adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

NAMƏLUM QORKi

292418 | 2012-04-28 11:05
Maksim Qorki dəyərli əsərləri ilə dünya mədəniyyət tarixində özünəməxsus yeri olan ədiblərdən biridir. Onun həyat və yaradıcılığının bütün mərhələləri elmi araşdırmalarda kifayət qədər geniş təhlil edilsə də, tərcümeyi-halı və publisistik yazıları tam öyrənilməyib. Qorki yaradıcılığı sovet ədəbiyyatşünaslığının əsas istiqamətlərindən biri kimi, istər nəsr, dram əsərləri, istər poeziyası vahid ideoloji meyarlar əsasında müəyyən çərçivədə tədqiq olunub. Publisistik yazılarının, eləcə də məktublarının böyük qismi "sosialist mədəniyyətinin canlı təcəssümü", "sosialist realizminin banisi" stereotipinə, bütünlükdə götürəndə sovet ideya-siyasi məfkurəsinə xələl gətirə bilər, deyə yetmiş il tədqiqat müstəvisindən kənar saxlanılıb. Ötən əsrin iyirminci-otuzuncu illərində Qorki şəxsiyyəti və yaradıcılığı barədə formalaşan stereotiplər uzun müddət ictimai fikirdə dəyişməz qaldı. Amma dünyada heç nə əbədi var olmadığından, istənilən stereotipin zamanla dəyişməsi təbii haldır.
   
   Fəqət istənilən halda, XX əsr rus ədəbiyyatı və ədəbi mühitini Maksim Qorkisiz təsəvvür etmək mümkün deyil. Onun əsərləri hələ Çar dövründə imperiya hüdudlarından uzaqlarda nəşr edilir, pyesləri Avropa teatrlarının səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Ədəbi-ictimai fəaliyyəti, həyatının macəra dolu anları bir ömrə sığmayacaq qədər zəngin, ziddiyyətli və sərhədsiz olan bu insanı uzaqdan-yaxından hamı tanısa da, hər kəs sevməzdi. Siyasi mövqeyi, ədəbi düşüncələri, həyata baxışı ilə razılaşmayanların, eləcə də şöhrətinə qibtə edənlərin ara-sıra hücumuna məruz qalardı. Tənqidi yanaşanlar arasında tanınmış qələm sahibləri də vardı. V.Mayakovski, A.Kuprin, İ.Bunin və başqaları müxtəlif vaxtlarda Qorki barədə ziddiyyətli fikirlər söyləyiblər. Peşəkarlığına ağız büzən, istedadını şübhə altına alanlar da tapılıb. Bütün bunlarla yanaşı, maraqlıdır ki, o dövrün mürəkkəb ədəbi proseslərinə aid elmi məqalələrdə, araşdırmalarda söhbət nədən düşürsə-düşsün, kimdən gedirsə-getsin, adətən Maksim Qorkinin adı çəkilir. Bu, təsadüfi deyil. Çünki XX əsrin ilk illərindən M.Qorki Rusiyanın ən tanınmış və ən çox oxunan yazıçılarından biri olaraq qəbul edilib. 1910-cü ildə artıq 100-dən çox kitabın müəllifi kimi Avropa ölkələrində də görkəmli yazıçı və ictimai xadim kimi populyarlıq qazanmışdı. Araşdırmalara görə, 1896-1910-cu ilər arası barəsində yazılan ədəbi-tənqidi məqalələrin ümümi sayı iki minə çatmışdı. Bununla bərabər, istər imperiya dövründə, istər bolşevik hakimiyyəti bərqarar olandan sonra Qorkinin həyat yolu zahirən göründüyü kimi hamar və tək istiqamətli olmayıb. İndi məlum olur ki, 1906-1913-cü və 1921-1932-cü illərdə ədibin qürbətdə yaşaması yalnız səhhəti ilə bağlı deyildi. Üst-üstə 15 ildən artıq mühacir həyatının daha ciddi səbəblərı vardı. Hər iki halda siyasi baxışlarına görə azadlıqdan məhrum edilmək təhlükəsiylə üzləşdiyindən Qərbə sığınmışdı. 1906-cı ildə ABŞ səfəri də, əslində Çar xəfiyyələrinin gözündən yayınmaq üçün atılan addım idi. Bir neçə aydan sonra Amerika Birləşmiş Ştatlarından qayıdanda bərabər yaşadığı məşhur aktrisa Mariya Fyodorovna Andreyeva ilə İtaliyada məskunlaşdı. Qorki yalnız 7 il sonra - Romanovlar sülaləsinin 300 illiyi ərəfəsində Nikolay padşah əhf fərmanı imzalayanda, vətənə dönməyə ürəkləndi.
   
   Rusiyada vəziyyət əvvəki tək qeyri-sabit qalırdı, gərginlik getdikcə artırdı. Kütləvi həbslər, sürgünlər köləlik zəncirindən qurtulmaq istəyən kütlənin azadlıq ehtirasının qarşısını ala bilmirdi. Maksim Qorki xalq hərəkatına maddi-mənəvi dəstək verməyi özünün vətəndaşlıq borcu sayırdı. 1915-ci ildə "Letopis" adlı jurnalın təsisçisi və rəhbəri oldu. 1917-ci il Fevral burjua inqilabını sevinclə qarşıladı, Peterburqdakı mənzili sosial-demokrat məfkurəsini paylaşan ictimai-siyasi xadımlərin, elm-sənət adamlarının, fəhlələrin qeyri-rəsmi qərargahına çevrildi. Partiya liderləri ilə işgüzar əlaqələri, şəxsi münasibətləri möhkəmləndi. Kerenski hakimiyyətindən "Novaya jizn" adlı yeni qəzetin nəşrinə icazə alır. Yeni mətbuat orqanının səhifələrində günün aktual məsələlərinə həsr olunan kəsərli məqalələr siyasi-sosial publisistikanın parlaq nümunəsidir. O zaman qaldırılan problemlərin çoxu indi də aktuallığını itirməyib. "İnqilab carçısı" yeni qurulan fəhlə-kəndli dövlətində qardaş qırğınıyla üzləşəndə qəzəbini gizlətmədi. Getdikcə kəskinləşən sinfi mübarizənin xalqı necə parçaladığını görüncə dövlət rəsmilərinin düşünülməmiş addımlarına, yanlış qərarlarına etirazını mətbuatda, eləcə də rəhbər orqanlara ünvanladığı məktublarında dilə gətirirdi. O, nədən narazı, yaxud nələrlə barışmaq istəmirdi? Üzun illər arxivlərdə gizli saxlanılan sənədlər bir-bir üzə çıxdıqca, Maksim Qorki barədə sovet dövründə formalaşan stereotip təsəvvürlər dağılır, müəmmalı sualların cavabı tapılır. Yetmiş illik fasilədən sonra Qorkinin yeni şəraitdə ədəbi dövriyyəyə buraxılan yazılarından ədibin polemik fikirlərinə, obyektiv iradlarına yeni hakimiyyətin reaksiyası köhnə dövlətçilik ənənələrdən heç də fərqlənmədiyi, əksinə daha sərt şəkildə dözümsüzlük ifadə etdiyi aydın olur. İnqilabın ilk illərində"Pravda" qəzeti proletar yazıçısının ünvanına dəfələrlə od püskürsə də Qorki geri çəkilmir, fikirlərini oxucularla bölüşməkdə davam edirdi:
   
   "Özlərini sosializm napoleonları fərz edən leninçilər qırıb dağıdır, Rusiyanın tam darmadağın olmasını başa çatdırır. Rus xalqı bunun əvəzini qan gölləri ilə verəcəkg Lenin "rəhbərə" xas bütün xüsusiyyətlərə, həmçinin bu rol üçün zəruri olan mənəviyyatın yoxluğuna və xalq kütləsinin həyatına sırf ağalara məxsus rəhmsiz münasibətə malikdir."
   
   Demokratiyadan danışan bolşeviklərin təsəvvüründə mətbuat, söz azadlığı, aşkarlıq anlayışı görünür, tam fərqli məna daşıyırdı. Dövlətin siyasi xəttini tənqid edən mətbuat orqanlarına qarşı qəti və təxirəsalınmaz tədbirlərin görülməsi getdikcə adi hal alırdı. Maksim Qorki buna kəskin münasibət bildirməkdən çəkinmirdi:
   
   "Sovet hakimiyyəti ona düşmən olan daha bir neçə qəzeti boğdu. Müxalifətlə bu cür mübarizə üsulunun düz olmadığını söyləmək artıqdır, mütləqiyyət dövründə namuslu adamların qəzetin bağlanmasını yekdil olaraq, alçaq iş hesab etməsini xatırlatmaq faydasızdır, çünki vicdan və vicdansızlıq anlayışları, görünür, köhnə zəmində - özbaşınalıq və zorakılıq zəminində, yeni dövlət yarada biləcəyinə dəlicəsinə əmin olan hakimiyyətin kompetensiyası və maraqları xaricindədir"...
   
   Bu sətirlərin müəllifinin sovet məktəblərində bizə tanıdılan Maksim Qorki olduğuna inanmaq çətindir. Bunun üçün düşüncəmizdə illərlə formalaşan stereotiplər dəyişməlidir.
   
   "Novaya jizn" Oktyabr inqilabından sonra ( indi bu hadisə mətbuatda "inqilab" yox, "çevriliş" adlandırılır - E.B.) cəmi bir il davam gətirdi. 1918-ci ilin iyunun 16-da Leninin göstərişi ilə qəzetin nəşri dayandırıldı. Olduqca mürəkkəb və ziddiyyətli dövrdə oxucularla görüşə gələn "Novaya jizn" Rus mətbuat tarixində, eləcə də onun təsisçisi və ən fəal müəlliflərindən olan Qorkinin tərcümeyi-halında silinməz iz buraxdı.
   
   Maksim Qorki qəzetdə dərc olunan yazılarının bir qismini 1918-ci ildə "Nesvoyevremennıye mıslı: Zametki o revolyusii i kulture" ("Vaxtsız fikirlər: İnqilab və mədəniyyət haqda qeydlər") adlı yeni kitabına saldı. Buna növbəti çap məhsulu kimi baxmaq düz olmazdı. Kitab, əslində yeni hakimiyyətə müstəqil mövqeyini mərdanə nümayiş etdirən cəsarətli söz ustasının avtoportreti idi. SSRİ dövründə həmin kitab, eləcə də "Novaya jizn" qəzeti qadağan olunmuş ədəbiyyat siyahısına salınmışdı. 1988-ci ildə "Literaturniye obozreniya" jurnalı "Nesvoyevremennıye mısli"ni yenidən oxuculara təqdim etdi. Yazıçının "vaxtsız" deyilən fikirləri ilə ictimaiyyət, eləcə də gənc tədqiqatçılar 1990-cı ildə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən buraxılan kitabdan tanış oldular. Vaxtilə məhz bu məqalələrə görə Leninlə, Zinovyevlə aralarında fikir ayrılığı güclənmişdi. Bu da onunla nəticələndi ki, Aleksey Maksimoviçə tezliklə müalicə adı ilə ölkəni tərk etməsə, zorla Rusiyadan uzaqlaşdırılacağını mədəni surətdə başa saldılar.
   
   Xeyli götür-qoydan sonra "azadlıq carçısı" taleyin hökmüylə (oxu: Lenin təkidiylə - E.B.) barışmalı oldu. Beləliklə, hər iki halda (1906 və 1921-ci illər nəzərdə tutulur-E.B.) Maksim Qorkinin ölkəni tərk etməsinin gerçək səbəbi, səhhətində yaranan problemlərdən daha çox ictimai-siyasi fəaliyyəti, vətəndaş mövqeyini açıq şəkildə ifadə edən "vaxtsız" fikirləri ilə əlaqədar idi...

TƏQVİM / ARXİV