sonra ayağa qalxdı... Plaşın sağ cibindəki sonuncu 20 qəpiyi çıxarıb nömrəni yığdı. Bir dəfə çağırış tonu eşidilən kimi bayaqkı pıçıltılı səs cavab verdi:
   
   - Əli, indi Leyla mənə zəng vurmuşdu... sən niyə çöldəsən?
   
   - Bilirsən, bütün şeirlərimi əslində sənə yaz... yazmışam.... indi yadıma heç biri gəlmir...
   
   - Əli, yüz on ikiyə yığ, sənə maşın göndərsinlər...
   
   - İndi yadıma heç biri düşmür şeirlərin... dayan birini bədahətən...
   
   - Əli, təcili yardıma yığ. De ki, küçədə şaxta vurub məni... gələcəklər...
   
   - Qulaq as, uşaqlıqdan eşidirəm ki, sərçə etibarlı quşdu, qaranquş yox... o boz başına dəysin sərçənin etibarı... budey, kəndin sərçələri... adambaşı bir dimdik qar götürdülər donmuş cəsədimin üstündən, apardılar səpdilər eyvanımıza, anam da səhər bunu görüb dəli oldu.... qaranquş gəlsəydi, ölməzdim heç... - dəstəyi asdı... Bəlli olmayan musiqi ilə "qaranquş gəlsəydi, ölməzdim heç..." mızıldamağa başladı. Elə bil, əhvalı düzəlmişdi. Bir az var-gəl edib telefona yaxınlaşdı. Qəpik atmadan üç rəqəm yığdı.
   
   - Məni küçədə şaxta vurub. Maşın göndərə...
   
   - Ünvanı və mobil nömrənizi deyin...
   
   - Mobil... sönüb...
   
   - Aha, yerinizi deyin, indi maşın göndəririk. Bir az dözün...
   
   - Bakıda belə soyuq qış bəlkə də 10 ildən bir olar, o da mənim bəxtimə düşüb. Bəlkə elə hər qışı belədi... bu hələ birincidi... Hələ bundan sonra üçünə dözməliyəm? Dözə bilmirəm... başa düşürsüz, dözə bilmirəm axı... don... donurrr ee adammm.. belə soyuq olarrrr... do... do...
   
   - Yerinizi deyin...
   
   - Şərifzadə küçəsidi... Yass... Yasamalll...
   
   - Ora yaxınıq. Narahat olmayın, tez gələcəyik... Yanınızda nə var?
   
   - Telefon, çantam, buz...
   
   - Elə demirəm. Nəyin yanındasız?
   
   - Ölümün...
   
   - Yerinizi dəqiqləşdirmək istəyirəm. Ətrafda nə var?
   
   - Qar.
   
   - Yaxşı. Aydındır. Taparıq. Təcili yardım maşını artıq yanınıza gəlir. Siz çalışın hərəkətli olun. Qan dövranını sürətləndirin ki, şaxta sizə təsir eləməsin.
   
   Əli qəfil dəstəyi asıb əllərini ovuşdurdu.
   
   Saat 00:18
   
   Əlidə canlanma hiss olunur. Telefonun ətrafında var-gəl edir. Yenidən üç rəqəm yığır. Telefonda bayaqkı səs eşidilir...
   
   - Təcili yardım xidməti, buyurun...
   
   - Yenə mənəm xanım... maşın gəlir?
   
   - Bəli gəlir... indilərdə çatar.....
   
   - Siz bütün gecəni işləyirsiz?
   
   - Bəli.
   
   - Siz dövlət idarəsisiz?
   
   - Bəli.
   
   - Siz buna görə məndən pul alacaqsız?
   
   - Xeyr.
   
   - Sizə dövlət maaş verir?
   
   - Bəli.
   
   - Xəstələrdən rüşvət alırsız?
   
   - Bu nə sualdı vətəndaş?
   
   - Alma qurban olum, alma ...Dəqiqləşdirmək istəyirdim bağışla.... bağışla... əgər siz də rüşvət alıram desəydiz gəlməyəcəkdim.... bax mənim müəlliməm var - adı da Mina... o rüşvət alır deyə, mən küçədəyəm...
   
   Uzaqdan avtomobil işığı görünən kimi Əli dəstəyi asıb yolun kənarına gəldi... Bir qədər sonra avtomobil işığına qırmızı və göy işıqların sayrışması da əlavə olunur. Bunun təcili tibbi yardım maşını olduğunu dəqiqləşdirib kadrı bağlayırıq.


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK