adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Paulo Koelyonun sirləri

20772 | 2012-04-25 10:47
Bu gün milyonlarla oxucusu olan, kitabları əldən-ələ gəzən Koelyonun böyük yazıçı olmaq üçün cadu etdirdiyini bilirdinizmi? Yəqin ki, yox. Amma bu tam dəqiq məlumatdır Koelyo məşhur olmaq üçün həm cadu etdirib, həm də şeytanla müqavilə bağlayıb. Bütün bu hadisələr, illər öncə baş verib. Yəni artıq Koelyo dahi kimi qəbul olunur və onun cadu etdirməyə, şeytanla müqavilə bağlamağa ehtiyacı yoxdur.
   
   Koelyonun həyatından bəhs edən "Bir döyüşçünün həyatı" adlı bioqrafiyanı qələmə alan Fernando Morais belə deyir: "Bu kitabın içində hər şey varg Seks, şiddət, narkotik, az da olsa homoseksualizm, rok və satanizm..."
   
   "Kimyagər", "Veronika ölmək istəyir", "Portobello cadugəri" və "Əlif" kimi əsərlərin müəllifinin qaranlıq və dəhşətli həyat hekayəsi ilə yaxından tanış olaq.
   
   
   
   Həyatı əsərlərindən daha maraqlı olan Koelyo...
   
   
   
   Məncə Paulo Koelyonun əsərlərindən daha maraqlı, daha qəribə həyat tarixçəsi var.
   
   Gənclik illərinin bir hissəsi Rio de Janeyroda psixiatriya xəstəxanalarından birində keçsə də, güclü sakitləşdiricilər və elektroşok müalicəsi ruhundakı fırtınanı azaltmaq yerinə, daha da şiddətləndirmişdi. O psixoloji problemlərdən əziyyət çəkirdi.
   
   Psixiatrik xəstəxanadan çıxdıqdan sonra jurnalistikayla məşğul olub. Daha sonra musiqiçi Raul Seixasla tanış olub və birlikdə populyar mahnılara imza atıblar. Koelyo mahnılar yazır, Raul isə oxuyurmuş. Bu qədər qarmaqarışıq həyat yaşayan, Koelyo bir müddət də davamlı olaraq narkotikdən istifadə edir.
   
   Jurnalistika ilə məşğul olduğu illərdə yalan xəbərlər, dezinformasiyalar yazır, oxucuları aldatmaqla məşğul olur. Məsələn, Con Lennonun evindən reportaj hazırlamaq üçün getdiyi günü xəbərdə belə yazıb: "Lennon əvvəl könülsüz idi, amma kim olduğumu başa düşən kimi, məni içəri dəvət etdi və saatlarla söhbət etdik. Yola salanda isə, qapıya qədər də məni ötürdü". Həqiqət isə belə yazılmalı idi: "Sərt baxışlı qapıçı o gün məni qapıdan içəri buraxmamışdı".
   
   
   
   "Bir döyüşçünün həyatı",yoxsa "Cadugər"?
   
   
   
   Məncə bu məlumatlar o qədər də qəribə deyil. Bir çox yazıçılar narkotik də istifadə edib, yalan da danışıb, bəlkə falçı yanına da gedib. Amma Koelyonun bir müddət öncə çap olunan bioqrafiyası, braziliyalı yazıçının çox qaranlıq və vəhşi həyatını açıq-aydın göz önünə sərir. Təbii ki, çox maraqlıdır, əsl adı "Cadugər" olan kitabı nə üçün türkcədə "Bir döyüşçünün həyatı" olaraq tərcümə ediblər?
   
   Məncə, kitabın türk naşiri, yazıçının çox əcaib, bir az da qorxulu həyat hekayəsinə mötəbərlik qazandırmaq istəyib. Hər halda bu cəhd o qədər də əhəmiyyətli deyil. Koelyo, dünyanı təəccübləndirməyi bacarıb.
   
   Fernando Morais, "Bir döyüşçünün həyatı"nı ("Cadugər"i) yazmaq üçün üç il Paulo Koelyonun icazəsini gözləmiş, öz diliylə desək, "həyatını didik-didik etmiş, xüsusi əlaqələrini geniş araşdırıb, vəsiyyətini oxuyub, dərmanlarını öyrənib, ciblərini axtarıb və eşq macəralarının meyvəsi ola biləcəyini düşündüyü uşaqlarını axtarıb". Ən önəmlisi, Koelyonun qırx ildir yazdığı qeydləri araşdırıb. Və yazarın altmış illik həyatına sığdırdıqlarını bir anın parçaları kimi birləşdirərək onun kitablarının hamısından daha təsirli bir iş ortaya çıxarıb. Mənə elə gəlir ki, Koelyonun həyatı daha maraqlıdır.
   
   
   
   Cadu etdirən Koelyo
   
   
   
   Morais hissələrinin çoxu Koelyonun köhnə sevgililərinin adını daşıyan kitabı belə izah edir: "Bu kitabın içində hər şey var... Seks, şiddət, narkotik, az da olsa homoseksualizm, rok və satanizm..." Necə, satanizm? Necə yəni? Sülhməramlı, Paulo Koelyo ilə satanizmin nə əlaqəsi ola bilər? Ancaq var imiş. Koelyonun 200 cildlik gündəliklərini oxuyub onunla söhbət edib 100 kaset dolduran Moraisin gəldiyi nəticə: Paulo Koelyo bir zamanlar satanist imiş. İllərlə cadu etmiş, hətta heyvan qurban edərək ovsunlar edən, bu şəkildə dünyanı dəyişdirməyi qarşısına məqsəd qoyaraq şeytanın məbədinə gedirmiş. Sadəcə, məbədə getməyib, həm də şeytanın sadiq müridi olub. Ən böyük arzusunun reallaşması üçün, yəni böyük bir yazar ola bilmək üçün ruhunu şeytana satmağı belə sınayıb. Sınayıb deyirəm, bəlkə də bacarıb. Nəhayət ki, o artıq çox zəngin və məşhur bir yazıçıdır. Ancaq bu da mümkün variantdır.
   
   
   
   Şeytanla müqavilə
   
   
   
   Amma deyilənə görə, Koelyo çoxlu faciələr yaşadığı üçün qorxub, şeytanla müqaviləsini pozub.
   
   Morais yazır ki, Roman Polanskinin hamilə arvadı Şaron Dadası və rəfiqələrini qətlə yetirən Çarlz Mensonun ömür boyu həbs edilməsi haqqında gündəliyinə "İnsanlar Mensonu anlamadıqları üçün çarmıxa çəkirlər" deyə yazıbmış. Bu gün şirin təbəssümüylə mistikadan, müqəddəs şeylərdən danışan Paulo Koelyonun bu cür iyrənc keçmişi olub.
   
   Ən qəribəsi budur ki, oxucuları yazıçının gündəliklərini bioqrafiyadakı seçmələrdən kənarda heç zaman oxuya bilməyəcək. Çünki yazıçı ölərsə bunların yandırılmasını vəsiyyət edib.
   
   
   
   Camaatın içində lüt gəzmək
   
   
   
   Bioqrafiyaçısı Morais, Koelyonun cinsi təcrübələrinin də çox dəhşətli olduğunu söyləyir. Bunların çoxu kitabda yoxdur. Məsələn, yazıçı gündəliklərindən birində, hələ yetkinlik vaxtında qız dostuyla onun yaşlı və iflic qohumunun gözləri qarşısında necə sekslə məşğul olduqlarını yazır.
   
   Kitabdan öyrəndiyimizə görə yazıçının gəncliyində insanlar arasında çılpaq gəzmək kimi iyrənc vərdişi var imiş.
   
   Bütün qəribəliklərinə, iyrəncliklərinə baxmayaraq Koelyo dünyanın ən çox oxunan müəlliflərindəndir. Mənə elə gəlir ki, oxucular Koelyonun həyatını araşdırmağa vaxt ayırmaqdansa, kitablarını oxusular daha yaxşı olar.

TƏQVİM / ARXİV