ÖLüMüN ALNINA ADINI YAZDIN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
31391 | 2012-04-20 11:47
(əvvəli ötən sayımızda)
   
   
   
   - Adım Qiyasdı. Elşadla bir sinifdə oxumuşuq. Sinifimizdə 27 nəfər idik. İçimizin ən təmkinlisi, amma son dərəcə də qapalısı məhz Elşad idi. Ondan nəyi soruşurduqsa cavabını bilirdi. Ancaq soruşmadığımız məsələyə heç vaxt bizi qatmazdı. Təmkinlə, çox ağır-ağır münasibət bildirirdi hər şeyə. Uşaqlıqdan canında bir ağsaqqallıq, bir böyüklük var idi. Təsəvvür edin ki, biz orta məktəbi Zəngilandakı 1 saylı məktəbdə bitirmişik, özü də 1989-cu ildə. Qarabağ hadisələrinin artıq Azərbaycanı bürüdüyü bir vaxtda. Təsəvvür edin ki, o, ali məktəbə qəbul olunsa da, tətil vaxtlarında, bəzən də müəyyən fasilələr olanda Zəngilana gəlib könüllü dəstədə döyüşürdü. Heç kim onu buna cəlb etmirdi, çağırmırdı, o özü gəlirdi. Bizimlə səngərdə dayanır, düşmənə aman vermirdi. İndi də inana bilmirəm ki, odun-alovun içindən keçən, ali məktəbi uğurla başa vuran Elşad şəhid olubdu. Mən bu xəbəri eşidəndə inanmadım. Öncə mənə elə gəldi ki, onu kimsə Bakıda uzaqdan atıbdı. Sonra televiziyada rəsmi xəbəri eşitdim, dünya başıma fırlandı. Özüm II qrup Qarabağ müharibəsi əliliyəm, müharibənin nə olduğunu bilirəm. Elşadın həyatı, qəhrəmanlığı canlı bir nümunədir, danışmaqla qurtarası deyil. Tez-tez zəngləşirdik. İstirahət günlərində vaxt tapan kimi görüşürdük. Uşaqlığımızdan, məktəb illərimizdən, könüllü müdafiə dəstəmizdən, Zəngilan şəhidlərimizdən, ailəmizdən Azərbaycanın bütövlüyündən, arzularımızdan danışardıq. İnanın ki, onun bir dəfə də olsun öz işindən, çalışdığı idarədən nə isə dediyini eşitməmişəm. Ha dolayısı ilə suallar vermişəm, artıq hamının bildiyi əməliyyatlar barəsində soruşmuşam, bircə kəlmə deyib:
   
   - Mən də sizin televiziyadan eşitdiklərinizi bilirəm.
   
   Kövrələ-kövrələ danışan Qiyas sonda onu da bildirdi ki, Elşad bütöv oğlan idi, bütöv kişi idi. O cür oğullar yalnız vətənə, millətə şərəfdilər. Ruhu qarşısında baş əyməklə demək istəyirəm ki, onunla bir sinifdə oxuduğuma görə, dost olduğuma görə, onun soydaşı olduğuma görə fəxr edirəm.
   
   
   
   Qısa arayış
   
   
   
   Polkovnik-leytenant Quliyev Elşad Vəli oğlu 19 dekabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdu. 1989-cu ildə Zəngilan rayon 1 saylı orta məktəbi bitirdikdən sonra müstəqil əmək fəaliyyətinə başlamış, 1992-ci ilin fevral ayınadək Azərbaycan Respublikasının Elmlər Akademiyasının "Kristall" şöbəsinin "Soba" koperativində texnoloq vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Teniki Universitetinə daxil olmuş və 1995-ci ildə həmin universitetin energetika fakültəsini bitirmişdir. İdmanın ağır atletika və kik-boks növü ilə məşğul olmuşdur. 1995-ci ilin dekabr ayından MTN həqiqi hərbi xidmətə qəbul edilərək xüsusi əməliyyat idarəsinin əməliyyat tədbirləri şöbəsinə əməliyyat əməkdaşı vəzifəsinə təyin olunmuş, 1998-2010-cu illər ərzində baş zabit, bölmə və şöbə rəisi vəzifələrində xidmət etmişdir. MTN tərəfindən keçirilən əməliyyatlar tədbirlərində fəal iştirak etdiyi üçün "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. 2012-ci ilin aprel ayının 6-da Xüsusi Əməliyyatlar Baş İdarəsi tərəfindən keçirilmiş tədbir zamanı həlak olmuşdur.
   
   Bu, qısa, rəsmi bir arayışdır. Amma əslində bu həm də Elşadın ömür yolunun müəyyən məqamlarıdır. O yolun ki, Elşad bunu özü seçmişdi və bu yolun dolanbaclarından da, çətinliklərindən də onu addımbaaddım izləyən təhlükələrindən də əvvəlcədən xəbərdar idi. Çünki onu bu işə qəbul edəndə artıq məlumatlandırmışdılar. Düşünməsi üçün vaxt da vermişdilər və o da çəkdirdiyi şəklin bir nüsxəsini anası Kəsirə xanıma göstərib yenə də özünəməxsus şəkildə demişdi:
   
   - Ana, bu şəkili yaxşı saxla.
   
   İndi üzbəüz oturduğum həkim-genekoloq Kəsirə Əhəd qızı Ələkbərova dərin bir hüzn içərisində güclə eşidəcəyim bir səslə dillənir:
   
   - Mən Bakıda doğulmuşam. Ailə qurandan sonra Zəngilana köçdük. Vəlinin doğulduğu rayonda onunla çiyin-çiyinə işləməyə başladım. Şəhərdən gəldiyim üçün burda mənə "Qərib qız" deyirdilər. Bax, mən o "qəriblikdə" üç övlad böyütdüm. İnanın ki, onlara elə tərbiyə vermişəm ki, heç birindən nə vaxtsa bir pis hərəkət gözləmək ağlımdan da gəlib keçmir. Çünki mən onları "cinlə, xortdanla" qorxutmamışam. Əksinə, mən onlara "səndən yaxşı əsgər olmaz" demişəm. Onlar da yaxşı əsgər olmaq üçün yaxşı nə varsa, onu etməyə çalışıblar. Hər kəs bunu bilir. Elşada da həmişə dediyim bu olub. "Oğlu yaxşı əsgər olmalıdı!".
   
   Doğrudur, indi Elşad cismən bizim yanımızda yoxdur. Amma o mənim gözümün qabağındadı, evimin içindədi, ürəyimdədi. Bax, bu gördüyünüz şəkli göstərib dedi ki, "MTN-də işə qəbul olundum. Bu şəkli saxla". Aldım, diqqətlə baxdım. Gözlərində nə isə var idi. nə qədər elədim oxuya bilmədim. Eləcə ürəyimdə bir xal qaldı. Fürsətdən istifadə edib evlənməsi barədə söz saldım. Söhbətdən yayındı. Həmişə belə edirdi. Mən hansısa bir qızın adını çəkəndə, toy söhbətini ortaya atanda, darıxma, deyirdi. 2006-cı ildə həmişəki kimi yenə gəldi bizə baş çəkməyə. Sözlü adama oxşayırdı. Birbaşa dedi:
   
   - Ana, sənə bir gəlin tapmışam!
   
   Nə qədər elədim yenə kimliyini, adını söyləmədi. Dedi imkan ver, bir az da yaxından tanıyım, sonra sizi tanış edəcəm. Günlərin birində məni sevdiyi ilə, Sevinclə tanış elədi. O dəqiqə ürəyimə yatdı. Hiss elədim ki, bu mənim də, Vəlinin də, Elşadın da axtardığı qızdı. Gözəl bir ailənin qızı olan Sevincə elçi düşdük. Onların xoşbəxt günlərinin şahidi olduq. İndi... (göz yaşını gizləməyə çalışır) İndi Sevincin üzünə də baxa bilmirəm. Onun üzündə həmişəki sevinc, təbəssüm elə bil azalıb, tükənib. Oğlumun şəklinə baxanda hər dəfə evin ortasındakı bu stolun ətrafına bir neçə dəfə fırlanıb axır ki, sevdiyi qızın adını ondan necə qopartdığını xatırlayıram. O boyda kişi mənimlə balaca uşaq kimi əylənir, ana nəvazişi umur, oğul qılığı göstərirdi. İnanmaq mümkün deyil. Çünki mənim oğlum bir dəfə də olsun hansı tapşırığı yerinə yetirdiyini, hansı işi gördüyünü heç kimə söyləməyib, hətta mənə də. Yalnız aldığı medalları, mükaftaları mənə, atasına gətirib göstərib təbrikimizi, xeyir-duamızı dinləyib, sonra öz Sevincinin yanına gedərdi.
   
   Kəsirə xanım kövrələ-kövrələ onu da dedi ki, mənim oğlum Elşad oruc tutub, namaz qılırdı. Sevdiyi qızla da məsciddə tanış olmuşdu. İnanın ki, bizim ailədə, bizim evdə Allahın Quranından müqəddəs, əziz heç nə yoxdur. Balalarım da o müqəddəsliyi həmişə başlarının üstündə saxlayıblar. Mən də həmişə onlarla, ümumiyyətlə isə gördüyüm yaraşıqlı, boylu-buxunlu oğlanla, qızla fəxr etmişəm. Əlimi göyə açıb Allaha dua edirəm ki, bu balaları bəd nəzərdən qorusun. Bütün şəhidlərin ruhu şad olsun! Görünür bu da belə bir yazıdı. İstəməsəm də, bacarmasam da taleyin hökmü ilə barışmalıyam. Sevinirəm ki, bu, Tanrıya qovuşmaq, haqq dərgahına mehman olmaq oğlumun adına, vəzifəsinə, xidmətinə qüsur gətirmədi. Əksinə, o, borcunu kişi kimi, əsgər kimi yerinə yetirdi. Onun nişanələri mənə təsəllidi, onun təmiz adı mənə təsllidi, onun ruhu mənim evimdə, mənim canımdadı...
   
   Kəsirə xanım danışır və mən onun dözümünə, dəyanətinə heyranlığımı gizlədə bilmirəm. Ananın hər sözünün arxasında Elşad dayanır, onun həyatı, qəhrəmanlığı dayanır. Bu qürur hissi ilə dəyanət hissinin necə bir-birinə qarışdığını yalnız özün görməklə inana bilərsən, təsəvvürü eşitməklə yox. Və mən ananın dediyi kimi, "qəriblikdə" böyüdüb Gəncədə şəhid olan oğlu üçün saxladığı yasın, geydiyi qara paltarın özündə də bir təmkin, bir böyüklük gördüm. Hər halda, mən gözləri bir az çuxura düşmüş, rəngi sozalmış, kiprikləri nəmli ananın dünyasını, duyğularını müəyyən qədər anlaya bildim. Əmin oldum ki, ana oğlunun şəhidliyini qəbul etsə də, onun ölümsüzlüyünə də inanır...
   
   Yas mərasimində qarşılaşdığıminsanlar arasında nəzərlərim yaxından tanıdığım filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə sataşdı. Onu məclisdə görəndə bir anlıq duruxdum. Amma sonra Nadir müəllimin el-oba xeyir-şərindən kənar qalmayan kişilərdən olduğunu xatırlayıb onunla da söhbətləşmək, onun da fikirlərini bilmək istədim. Çünki artıq mənim mətbuat işçisi olduğum və Elşadla bağlı fikirləri öyrənmək istədiyim hər kəsə bəlli idi. Odur ki, diktafonumu çıxarıb işə saldım. Professor Nadir Məmmədli həmişəkindən fərqli olaraq indi nisgilli, amma nisgilin içərisində əbədi bir işıq gəzdirən səslə, məntiqlə sözə başladı:
   
   - Bu xəbər məni əməlli-başlı sarsıtdı. Xalam oğlu, yəni Elşadın atası mənə telefonla zəng vurdu. Salamlaşdıq. Səsi xoşuma gəlmədi. Hiss etdim ki, danışanın səsi yerində deyil. Dərhal nə baş verdiyini soruşdum. Güclə bildirdi ki, Elşadı vurublar. Telefon az qala əlimdən düşdü. Amma eşitdiyim söz məni elə silkələmişdi ki, tərəddüd içində qalmışdım. Başa düşə bilmirdim ki, Elşadı kim vurub? Ümumiyyətlə bu doğrudurmu? Bəlkə nə isə başqa bir hadisə baş verib. Hələ də Vəlinin o səsi qulaqlarımda cingildəyir. Bir təhər özümü ələ alıb bura gəldim. Gördüm ki, bütün qohum-əqrəba burdadı. Elşadın dostları da həyətdə boyun-boyuna dayanıb. İnanmamaq mümkün deyildi!..
   
   - Nadir müəllim, siz həm qohum, həm dost kimi Elşadı necə xatırlayırsınız?
   
   - Açığı mən onun bütöv xarakteriini başqa heç kimdə görməmişəm. Qıraqdan baxan üçün çox ciddi, qapalı, qaraqabaq təsiri bağışlayırdı. Şahidi olmasan inanmazdın ki, bu adam zarafat edə, deyib-gülə bilər. Amma təsəvvür edin ki, o ədəbiyyatı da, tarixi də, dini də çox gözəl bilirdi, ərəb dilində mükəmməl danışırdı. Onunla istənilən mövzuda mübahisə etmək, fikir bölüşmək mümkün idi. Elşad folklorumuzun ən incə məqamlarını elə açıqlayırdı ki, sanki bu sahənin mütəxxəsisidir. Bir yerə yığışanda mövzu mövzuya calanırdı, söz sözə. Aradabir gördüyü işlərdən, mətbuatda xəbər tutduğumuz əməliyyatlardan xəbər verirdi. Sualdan elə ustalıqla yayınırdı ki, ayrılanda yadıma düşürdü bəs, Elşad mənim sualıma cavab verməyib. Çox qeyri-adi yaddaşı var idi. İşini də, torağını da, ordusunu da çox sevirdi. İmkan vermirdi ki, əsgərlə bağlı hansısa bir qeyri-ciddi söhbət olsun. İdmana, musiqiyə böyük marağı var idi. Uşaqların tərbiyəsini unutmurdu. Onların əsl turkçü kimi böyüməsinə, tərbiyə almasına çalışırdı. Ümumiyyətlə, Elşad hər yerdə sənin axtarıb arzuladığın, hər yerdə yanında görmək istədiyin oğul idi. Ona etibar etmək, ona güvənmək, onunla güllə qabağına getmək istəyən kəs daxilən tam arxayın ola bilər. Allah onu sevə-sevə yaratmışdı. Görünür, o sevgi də onu millətin, dövlətin fədaisinə çevirdi.
   
   Professor Nadir Məmmədli danışdıqca yadıma Məmməd Arazın misraları düşür:
   
   
   
   Bu bəd təsadüfə nə deyim axı,
   
   Bir sevinc kədərə dönəcək imiş.
   
   Bir qəlbin alışan ümid çırağı,
   
   Bir anın içində sönəcək imiş.
   
   
   
   Hardan səsləndi, hardan düşdü yadıma bu misralar? Axı, bu ölüm təsadüf deyil... Axı bu sevinc kədərə dönəsi deyil... Axı bu çıraq sönməyəcək...Çünki təsadüf olmamağın, kədərə çevrilməyin və sönməməyin haqqını yalnız Tanrı verir. Belə olan halda nədən yadıma düşdü bu misralar? Bəlkə özümə, Elşadın doğmalarına, millətinə təsəlli üçün. Hər halda səbəbsiz deyil. Axı heç nə səbəbsiz olmur.
   
   (ardı var)
   
   

TƏQVİM / ARXİV