adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əsgərlik Gündəliyim - 13

İNTİQAM VALEHOĞLU
40329 | 2012-04-28 06:42
Baş leytenant Quliyev
   
   
   
   Bu aralar gəzən söhbətlərdən anlaşılır ki, sərhəd dəstəsindən gələcək göstərişə əsasən buranın əsgərləri sərhəd zastavalarına göndəriləcəklər. Guya ki, biz burda necə deyərlər kef edirmişik... Artıq ilk "qurban" da var. Mənimlə eyni çağırışın əsgəri olan Qəribov Elvin sərhəd dəstəsinə aparılır. Hər kəs təəssüflənir. Doğrudan da Qəribov kifayət qədər istiqanlı, qayğıkeş əsgər yoldaşıdır. Neft Akademiyasının məzunudur, yarıidmançıdır. Bəzi hallarda isə bir kənara çəkilib tək gəzişməyi, düşünməyi çox xoşlayır. Məndən cəmi bir yaş böyük olmasına baxmayaraq, saçlarının 50 faiziylə vidalaşıb.
   
   ...Mayor İsgəndərov həmkarı Məmmədov Rövşənlə harasa gedib. Bu aralar Saleh İsmayılovu əvəzləyən baş leytenant Quliyev Anarın sayəsində günlərimiz daha maraqlı keçir. Doğrudur, ilk günlərdə onunla elə də yaxşı yola getmirdik. Təbii ki, burda yaş amili də öz sözünü deyir. Çünki Quliyev Anar 1982-ci il təvəllüdlüdür. Yəni ali təhsilli əsgərlərdən 2, 3, ən yuxarısı 4 yaş böyükdür. Biz isə həmyaşımız, tay-tuşumuz olan birinə "cənab, baş leytenant" deyə müraciət eləmək istəmirik. İşte qurur bu, əfəndim. Niyə də yox?! Bəlkə də o hansısa kursu bitirib və rütbə alıb. Biz isə pis-yaxşı hərəmiz koskoca bir universitet bitirmişik. Hələ aramızda akademiya məzunu olanları, magistratura bitirənləri demirəm. Amma heç şübhəsiz ki, indi biz ona tabeyik. Ən yaxşısı dil tapmaqdır və biz bunu bacarırıq. Elə bunun da nəticəsində imkan düşən kimi gənc baş leytenant da bizə imkan yaradır ki, gözümüzün qurdunu öldürək. Axı bizdə futbol olmasa da, futbolu çox sevirik. Nəysə...
   
   Allah
   
   rəhmət eləsin!
   
   
   
   Hətta günlərin birində iş o yerə gəldi ki, Quliyev belə bir şərt qoydu. Kim futbol oynamasa, meydançada futbol oynanılan vaxt ərzində plastda qaçacaq. Bəh-bəh... Əməlli- başlı ehtiyat oyunçular skamyamız var ki... Hətta "Real"ın baş məşqçisi Mourinyo da (deyəsən ol vaxt Mourinyo "Çelsi"də işləyirdi-İ.V) həsəd aparar. Niyə də aparmasın? Amma gəl, bir bizim geyimlərimizi gör... Kimi "belyo"da, kimi batinkada, kimi cırıq ketdə... Deməli, istək böyük şeydir. Bu arada imkan düşdükcə televiziyanı da izlməyə çalışıram. Aldığım ilk xəbər üzücüdür. Bəstəkar Ramiz Mustafayev 81 yaşında vəfat edib. Allah rəhmət eləsin!
   
   Aprel ayının 16-da səhər tezdən Kərimov Orxanla komendatura növbətçiliyini təhvil-təslim eləyirəm. Deməli 12 saat, yəni düz axşamüstü saat 6-ya kimi şəxsi heyəti idarə eləməliyəm. Axı bu mənə lazım deyil. Cəmi iki ay yarım xidmət vaxtım qalıb. Niyə kiminləsə mübahisə etməliyəm?
   
   
   
   Abdullayev Sənan
   
   
   
   Bu gün, həm də əslən Göyçaydan olan əsgər Abdullayev Sənanın, həmçinin hər kəsin məşhur müğənni Nüşabə Ələsgərlinin bacısı uşaqları kimi tanıdığı (şəxsən mən hələ də buna şübhəylə yanaşıram-İ,V) Cəfərovlar-Anar və Suracın doğum günüdür. Bir az da Sənan haqda. Sənan nişanlı bir oğlandır. Dərziliyi bacarır. Atası Niman kişi dənizçidir. Hiss olunur ki, kifayət qədər tərbiyəli ailənin uşağıdır. Əksər hallarda bu sakitliyi, başıaşağılığı ona baha başa gəlir. Düzdür, elə də güclü olmasa belə, hətta özündə zəiflər də Sənana çımxırır və sair. Hə, indi öyrənirəm ki, Sənan öz dayısı qızına nişanlıdır. Elə yanına gələnlər də valideynləri və gələcək həyat yoldaşının ailə üzvləridir. Çox sevinirəm onun adına. Bu arada bir etiraf. Bir dəfə təsadüfən yerdən tapdığım bir kağız parçasını oxumağa başladım. Çox duyğulu və təsirli sözlər idi. Yəni sevgi məktubuydu və hər cümləsindən həsrət yağırdı bu kağız parçasının. "İlahi, görəsən bunu hansı ürəyin sahibi yazıb" deyə düşünə-düşünə sona çatdım. İmza-Abdullayev Sənan. Hmmm. Deməli, bu qədər sakit, təmkinli birinin belə böyük ürəyi varmış. Yəqin ki, bu hissəni oxuyanlar ən azından məni söyməzlər ki, kiminsə sevgi məktubunu oxumuşam. Çünki oxuyarkən bu məktubun hansısa əsgər yoldaşıma aid olduğundan xəbərsiz idim. Sən demə, Sənanın yazdığı bu məktub cibindən düşübmüş. Ən maraqlısı bilirsiniz nədir? Həmin gün Abdullayev kifayət qədər pərişan idi. Bəlkə də məktubunun kiminsə oxumasından narahat imiş və mən bu məktubu ona verəndə nə deyəcəyimi bilmirdim. Sadəcə, göstərdim ki, yerdən bir məktub tapmışam və sənin xəttinə oxşayır deyəsən. Hər halda bir neçə cümləsini oxuduğumu zənn eləmişdi. Bu arada daha bir qeyd.
   
   
   
   Rüşvətalma mərasimi
   
   
   
   Mən burda ilk dəfə hansısa rüşvətalma, yaxud rüşvətvermə mərasimində iştirak edirdim. Belə ki, mayor İsgəndərov mənə Sənanın yanına gələnlərdən 15 manat almağımı istədi... Nə edim? Yox desəm əsgər yoldaşım əzizləriylə ona əziz olan bir gündə görüşə bilməyəcək. Təbii ki, onlar da mayorumuzun bu vacib ricasını rədd etmədilər...
   
   Deyəsən bu gün görüş günüdür. Əliyev Sahilin də atası gəlib. Hə, həmin Əliyev Sahil. Hansı ki, bir neçə saat bütün komendatura onu axtarmışdı.
   
   ...Sinif otağında oturmuşam. Bütün günü o qədər ora-bura qaçmışam ki... Ayaqlarım sözümə baxmır daha. Görüşə gələnlər, komendaturaya gələn zabitlər... Hamısını da mən qarşılamalıyam. Birdən kazarmadan Əliyev Raufun "ə peysərlər" sözü eşidilir. Baş leytenant Quliyev məni çağırıb öz iradını bildirir... Kazarmaya gedib öz növbəmdə Raufa iradımı bildirirəm və vəziyyətdən necə çıxacağımızı soruşuram. Bir şey uydurmalıyıq. Qayıdıram...
   
   - Yoldaş baş-leytenant, bölüyün gün növbətçiləri kazarmada siçovul görüblər. Vurmaq istəyəndə səs-küy düşüb. Əhmədov da axşam komendatura növbətçisi olub deyə indi onun yuxu saatıdır. Səs-küy olanda o da yuxuda qorxub və belə deyib.
   
   - hm?
   
   - Bəli.
   
   - Get, şəxsi heyəti düz, sıra hazırlığı keç onlara. Deyəsən onlar mənim yumşaqlığımı loxluq kimi başa düşüblər. Geti, tez ol.
   
   - ...

TƏQVİM / ARXİV