adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Froydu nə üçün oxumalı?

20604 | 2012-04-28 11:04
İlk dəfə onun insan psixologiyası haqqında fikirləri ilə tanış olanda gərgin psixoloji böhran keçirir, tez-tez psixoloq məsləhətinə ehtiyac duyurdum. Həm də dinə dördəlli sarılmışdım. Onu oxuduqca özümə inamım gücləndi. Mən onun köməyi ilə, problemlərimin səbəblərini tapırdım. Ziqmund Froyd mənə çıxış yolu göstərmişdi.
   
   Ziqmund Froyda o qədər heyran oldum ki, bir gün onun "Totem və Tabu" əsərini Azərbaycan dilinə tərcümə etmək qərarına gəldim.
   
   Təxminən bir ildən artıq bu əsərin üzərində işlədim və nəhayət ki, tərcüməni başa çatdırdım. Kitab bu günlərdə "Qanun" nəşriyyatında işıq üzü görüb və intellektual gənclərin bu kitabı oxumasını vacib hesab edirəm.
   
   Froydu nə üçün oxumalıyıq?
   
   Ona görə Froydu oxumalıyıq ki, o ilk dəfə bu əsərində psixoanalizi antropologiya ilə əlaqələndirib, psixoloji problemlərin tarixi köklərini tapmağa çalışıb. "Totem və Tabu" əsərində Froyd dövrünün nevroz xəstələri ilə ibtidai insan arasında müəyyən bir bağın və ya araşdırılmamış bir əlaqənin olmasını isbat etməyə çalışır. Eyni zamanda psixoanalizin sintez gücü əsərdə özünü daha qabarıq şəkildə biruzə verir. Oxuduqca, Froyd dühasına heyran olmamaq mümkün deyil.
   
   Froyd ibtidai toplumlardakı qadağaları, əsatirləri və dini mətnləri, insest və totem mövzusunu, Edip kompleksini, tabu və libido problemlərini geniş təhlil edib.
   
   Bu gün seksual istəklərinin köləsinə çevrilmiş fərdlərin problemlərini anlamaqda, bu əsər olduqca qiymətlidir
   
   Froyd araşdırmalarında insanların dini yaratmasını psixoloji mənada uşaqlıq illəri ilə əlaqələndirir. Çağdaş Azərbaycan insanın sürətlə dinin təsirinə düşməsi və elmə yox dinə meyillənməsinin səbəblərini bu əsərdə asanlıqla tapmaq mümkündür.
   
   İnsan aciz olduğu zaman o öz xəyal dünyasında uşaqlıq illərinə qayıdır. Uşaq vaxtı çətinliklərlə qarşılaşdığı zaman valideyinlərinə sığınan insan onlardan necə kömək istəyirsə böyüdükdən sonra da sığınmaq üçün bir qüvvə axtarır. Elmdən uzaq düşmüş Azərbaycan toplumunda bu qüvvə dindir.
   
   İnsanlar köməyi və dəstəyi ancaq fövqəladə güclərdən gözləyir.
   
   Froyd əmindir ki, ibtidai insanın dinə, totemlərə, tabulara, cinlərə olan münasibəti ilə aparılan analogiya ilə günümüzün nevrozlularının psixoanaliz tərəfindən müalicə etmək mümkündür. Bəlkə də, babalarımızın dinə və inanclara olan münasibəti ilə, cəmiyyətimizin fanatikcəsinə dinə yönələn savadsız, nevrozlu gənclərini də xilas eləmək mümkündür.
   
   Froyda görə, din ən böyük təhlükələrdən biridir. Çünki tarix boyu cəmiyyətə ziyan vuran sinfi təbəqələşmənin cəmiyyət içərisində möhkəmlənməsinin səbəbi dindir.
   
   Dinin yaratdığı ən böyük təhlükəni bu yaxınlarda gördük. Fanatikcəsinə dinə bağlı cahillərdən biri dəyərli insan, gözəl yazıçı Rafiq Tağının həyatına son verdi.
   
   Biz, dinə növbəti qurbanımızı verdik.
   
   Məncə dinə gözüyumulu bağlanmaqdansa elmə münasibətimizi dəyişməli, dindar olmamışdan qabaq heç olmasa Froydu oxumalıyıq.
   
   Froydu oxumaq üçün çoxlu səbəblərimiz var.
   
   Ən önəmlisi: Froydu oxumalıyıq ki, ziyalılarımız öldürülməsin!

TƏQVİM / ARXİV