"Dolu"nun səsi çıxdı...

ETİBAR CƏBRAYILOĞLU
37897 | 2012-04-28 06:42
Yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında çəkilən eyniadlı bədii filmin çəkilişləri tamamlanmaq üzrədi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan filmə olan maraq başa düşüləndi. Oxucular ədəbi ictimaiyyətdə böyük səs-küy yaradan romandakı qəhrəmanları- Komandiri, Katibi, Drakonu, Pələngi... kinoda da görmək istəyir.
   
   "Ədalət" qəzeti filmin hələ ötən ilin yayında start götürən çəkiliş prosesindən geniş reportaj hazırlayıb. "Dolu"da əsas rolları oynayan aktyorlardan ayrı-ayrı vaxtlarda müsahibələr dərc edib. Silsilə müsahibələrimiz film tam hazır olana qədər davam edəcək.
   
   Budəfəki yazımız filmin növbəti bir mərhələsi barədədi. Amma bu barədə bir qədər sonra...
   
   
   
   Filmdən əvvəl
   
   
   
   Xatırlatmaq yerinə düşər ki, "Dolu" bədii filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Elfira Hüseynova, icraçı prodüseri Nadir Əliyev, redaktoru Ramiz Fətəliyev, rejissorları əməkdar artistlər Ənvər Həsənovla Əliqulu Səmədovdu. Xalq artisti Polad Bülbüloğlu da yaradıcı qrupun üzvüdü. Rusiyadakı səfirimiz kimi yox, tanınmış bəstəkar kimi.
   
   Son illərin ən uğurlu ədəbi qəhrəmanlarını filmdə həm tanınmış, həm də kinoda ilk addımlarını atan aktyorlar canlandırır. Məncə adlar çox şey deyir- xalq artisti Fuad Poladov (Katib), əməkdar artist Məmməd Səfa (Komandir), əməkdar artist Fərhad
   
   İsrafilov, əməkdar artist Gülzar Qurbanova (Pələngin anası), əməkdar artist Şamil Süleymanov (Müəllim), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Corc Qafarov (Qeyrət), Vüsal Murtuzəliyev (Jurnalist)...
   
   
   
   Kinostudiyanın bir otağında BMP partlayır, at çapır...
   
   
   
   Yazının əvvəlində qeyd etdiyim kimi, indi "Dolu" filminin növbəti və ən mühüm mərhələlərindən biri tamamlanır. Filmin yaradıcı qrupunun ən fəal üzvlərindən biri-ikinci rejissor və Səhiyyə nazirinin müavini obrazına çəkilən əməkdar artist Əliqulu Səmədov bu mərhələ barədə danışacaq.
   
   Əliqulu bəylə birlikdə "Azərbaycanfilm"in 3-cü qatındakı otaqlardan birinə-kino dili ilə desək, "ton atelye"yə daxil oluruq. İllərini bu binada keçirmiş Əliqulu Səmədov ev sahibi kimi otaqdakıları bizimlə tanış edir: "Səs sexinin müdiri Mehman Nadirov, səs operatoru Bəkir Bəkirzadə və texnik Kamal Məmmədovdu". Otaqda onlardan başqa hərbi geyimli zabit və əsgər, xeyli silah-sursat var. Məlum olur ki, Daxili Qoşunların zabiti və əsgəri işin gedişində yaradıcı qrupa kömək göstərir.
   
   Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların rəhbərliyi Qarabağ savaşından bəhs edən "Dolu"nun çəkilişlərinə elə ilk gündən xüsusi diqqət və qayğı ilə yanaşırlar.
   
   İkinci rejissorun sözlərindən məlum olur ki, filmin sinxron səsləri yazılır: "Filmin montaj işləri artıq başa çatıb, səsləndirməni də tamamlamışıq. "Dolu"da çəkilən aktyorların əksəriyyəti rollarını özləri səsləndiriblər. Düzdü, bir-iki istisna da var. Rza Rzayevin oynadığı Drakonu mərhum sənətkarımız Səməndər Rzayevin oğlu Rəşid Səməndər səsləndirdi.
   
   İndi isə sinxron səslərin yazılmasını başa çatdırmaq üzrəyik. Bu isə film istehsalının ən mühüm mərhələlərindən biridi. Elə filmlər var ki, həmin prosesə cəmi bir neçə gün lazım olur. Amma "Dolu" mürəkkəb filmdi, burada döyüş və kütləvi səhnələr çoxdu. Amma bu da bizi qorxutmur".
   
   Otağın bir küncünə xəzəl döşənib. Təəccübləndiyimizi görən Əliqulu Səmədov izahat verir: "Əsgərlərin meşədə, batalyonun həyətində ayaq səslərini yazmaq üçün istifadə edirik. Ümumiyyətlə, otaqdakı əşyaların hamısı bu və ya digər filmdə köməyimizə gəlir. Dəmir qapı, pəncərə, üçtəkərli uşaq velosipedi... Qapı, pəncərə və təkər səsləri yazarkən bu əşyalardan istifadə olunur". Həmsöhbətimiz otağın bir küncündəki kraxmal kisəsini tapdalayır. Ətrafa tanış səs yayılır. Sanki kimsə qarın üstü ilə addımlayır.
   
   Qısa söhbətdən sonra "Dolu"nun növbəti epizodunun sinxron səsi yazılır. Otağın mərkəzində qoyulan monitorda romandan oxuculara yaxşı tanış olan səhnə...
   
   BMP-ni Pələngin gözü yesə də, onu soyuq tər basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu biratımlıq qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə qoymuşdu. Əlinin arxası ilə alnının tərini sildi, barmağını qoydu tətiyə, dərindən bir nəfəs aldı, BMP-ni götürdü nişana, amma atmadı. Hiss etdi ki, hazır deyil. Yenə də üz- gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə, dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir anlıq dondu və...
   
   ...BMP alovlandı.
   
   BMP-nin vurulduğunu görən Komandir sevinclə bağırdı:
   
   - Drakon BMP-ni vurdu!
   
   Səs operatoru Bəkir Bəkirzadənin "Diqqət! Yazırıq!" komandası eşidilir. Drakonun vurduğu BMP-dən düşüb qaçmağa çalışan erməni əsgərlərinin səsi yazılmalıdır. Mikrofonun önünə qalın bir dəmir parçası gətirilir. Əliqulu Səmədov və səs operatoru Kamal Məmmədov əsgər çəkmələrini geyinib həmin dəmir parçasının üzərində addımlayaraq qışqırmağa başlayırlar.
   
   Filmin direktor müavini Arif Səfərov otaqda baş verənləri diqqətlə izləyir. Gərək hər şey yerli-yerində olsun. Yoxsa...
   
   Məlum olur ki, səs operatoru onların işindən razı qalıb. Əliqulu Səmədov digər incəlikləri anladır: "Mən 1984-cü ildə kinostudiyaya gələndə sinxron səsyazmanın mütəxəssisləri var idi. Onlara baxıb çox şey öyrəndim. O vaxtdan kinostudiyamızda istehsal olunan filmlərin demək olar ki, hamısında sinxron səsyazmada iştirak etmişəm. Bu işlə məşğul olmaq üçün gərək fiziki durumun yüksək ola, rahat nəfəs ala biləsən. İndiki mikrofonlar səsə çox həssasdı. Əlavə səs düşməsin deyə bəzən üst geyimlərini də çıxarmalı olursan. Ritmikanı bilmək və diqqətli olmaq da çox vacibdi. Filmlərdə tamaşaçıların gördüyü atların çapmasının, dəvələrin ləngər vura-vura yerişinin sinxron səslərini yaza bilirəm. Yayda bu otaq isti, qışda isə soyuq olur. Hələ mən tozu-torpağı demirəm. Əvvəllər kinoplyonka olanda bu səsləri üç aktyor- Eldəniz Rəsulov, Zilli Namazov və mən yazırdıq. Amma müasir texnikanın imkanlarından yararlanıb təkcə bir nəfərin də səsi ilə yazmaq olur".
   
   Əliqulu Səmədov bir problemi qeyd edir: "Təəssüf ki, indi bu sahə ilə məşğul olmaq istəyən yoxdu. Gəncləri dəfələrlə dəvət edirəm, deyirəm ki, baxıb öyrənin. Bir-iki dəfə baxandan sonra çıxıb gedirlər. Pul az, çətinlik isə çox olduğundan heç kim gəlmək istəmir. Heç bilmirəm 10-15 ildən sonra necə olacaq. Sinxron səs yazmaq lazım olanda kimi tapacaqlar..."
   
   Əliqulu bəy nə qədər gileylənsə də, qısa fasilədən sonra növbəti epizodun sinxron səsini yazmaq üçün mikrofonun önünə keçir. Daha bir neçə gündən sonra "Dolu"nun bu mərhələsi də başa çatacaq. Film üzərində son işlər aparılır.
   
   Kinoteatrlarda "Dolu"nun başlamasına az qalıb.

TƏQVİM / ARXİV