adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Bayıl simfoniyası"nın sevgi dustağı

253448 | 2012-04-19 15:51
Tarix dahi şəxsiyyətləri yaddaşlarda yaşatdığı kimi, dahi şəxsiyyətlər də tarixi öz əsərlərində hər an yaşadırlar. Bu dahi şəxsiyyətlər tarixi faktlara söykənərək, beyinlərindən və ürəklərindən gələn duyğuları qələmin sehrinə calayıb bu günümüzə kimi sevilən və oxunan romanlara çevirirlər. Bəzən isə zaman və tarix bu dahi şəxsiyyətləri lazımınca qiymətləndirə bilmir. Tariximizi yaşadan, yaddaşlara həkk edən şəxsiyyətlər bir müddət sonra nədənsə pərdə arxasına ötürülür. Laqeyd bir münasibətə və qayğısızlığa tuş gəlir. Bu şəxsiyyətlər uzaqgörənlikləri ilə hətta gələcəyi belə öz romanlarında əks etdirə biliblər. Hər anı, keçmişi, bu günü belə sözbəsöz qələmə alıb əsərlərində yaşadıblar. Oxuduqca o dövrün ağrı-acılarını, iztirablarını yaşayıb kədərlənirsən.
   
   Bəzən də bu romanları yaradan yazıçılar hər qəhrəmanın həyatını, hisslərini yaşayır, onun keçdiyi yolu addım-addım izləyirlər. Hətta yaratdıqları canlı və təsiredici məqamlara bizi də yönləndirə bilirlər. Yazıçının heyrətləndirmək gücü də bundan ibarətdir.
   
   Tariximizi yaddaşlara köçürən, onun hər an yaşamasına öz yaradıcı gücünü və ürəyini qatan yazıçılardan biri də Fərman Kərimzadədir. Tarix onun romanlarında yenidən canlanır və bizi bu günümüzdən keçmişimizə səyahətə çıxarır.
   
   Əslində bu yazım Fərman Kərimzadə haqqında olmayacaqdı. Sadəcə bu yazını yazıb onun adını çəkməmək məncə də ən böyük günah olardı. Mən bu yazımı onun layiqli davamçısı olan qızı, "Bayıl simfoniyası" romanının müəllifi Yeganə Kərimzadəyə həsr etmişəm. Yeganə xanımı ilk dəfə bir neçə ay bundan əvvəl elə romanın təqdim olunması günü gördüm. Haqqında çox eşitsəm də heç görməmişdim. Təqdimatda xoş təbəssümünü görəndə romanın da təbəssümü kimi isti və xoş olacağını düşündüm. İmzalı kitabımı alıb evə gəldm. Romanı bir içim su kimi oxuyub bitirdim. 283 səhifə olmasına baxmayaraq mən heç yoruldum və usandım demədən romanı oxuyub bitirdim və bir kənara qoyub dərin bir nəfəs aldım. Saata baxanda gözlərimə inanmadım. Mən bir neçə saata bir insan ömrünü əks etdirən romanı oxuyub bitirmişdim. Bir insan ömrünə bir neçə saatlıq qonaq ola bilmişdim.
   
   "Bayıl simfoniyası" romanı mənə əziz, doğma bir musiqi kimi gəldi. Oxuduqca insana elə gəlir ki, şən və həzin bir musiqi dalğasında səyahətə çıxırsan. Musiqi səni fərqli bir dünyaya səsləyir. Bu dünyada sən həm sevirsən, həm sevilirsən, həm səhv edirsən, həm də səhvlərinə görə bir ömür boyu həbs olunursan. Maraqla oxuduğum bu roman gənc qızlara da həyat dərsi keçir və səhv eləməsinlər deyə bəzi məqamları da qabarıq şəkildə göstərir. Bu həyat yolunda səhv addım atmaqdan onları çəkindirir. Bir növ yazıçı gənc qızlara həyatın sərt üzünə rast gəlib özlərini qoruma yollarını da göstərməyə çalışır.
   
   "Bayıl simfoniyası" qəribə bir ömür yaşamış, sevgisinə dustaq olmuş bir qadının sevib-sevildiyi, xoşbəxt olduğu qədər də bədbəxt olduğu bir ömrün romanıdır. Qadının gəncliyi, acı taleyi belə onun çiyinlərindən arxada qalmır. Təkrar-təkrar ömrünə qonaq gəlir. Qadının həyatı, yaşadıqları, gəncliyi, tər çiçəyə bənzədiyi günləri belə vaxtından tez qocalır, onu əzabkeş bir yaşlı qadına çevirir. O, ağlı-qaralı şahmat taxtasına bənzər ömrünü öz zərif çiyinlərində daşıyır. Həm nifrət edir, həm də nifrət edə-edə sevir. Bu təzadlı sevgidən dönmür və yıxılmır.Amma çoxdan beli bükülməli idi. Qadın sevir və nifrət edir, amma sevgisini çox dərin və pozulmayan bir yazı ilə qəlbinin dərinliklərinə həkk edir ki, onu ordan qoparan olmasın.
   
   Bu roman bir nağıl kimi başlayan sevginin sonradan ağırlıq dolu bir yükə çevrilməsindən bəhs edir. Qadın üçün sonunun ağır olacağını bilə-bilə özünü bu yola fəda etməsi insanın qəlbini didir, parçalayır. Oxuduqca həmin anları yaşayıb, duyursan. Roman bir qadının Onsuzluqdan doğan etiraflarının məhsuludur. Dilinə gətirə bilmədiklərini, onsuz yaşadığı anları yazıya köçürmüşdü. Qadın yazdığı hər sözdən alovlanıb, qışa, qara, borana düşürdü. Arada da sakit bir qayıqda sevgi nağılında üzürdü. Təbəssümündən belə qarda ətirli çiçəklər açırdı. Doyunca bu çiçəklərin ətrini ciyərlərinə çəkib bir kənara çəkilirdi. Çiçəklər donub buza çevrilirdi. Qadın isə kənaradn öz həyatına seyrçi kimi baxırdı.Hər şey onun iradəsindən kənarda baş verirdi. O, çiçəklərlə öz arasında buzlu bir divarın hörülməsinin belə şahidi olurdu. Bu buzu əritməyə gücü çatmırdı. Həyatı əllərindən axıb gedirdi. Qadın bu buzlu divarlar arasında bir dustağa çevrilirdi.
   
   Dustaq olmaq o qədər də asan deyil. Bu dörd divar hamı üçün eyni bir günün kölgəsində qızınmağa bənzəyir. Dustaq bu divarlar arasında olan hər kəsin həyat yoluna vurulan bir damğa, bir addır. Amma bir qisim insanlar dustaq olduğu dövrə əyilir, sınır, xırdalanır, istənilən istiqamətə əyilə bilən bir məxluqa çevrilir. Amma bir qisim insanlar isə dustaq olduğu müddət ərzində bərkiyir, məğlubiyyəti isə ayaqlarının altına alıb əzir, məhv edir.
   
   Yeganə Kərimzadənin "Bayıl simfoniyası" romanını oxuduqca istər-istəməz o anları yaşayırsan, qəhrəmanların yaşadıqlarına qonaq ola bilirsən. Qəhrəmanların həyatlarının hər anının şahidi olursan. Onların kədərinə, acısına, iztirablarına, ya da əksinə xoş, sevgi dolu anlarına səyahət edə bilirsən. Romanı oxuduqca sanki bu dünyadan ayrılırsan. Əslində rəngli olan zamanın ağ-qara dünyasına düşürsən. Hər iki yol, həm ağ, həm də qara yol romanın qəhrəmanlarına doğma gəlir. Çünki hər iki yolda onların qəlbini incidən və yenidən isti bir nəfəs kimi əllərindən yapışan sevgiləri var.
   
   Bu dörd divar arasında yaşanan bir roman ömrün bir adı var: Dustaq. Dünəndən bu günə, bu gündən isə gələcəyə ağır və qırılmaz zəncirlərlə bağlanan dustaq ömrü. Bu üçbucağın tam mərkəzində dayanan Qadın həyatını əllərində sıxıb ətrafına baxır. Baxır ki, dustaq olsa da bu üçbucağın içinə sevgisini də gətirə bilib. Amma bu sevgini gətirsə belə ona toxuna bilmir. Roman boyu qadının yaşadıqları enişli-yoxuşlu olsa da o sınmır, əksinə bərkiyir və sevgisini bu ağırlıqdan çəkib çıxarda bilir.
   
   Yeganə Kərimzadənin "Bayıl simfoniyası" romanının dörd divar arasına salınmış dustaq Qadın obrazı hər gününü sayır, saydıqca da günlərin eyniləşdiyini anlayır. Sanki günlər öz surətini çıxarmaqla inadla sabaha da addımlamaq istəyirlər. Bu boz çərçivə daxilinə çıxmağa məhkum olan o günlər qadını hərdən kədərləndirir, hərdən hirsləndirir, hərdən də gülümsəməyə vadar edir. Onsuz keçirdiyi anlara hərdənbir onun xəyalının qonaq gəlməsinə sevinir. Bu dörd divar arasında onsuz günlərini yaşasa da, yenə də onunla yanaşı addımlayırmış kimi yaşayır. Qəlbində daima onunla olur.
   
   Qadın həyatına, tələbəlik illərinə qorxu ilə gətirdiyi sevgisini özü-özü ilə uzun mübarizədən sonra qəbul edə bilmişdi. Zaman keçdikcə özü belə bilmədən bu sevginin əsirinə çevrilmişdi. Ən gözəl günlərini bu sevginin qollarına açmışdı. Onun əsirinə çevrilən bir qadın olmuşdu. Hər şeyi, təhsilini, dostlarını, valideynlərini, yaxınlarını belə unudacaq qədər bu sevginin əsiri olmuşdu. Getdikcə də bu sevginin dustağına çevrilirdi. Dustaq olduğu zaman ərzində keçmiş günlərinə, o sevgi dolu anlarına dönəndə yenidən ona qayıtdığını, onun əsirinə çevrildiyini də anlayırdı.
   
   Bir gənc qız üçün bu ağır sevgini incə çiyinlərdə daşıması belə onu bu sevgidən döndərə bilmirdi. Çünki sevirdi,qorxularını da bir kənara qoyub sevirdi. Gələcək günlərin ağır olacağından belə qorxmurdu. Sevgisinin onun üçün əvəzolunmaz bir varlıq olduğunu düşünürdü.
   
   "Bayıl simfoniyası" romanında Yeganə xanım dönə-dönə gənc qızların ayıq olması üçün bəzi məqamları daha da qabarıq şəkildə verib. Gənc qızlardan həyatlarına sahib çıxmalarını istəyir. Kiminsə qurbanına çevrilmələrini istəmir. Hər şeyə həqiqətin gözü ilə baxmağa səsləyir. O zaman hər şey tam aydın görünəcək. Romanın qəhrəmanı da real olanı görmək istəmədiyi üçün Bayıl həbsxanasına qədər gedib çıxdı. Bayılın kədər qoxuyan simfoniyası arada dustaqları batırmaq, arada da xilas etmək üçün səslənir.
   
   Bütün roman boyu qadının sevgisi sınağa çəkilir. Gah bərkə, gah da boşa düşür. Gah qovuşurlar, gah da ayrılırlar. Gecə ilə gündüzün növbələşdiyi kimi. Gah onların sevgisinə günəş çıxır, gah da qarlı, boranlı qış gəlir. Bu sevgi ikili bir həyatın qurbanına çevrilir.
   
   Yeganə Kərimzadə "Bayıl simfoniyası" romanında İnsan həyatının hər anını əsk etdirə bilib. Roman o qədər rahat bir dildə yazılıb ki, oxuduqca bunun dəqiqliyini anlaya bilirsən. Bu roman mənə də bəzi məqamları görməyə bir yardımçı, bələdçi rolunu oynadı.İnsana çətin və aşıla bilməyən kimi gələn yolların asan cığırlarını da göstərdi. Əslində edə bilmərik, alınmaz dediklərimiz dəqiqələrdə əlimizdən bir böyük kimi tutdu. Bu roman bir müəllim rolunu da oynaya bildi. Roman haqqında sözlərim bitməz, tükənməzdir, amma sizlərin də bəzi sirrləri kəşf etməyiniz üçün sağollaşıram.

TƏQVİM / ARXİV