adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Yaxzı padzahın nağılı"

14532 | 2012-04-19 15:42
(əvvəli ötən saylarımızda)
   
   
   
    Padşah vəziri hüzuruna çağırıb:
   
   - Yanıma bir şair gətir - dedi.
   
   Vəzir:
   
   - Hansı kameradan? - deyə xəbər aldı.
   
   Padşah:
   
   - Hüzuruma əsl şair gətir - dedi.
   
   Vəzir:
   
   - Padşah sağ olsun - dedi - bir nəfər əsl var, amma o da dağa-daşa düşüb. Bilmirəm indi hansı meşədə, hansı səhradadır.
   
   Padşah:
   
   - Yerin altında da olsa, üstündə də, tapın gətirin - dedi.
   
   Soraqlaşıb şairi tapdılar, gətirdilər. Şair şümal boylu, enli kürək, məğrur bir gənc idi. Bığ yeri bənövşə kimi yenicə baş qaldırıb. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif-Kənan onun əlinə su tökə bilməzdi. Üzünə baxan deyirdi bir də baxım. Padşah ona yer göstərdi, sonra öz şeirlərini oxumağa başladı.
   
   Oxudu qurtardı.
   
   - Necədir? - deyə xəbər aldı.
   
   Şair:
   
   - Nə necədir? - deyə soruşdu. Onun qanun-qadağalardan, olar-olmazlardan xəbəri yox idi. Bilmirdi ki, sual vermək qadağan olunub.
   
   Padşah:
   
   - Şeirlər - dedi.
   
   - Hansı şerlər?
   
   - İndicə sizə oxuduqlarım.
   
   - Məgər bunlar şeir idi - deyə şair üçüncü dəfə qanunu pozdu.
   
   Padşah boğuq səslə:
   
   - Bəli - dedi.
   
   - Axı bunlar şer deyil.
   
   - Niyə?
   
   -Çünki şeir tamam başqa şeydir. Padşah:
   
   - Deməli şeirlərim xoşunuza gəlmədi? - dedi. Şair:
   
   - Hansı şeirlər? - dedi.
   
   Padşah qəmli-qəmli vəzirinə baxdı, həlim səslə:
   
   - Bu adam dörd dəfə qanunu pozdu - dedi və lap yavaşdan əlavə etdi: - işinə baxın.
   
   Vəzir şairə:
   
   - Siz həbs edilirsiniz - dedi.
   
   Şair qanun-qadağalardan bixəbər olduğuyçün elə güman etdi ki, guya onu şahın yazılarını bəyənmədiyinə görə həbs edirlər.
   
   Vəzir:
   
   - Padşah sağ olsun - dedi - məhbəsdə boş yer qalmayıb. İzn verin müvəqqəti olaraq bunu tövləyə salaq.
   
   Padşah dodağını büzdü:
   
   - Xırda-xuruş məsələlərçün mənim vaxtımı alma. Bu adam qanunu pozub. O dustağa salınmalıdır. Harda, nə cür, nə müddətə - bütün bunların nə əhəmiyyəti var?
   
   Gecə isə padşah yenidən şeir yazırdı. O yazır, yazır, elə hey yazırdı, amma heç kəsə oxumurdu. Düz bir il durmadan yazdı. Seçilmiş əsərlərinin yüz cildi tamam oldu. Düz bir il tamam olanda padşah vəzirini çağırdı.
   
   - Şairi hüzuruma gətir - dedi.
   
   Bir qədərdən sonra padşahın hüzuruna saçı ağarmış, beli bükülmüş, dişləri tökülmüş bir qocanı kətirdilər. Bu haman şair idi.
   
   Padşah mehribanlıqla:
   
   - Yaman dəyişmisən - dedi - dünyasında tanımazdım. Yəqin çox işləyirsən. Bizim bu andıra qalmış peşəmiz adamı tez qocaldır - o yorğun-arğın bir ədayla əlavə etdi - mən də bu ili çox işləmişəm. Xeyli yazıb-yaratmışam. "Mənim sözüm" adlı kitab yazmışam. Bir qulaq ver.
   
   Padşah düz beş saat yarım yazdıqlarını oxudu. Şair susub durmuşdu.
   
   Padşah oxuyub qurtardı, məlul-məlul şairə baxdı:
   
   - Fikrini söylə, çəkinmə - dedi.
   
   Şair:
   
   - Əmr eləyin məni təzədən tövləyə salsınlar - dedi.
   
   - Axı, niyə, niyə, niyə, nə üçün - həyəcandan padşahın dili-dodağı təpirdi - niyə görə mənim şeirlərimi bəyənmirsən? - O doğrudan yanıb-yaxılırdı.
   
   Şair:
   
   - İnciməyin - dedi - hər kəs padşah ola bilmir, hər kəs də şair ola bilməz. Padşah inadla:
   
   - Yox, ola bilər - dedi. O həm də çox tərs, höcət padşah idi - Mən sənə isbat edəcəm ki, hamı şair ola bilər, hamı, hamı, hamı. Yoxsa elə bilirsən sən göydən zənbillə tək düşmüsən. Səndən başqa bu cahanda şair yoxdur. Şairlik çox çətin işdir? İndi hamı şair olar, onda görərsən.
   
   Səhərisi gün fərman çıxdı. Məmləkətin bütün əhalisi şeir yazmalıydı.
   
   Yazmaqdan başqa hamı bir-biriylə şerlə danışmalıydı. Hər şey qafiyələnmişdi - dövlət qanunları, restoran menyüləri, qatarların gəlib-getmə cədvəli.
   
   Əgər qafiyə düz gəlməsə qanun maddəsi ya cədvəl dəyişdirilirdi. Xırda-para müvəqqəti çətinliklər meydana çıxırdı.
   
   Bir yerdə yanğın olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma ünvanının qafiyəsini tapanacan bina yanıb qurtarmışdı.
   
   Padşah şairə:
   
   - İndi sən azadsan - dedi.- Get adamların içinə, həyata yaxın ol, görəcəksən ki, neçə yanılırsanmış. Hamı şeir yaza bilər, hamı şer yazmalıdır və hamı şeir yazacaq.
   
   Biçarə şair küçəyə çıxdı. Əvvəlcə gün işığından gözləri qaraldı. Susuzluqdan dodaqları çadar-çadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən olmadı.
   
   Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doydurmaq, bir yer tapıb gecələmək istəyirdi. Amma elə nəsrnən danışırdı. Tərsliyindən yox. Bacarmadığından.
   
   O şeir yazmağı bacarırdı, amma şeirlə danışmağı bacarmırdı.
   
   Şairə ya heç cavab vermirdilər, ya da şeirlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, axşam gedib özünü qayadan atdı.
   
   Xəbər padşaha çatdı.
   
   Baş vəzir şeirlə:
   
   - Şair özünü qayadan atdı -dedi - öldü.
   
   Padşah qəzəblə:
   
   - O ölə bilməz - dedi.
   
   Yeri gələndə o qəzəblənməyi də bacarırdı. Vəzir:
   
   - Siz həmişəki kimi haqlısınız - dedi - o ölə bilməz.
   
   - Madam ki, ölə bilməz, deməli ölməyib, sağdır.
   
   - Düz buyurursunuz, ölməyib, sağdır.
   
   - Madam ki, sağdır, gərək ona hörmət edək. Şairlər ölkəsində hər şair ehtirama layiqdir. Şairə yaxşı bir heykəl qoymaq lazımdır.
   
   Ona gözəl bir mənzil - sərdaba tikmək lazımdır, xüsusi maşın katafalk təhkim etmək lazımdır, qəzetlərdə şəkillərini çap etmək lazımdır.
   
   Hamı bilməlidir ki, şair sağdır. Bir də ki... padşah fikrə getdi, tutuldu, bir müddət susdu, sonra kədərlə əlavə etdi: - bu ölüm çox mənasız işdir. Belə xoşbəxt bir diyarda ölmək olar?
   
   Belə yerdə ölmək, illah da intihar etmək, nanəciblikdir. Mən təbəələrimə ölməyi qəti qadağan edirəm.
   
   Padşah bu sözləri amiranə bir tərzdə dedi və içində sevindi - qadağan eləməli təzə bir şey tapmışdı.
   
   Günlərin bir günündə padşah vəzirə müraciət etdi:
   
   - Vəzir, indi mən ölümü də qadağan eləyəndən sonra təbəələrim yəiqin daha lap xoşbəxtdirlər. Vəzir:
   
   - Bəs necə ki, şah sağ olsun - dedi - bizim keçmiş padşahlar, sizin atanız, babanız və ulu babanız da az-çox qadağan etmişdilər, amma sizə çatan olmaz.
   
   Padşah fikirli-fikirli:
   
   - Bəli - dedi - Atam allahı qadağan elədi, mən heç bilmirəm o nə deyən şeydir, amma uşaqlıqda anam hərdənbir onun adını çəkərdi. Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür. Axı bu qadağadan neçə il sonra dünyaya gəlmişəm.
   
   Vəzir:
   
   - Güzgü! - dedi - mən heç belə sözü yerli-dibli eşitməmişəm.
   
   Padşah dedi:
   
   - Az-maz yadıma gəlir ki, uşaqlıqda nənəm danışardı. Bu güzgü kim imişsə, babama həmişə deyərmiş ki, sən çirkinsən, eybəcərsən. Babam da onu məhv eləyib, bütün nəslini qırıb məmləkətdən yox edib.
   
   Vəzir:
   
   - Padşah sağ olsun - dedi - bütün bu qadağalar bizi xoşbəxt elədi. Amma, bilmirəm deyim-deməyim, heç dilim də gəlmir, mənim də sizdən bir böyük xahişim var. Şəxsi xahişim.
   
   Padşah:
   
   - Sən yaxşı vəzirsən - dedi - Səndən razıyam. De gəlsin. Nə istəsən edərəm.
   
   Vəzir:
   
   - Qadağan edin - dedi.
   
   Şah:
   
   - Qadağan ediləsi bir şey qalıbsa, edərəm - dedi.
   
   Vəzir:
   
   - Qalıb, qalıb - dedi - elə bir şey qalıb ki, sizin sadiq təbəələrinizi tamam xoşbəxt olmağa qoymur.
   
   - Denən görüm o nədir. Qadağan edək.
   
   Vəzir pıçıltıyla:
   
   - Eşq-məhəbbət - dedi.
   
   Padşah:
   
   - Eşq-məhəbbət - deyə təkrar etdi və onun ürəyi sancdı, keçmiş arvadı yadına düşdü.
   
   - Bəli, məhəbbət, sevgi. Nə qədər ki, sevgi qadağan olmayıb, adamlar aşiq olacaqlar, həsrət çəkəcəklər, qısqanacaqlar, ağrıyacaqlar, təklikdən bağırları çatlayacaq.
   
   Vəzir arif adam idi, elə sözlər seçirdi ki, padşahın ürəyinə tikan kimi batırdı, qəlbinin yaralarına duz basırdı.
   
   - Oğlum - padşah ilk dəfə idi ki, vəzirinə belə müraciət edirdi - sən belə yaraşıqlısan, cavansan, gözəlsən. Sən məhəbbətin ancaq xoş üzünü görmüsən, sən nə bilirsən qısqanclıq, intizar, iztirab, təklik nədir?
   
   - Padşah sağ olsun, mən bütün bu hissləri axır üç saat ərzində keçirmişəm.
   
   - Üç saat! Qəribədir! Arvadın gözəldir, cavandır, səni sevir, sənə sadiqdir.
   
   - Şah sağ olsun, mən də elə bilirdim. Ancaq dörd saat bundan qabaq arvadım şəhər kənarına gəzintiyə çıxmışdı.
   
   Orda sizin babanızın - güzgünü qadağan edən padşahın qəsrinin xərabələri var. Arvadım bu xərabələrə baxmağa getmişdi.
   
   O xarabalıqlardan nə isə balaca bir şüşə qırığı tapıb gətirib evə. Mən indi bildim ki, bu tilsimli şüşə imiş. Arvadım dönüb olub ayrı adam.
   
   - Necə ayrı adam?
   
   - Bəli. İş orasındadır ki, mənim bir baldızım vardı, arvadımın ekiz bacısı. Neçə il bundan qabaq öldü - vəzir tələsik əlavə etdi - o vaxt hələ ölməmək haqqında qanun çıxmamışdı.
   
   Padşah:
   
   - Yaxşı, sonra - dedi.
   
   - Arvadım həmin şüşədən gətirib hər dəqiqə bu şüşəyə baxır, öz-özünə gülür, danışır: əziz bacım, gözümün ağı-qarası - deyir, axır ki, səni gördüm. Elə bil mənə dünyanı bağışladın. Bu sehirli şüşədən görürəm ki, sağ-salamatsan, maşallah, gülürsən, danışırsan.
   
   Padşah:
   
   - Yox əşi, - dedi.
   
   - Bəli, şah sağ olsun. Əvvəlcə mən elə bildim başına hava gəlib. Amma sonra şüşəni gizlədib hamama getdi, mən də əlüstü şüşəni götürüb baxdım. Baxdım nə gördüm!
   
   - Nə gördün? - deyə padşah maraqla soruşdu.
   
   - Şah sağ olsun, bu doğrudan da sehirli şüşə imiş. Amma arvadım məni aldadıbmış.
   
   Ömrümüzdə birinci dəfə idi mənə yalan satırdı. Şüşədə bacısı-zad yox imiş. Bacısıynan-zadnan danışmırmış. Şüşəyə baxıb mən cavan və gözəl bir oğlanı - xoşbəxt rəqibi gördüm.
   
   Qan vurdu başıma, o saat gördüm ki, o da hirsləndi, qaşlarımı çatdım, o da çatdı və başa düşdüm ki, mən nə qədər ona nifrət edirəmsə, o da mənə o qədər kin bəsləyir.
   
   Arvadım da bu adamla danışır, sözləşirmiş, bu novcavan da şüşədən ona him-cim eləyirmiş.
   
   Mənim bağrım çatlayır, əlahəzrət, qısqanclıqdan boğuluram.
   
   Siz məni qaldırdınız, üçüncü vəzir idim, birinci oldum, bütün rəqiblərimi və düşmənlərimi yerlə-yeksan edib xoşbəxtliyə çatdırdım.
   
   Baxtlarını açıb qapılarını bağlatdım, amma bu adamı mən tanımıram, heç vədə onu görməmişəm. Bilmirəm arvadım onunla harda tapışıb. Mənim ürəyim partlayır. Bütün hökmüm, qüdrətim acizdir.
   
   Yalvarıram, əlahəzrət, məhəbbəti qadağan edin ki, daha o vəfasızı sevməyim, sakit olum. Yenə xoşbəxt olum.
   
   Padşah:
   
   - Əzizim - dedi - heç kefini pozma, o bizim əlimizdə nədir ki, bu saatca qadağan edərik. Amma mən də sənin o rəqibini görmək istəyərdim. Görüm, o vəfasız sənin kimi igid, gözəl, cavan oğlanı kimə dəyişib. Bəlkə mən tanıdım onu. Əgər mənim təbəələrimdən olsa, vay onun halına, hanı o şüşə, ver görüm.
   
   Vəzir:
   
   - Budur - dedi, cibindən balaca bir şüşə parçası çıxardıb padşaha uzatdı.
   
   Padşah aldı, baxdı, baxdı, sonra bərkdən qəhqəhə çəkib güldü.
   
   - Baş vəzir olsan da, axmağın birisənmiş - dedi - Belə çirkin, eybəcər bir qoca kaftardan ötrü qanını qaraldırsan.
   
   Padşah çox ağıllı və təcrübəli padşah idi, adamın sifətinə baxıb bütün varlığını təyin edə bilərdi. İndi də şüşəyə baxıb deyirdi:
   
   - Əşi, bunun küt sifətini görmürsən, görmürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir.
   
   Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəsləyir, ona görə ki, bədbəxtdir.
   
   Bədbəxtdir, ona görə də hamını bədbəxt etmək istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. Bu gün-sabah gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını qaraltmağa dəyərmi?!
   
   Doğrudan da padşah düz deyir: qanını qaraltmağa dəyərmi?

TƏQVİM / ARXİV