POçT QUTUSU...

FAİQ QİSMƏTOĞLU
52563 | 2012-04-28 06:42
Allah rəhmət eləsin Mirzə Cəlilə. Rəhmətlik Mirzə Cəlil "Poçt qutusu"nda Novruzəlinin başına gələn əhvalatları qələmə almışdı. Novruzəlinin sadəlövlüyü, sədaqəti və avamlığı onun başına çox oyunlar açmışdı. Amma deyəsən, bizim zəmanəmizdə də novruzləlilər var, poçt qutusu var və poçt qutusunu müəssisənin qabağına qoyduran direktoru var. Bu poçt qutusunun o biri poçt qutusundan fərqi ondan ibarətdir ki, hər tərəfi qırmızı parça ilə örtülüb. Üstəlik də tay bu poçt qutusunun yanında Novruzəli kimi durub gözləyən bir kimsə yoxdu. Elə poçt qutusunun müəssisənin həyətinə qoyublar və hər şeyə də kənardan nəzarət edirlər. Bilirsiniz, poçt qutusunu nə üçün müəssisənin həyətinə qoyublar? Bir qədər səbr eləyin, deyərik, siz də bilərsiniz.
   
   Sumqayıtda bir müəssisənin rəhbəri özünü çox rəhimli və insaflı adam kimi göstərib müəssisənin həyətində poçt qutusu qoydurub. Yəni kim işə girmək istəyirsə, özü barədə bütün sənədləri və eləcə də tərcümeyi-halını həmin poçt qutusuna atır. Deyilənlərə görə, bundan sonra kimlərinsə, sənədləri müdiriyyətə aparılır və müdiriyyət də o sənədlərin içərisindən istədikləri adamları seçir, işə götürür.
   
   Yaxın tanışlardan biri də deyir ki, mən də sənədimi aparıb qırmızı parça ilə əhatəyə alınmış poçt qutusuna atdım. Gözlədim ki, bir neçə gündən, uzaq başı bir aydan sonra məni çağırıb danışdıracaqlar və nəsə iş verəcəklər. Amma həftələrlə gözlədim gördüm ki, bir səs çıxmır. Hər dəfə də poçt qutusunun yanından keçəndə ürəyim orda qalırdı və düşünürdüm ki, yəqin bu işi görən adamlar çox insaflı və ədalətli insanlardır. Günlərin bir günündə də məni müəssisəyə çağırıb işlə təmin edəcəklər. Bir-iki ay ötəndən sonra yenidən yolumu həmin poçt qutusunun yanından saldım.
   
   Təsadüfən müəssisənin mühafizəçisi ilə görüşdüm. Dedi ki, burda nə axtarırsan? Mən də qayıdıb dilləndim ki, poçt qutusuna sənədlər atmışam, gözləyirəm ki, görüm, onun səsi nə vaxt çıxacaq. Və məni işə haçan dəvət eləyəcəklər. Həmin adam diqqətlə məni başdan-ayağa süzdü və başını qaşıyaraq dedi ki, ay rəhmətliyin oğlu, səni kimdir burda işə götürən. Poçt qutusuna görə deyirsənsə, bunlar hamısı gözdən pərdə asmaq üçündür. Əgər doğrudan da müəssisədə iş almaq istəyirsənsə ya müdirin qəbuluna düşməlisən, ya kiməsə xahiş elətdirməlisən, ya da yaxşı bir "dayın" olmalıdır ki, yuxarıdan zəng eləsin və səni də işə götürsünlər. Qəribədir ki, dostumuz mühafizəçinin bu sözlərindən sonra hər şeyi başa düşüb. Deyir ki, lap Novruzəlinin gününə düşmüşəm. Hələ də inanıram ki, kimsə mənə iş verər. Amma bu sözləri eşidəndən sonra əlim üzümdə qaldı və fikirləşirəm ki, gedib özümə bir "dayı" axtarım, o "dayı" da müdirə zəng eləsin, müdir də məni işə götürsün. Bilmirəm, "dayı"nı harda axtarım. Nə elə imkanlı qohumum var, nə də arxalı adamım. Bax, indi qalmışam odla-su arasında və "dayı" axtarışında. Allahdan başqa isə mənim bir kimsəm yoxdur. Yenə dizimi yerə qoyub Allaha yalvarıram ki, bəlkə Allah o müdirin ürəyinə insaf sala və müdirin də ürəyi yumşalıb mənim kimi kimsəsiz, arxasız və zəhmətkeş bir adamı işə götürə...
   
   ***
   
   İndi tez-tez metro qatarlarında və eləcə də digər yerlərdə belə bir elana rast gəlirik. Elanda yazılır ki, filan firma işə adam qəbul eləyir. Özü də əmək haqqı 500 manatdan 700 manata qədər. Ən çox da o firmalar yazdıqları elanda bildirirlər ki, cavan və qəşəng qızlar işə götürülürlər. Cavan və qəşəng qızları onlar işə götürməklə nə fikirləşirlər onu deyə bilmərik, amma tanıdığımız bir adamın başına gələn əhvalatları danışmaq istəyirik ki, başqaları da belə vəziyyətlə bir daha üzləşməsin.
   
   Günlərin birində qəzetlərdə elan oxuyan tanış bir xanım elanda yazılan ünvana yollanır. "Fariz" firmasının elanında bildirilib ki, burda hər cür iş var və xanımlar işə dəvət olunur. Təbii ki, həmin xanım da sevincək Əhmədlidə fəaliyyət göstərən bu firmaya gedib çıxır. Bir qədər gözlədikdən sonra "Fariz" firmasının rəhbərlərindən biri gəlib çıxır. Yaşı 70-dən çox olan firmanın əməkdaşı deyir ki, bəli, qəzetdə elan vermişik, işçi axtarırıq. Xanım da soruşur ki, məni hansı işə qəbul edərsiniz. Yəqin ev-alqı satqısı ilə əlaqədar olaraq ofisdə əyləşib telefonlara cavab verərəm. Yaşlı kişi başını bulayıb deyir ki, belə iş bizdə yoxdur. Sonra da kişi hırıldamağa başlayır və qadının üzünə baxır. Deyir ki, biz cavan qadınları işə götürüb, ayrı-ayrı yağlı müştərilərə veririk. Həmin qadın da müştərilərin qulluğunda olur. Bu sözdən qadın bir şey başa düşmür. Kişi görür ki, qadın çox avamdır, axırda da bildirir ki, sən göndərdiyimiz kişiləri sevməlisən. Bu sözdən sonra qadın əsəbləşir və həmin kişinin üzünə tüpürüb firmadan çıxır...
   
   Çox qəribədir, bəzi firmalar elan verirlər və pul qazanmağa görə, hətta qadın alveri ilə belə məşğul olmaqdan çəkinmirlər. Yəni pula görə mənəviyyatını, əxlaqını və mənliyini itirmiş "kişilər" nəyə desən getməyə hazırdır. Elə qadını da bu cür "kişilər" yoldan çıxartmaq istəyib və pul qazanmaq mənbəyinə çevirməyə çalışıblar. Təbii ki, bu cür elanları görən insanlar gərək kimlərinsə yalanlarına uymaya və qazdıqları quyuya düşməyə. Onsuz da bayaq dediyimiz kimi, müxtəlif kələkbazlar nə desən pul üçün eləyərlər. Təki həmin işdən nəsə qazansınlar. Amma bunlar yəni bu çirkin yolla pul qazanmaq istəyənlər bir şeyi başa düşmürlər ki, bu cür dələduzluğun və kələkbazlığın axırı olmur...
   
   ***
   
   Yazımızın əvvəlində böyük Mirzə Cəlilə rəhmət oxumuşduq və həmişə də bu dahi sənətkara rəhmət oxuyacaqlar. Ona görə ki, o zəmanəsinin, dövrünün böyük yazarı olub. Rəhmətlik Mirzə Cəlilin yenə bir yazısı yadıma düşür. Həmin yazının məzmunu belədir ki, toya gələn bibioğlu qohumlarıgildə olarkən soruşur ki, qoumumuz hardadı? Evdəkilər deyirlər ki, türmədə yatır. O da deyir ki, nə türmə, nə zad bu dəqiqə gedib qohumumuzu türmədən buraxdıraram. Həsənağa adlı adam türmənin yaxınlığına gəlir və rəisi axtarmağa başlayır. Türmənin qapısı açıq olduğuna görə, gözətçilərin gözü Həsənağaya sataşır. Onlar Həsənağaya deyir ki, türmədən qaçdığın hələ bir ayıb deyil, ikincisi də durub qapının ağzında kimi gözləyirsən, gəl gir xarabaya. Həsənağa isə qarovulçulara and-aman eləyir ki, ay qardaş, mən türmədən qaçıb- eləməmşəm, qohumum burda yatır, gəlmişəm onu buraxdırmağa. Qaravolçular daha da əsəbləşir və Həsənağanın qolundan yapışıb, türməyə aparırlar və salırlar kameraya.
   
   Xəbər gedib toy sahibinə çatır. O da bir zülümlə gəlib Həsənağanı türmədən buraxdırır və deyir ki, Həsənağa türmədə yatmayıb. Türmədə yatan başqa bir qohumudur. Bu əhvalatı ona görə xatırladıq ki, Sovet dövründə buna oxşar bir hadisə baş verir. Həqiqət adlı bir adamı döyüb türməyə atırlar. Bu səs-küyü eşidən Ədalət onun dalınca gedir. Türmənin rəisinə deyir ki, Həqiqətin heç bir günahı yoxdur, bütün günah məndədir. Onu buraxın, məni tutun. Türmənin də rəisi deyir ki, biz nə səni buraxanıq, nə də onu. Hər ikinizin cəzası çox ağırdır. İstintaqçılar gələr, günahınızın olub-olmamasını müəyyənləşdirər. Çünki bu işə biz yox, müstəntiqlər baxır. Biz sadəcə olaraq, cəza verilmiş adamları burada saxlayırıq. Bir müddətdən sonra onların dalınca Azadlıq adlı qardaşları gəlir. O da hay-küy qaldırır, qışqırır-bağırır və deyir ki, niyə mənim qardaşlarımı - Həqiqəti və Ədaləti türməyə salmısınız?! Sizin buna ixtiyarınız yoxdur. Gərək polis onları tuta, istintaq gedə, məhkəmə hökm çıxara və bundan sonra onlar türməyə gətirilə. Türmənin rəisi yenə diqqətlə ürəyi ağzından çıxan adama baxır və başını bulayır. Deyir ki, sənin də ağzın isti yerdədir. Hələ boynun qoltuqaltı görməyib. Elə bunları yoldan çıxaran sənsən. Onlar sənə baxıb, qışqırıb, bağırırlar. Bunları buraxmağa mənim ixtiyarım yoxdur.
   
   Bir müddət keçir, məhkəmə bəraət verir. Həqiqət, Ədalət və Azadlıq buraxılır. Və üç qardaş qol-boyun olub çıxıb gedirlər. Sonra türmənin rəisi böyük qardaş Azadlığa deyir ki, gördün, mənlik heç bir şey yoxdur, hər şeyi həll eləyən məhkəmədir. Məhkəmə qərar çıxardı, mən də açıb buraxdım. Tay mənim yaxamdan əlini çək və orda-burda məni dilə-dişə salma...

TƏQVİM / ARXİV