adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏYAT, SƏN KiMiNSƏN...

OQTAY SALAMOV
75471 | 2012-04-21 07:49
Axan çaylar, sən kiminsən?
   
   - Mənə körpü salanın!
   
   Doğan günəş, sən kiminsən?
   
   - Məndən işıq alanın!
   
   Sonsuz fəza, sən kiminsən?
   
   - Mənə qanad çalanın!
   
   Həyat, söylə, sən kiminsən?
   
   - Mən həyatı öyrənənin, bacaranın, alanın!
   
   
   
   Cəfər Cabbarlı
   
   
   
   Mən həyatı öyrənənin, bacaranın, alanın... Nədir həyat? İzah edə bilmirəm, təyinat verə bilmirəm, həyatın nə olduğunu bilmirəm. Deməli, həyat, mənim deyilsən...
   
    İnsan orta hesabla 80 il yaşayır. İndiki zamanədə ondan da az. Qətiyyən sinonim olmayan "yaşamaq" və "həyat" bəzən üst-üstə düşə də bilir. Həyat "döğuldu" və "öldü" arasında intervaldır? Başdaşında doğulma və ölmə tarixlərini oxuyursan. Bəs bu tarixlər arasındakı tire nədir? Yəni, elə bu tire yaşanmış ömürdür?
   
   Mikayıl Müşfiq 29 il yaşadı, Səməndər Rzayev 41 il yaşadı... Bu çoxdu, yoxsa az? Birdən başa düşürsən ki, Müşfiq özünün 29 yaşında, Səməndər 41 yaşında kiminsə 200 yaşında yaşayacağı qədər yaşayıb. Ya da Çon Lennon... Cəmi 40 il... "Cəmi" yoxsa "Tam"?..
   
   Bəzən qarşısında adamların yığışdığı kabinetlərin bu tərəfində və o tərəfində olanları xatırlayıram. Kabinet sahibi cəhənnəm, siz qapının qarşısında bu zatın qəbuluna düşməyə çalışanlara baxın- gombul, boyunları arxaları kimi enli, qırmızı sifətlər... həyəcanlanırlar, tərləmiş boyunlarını silirlər. Qoltuqlarının altında qovluqlar... Nədir bu qovluqlarda? "Doğuldu" və "Öldü" arasındakı tire? Onlara baxırsan və başa düşmək istəyirsən ki, bəs onlar evlərinə gedəndə neynəyirlər? Onlar evdə necə gəzirlər, arvadları ilə necə danışırlar? Nədən danışırlar? Süd sağımından?.. Tutaq ki, bu adam 90 il yaşayır, kimsə deyəcək ki, o XOŞBƏXTDİR? Axı, bu qədər yaşayıb! Bəs bunu HƏYAT saymaq olarmı? Vaxtı gələndə qəbirə gedəndən sonra... Görəsən kimsə xatırlayacaq ki, onun "papka"sında nə vardı?..
   
   Həyat haqda düşünəndə qəribə bir fəlsəfəyə gəlmişəm: Həyat- bu, insan həyatında baş verən rəngarəng, təkrarolunmaz və müxtəlif hadisələrin zaman vahidində baş verməsidir. Budur, iki qab durub. Biri yarımlitrlik, digəri litrlik bankadır. Yarımlitrlik banka siləbəsilə doludur. Üçlitrlik bankada 100 qram. Bizim üçün nə qiymətlidir: bankanın həcmi, yoxsa onun içərisinə doldurulmuşun keyfiyyəti?
   
   Həyat var, böyük hərflə yazılır-HƏYAT. Bir də var, boz, nəzərəçarpmayan, elə-belə, sadəcə bədənində maddələr mübadiləsi gedir, elə bu? Bəzi anketlərdə yazılan kimi - "olmayıb", "iştirak etməyib", "cəlb edilməyib"... Bəs onda niyə yaşayıb ki?
   
   "7 oğul istərəm" filmini xatırlayırsınız? Mən bu filmin keyfiyyəti haqda danışmaq istəmirəm, istəyirəm müşahidə elədiyim bir məqamı bölüşüm. Həmişə məndə elə bir təəssürat yaranır ki, film üç saat davam edir. Amma o saatyarımlıqdır axı... Bu rejissor tryukudur. Ya da hamımızın "sevimli" telereklamları. Adətən onlar iki dəqiqə gedir, amma adama elə gəlir ki, 5-10 dəqiqədir. Hər iki halda hadisələrin dolğunluğu özünü göstərir. Qoy hadisələr qısa olsun, amma onların çoxluğu, maraqlı olması, rəngarəngliyi tamaşaçıda filmin uzun olması təsəvvürü yaradır. Bizim də həyatımız belədir...
   
   Ölüm o vaxt dəhşətli olur ki, o yaxana qonanda həyatında lazım olan, gərəkli bir iş görmədiyini xatırlayasan. Dünyasını dəyişən kimi sənin həyatın, boş keçirdiyin günlər, illər, bir sözlə, sən haqda heç kimin yadına da düşməyəcəksən. Ən yaxşı halda, uşaqların bir müddət yada salarlar...
   
   "Doğuldu" və "Öldü" arasında xətti darıxdırıcılıq, üzüntü doldurur.
   
   Bəzən oturursan və ətrafında baş verənlərə baxırsan. Sonra da kədərlə adamların "satdım", "tutdum", "yatdım", "atdım" sözlərini nə qədər söylədiklərinin şahidi olursan. Əgər bu adamların öz baxıcıları olsaydı, yəqin ki, çox qazanardılar. Çünki heç vaxt falları səhv çıxmazdı. Onlar çox rahatlıqla müştərilərinin bir, iki, on il sonra nə ilə məşğul olacaqlarını deyə bilərlər. Nə olacaq? Heç nə olmayacaq. İndi nə varsa, onda da o olacaq. Sanki adam çox illər yaşayıb, amma elə bil yaşamayıb. Elə bil zaman dayanıb...
   
   Bax, bu dəhşətlidir...

TƏQVİM / ARXİV