adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GÖRMƏYƏNDƏ DARIXDIğIM ADAM

AZƏR ABDULLA
284231 | 2012-04-19 15:46
(Əvvəli 17 sentyabr sayımızda)
   
   
   
   Bir vaxtlar Tofiqə xəsis-simic deyirdik. İllər ötəndən sonra bəlli oldu ki, hamıdan çox qonaqlıq verən elə Tofiqin özüymüş. Ancaq bir şeyi qeyd etmək mütləq lazımdı ki, son vaxtlar ancaq gərəkli adamlara xərcləyir. Burda Tofiq hamıya oxşayıb öz orijinallığını itirir. Jurnalın baş redaktoruna, yaxud institutun kafedra müdirinə iki gündən bir zəng edib xəngəl, xaş, balıq kababı yemək üçün evinə çağırır. Bir dəfə ondan soruşdum:
   
   - Respublikada qonaqlıq vermədiyin adam qalmadı, bəs ən təmiz, ən qədim dostlardan olan Əli Həsənliyə haçan qonaqlıq verəcəksən?
   
   Cavab verdi ki, darıxma, hələ vaxt çoxdu. Sonralar danışmağa söz tapmayanda, mənimlə məzələnmək istəyəndə tez-tez - Heçan Əli, sən, mən bir oturaq? - deyir, cavab almağa fürsət vermədən, avtomatdan atəş açılırmış kimi suallar yağdıraraq söhbəti dəyişirdi və mən bilirdim ki, o heç vaxt Əlini qonaq çağırmağa vaxt tapa bilməyəcək. Yaxud yazıları redaktə elədiyi yerdə birdən başını qaldırıb:
   
   - Beş manat ver, düz bir saat səni bu gözəl şəhərdə gəzdirim - deyir, əlini cibinə salıb bir dəst pul çıxardaraq qoxulayır, - Azərcanı, mənim üçün dünyanın ən bahalı ətrindən də gözəldi - söyləyirdi.
   
   Bir də deyirəm, Tofiqin şairliyini daha çox tamahkarlığı, pula hərisliyi məhv etdi. Tamahkar deyəndə, sən deyən çox yeməyi də yoxdu. Qonaqlıqda hamıdan tez süfrədən o, əlini çəkir. Uşaqlıq dövrü yoxsulluq və ehtiyac içində keçsə də, məsclisdə özünü ağayana, toxgöz, kübarsayağı göstərməyə çalışır. Özü də mənim və başqalarının həvəslə yeməsinə istehza ilə baxır. Belə vaxtlar mən də ürəyimdə onunla danışıram: "Gözütoxsansa, niyə belə qarın sallamısan? Axı, sən yaraşıqlı, çevik, idmançılartəkin qısqıvraq bir oğlandın, bu nə gündü düşmüsən?"
   
   Ədəbiyyat fondu xəttiylə rayonlara gedirdi. Az qala dostlarınla belə gedəndə onlardan alacağını, maşın haqqını qabaqcadan sövdələşirdin. Belə səfərlərə son vaxtlar lap çox Vaqif Səmədoğlu ilə gedirdin. Düzdü, onun barəsində maraqlı yazılar yazdın, onunla bağlı maraqlı hadisələr danışdın. Rayonda Vaqifə göstərilən hörmət və ehtiramdan, onun zarafatlarından, iki, üç minə qədər pulu (o vaxtlar bu pula maşın almaq olurdu) bir səfərdə səxavətlə xərcləyib qurtarmasından, içib yolboyu yatmasından danışmısan. Axı, sən təkcə bunlara görə maşını dörd-beş yüz kilometr o yana, o qədər də bu yana sürməzsən. Axı, mən səni yaxşı tanıyıram. Bu, bir yol, iki-üç kərə olsaydı, şübhələnməzdim. İndi kişisənsə, boynuna al görüm, o boyda yolu yoldaşlıq eləməyə səni daha hansı maraq, ayıb olmasın, hansı qazanc, xeyir şirnikdirirdi? Ay Tofiq, mənə yox də, axı özünün dediyinə görə, bu dünyada Anar müəllim qədər, loru desək, sənə xeyiri dəyən ikinci adam olmayıb. Axı, bir yol Anar bəy zəng edib səndən xahiş elədi ki, onu maşınınla Mərdəkana aparasan, (o, artıq bizim redaktorumuz deyildi) sənsə ona sapıtma gəldin. Düzdü, qabaqlar dəfələrlə sevinə-sevinə maşınında onu müxtəlif yerlərə aparmışdın. Ancaq bu dəfə onu aldatdın. Məsələ burasındadı ki, onda başqa işin də yox idi, maşının da saz idi. Bizim məsul katibimiz məni həmişə yaddaşsızlıqda qınayardı. Ancaq sənin Anar bəyin sözünü yerə salmağını dünya dağılsa da, yadımdan çıxaran deyiləm. Lap yeddi yol bu dünyaya gəlib-getsəm də, unudan deyiləm. İndi də görüm Vaqif Səmədoğlu ayıq olanda, səninlə yolboyu söhbət edəndə ürəyincə olurdu, maşını "ilhamla" sürürdün, yoxsa içib yuxulayanda, özünü hiss etməyəndə? Yaxşı da, Tofiq?..
   
   gTofiq, bilirsən sənin orjinallığın nədir? Yadındamı rəhmətlik Vidadi Məmmədovun ölüm xəbərini ilk dəfə kimsə bizə bildirəndə sənin dərhal, ancaq kədərlə söylədiyin "camaatın canı qurtardı. İnnən belə rahat oturub yazmaq olar" sözlərin? O xəbəri eşidəndə bəlkə də Vidadinin itkisinə məndən də çox yanıb töküldün, yaxud məyus oldun, ancaq sən o an özün kimi, bəlkə də bütün qələm əhlinin ürəyindən keçən acı duyğunu sünilik etmədən söylədin.
   
   Sonralar uzun illər "Vidadi nə üçün yazammır, yaxud yazmır?" kimi çoxumuzu düşündürən sualın cavabını tapdım. Ancaq mənim Vidadi haqqında deyəcəyim fikrimi yaradıcılığa yeni başlayan gənclərin, yəni gənc yaradıcıların oxumasını qəti istəməzdim.
   
   İnsanlar həyatı boyu başlarını qarışdırması üçün özlərinin yaratdığı məşğuliyyətin - yazı sənətinin (bəlkə bütün sənət, peşə, əyləncə, maraqların) ömrün son anında boş, mənasız göründüyünü qabaqcadan duyub dərk etdiyindən və qocaman dünyanı tanıdığından başqa neçə-neçə Homer, Şekspir, Füzulinin unudulduğunu hiss etdiyindən Vidadi yazmadı.
   
   Vidadi Məmmədov doğmaları, dostları, tanışlarının və oturub-durduğu adamların yerişi, duruşundan tutmuş, sözünə, baxışına, gülüşünə, səsinin tonuna, bir sözlə, varlığınacan onların içinə, istəyinə, təbiiliyinə, saxtalığına az qala özləri qədər bələd idi. Kimliyindən asılı olmayaraq o, hər bir adamın ürəyindən keçəni telepat duyğusu ilə oxuya bilir, üzgörənlik etmədən açıb deyirdi. Bir güzgü kimi adamın içindən keçənləri göstərirdi. Bir əsərin, bir cümlənin dəqiq dəyərini söyləməyi bacaran, bir ifadə, bir sözün dadını, tamını, gücünü duya bilən söz sərrafıydı. Buna görə hamı ondan ehtiyat edir, onunla hesablaşır, onun yanında bacardıqca səmimi olmağa çalışırdı.
   
   Vidadi Məmmədov nəslinin elə bil dövrü gəldi ki, adamlar korşaldı, onların saxtalığına, süniliyinə, riyakarlığına, qüsur və eyiblərinə Vidadinin yumoru, satirası, danlağı, gileyi daha təsir eləmədi, buna dözə bilməyən Vidadi bir gecə toydan yarımçıq çıxıb taksiyə mindi və ölməyə getdi.
   
   Bir də ona görə öldü ki, günlərin bir günü hiss elədi ki, soyuqluq, saymazlıq eləsə də, bu şəhərdə onu hamıdan, bəlkə qardaşından da artıq istəyən, təsibini çəkən yazıçı dostu Şahmar Hüseynov yoxdu. Buna görə də hamıdan qabaq onu görməyə getdi. İndi bildinizmi ki, Vidadi Məmmədov gecəyarısı maşın qəzasından ölməyib.
   
   Hə, Tofiq Abdin, Vidadi Məmmədovun qara xəbərini eşitdiyimiz o an sənin çılpaqcasına, qəddarcasına və həm də çox dəqiqliklə söylədiyin sözləri heç birimiz, hətta rəhmətlik Vidadinin özü də deyə bilməzdi. Bax, budur sənin orjinallığın.
   
   Əgər mənim bu yazımı Tofiq Abdin ürəkdən bəyənsəydi, hamı kimi o, "gözəldir, əladır, təbrik edirəm" - deməzdi, təxminən - Azər Abdulla! Ayaqlarını uzadıb ölə bilərsən, sən öz yazını yazdın! - deyərdi.
   
   Bir dəfə Tofiqin oğlu xəstələnmişdi. Necə narahat idi, necə əl-ayağa düşmüşdü, necə vurnuxur, necə qorxurdu, İlahi! O vaxt Tofiq bir ata kimi necə gözəl görünürdü, təsəvvürə gəlməz. Ümumiyyətlə o, qızı Güneldən, oğlu Mətindən danışanda çox çəmimi, çox gözəl olur. Subaylıqda çox şıltaq idi, inciməsəydi, deyərdim, tərbiyəsiz, həyasız, pozğun idi. Ailə həyatının onu belə təpədən-dırnağacan dəyişəcəyini heç vaxt ağlıma gətirməzdim. Bir dəfə telefonda tanışlarından biri ona dedi, sən deyəsən qocalığı azdırmısan, nə eləmisən belə cavan qalmısan? Tofiq dedi ki, Allaha şükür, oğlum, qızım, gözəl ailəm, soyuducum da, Vidadi Məmmədov, deməli, ağzınacan dolu, başımda da istedad. Mən niyə qocalmalıyam axı, bəziləri kimi paxıl, içiqurdlu deyiləm ki, qocalam...g
   
   Əgər on yeddi il Tofiqlə bir otaqla çalışmışıqsa, deməli, onun xasiyyətindən mənə nəsə keçməliydi. Publisist yazılarımda, apardığım sorğularda sənətçilərin, hər hansı bir adamın, fərdin, şəxsiyyətin insani tərəfini, iç dünyasını açmağa cəhd eləməyimdə müəyyən mənada onun təsirini açıq ürəklə boynuma alıram. Hər hansı rəsmi mühitdə olduğum vaxt özümü sərbəst aparmağa çalışmağımda da, rəsmiyyəti sındırmaq istəməyimdə də Tofiqin müəyyən rolu olub. Çoxluğun, elliyin arasında adamlarla münasibətdə sərbəstliyə can atmağım, cəsarətli və qətiyyətli olmaq istəməyimdə onun təsiri olub.
   
   Bir dəfə o deyəndə ki, tezdən durub xörəyimi isidib yedim, çayı qızdırıb içdim, təəccübləndim. - Bəyəm özün qızdırıb yeyirsən xörəyini? - soruşdum.
   
   Onun səsi tamam dəyişdi, çox yumşaq bir tonla: - Azər canı, insafım gəlmir Gülnazı yuxudan oyadım. Axı, orda çətin nə var ki. Qabda hazırdı, qazı yandırıb qoyuram üstünə, beş dəqiqəyə hazır olur. Ondan yana yarımçıq yuxudan niyə eləyim? Tofiqin bu insani keyfiyyətləri elə həmin gündən canıma hopdu. Bir dəfə Tofiqlə Naxçıvana ezamiyyətə getmişdik. "Təbriz" qonaq evində qalırdıq. Poeziyadan və hər şeydən danışdıq. Onun "Sevmək istəyirəm atamı" şeirindən söz saldım. Orada bir məsələyə münasibəti indi də yadımdan çıxmır. Soruşanda ki, ana haqqında nə əcəb şeirin yoxdu? Tofiq gözlənilmədən: - Azər, başqa yerdə desən adamı daş-qalaq eliyərlər. Məndə anama sən deyən elə sevgi yoxdu. Sözün düzü, anama məhəbbət atama olduğu kimi olmayıb. Belə demək bəlkə də düz səslənmir, heç vaxt anamı atam kimi sevməmişəm. Vur öldür məni, ürəyimdə elə bir sevgi-məhəbbət yoxdur da ona. Bu boyda ana haqqında şeirlər yazırlar, mənə qəribə gəlir. Yenə deyirəm, mən həmişə atamı daha çox sevmişəm. Mənə daha çox atam yaxın, doğma olub...
   
   Dost-tanışın, yoldaşlarımın içində Tofiq qədər təklikdən, tənhalıqdan qorxan (burda Tofiq, şair Qabili də üstələyir) adam görməmişəm. Sonralar onun keçdiyi ömür yoluna nəzər salanda bir daha bu fikrimə inandım. Lap gənclik çağından ta son vaxtlaracan müşahidə edə bilmişəm o, təklikdən, quzu canavardan qorxan kimi əsdirir. Bəzən onun ailəsi rayona çıxıb gedəndə bunu duymuşam. Bu vaxt o, dostlarından birini, tanışlarını, yaxın, doğma adamlarını tapmayanda qarşısına çıxan bir adamı (bəzən aralarında adicə salamdan başqa bir yaxınlıq olmasa da) evinə dəvət etdiyini görmüşəm.
   
   - Gedək yaxşı pivə var, bir az da balıq var, qızardarıq. Küçələri boş-boş veyillənməkdən nə çıxar?
   
   Həmin dostu, tanışı getmək istəməyəndə dönə-dönə israr etdiyinin, dilə tutub az qala yalvardığının şahidi olmuşam. Səhərisi soruşanda ki, niyə yalvarırdın ona axı?
   
   - Neyniyim, Azər, tək darıxıb ölürəm, - deyib.
   
   - Ay vicdansız, mən qulağının dibində ola-ola, durub ona-buna yalvarırsan, - söyləyəndə o, zarafatla, bəlkə də tamamilə gerçəkdən - Azər Abdulla, yüz ildir üzbəüz, gözbəgöz bir-birimizə nə qədər tamaşa etməliyik?..
   
   - Yox, Tofiq Abdin, sənə özün kimi yumşaq, özün kimi qılıqlısı lazımdı. Mən adamları, xüsusilə, səni danlayıram axı - demişəmg
   
   Tofiq Abdin kəndləri, el-obası üçün darıxan, xiffət edən və bu darıxmaları ilə bağlı silsilə şeirlər qoşan şairlərə inanmadığını dönə-dönə mənə deyib. Söyləyib ki, onların süni, yalançı hisslərinə heç vaxt inanmamışam.
   
   - Ay Tofiq, axı xiffət, nostalji deyilən bu duyğu yer üzünün bütün adamlarında, daha doğrusu, adamların çoxunda var. Bu qədər adamın hamısı sünilik, yalançılıq edə bilərmi? - deyəndə:
   
   - Gedin də, qayıdıb gedin kəndinizə. Niyə qopa bilmirsiniz bu şəhərdən? Nə verib sizə bu şəhər? - deyib.
   
   Sonralar onun "Qayıdan deyilsiniz" (1986) şeirini oxudum.
   
   Uzun illərin tanışlığından sonra gördüm ki, kənddən gələn dostların, tanışların arasında Tofiq qədər şəhərli kimi tanınmaq istəyən ikinci bir adam tanımıram. Onun yazılarından tutmuş, məişətinəcən hər yerdə kənddən uzaqlaşmaq duyulur. Onun tez-tez danışmasından tutmuş, hərəkətinə, düşüncəsinə, qavrayışınacan özündə şəhərliyə məxsus bir çeviklik, diribaşlıq var. Hər hansı məsələyə onun qədər münasibətini tez bildirən, nəticə çıxara bilən, çox vaxt fikrini gizlətməyən (ona görə çox vaxt amansız və həyasız görünür) ikinci bir adam tanımıram. Sonralar duydum ki, Tofiqin ritmi, Azərbaycanın, hətta onun paytaxtı Bakının ritmiylə uyğun gəlmir. Elə bil o, daha qaynar, daha inkişaf etmiş böyük şəhərlər üçün yaranıb. Bu çeviklik, deyəsən, salyanlılara xas olan cəhətdir. Məncə Tofiq istər kədəri, istər sevinci uzun müddət qəlbində saxlaya bilmir. Hər şey onda axar su kimi, zaman kimi ötüb keçəndir. Tofiqin sevindiyini də çox görmüşəm, acıyıb kədərləndiyni də. Ancaq həmişə mənə elə gəlib ki, onda sevinc də, kədər də ötəridir. Onların heç biri bir saatlığa Tofiq Abdinin ürəyinə sığınıb qalmağa etibar etməz. Məncə Tofiq Abdinin böyük şair olmamasının səbəblərindən biri də onun xarakterindəki yeyinlik, hər hansı yaşantını, keçirdiyi hissi uzun müddət özündə saxlaya bilməməsidir. Bunun özü də onun yeyin və yüksək ritm ilə bağlı olan bir məsələdir.
   
   Redaksiyada ölüm-itimdən, dünyanın vəfasızlığından söz düşəndə (otuz yaşlarımızda belə söhbətləri tez-tez edərdik) bir dəfə Tofiq dedi: - Yaşamaq üçün dünyada hər şeyə razı olaram.
   
   Bu sözündən sonra yüz il, iki yüz il yaşaya bilsəydim, elə bilirəm, onun bu sözlərini unutmazdım. Sonra da deyirlər ki, Azər yaddaşsızdı, huşsuzdu.
   
   O vaxt Tofiqin dediyi bus öz barəsində çox söz-söhbətlər, mübahisələr, dartışmalar oldu. Onun bu fikri ilə razılaşmayanlardan biri də mən oldum. Bəlkə Tofiq haqlıymış, bəlkə mən həyatın mənasını, şirinliyini, dadını onun qədər dərk etmirəm? Ölümün dəhşətini, ölümün gerçəkliyini onun qədər anlamıram? Bəlkə ölümün son dərəcə yaxında olmasını, hər an həyatın bitə biləcəyini onun qədər aydınlığı ilə dərk edə bilməmişəm? Bəlkə onun gəldiyi nəticəni anmağım üçün hələ neçə-neçə illər gərəkdi. Bəlkə bütün insanlar ölüm ayağında, yəni bir daha dünyaya qayıda bilməyəcəyini duyan anda, həyatdan getdiyi son anda hamı onun kimi - Tofiq Abdin kimi yaşamaq üçün, ölməmək üçün hər şeyə, istənilən təklifə razı olur? Ancaq yenə də Tofiqin söylədiyi bu fikri ölümün özü qədər dərk edə bilmirəm. Bəlkə də ölüm hələlik məndən çox-çox uzaqda olduğuna (?) görə onun bu fikri mənə çatmır?
   
   Günlərin bir günü eşitdim ki, İstanbulda Azərbaycanın konsulu təyin olunmuş "Ulduz" jurnalının baş redaktoru Abbas Abdulla Tofiqi də özüylə İstanbula aparıb. Bu vaxt artıq mən də "Qobustan" toplusundan çıxaraq başqa bir qəzetdə işləməyə getmişdim.
   
   Və beləliklə, xarici məmləkətdə yaşamağa, işləməyə gedən, özünə kompüter alan, şeirlərini, məqalələrini kompüterdə yaza bilən, kompüterini internetə qoşan Tofiq Abdin dost-tanışlarının, yaşıdlarının içində yenə də, yenə də birinci adamdı.
   
   Hərdənbir İstanbuldan zəng edir, faksla məktub göndərir. "525-ci qəzet"də çap olunan yazılarında, mənimlə telefon danışıqlarında, məktublarında onun son dərəcə darıxdığı, qoyub getdiyi Vətən, onun insanları üçün burnunun ucunun göynədiyi duyulur. - Siz allah, məni unutmayın - deyir. Acı həsrəti, çəkdiyi üzücü xiffətiylə bağlı nostalji şeirlər yazır. "Bəlkə Tofiq uzun illər yaza bilmədiyi gözəl şeirlərini yazmaq üçün billə-bilə qəriblikdə yaşamağı, darıxmağı, həsrət çəkməyi, ayrılıq acısını dadmağı özünə rəva bilib?" - Bir an məndə həsəd və paxıllıq hissi baş qaldırır, narahat oluram. Şeirin, poeziyanın xətrinə belə bir risk eləsəydi, Tofiq Abdin yəqin ki, dünyanın ən bənzərsiz, ən orjinal adamı, fərdi olardı. Ancaq mənim tanıdığım Tofiqin belə adam ola biləcəyinə inanmadığıma görə sakitləşirəm. Bəzən Nazım Hikmətin adını çəkir, böyük şairin məcburiyyət qarşısında qalaraq yaşadığı mühacir həyatıyla öz qəribçilik taleyi arasında bir oxşarlıq olduğunu mənə ehtiyatla sübut və təlqin etmək istəyəndə, Tofiq öz orjinallığını itirir, o, mənim nəzərimdə qanlı-qadalı, od-alov içində - dilənçi taleyini yaşayan, doğma Vətənindən öz ailəsini götürüb daha dinc, qorxusuz, təmtəraqlı, gözəl İstanbulda (yəqin ki, Tofiq Abdin sonralar bu möhtəşəm şəhərdə neçə illər yaşadığına görə öyünüb fəxr edəcək) rahat yaşamaq arzusunda olan bir adamdı. Tofiqin özünü mühacir şayması, ziyalı adlandırması (qınayan olmasaydı, özünü dissident də adlandırardı) uşaqlıqda gecə vaxtı bostan oğurluğunda yıxılaraq qıçı qırılıb şikəst olmuş birisinin sonralar saxta sənəd düzəldərək özünü Vətən müharibəsi əlili kimi qələmə verən adamları yada salır.
   
   Başqalarını deyə bilmərəm, İstanbulun Tofiq Abdini mənim üçün maraqlı bir adamdı və onun üçün son vaxtlar tez-tez darıxıram.

TƏQVİM / ARXİV