adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Belə toydansa yas olsun!

FƏRHAD ŞABANOV
27860 | 2012-04-21 07:49
Keçən günlərin birində youtube internet saytında Azərbaycanla bağlı videolara baxırdım. Necə oldusa "Toy Olsun" proqramının videolarına gəldim çıxdım. Ümumiyyətlə internetdən istifadə edənlər bilir, tamam fərqli mövzudan tamam başqa yerə apara bilir bu youtube deyilən şey. Nə isə. Azərbaycanlı olduğum üçün həm utandım, həm də yerin dibinə girdim. Bu hisslər bir-biri ilə əlaqəli şeylərdi əslində, bilirəm. Ancaq o səviyyəsiz, düşük videolar məni elə günə qoydu ki, bütün duyğularım qarışdı. Həmin anda Rəqsanəni Kleopatra sandım bir anlıq. Vəziyyətin vəhamətini anladınız yəqin ki.
   
   Bu insanlar nə düşünür axı. Mən bilən televiziyada cəmiyyətin qaymaq təbəqəsinin nümayəndələri olmalıdır. Ağzının danışığını bilməyən, iki-üç sözü dalbadal düzüb cümlə qura bilməyən insanlar gəlib orda söhbət edir, Azərbaycan xalqı da oturub evində bunlara baxır. Bu faciədi. Bu xalqımızın səviyyəsini göstərmir, bununla razı deyiləm. Çünki xalqın səviyyəsini təyin edən, onu formalaşdıran ən birinci amillərdən biri elə kütləvi informasiya vasitələridir. Siz xalq üçün nə hazırlayırsınız, qabağına nə qoyursunuzsa xalq da onu qəbul edir və onunla formalaşır. Bunu oxuyan ziyalı ailələrində yetişmiş bəzi oxucular bunu qəbul etməyəcək ki, bəs mən niyə baxmıram o proqramlara.
   
   Əzizim, sən baxmırsan, çünki sən başqa cür tərbiyə olunmusan, sənin bünövrəni başqa cür qoyublar. Ancaq dünyadan xəbəri olmayan siravi vətəndaşlar var. Bunlar xalqın əksəriyyətini təşkil edir. Bunlar ağ kağız kimidir. Üstünə nə yazsan, o qalacaq onlara. Onların ağ kağızına "Toy Olsun" yazılmamalıdır. Onlar su kimidir, töküldüyü qabın formasını alır. Onların "Toy Olsun" qabına tökülməsinə izin verməməliyik. Nə bilim, gəlin kampaniyalar, aksiyalar təşkil edək. Gənclərimiz min dənə boş-boş işlə məşğuldur, hansı ki, nə özlərinə xeyri var, nə başqasına.
   
   Bu proqramların hazırlanmasında "əməyi" keçən insanlar var. Bunu xalqa çatdıran "insanlar" var. Bunlar görəsən nə düşünür? Öz uşaqlarını necə tərbiyə edir bu insanlar? Xalqa belə travmalar yaşatdıqları üçün bir qram da olsa vicdan əzabı çəkirlərmi? Gecələr yatanda başlarını yastığa qoyanda hansı fikirlər keçir beynindən? Bu çörəkpulu qazanmaq deyil, bu iş deyil, bu insanlıq deyil.
   
   Ora yazıq insanlar gəlir, həyatda evlənmək şansı, sevgi tapmaq şansı olmayan insanlar. Ancaq həmin insanların yeri televiziya deyil axı. Niyə həmin insanlar məşğul etməlidir xalqımızın ekranını.
   
   Səhv etmirəmsə bu işlərlə məşğul olan dövlət qürumu Milli Televiziya və Radio Şurasıdı. Gəlin birləşək, sözümüzü hara lazımdı çatdıraq.
   
   Səlahiyyətli dövlət qürumlarını hərəkətə keçirək. Daha çox batmadan. Bataqlıqda boğulub yox olmadan. Sonra çox gec olacaq. Cəmiyyətin bütün ziyalıları köçüb başqa ölkələrə gedəcək, Azərbaycan qalacaq bu səviyyəsiz toyçuların əlində. Biri həyatda ilk dəfə bir-birini görən insanları evləndirəcək, biri də toy kralı olaraq gəlib məclisi əyləndirəcək.
   
   "Eurovision"-un olmağı Azərbaycan üçün yaxşı haldır. Yeni taksi sisteminə keçilməsi yaxşı haldır. İnkişaf etmək, müasirləşmək təqdirə layiq haldır. Hündür binalar və işıqlı küçələr çox gözəldir. Ancaq o hündür binalardakı evlərdə "Toy Olsun"a baxacağıqsa, elə daxmalarda şam işığı ilə yaşasaq yaxşıdı.

TƏQVİM / ARXİV