adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Müqəddəs yalan

351051 | 2012-04-19 15:47
Kimimiz altmışındadır,
   
   Kimimiz getdi daha uzaqlara,
   
   Kimimiz bir ovuc sümükdür çoxdan...
   
   İspaniya gəncliyimiz!..
   
   
   
   ...Məzahir Əhmədoğlu haqqında qeydlərimi sahmana salarkən Nazim Hikmətin bu misraları qəfil hardan gəlib düşdü yadıma? Heç özüm də bilmirəm. Amma səbəbini bilmək üçün "yaddaşı araşdırıb", beynimi çox qurdalamağa girişmədim; dağa-daşa düşməyə nə hacət? Onsuz da niyəsini dəqiq bilməyəcəkdim. Ən üzdə olan və ilk baxışdaca gözə çarpan səbəbin isə - Məzahir bəyin bu yaxınlarda 60 yaşı tamamlaması və yolüstü ortaya "Uembli arayışı" adlı nəfis bir kitab qoyması - mənimçün əsas səbəb olmadığının fərqindəyəm. Bəs nədir əsas səbəb?
   
   Doğrusu, dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, mən bu yazını aşağıdakı misralarla, lap düzü, "Vulkan" adlı üç misralıq şeirlə başlamağı düşünmüşdüm:
   
   
   
   Nərildədi, guruldadı, alışdı -
   
   Yer altının qəzəbi
   
   öz ömrünü yer üstündə yaşadı...
   
   
   
   Bu misraları vaxtilə Məzahir Əhmədoğlu yazmışdı və bu misraları mən qəzet səhifəsində düz otuz beş il qabaq oxumuşam. Görəsən, bunu yazarkən hələ cavanlıqdan müdrik və uzaqgörən olan Məzahir bəy kimi, yaxud nəyi nəzərdə tutmuşdu? İlk baxışda (və yalnız ilk baxışda!) adi görünən bu misralar təsdiq idi, yoxsa ironiya? Nə idi az qala hər birimizin dilinin ucundakı o "tanış" vulkanın adı? Bir atımlıq barıtını vulkan kimi püskürüb də susan hansı şairi, hansı yazıçını nəzərdə tutmuşdu Məzahir bəy? Və ümumiyyətlə, Yer altındakı qəzəbi Yer üstündə yaşamaq yaxşıdır, ya pis; qələbədir, ya məğlubiyyət? - bu otuz beş ildə unutmadığım həmin misralar hər yadıma düşəndə bunu fikirləşmişəm, amma indiyəcən də dəqiq cavab tapmamışam.
   
   Dəqiq bildiyim odur ki, bu misralar Məzahir bəyin özünə aid deyil - çünki mənim tanıdığım Məzahir bəy öz "qəzəbini" həmişə yer altında yaşadı və yaşamaqdadır; ən azından, hələ ki, onu yerin üstünə çıxarmayıb...
   
   O ki qaldı çox maraqla oxunan və çox maraqla oxuduğum "Uembli arayışı"na - bu, sadəcə "xırda sızmalar, xırda püskürmələr" toplusudur, çoxdan tanıdığım Məzahir bəyin zəngin yeraltı dünyasının bir parçası, üzdə olan görüntüsüdür; Markesin təbirincə deyilsə, aysberqin gözümüzə görükən bu iri parçası ümumi kütlənin səkkizdəbir hissəsidir, səkkizdə yeddisi isə suyun altındadır...
   
   ...Və mən o kitabın neçə-neçə yazısında Məzahir bəyin çoxdan yazdığı çox gözəl bir povestin üstündən neçə dəfə o üzə, bu üzə keçdiyini, neçə dəfə o böyük yazının dövrəsində hərlənib-fırlandığını, amma əsas mövzunun qapısından içəri girmədiyini, buna (bəlkə də "pəncərədəki o qızcığazın" körpə ruhunu incidəcəyindən qorxduğu üçün) cəsarət etmədiyini və beləcə, bütün acı gerçəkliklərin arasında özünü müqəddəs bir yalana (özü də şüurlu şəkildə!) çıxartdığını gördüm...
   
   
   
   Yoluna çıxsam,
   
   həsrətlə bir anlıq üzünə baxıb
   
   yalana çıxsam!..
   
   
   
   Kitaba yazdığı "Ön söz"də Aqil Abbas Məzahir bəyin özünün və sözünün dəyərini verib; o qədər obyektiv verib ki, mənim hər hansı əlavəmə əslində heç bir ehtiyac yox. Son dövrdə nəşr olunan kitablar və həmin kitablara yazılan ön sözləri arasında bu bəlkə də yeganə istisnalardandır ki, haqqında söhbət açılan nəşrin məzmunu ilə təqdimi bir-birini bu səviyyədə tamamlaya bilsin. "Məzahir deyir mən jurnalistəm. Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalist yazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onun publisistikasındadı. Publisistika isə jurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... publisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar. Publisistika Əziz Nesinin dediyi kimi, bütün ağrı-acını yaşayıb və bu ağrı-acıdan doğanları xalqa, millətə çatdırmaqdı... Məzahir Əhmədoğlunun publisistikasında bütün bunları görmək mümkündü. Və bəlkə elə ona görə də Məzahir Əhmədoğlunun heç vaxt qırışığı açılmır..."
   
   Bax, elə öz yazımda mən məhz bu "qırışıq" məsələsini önə çıxartmaq istəyirəm və bəlkə də bu yazını mənə yazdıran yeganə səbəb Aqil Abbasın çox dəqiq müşahidə etdiyi həmin o "açılmayan" qırışıqdır.
   
   Əcəba, qırışığı açılmayan bəyəm tək Məzahir bəydimi?!
   
   Bir dəfə qeyd etdiyim kimi, bizdə Mehdi Bəyazid və Vidadi Məmmədov kimi yerli-dibli çap olunmamaq nümunəsi də var, Ələkbər Salahzadə və Dilsuz, Ramiz Rövşən və Vaqif Səmədoğlu kimi az çap olunmaq örnəyi də. Bəs, yeddi yaylım atəşinə bənzər Yeddi hekayə ilə nəsrimizin üfüqlərində yeddirəng göyqurşağı çızan Yaşardan nə xəbər var görən? Yainki, axsaq yabının belində təklülə tüfənglə "roman" tozanağı qoparanların yalançı atəş nöqtələrini Fəxri Uğurlu bircə sərrast atəşlə nə vaxt susduracaq görəsən?
   
   Qəzetlərdə Zamin Hacının və İradə Tuncayın yazılarını oxumağı həmişə ən axıra saxlayıram - ən dadlı tikə kimi. Amma bu yazılar "xırda sızmalar, xırda püskürmələrdir", düşünürəm; səkkizdə yeddisi suyun altında görünməz qalan parıltılı aysberq parçalarıdır, düşünürəm. "Yol romanı" da daxil olmaqla, İradə Tuncayın az qala bütün yazıları yazmağa ürək eləmədiyi (sözə məsuliyyət mənasında!) böyük bir romana gedən yol, əsas yazısının prelüdüdür, düşünürəm. O romanın nə vaxtsa yazılacağına şübhəm yox və günlərin bir günü içdə yığılıb qalan o "yeraltı qəzəbin" dünyanın boz sifətinə çırpılacağını ümidlə bəkləməkdəyəm...
   
   Qırışığı açılmayan təkcə Məzahir bəydimi, əcəba?!
   
   Mən hələ tanınmış adları misal çəkdim, amma istedad sahibi olub, hansı səbəbdənsə bu istedadı içində boğan, üzə çıxartmayan nə qədər unudulmuşlar olub. Azını tanıdığım, çoxunu tanımadığım belə adlara Məzahir bəyin kitabında da rast gəldim və Vaqif Cəbrayılzadənin hələ otuz il qabaqkı müsahibəsində söylədiyi fikrin doğruluğuna dübarə inandım: bəzən təsadüfən rastlaşdığın adamdan elə poetik söz eşidirsən ki, matın-qutun quruyur, düşünürsən ki, şeiri bu yazmalıydı, əvəzində biz irəli düşmüşük, biz əlimizə qələm almışıq...
   
   ...Və altmış ildə bircə kitab nəşr etdirən Məzahir bəy özü bu "unudulmuşlar" sırasında hansı kateqoriyaya aiddir?..
   
   Burasını da dəqiq bilmirəm. Bildiyim odur ki, indi o "unudulmuşların" bir çoxu dünyasını dəyişib; qalanların arasında isə, abrına qısılıb bir küncə çəkilənlər də var, özünü "dirigözlü" unutduranlar da. Yazdıqlarını nifrətlə yandırıb atanlar da var, adi məişət qayğısının içində itib-batanlar da. Necə deyərlər, ədəbsiz ədəbi mühitdə xoşbəxtlərin hamısı eyni cür xoşbəxt olsa da, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir. Və belə bir mühitdə Məzahir Əhmədoğlunun ilk kitabını 60 yaşda nəşr etdirməsi də əsla təəccüb doğurmasın gərək. Bir sözlə:
   
   
   
   Kimimiz altmışındadır,
   
   Kimimiz getdi daha uzaqlara...
   
   
   
   Ədəbiyyat "təsərrüfatı" həmişə bərbad gündə olub; ən azından, mən gözümü açandan bu aləmi həmişə belə bərbad görmüşəm; nadanların diktəsini, cahillərin həyasızlığını görmüşəm və başqa "halət" görmədiyimdən daimi mövcud xarabalığa alışmışam. İntəhası, istedadsızların bayquş kimi əbədi yuva saldıqları "ədəbi xarabalıq" heç vaxt indiki qədər üfunətli olmayıb. Və qaşığın çömçədən uzun olduğu bu xəşil qazanında nə axtarasan? Bu eybəcər mühitdə necə görünəsən və niyə görünəsən axı? Bu mənada, mən Məzahir bəyi "senzuralı" sovet dövrünün yağışından çıxıb, "senzurasız" müstəqil dövrün yağmuruna düşmüş vəziyyətdə təsəvvür edirəm və daim sözün üstündə əsən, sözün namusu uğrunda az qala dava-qırğına çıxan namuslu qələm sahibinin halına acımaya bilmirəm. Xoşbəxtlərin hamısının eyni cür xoşbəxt, bədbəxtlərin hərəsinin bir cür bədbəxt olduğu bu mühitdə onun necə çaşdığını, özünə heç cür yer tapmadığını görürəm və dərd burasındadır ki, heç özüm də ona bir yer tapa bilmirəm. Çarə yenə də Ramiz Rövşənin sözlərinə qalır:
   
   
   
   İt olub hürmədik Aya,
   
   Yıxdı bizi abır-həya...
   
   
   
   Amma vaxt vardı ki, Məzahir bəyin dövrəsində bütün istedadlılara yer tapılırdı; Rəsul Rzanın nüfuzuna arxalanıb, Bakıda çap oluna bilməyən qələm dostlarının hamısını rayon qəzetində bacardığı qədər çap edirdi. Bircə özünə qarşı xəsis idi - özü çox az çap olunurdu. Niyəsini o vaxt bəlkə də tək mən bilirdim, daha doğrusu, sirri özü mənə açmışdı: o, ciddi bir povest üzərində işləyirdi və bəzən həftələrlə-aylarla yoxa çıxıb, qapını hamının üzünə qapayıb dünyanın ən yaxşı povestini yazmağa girişmişdi. Hərdən görüşəndə də, hər dəfə əsəbi görürdüm, "qırışıqlı" görürdüm onu. Aqil Abbas düzgün müşahidə eləyib: o qırışıq indiyəcən də açılmayıb...
   
   ...Məzahir bəy bu neçə ildə o povestin bircə cümləsini də mənə oxumadı, çünki onu yazıb bitirmədi. Daha doğrusu, yazdı, amma bitirmədi. Bitirmədiyi yazını isə, dünyasında bir kəsə göstərməzdi - burasını lap dəqiq bilirəm. Və orasını da lap dəqiq bilirəm ki, bu günəcən də bitməyən o povestin adı "Müqəddəs yalan" idi...
   
   
   
   Kimimiz altmışındadır,
   
   Kimimiz getdi daha uzaqlara...
   
   
   
   Hə, mən "gəncliyimiz İspaniyadan" otuz beş il əvvəlin reportajını yayınlayıram. Onda Vaqifin Bakıda çap olunması müşkül məsələ idi, Göyçayda çıxan qəzetin Əli Kərim adına poeziya klubuna rəhbərlik edən Məzahir bəy isə nə yollasa onun bir şeirini orda çap etdirə bilmişdi və biz göyçaylılar Vaqifin çap olunmuş şeirini deyəsən "bakılılardan" qabaq oxumuşduq. İki ildən sonra isə Məzahir bəy Vaqifin artıq "Ulduz"da çıxmış şeirlərini uşaq kimi sevinə-sevinə mənimçün əsgərliyə göndərmişdi.
   
   O sevinc bir ayrı sevinc idi!..
   
   Məzahir bəy ona sevinirdi ki, Vaqif Cəbrayılzadə belə gözəl şeirlər yazıb; ona sevinirdi ki, bu gözəl şeirləri nəhayət ki, Bakıda çap ediblər və ona sevinirdi ki, o şeirləri jurnaldan kəsib "qürbətdəki" əsgər dostuna göndərir.
   
   İndi belə şeyə sevinmək və belə şeylə kimisə sevindirmək mümkünmü? Bilmirəm. Amma o vaxt mümkün idi. Burasını dəqiq bilirəm. Bəli, mən Məzahir bəydən içərisində Ramiz Rövşənin, Sabir Rüstəmxanlının, Eldar Baxışın, Anarın, Elçinin, Əkrəm Əylislinin, İsi Məlikzadənin... yeni dərc olunmuş yazılarının qəzet-jurnal kəsikləri olan məktublar alırdım və Məzahir bəy də buna uşaq kimi sevinirdi.
   
   O sevinc nə sevinc idi, ilahi?..
   
   Burasını Vaqif Cəbrayılzadə "kəşf" elədi: günlərin bir günü Bakıdan Göyçaya, Məzahir bəyin toyuna getdi və geri qayıdandan sonra özünün ən yaxşı şeirlərindən birini yazdı: "Qonşu toyuna dörd hasar o yana oynayan uşaq"...
   
   ...Onda Məzahir bəy əsla uşaq-filan deyildi, amma onun sevinci üzündə heç bir qırışığı olmayan və qonşu toyuna dörd hasar aralıdan sevinməyi də bacaran həmin şeirdəki uşağın təmənnasız sevincinə çox oxşayırdı...
   
   
   
   

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV