adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TƏBƏSSüM RUHUN ÖPüŞüDü

OQTAY SALAMOV
24916 | 2012-04-28 06:42
Haradasa oxuduğum bu cümlə əvvəlcə qəribə gəlmişdi mənə. Bizim cavanlığımızda "Nə qədər yaraşır insana gülmək" nəğməsi vardı. Bilirsiz, onda gülüş vardı, indi təbəssümə də möhtac qalmışıq. Yox, mən nə keçmişin nostaljisini yaşamaq istəyirəm, nə də indiki günümlə keçmişi müqayisə etmək istəyirəm. Sadəcə olaraq onda gülüşə nəğmə qoşduğumuzu, bu gün təbəssümə ehtiyacımız olduğunu fakt kimi nəzərə çatdırıram. Müdriklər deyib ki, "Siz güləndə sizinlə dünya gülümsəyəcək, ağlayanda isə təkcə ağlayacaqsınız". Qəribə təzaddı, hə?...
   
   Həyat daha praktik olub. Praktiklik isə ciddiliyi sevir. Bəlkə sifətlərdə, dodaqlarda təbəssümün olmaması ciddiliyin əlamətidir? Yox, ağlım kəsmir, amerikanları, elə o zəhləm getmiş fransızları heç kim qeyri-ciddi adamlar saymır axı. Onların adamlarını ekranda görəndə gözlərində, üzlərində təbəssüm, hətta gülüş də görünür. Görürsən ki, adamlar həyatlarından ləzzət alırlar, yaşamağın dadını çıxarırlar. Bəs biz, dünyanın ən sürətli inkişafında olan ölkələrin biri olan biz, ölkəmizin nəhəng tikinti sahəsinə bənzədiyi, gəlirlərin və həyat şəratinin yüksəldiyini iddia edən məmləkətimizin adamlarının sifətlərində bu nə qayğıdır ki, əksəriyyət ölüsü düşmüşlər kimi qəm-qüssə içərisindədir? Gülüşün, təbəssümün resepti nədir ki, bizimkilər onu lap firma blanklarında olsa da yazdıra bilmirlər?...
   
   Gün ərzində neçə dəfə gülümsəyirsiniz? İnanmıram ki, kimsə rəqəm söyləyə bilər. Gülümsəməyin keyfiyyəti və miqdarı səbəbdən və adamın özündən asılıdır. Bundan başqa, bu həm də pozitivə cavab reaksiyasıdır ki, o təkcə əhvalı əks etdirmir, həm də onu yaradır. Deməli... Deməli pozitiv yoxdur ki, ona cavab kimi təbəssüm də yoxdur...
   
   Təbəssüm - sözə ehtiyac olmadan, incə hisslərin incə də təzahürüdür. O, insan qəlbinə nüfuz eləyir və həyatda sevinməyə layiq olan hər şeyə işıq, istilik səpir. Deməli, həyatda sevinməyə nəsə qalmayıb? Yox vallah, axtarmaq, tapmaq, olmayanı yaratmaq lazımdır. Təbəssümsüz yaşamağın özü nonsensdir. Bilirəm, səbəbsiz gülümsəyənlərə nə deyərlər, haqqında nələr fikirləşərlər. Doğrudan da səbəbsiz gülümsəmək mürəkkəb görünür. Yaşlılar küt görünməsinlər deyə ciddilik maskası altında gizlənmək istəyirlər. Amma uşaqlar üçün dəxli yoxdur, onlar dünyaya açıqdırlar. Onların heç vecinə də deyil ki, kənardan necə görünürlər. Çünki onların təbəssümündə işıqlı bir səmimiyyət var. Uşaq beyni "Niyə" sualı vermir, ona görə ki, xarici təsir ona vacib deyil. Ona sadəcə olaraq sizə baxmaq kifayətdir ki, sifətinə təbbəssüm yayılsın və özünü sonsuz xoşbəxt hiss eləsin. Onlar alver edə bilmirlər, aldada bilmirlər, təbəssümlərinin nırxı, qiyməti yoxdur. Bu açıq ürəyin daxili hissidir...
   
   Nə deyirsiniz, uşaqlığımıza qayıdaqmı? Bilirəm, çətindi, bu qədər problemlər içərisində hələ uşaqlığa qayıtmaq istəyinin özü də acı təbəssüm yaradar. Sizdən nə gedir ki, onsuz da problemlər öz yerində qalır axı. Bəlkə özünüzü gülümsəmək kimi məmnuniyyətdən imtina etməyəsiniz, hə? Gəlin yoxlayaq! Bax, elə indicə gülümsəyin! Bədəninizin hər hüceyrəsini yaşamağın gözəlliyinə kökləyin, problemlərin hasarın o tərəfində qalmasını təsəvvür edin və gülümsəyin!.. Həyatının işıqlı olduğunu, özünüzün daxilində gizlətdiyiniz təmiz hisslərinizi açın buraxın. Özünüz görəcəksiniz ki, boz günlərinizin rəngi dəyişiləcək, həyat bulağı axacaq!...
   
   Həyat yerində durmur, sürətlə irəli can atır. Ondan stabillik, tarazılıq gözləməyin. Bunu qəbul etmək və özünün məsuliyyətini hiss etmək gərəkdir. Bəzi anlar xoşbəxtlik, bəziləri xoşagəlməzliklər gətirir, amma butun bunlar geridə, arxada qalır. Biz özümüz nə etmək, nə haqda düşünmək, baş verənlərə necə reaksiya vermək, məlumatlara necə münasibət göstərməyi seçirik. Kimin həyatında acılar, itkilər, küsgünlüklər olmayıb ki? Bunlara görə həyatın əyləcini basıb onu tormozlamağın əhəmiyyəti yoxdur. Gəlin öz fikirlərimizi təbəssümlə işıqlandırılmış, istilik və şadlıq yağan seçdiyimiz yola yönəldək.
   
   Bilirsiniz niyə sizə məsləhət verməyə cürət edirəm? Başıma gələnlərdən, müşahidə etdiklərimdən, oxuduqlarımdan belə nəticə çıxarıram:
   
   Təbəssüm sifətlərdə, sətirlərdə minlərlə kilometr səyahət edə və dodaqlarda öz izini buraxa bilər. Təbəssüm, gülüş həmsöhbətlərinizin ürəyini, qəlbini aça bilər.
   
   Elə bir yer varmı ki, onun bir az xeyirxahlığa, istiliyə, işığa ehtiyacı olmasın? Sizin təbəssümünüz çoxsaylı cavab təbəssümləri yarada bilər, ürəkləri isidə, bizim xoşbəxt olmağa layiq olmağımızı xatırladar...
   
   Əslində bir dostuma məktub kimi yazmaq istdiyim bu yazını hamıya, ən azından bu yazını oxuyanlara ünvanlayıram: Hamınıza daha çox müsbət emosiyalar, yaxşı əhval-ruhiyyə və TƏBƏSSÜM arzulayıram.
   
   Tez-tez gülümsəyin, təbəssüm sizə yaraşır!..

TƏQVİM / ARXİV