adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DAğILAN DüNYALAR

VƏSİLƏ USUBOVA
28669 | 2012-04-21 07:49
Görəsən, ev tikmək ilk dəfə kimin ağlına gəlib?! Özü məlum olmasa da, məqsədi məlumdu: Qorunmaq! Nədən, kimdən?! Elə ağlına gələn hər şeydən-sağından, solundan, arxadan, qabaqdan, istidən, soyuqdan, öz həmcinsindəng Və... bir də göylərdən. Qəribədi, bütün istəklərini, diləklərini göylərdən uman insanın ən böyük qorxusu da elə başının üstündən olub əzəldən. Fəlakətlərin çoxunu oradan gözləyib. Bir gün göylərdən daş yağacağı da ağlına gəlib. "Başımın üstündə bir damım olsun", deyib. Tək özünü deyil, ömrünü paylaşacaq qadını da (deyəsən, bunu da mən uydurdum), dünyaya gələcək balalarını da düşünüb... Yağışından, qarından, dolusundan, şimşəyindən qorxub göylərin. Yuxarıda ona göz qoyulduğuna, hər nəfəsinin, hər addımının hesabı getdiyinə inanıb. Nə zamansa cəzalanacağından ehtiyatlanıb. Əbədi bir qorxu gəzdirib canında. Bir gün olmamaq qorxusunu...
   
   ***
   
   Bəs, bu binanın neçə yaşı olar?! Altmış, yetmiş, yoxsa, səksən? Bir zaman yəqin ki, şəhərə gözəllik verirdi, ən müasir, ən yaraşıqlı sayılırdı. Bu gün şəhərin görkəmini pozur, köhnəlik ovqatı yaradır. Zaman öz sürətini, yeniləşməsini bununla gözə soxur: dünənki təzələr bu günün köhnələridi...
   
   SSRİ-nin dağılmasından iyirmi ildən artıq vaxt keçir. Heç nə birdən-birə yox olub getmir, canlının da, cansızın da yaddaşında uzun müddət özünü yaşada bilir. O imperiyanın ruhu da bu binanın divarlarında hopub qalmışdı. Sonralar orada nə qədər idarə, təşkilat yerləşsə də, elə hamı "raykomun binası" deyirdi bura. Bəziləri deyir, nahaq sökürlər, hələ çox da köhnəlməmişdi, bir az əl gəzdirərdilər, qurtarıb gedərdi. Yox! İçdən, çöldən nə qədər bəzəsəydilər də, adamların gözündə dəyişdirə bilməyəcəkdilər. Keçmişi unutmaqçün çox zaman şahidləri yox edirlər. İstər canlı, istərsə də, cansız şahidləri...
   
   Biz məktəbli olanda, lap elə yetmişinci illərin sonuna kimi rayon partiya komitəsi, komsomol komitəsi bu binada yerləşirdi. Doqquzuncu sinifdə oxuyanda bizi məktəbdən yığıb bura gətirdilər, komsomol sıralarına qəbul etdilər. O gün nə qədər sevindiyimizi indi təsvir edə bilmərəm. Sonra... Redaksiyada komsomol təşkilatı katibi işləyəndə hər ayın sonunda üzvlük haqlarını gətirirdim. Həmin adamların bəziləri artıq həyatda yoxdu. Qalanları da qocalıblar... Hə... o zaman mənə burada işləməyi də təklif eləmişdilər. Cavabım hazır idi: öz sənətimdən ayrılmaram. Amma arada tərəddüd elədim; bəlkə...Bir gün redaksiyanın qarşısında raykomun siyasi maarif kabinetinin müdiri işləyən xanımla rastlaşanda onunla məsləhətləşmək keçdi ağlımdan. Xanım vaxtilə bizim kənd məktəbində müəllimə işləmişdi. Yerli sayılırdıq. Məsələni bilən kimi qəti etiraz elədi: "Ailə qurmayınca, oğul-uşaq sahibi olmayınca heç bir vəzifə barədə düşünmə!"
   
   Və mənə bir əhvalat danışdı...
   
   - Komsomolda təzə işə girmişdim. Bir gün qoca, düşkün bir qarının güc-bəla ilə pilləkəni qalxmaq istədiyini görüb qoluna girdim. Dönüb üzümə baxdı. "Burada işləyirsən, qızım?" "Hə" deyən kimi sifətini kədər qarışıq təəssüf bürüdü. Məni görürsən, dedi, ömrümün düz qırx ilini partiya-sovet işinə həsr eləmişəm. Nə əməlli-başlı ev-eşik, nə də ailə-uşaq barədə fikirləşmişəm. İndi yaşadığım daxma üstümə uçur, əlli yerdən damır. Neçə dəfə gəlib-getmişəm. Elə bil məni tanımırlar. Bax mənə, özünçün dərs götür... Amma mən dərs götürə bilmədim. Görünür, qismət deyilən şey də var...
   
   Həmin söhbətdən sonra o təklifi bir də xatırlamadım...
   
   ***
   
   Pəncərədən sökülən binaya baxıram. Bu dağıdılan adi bina deyil, orta insan ömrü qədər yaşayan imperiyanın simvoludu. Pilləkənləri yadımda qalıb. Adama elə gəlirdi ki, bu bina heç vaxt qızmır, sürüşkən pillələri kimi yayın istisində də bumbuz olur.
   
   
   
   Bəşərin vicdanı, eşqi, ürəyi,
   
   Zehni, düşüncəsi, fikri, diləyi,
   
   Bütün yer üzünün xoş gələcəyi,
   
   Hər zövqü, səfası partiyamızdır!
   
   
   
   Bu şeiri də sevirdim, Qara Qarayevin kantatasını da, bəşəriyyətin xoş gələcəyinin Sovet vətənimdən asılı olduğuna da inanırdım. Ancaq...arada qulağıma auditoriyadan bir səs də gəlirdi: "Uşaqlar, mən sizə kağız üzərindəki sosializmdən danışıram..."
   
   Hər halda kağız üzərində qalmayan işləri də vardı sosializmin...
   
   Bu sökülən bina nə üçünsə ən çox orada işləmiş qadınları xatırladır mənə...Burada ömrünü-gününü çürüdənləri... Əksəriyyəti ailə qura bilmədi. Yuxarıda yerləri olmadı, aşağıda da özləri oturmadılar. Əslində, elə bir ciddi fərq də yoxdu. Ailəsi, oğul-uşağı olanların başına tac qoymurlar. Fikir vermişəm, qocalıb əldən düşəndə çoxuna ən adi hörməti də göstərmirlər. Öləndə də qəbirlərinin üstündə çıraq yandırmayacaqlar... Tənhalar cəmiyyət və fərdlər tərəfindən unudulmaqlarından gileylidirlər. Bəlkə bu həyatın yazılmamış qanunudu elə. Unudulmaq hamımızın nəsibidi. Ərlinin də, ərsizin də, sonlunun da, sonsuzun da...Tez-tez xatırladığım bir dialoq var:
   
   -Unudulan qadın budu?
   
   -Unudulmayan qadın budu!...
   
   O boyda sərkərdə necə də yalan deyir. Lap elə özü boyda yalan. Elə unutmuşdun ki,...Bir kövrək qəlbdə qurulan yuvanın nə gücü ola bilər şöhrət, səlahiyyət olan yerdə?!...
   
   ***
   
   Onlar heç olmasa, yetmiş yaşdan sonra da işləyə bildilər. İndikiləri qırx yaşından buynuzlayırlar. Şou-biznes "zövqü" digər sahələri də ələ alıb. O gün bir bəstəkarımız "Eurovision" gündəliyində (İTV) deyir ki, səhnə gözəllik və gənclik sevir. Razı deyiləm! Sənət təkcə gözlərimizçün deyil, həm də qəlbimiz, ruhumuz üçündü. Məndən ötrü Alim Qasımovun neçə yaşında olmasının qətiyyən əhəmiyyəti yoxdu.
   
   Paqanini haqqında eşitməyən az adam tapılar. Deyilənə görə, böyük skripkaçı çox çirkin imiş. Ancaq çalanda ən gözəl xanımlar belə ona valeh olurmuşlar...
   
   Bir də ki,... başqa işlərimiz kimi, bu yaş və görkəm məsələsi də hamı üçün deyil...
   
   ***
   
   Bina kor gözləriynən (pəncərələrini söküblər) gəlib-gedənə baxır. Tamam yox olandan sonra buraların havası da saflaşacaq. Otaqlarında, iclas salonunda nahaqdan, səbəbsiz, çox zaman düz işinə, təmizliyinə görə danlananların ruhu dolaşır hələ. Bu binanın sökülməsinə qətiyyən təəssüflənmirəm. Bir karton qutu qədər heyfsiləndirmir məni...
   
   Pəncərəmin ağzında nə çox adam var?! Əksəri də qadındı. Yaşlıları bizim qadınlar kimi geyiniblər. Hələ qara-qura İran yaylığı örtənləri də var. Azərbaycanca danışırlar. Cavanların saçının, qaş-gözünün rəngi bizimdi, ancaq cizgiləri onların. Bunlar da rusca danışırlar. Yaşlılar gəlinlərimizdi, cavanlar da övladlarımız. Yaxşı ki, Tanrı hər millətin üz cizgilərini fərqli yaradıb. Yağla su kimi bir-birlərinə qarışmırlar. Siyasət bu işlərə burnunu soxa bilmir...
   
   Aman Allah, bu qadın mən onu tanıyandan bəri hələ də saçlarının nə rəngini, nə də düzümünü dəyişməyib. Yuliya Timoşenkonu xatırladır. Amma bununku hörük deyil. Heç özü də Yuliya kimi zərif görünmür, onun kobud variantıdı. Qocalıb. Yanındakı da, deyəsən, kişisidi. Özündən xeyli cavan görünür...
   
   İndi başa düşdüm. Bu gün Pasxa bayramı imiş... Təbiətdəki dəyişikliyi hər millət öz bildiyi kimi qarşılayır. Elə cəmiyyətdəkini də...
   
   Heç biri sökülən binaya gözünün ucuynan da baxmır...
   
   ***
   
   Onu bizimkilər tikmişdilər. Alınlarının təri quma, sementə qarışa-qarışa, balta, çəkic əllərini əzə-əzə... Bəlkə də indicə sökdüyü taxtanı pəncərədən aşağı tullayan oğlanın atası, ya babası da işləyib burda...
   
   Yaxşı ki, hamı hissə qapılmağı bacarmır...
   
   ***
   
   Nə qarışıq həftə oldu bu?!...Hər şey dağıntını, söküntünü, itkini xatırladır. Hələ "Titanik"in sularda qərq olmasının da yüz illiyidi...Deyirlər, onun faciəsinə fironların qarğışı səbəb olub. Deyəsən, axı, bu dünyada heç nə səbəbsiz baş vermir. İmperiyalar çökür, yadigarları dağıdılır, bir insan ömrü isə hər şeyi izləməyə kifayət eləmir. Bizlərə unutmaq və xatırlamaq qalır...
   
   P.S. Bu gün binanı tamam söküb qurtardılar. Küçə xeyli açıqlandı. İndi idarəmiz daha möhtəşəm görünür.
   
   Məni qınamayın, elə bil qəlbimdə də nəsə bir dəfəlik uçulub dağıldı...

TƏQVİM / ARXİV