adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

iNCƏLi QAçAQ iSMAYILIN MƏNZƏRƏSi

12575 | 2012-04-28 11:04
Çəliyinə söykənib üzü "Dəyirman çal"a baxırdı. Nələri düşünürdü görəsən.
   
   Yaş öz sözünü demiş, həyatın çalın- çarpaz yolları, amansız və islah olunmaz qanunları, bəxtin, yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz hökmü günbəgün, anbaan çin olmuşdu qənşərində.
   
   Ömür-gün yoldaşı Şərqiyyə xanımla köçüb getdi hər növrağı aşıq Sadıq Avdıoğlunun. Xeyli zamandır ki, saz onun gözünün qabağında, o da sazının qənşərindəcə bir- birinə həsrət bayatıları oxuyurlar...
   
   Maşın səsinə qamətini düzəldib geri qanrıldı. Çəliyi əlindən düşdü. Saralmış tüklü cöhrəsinə təbəssüm çiləndi sanki. Qollarını açıb mənə sarı yeridi. Ev-eşiyi, həyət-bacası, bağ-bağçası da qocalmışdı elə bil.
   
   Bir vaxtlar bacasından tüstü əskik olmayan qara damın çalası uçmuş, qapqara pərdilər yerindən sürüşüb sınıq qollar kimi aşağı sallanmış, petləsindən qopub əyilmiş köhnə qapı əyilmiş qamətə bənzəyirdi.
   
   Evinə gələn qonağa süfrə açmasa, sazla, sözlə könlünü almasa dinclik tapmazdı, ürəyi sakit olmazdı...
   
   Adəti üzrə xoşgəldin edib, əli bıçaqlı çölə çıxmaq istədi. Bir zamanlar qoyun- quzu mələşməsi, toyuq-cücə, qaz-hinduşqa səsi aləmi başına götürən həyət-bacada gözə heç nə dəymirdi. Köhnə çalanın altında eşələnən biri qara, biri boz toyuqlardan başqa. Mətləbini başa düşmüşdüm. Bu işindən onu geri döndərmək olmazdı,.
   
   Söz-söhbətə başladıq:
   
   -Ay qardaş, heç nə lazım deyil, gəl otur görək, bir az söz-söhbət edək,- deyib bıçağı əlindən aldım.
   
   Doğrudan da qocalığın rəngi üz-gözünə hopub, şux, yaraşıqlı qaməti əyilmiş, yerişi-duruşu uçunur bu İncəli ozanı ustad aşıq Avdı oğlunun...
   
   Bir zamanlar böyük şövq ilə söylədiyi, özünün araya ərsəyə gətirdiyi "İncəli qaçaq İsmayil"dastanını yenidən öz dilindın dinləyib "İnsan mənzərələri üçün qələmə almaq istəyi ilə gəlmişdim ustadın hüzuruna. Bu bənzərsiz igid Qaçaq Kərəmin ən sadiq dostu, silahdaşı, məsləkdaşı olmuşdur. Hətta Qaçaq Kərəm bir dəfə - Ay İsmayıl bu igidliklərin adı mənim, özü isə sənindir- deyə etiraf da edibmiş.
   
   Nəhayət ki, məqsəd və məramımı açıqladım:
   
   Aşıq Sadıq
   
   
   
   - Ustad, budəfəki səfərimdə səndən bir iltimasım olacaq,- deyib hardan, necə başlayacağımı fikrimdə sahmanlayaraq çəliyinə söykənmiş bu sonuncu İncəli mogikanın seyrəlmiş ağ saçlarına, tük basmış solğun cöhrəsinə baxdım, gözlərim yaşardı.
   
   - Buyur, Dəmirçioğlu, görək bu qoca vaxtımızda bir şeyə yaraya bilərikmi, - deyib çəliyinə mətərisləndi.
   
   -Yadında olar, ustad,- deyib sözə başladım. Bir zamanlar məclislərimizin birində Qaçaq İsmayılın necə Qaçaq Kərəmlə görüşüb dostlaşmasını, İncə dərəsinə necə səfər etdiklərini danışmışdın. Özün bilirsən ki, "İnsan mənzərələri"kitabını tamamlamaq istəyirəm. İndi isə İncəli Qaçaq İsmayılın mənzərəsini işləmək məqamı gəldi və bu işdə mənə yardımçı ola biləcəyini bilib hüzuruna təşrif buyurdum.
   
   Dərin xəyala getmişdi. Elə özü də bir zamanlar gülləri, bülbülləri çağıran, saz havasında cezv olub sinəsini yırtıb dağıdan bülbüllərini çiçək nəfəsiylə məst edən, indi isə baxımsızlıqdan yabanı meşəni xatıladan bagına, bağçasına bənzəyirdi.
   
   - Getdi o günlər, Dəmirçioğlu,- deyib bağı göstərdi:- Yadında olar o günlər. Bax bu kötüyün üstündə oturub saz çalıb oxuduğmuz günləri deyirəm.
   
   Doğrudan da heyrətdən donub qaldığım o günlər bir an içindəcə gözlərimin önündə canlandı...
   
   Eşq ilə sazına sarılmış aşıq Sadığın səsi, bülbüllərin cəh-cəhi, yarpaqların pıçıltısı, al-əlvan quşların rəngarəng səsləri saz havasına qoşulub ən könülsüz insanları belə riqqətə gətirirdi. (Mən eşitmişdim ki, aşıq Ədalət Nəsibov Göyəzənin ətəyində saz çalarkən haradansa bir bülbül uçub gəlmiş, saz havasında pərvanə şamın başına dolanan kimi Ədalətin başına dolanıbmış.) Həmin gün isə aşıq Sadıqla bülbülün necə deyişməsinin şahidi olmuşdum. Ola bilsin ki, mənim bu hekayətimə inanan olmasın. Ancaq bu bir həqiqət idi. Güllü-çiçəkli bağçadan ayrılıb bizim məclisimizə təşrif buyurmuş bir bülbülün aşıq Sadıqla deyişməsinin şahidi olduq. Aşıq Sadıq çalıb-oxuyanda bülbül susurdu, aşıq Sadıq susanda bülbül cəh-cəh vurub oxuyurdu. (O zaman həmin məqamı lentə köçürmüşdük və səhv etmirəmsə oğlu Vüqarın arxivində saxlanılır)...
   
   - Soyuq olar,- deyib məni içəri dəvət etdi. Sazı köynəkdən çıxara-çıxara:
   
   -Ayə, vallah inanmırlar qocalmağıma. Xəstəlik bir yandan, qocalıq bir tərəfdən, tənhalığın misginliyi də bir yandan. Mən indi sənə necə kömək edim,- deyib aylarla əlinə götürmədiyi şirmayı qollu sazın qayışını çiyninə keçirdi :
   
   - Elə sazım da özüm kimi qocalıb - deyib, paslı simlərə sığal çəkdi, şirmayı aşıqları cırıltıyla sağa-sola çəkib simləri köklədi, qaxaca dönmüş barmaqlarını pərdələr üzərində tərpətdi.
   
   -İndi mənim çalıb-oxumağım özünü biabır etmək kimi bir şeydir. Daha nə barmaq işləyir, nə göz görür, nə qulaq eşidir- desə də zarafatlarından da qalmır, ara-sıra maraqlı lətifələr söyləyirdi. Dəftərimi çıxardım, əlimi cibimə salıb qələmi çıxarmaq istədim ki, danışdıqlarını qeyd edim, sən demə, yadımdan çıxıb, qələmi götürməmişəm.
   
   -Qardaş, qələmi unutmuşam, bəlkə evdə qələmin ola,- deyəndə qımışdı:
   
   -Səninki lap qardaşım Sədinin ov əhvalatına oxşadı.
   
   -Necə əhvalatdı?-deyib söyləməsini xahiş etdim.
   
   -Bir gün qalın qar düşdüyünü görən traxtirist Qını Sədiyə deyir ki, ay Sədi, əsil dovşan ovu havasıdır, gəlsənə səhər tezdən ova çıxaq. Ov həvəskarı olan Sədi dərhal razılaşır. Xanımı Əsabəyə axşamdan tapşırıqlarını verir. Səhər tezdən Əsabə xanımın hazırladığı azuqələri götürür, tüfəngini çiynindən aşıraraq Qını ilə birlikdə ova çıxırlar. Cüryəllini aşıb, Göyvəlliyə tərəf enəndə Qını "Belarusu" saxlayıb aşağı hoppanır. Dovşan ləpirlərini Sədiyə göstərir. Sağa, sola səpələnmiş ləpirləri görən Sədi sevinərək "Amma nə qıracağam"-deyib tüfəngi çiynindən aşırır. Əlini belinə aparır ki, patrondaşdan güllə çıxarsın, Bıyyy!!!- edib Qınıya baxır:
   
   -Ayə, ay Qını, patrondaş evdə qalıb, həncəri!
   
   Sədinin bu yazıq halına baxan Qını:
   
   -Amma nə qıracaqsan,- deyib bərkdən şaqqanaq çəkir.
   
   Nədənsə pəsə kökləmişdi sazını. Həzin-həzin inləyən saz, payızın son ayı, son yarpaqları da yellənə-yellənə düşən baxımsız bağ-bağça, pərdiləri sınıq qollar kimi aşağı sallanmış, buxarısı çoxdan ocaq görməyən qara dam, evin qənşərində qayaları üşüyən "Dəyirman çal"ı...
   
   Sazla ozan barışmışdı deyəsən. Ağır-ağır ləngərə gəlirdi dünya sükutu, payız hicranı, qəmli ağaclar, bir də üstündə bir neçə qönçəsi açılmamış qalan qızıl gül kolları. Xəyal isə məni lap uzaqlara, dostların sağ, keflərin çağ vaxtına aparmışdı...
   
   Aşıq Sadıq gildə binələnmişdi məclisimiz. Budəfəki səfərimizdə ölkəmizin görkəmli Türkoloqu, bütün incəlilərin dostu Ramiz Əsgər də ziyarətinə gəlmişdi İncə dərəsinin. Qoçaqlığı, qonaqpərvərliyi ilə İncə dərəsində ad-san qazanmış Şərqiyyə xanım (aşıq Sadığın ömür-gün yoldaşı, Allah rəhmət eləsin) löyün-löyün yeməklərin arasnı kəsmir, buğlanan bozartmalar, kabablar soyuduqca istisi ilə əvəz edir, növ-növ turşuların, zoğal araqlarının ardı-arası kəsilmirdi.
   
   Akif Səməd masabəyi idi. Məmməd İlqar ağsaqqal olsa da çox vaxt ya Akif Səmədi, ya Rəfail İncəyurdu, bəzən də məni masabəyi seçərdi. Mükəmməl bir məclis, kamil bir ozan, İncə çayının sağ tərəfində cənnəti xatırladan, çiçəkləri qoxuşan, bülbülləri oxuşan bağ-bağat, bu bağın içində Aşıq Avdı nurundan pay almış aşıq Sadıq ocağı- saz, söz xanimanı. Ağamalı Sadiqi təzəcə itirməyinə baxmayaraq qonağımız Ramiz Əsgəri yaxşı qarşılayırdı İncəmiz, İncəlilərimiz.
   
   Məclisin şirin yeri idi. Aşıq Sadıq- "Hazarat, badələri doldurun" - dedi. Başı xamırlı şüşələrin hamısı boşalmışdı. Saqilər him-cimlə şüşələrin boşalmasını işarə etdilər. Elə bu ara Şərqiyyə xanım Sadığa yaxınlşıb qulağına nəsə pıçıldadı. Məclis əhlinin dalağı sancdı, ani bir sükut çökdü məclisə. Gümanımız düz çıxmışdı deyəsən. Sadıq məyus halda ayağa qalxıb:
   
   -Dostlar, bir qara xəbər aldıq, -deyib ciddi bir görkəm aldı. Hamının gözü aşıq Sadığa zillənmişdi.
   
   -Bizim qarı araq süzərkən iyirmi litirlik balonu əlindən salıb sındırıb. Zoğal arağı sel olub ev-eşiyi basıb gedir, - deyib sonunu zarafata çevirdi. Zoğal arağından doymamış məclis üzvləri bir-birinin üzünə baxışdılar. Sükut hələ də davam edirdi. Birdən telli sazın sədası hamını fikirdən ayırdı
   
   - Aaz a qarı, o zapasnoylardan, saxlanclardan bəri elə görək,- deyib saza bir mizrab çəkdi. Hə, mənim əzizlərim, indi də sizə özüm bəstələyib, özüm dəstələdiyim dastandan bir parçanı hüzurunuza ərz edəcəyəm, - deyib, İncəli Qaçaq İsmayılın Qaçaq Kərəmlə görüşməsini və İncəliyə olan səfərini danışmağa başladı.
   
   
   
   Ardı var

TƏQVİM / ARXİV