adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

XX əsr Azərbaycan ədəbiyyatına yeni bir baxız

327603 | 2012-04-19 15:40
Azərbayacan ədəbiyyatşünaslığında vulqar sosiologizmin meydan suladığı tarix çox da uzaqda qalmayıb. Sovet ideologiyasının diktəsi ilə bədii materialı ədəbi-estetik meyarlardan deyil, ideloji tələblərdən çıxış edərək qiymətləndirmək bəlası ədəbiyyatşünaslığımızı ədəbi proses və faktları, yazıçıların yaradıcılığını düzgün qiymətləndirmək missiyasından uzun illər uzaq qoymuşdur. Keçən əsrin 70-ci illərindən başlayaraq vulqar sosioloji yanaşmalara etiraz səsləri eşidilsə də, bu yanaşma ədəbiyyatşünaslığımız üçün aparıcı meyl olaraq qalmaqdaydı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbiyyatşünaslıqda da vulqar sosioloji yanaşmadan sürətlə uzaqlaşmaq istəyi gücləndi. Ümumən, klassik ədəbi irsin bir sıra problemlərinə yenidən baxmaq, nəzəri fikrin son nailiyyətləri səviyyəsindən onları yenidən dəyərləndirmək ədəbiyyataşünaslığımızın bir nömrəli vəzifəsi kimi görünməyə başladı. Bu da təbii şəkildə təhsil, elm sahəsində çalışanların, tələbələrin yeni yanaşmanı özündə əks etdirən monoqrafiya, dərslik ehtiyaclarını da ortaya çıxardı. Xüsusən, ali məktəb tələbələrinin bu ehtiyacını ödəmək təxirə salınmaz vəzifə olaraq qarşıda dayanmaqdadır. Problem yalnız onda deyil ki, köhnə dərsliklər, ədəbiyyat tarixləri ən yeni nəslin bilmədiyi kiril əlifbasındadır. Tələbələr həm də yeni yanaşmanı özündə əks etdirən dərslik axtarışındadırlar. Yeni ali məktəb dərsliklərinin sifarişi, yazılması, nəşri əlaqədar orqanların yadından sanki çıxmışdır. Belə bir zamanda tələbələrin ehtiyaclarını ödəmək istəyi ilə pulsuz, heç bir maddi yardım və stimul olmadan bəzi dərsliklər də yazıldı. ( Baloğlan Şəfizadə. "Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər) (2003), Xeyrulla Məmmədov. "XIX əsr Azərbaycan ədəbiyyatı" (2006), Tahirə Məmməd. "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" (2010) və s.). Müəlliflərin zəhmətini qiymətləndirərək deməliyik ki, adlarını çəkdiyimiz nəşrlərin heç biri klassik dərslik tələblərinə tam cavab verə bilmədilər. Klassik mənada dərslik yazmaq işinin son illərdə uğurlu nümunələrindən biri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun nəşr etdirdiyi 2 cildlik ( 3-cü cild yazılma ərəfəsindədir) "XX əsr Azərbaycan ədəbiyyatı" adlı kitabıdır. XX əsr Azərbaycan ədəbiyyatı tarixinin təqdim edilən cildləri istər həcmcə (iki kitab bir yerdə 900 səhifəyə yaxındır), istərsə də məzmunca fundamental bir dərslik-tədqiqat, Azərbaycan ədəbiyyatşünaslığının bu sahədə aparılmış araşdırmalarının həm bir növ yekunu, həm də yeni istiqamətdə aparılacaq tədqiqatların bünövrə daşıdır. Dərslik bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bəlkə də müəllifin iki cildliyin çapında yol verdiyi anaxronizm (dərsliyin 2-ci cildi 2010, 1-ci cildi isə 2011-ci ildə nəşr olunmuşdur) də tələbələr üçün daha aktual olan, onların bir nömrəli ehtiyacını ödəmək istəyindən irəli gəlmişdir.
   
   Kitabın 1-ci cildi XIX əsrin 90-cı illərindən başlayaraq XX əsrin 20-ci illərinə qədərki dövrü, 2-ci cildi isə XX əsrin 20-50-ci illərini əhatə edir. Hər iki dövr ədəbiyyatımızın verimliliyi, üslub zənginliyi baxımından diqqət çəkən, metod və üslub, qiymətləndirilməsi cəhətdən mübahisə doğuran dövrüdür. Təbii ki, o dövrdə yazılmış bədii materialları yenidən yazmaq, təshih etmək, ya da ədəbi yaddaşdan silib atmaq mümkün deyil, ancaq onların yenidən qiymətləndirilməsi, şərhi vacib və gərəklidir. İllərlə formalaşmış, bir çox hallarda şablonlaşmış fikirlər, mülahizələr, hökmlər çərçivəsindən kənara çıxaraq, onlara yeni metodoloji baxış sərgiləmək, mövcud olanlara başqa bir "gözlükdən" baxmaq, ədəbi materialı əhatə edə bilmək, aparılan araşdırmaları ümumiləşdirmək tədqiqatçıdan cəsarət, dərin araşdırma, geniş mütaliə və bilik tələb edir. Müəllif 1-ci cildə yazdığı "Giriş"də məramını və qarşısına qoyduğu vəzifəni aydın şəkildə ifadə etmişdir: "...XX yüzilliyin ədəbi prosesini yeni elmi konsepsiya və metodologiya ilə öyrənilməsi əsas şərtlərdən biridir. Mövcud dərsliklərdə sovet ədəbiyyatşünaslığının dövrün ədəbi prosesinə ideoloji yanaşmaları ədəbi hadisələri obyektiv qiymətləndirməyə imkan vermədiyindən yeni araşdırmalara ehtiyac qalmaqdadır. Artıq müstəqillikdən iyirmi il keçməsinə rəğmən ən zəngin və mürəkkəb yüzilliyin ədəbiyyatının dərsliklərdə köhnə stereotiplərlə dəyərləndirilməsinə son qoymaq məqamı gəlib çatıb." İnamla demək olar ki, professor Bədirxan Əhmədov yuxarıda sadaladığımız keyfiyyətlərə sahib olmaqla qarşısına qoyduğu vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. Dərslikdə əhatə olunmuş dövrün ictimai-siyasi tarixinin, ədəbi şəraitin obyektiv olaraq araşdırılmasının, ayrı-ayrı mərhələlərin xüsusiyyətlərinin aydınlaşdırılmasının və ədəbi məhsullara yeni baxış ifadə edilməsinin şahidi oluruq.
   
   Hər iki cilddə müəllif XX əsr ədəbiyyatımızı həm dövrlərə (onilliklərə) görə, həm ədəbi növlərə, həm də ədəbi problemlərə görə araşdırmışdır. Bundan əlavə ayrı-ayrı sənətkarlar haqqında portret oçerklərdə də onların yaradıcılığı işığında ədəbiyyatın ümumi problemlərinə diqqət yetirilmişdir. Doğrudur, bu cür problematika bolluğu, hər şeyi əhatə etmək, ənənəvi dərsliklərdən gələn struktur elementləri (həm ədəbi növlər üzrə təhlillər, həm də portret-oçerklər yazmaq) əsərə bir sxematiklik və ağırlıq gətirsə də, dövr, ədəbi meyllər haqqında geniş və aydın təsəvvür yaradıla bilmişdir.
   
   XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının yeni bir metoda keçmə, müxtəlif ədəbi cərəyanların yanaşı mövcud olduğu, forma, məzmun və ideya baxımından rəngarəng bədii əsərlərin meydana gəldiyi dövrdür. Bizim ənənəvi ədəbiyyatşünaslığımızda dövrün iki böyük ədəbi-publisist abidəsini - "Füyuzat"la "Molla Nəsrəddin"i, iki ədəbi metodu - romantizmlə tənqidi realizmi üz-üzə qoymaq cəhdləri uzun zaman davam etmişdir. Təqdirə layiq haldır ki, müəllif əvvəllər yazılmış dərsliklərdə olduğu kimi həmin dövrdə mövcud olan ədəbi metod və cərəyanları qarşı-qarşıya qoymaq, birini digərindən daha gərəkli bir hadisə hesab etmək yolunu tutmamış, onları məhz ədəbi proses və fakt olaraq, hər metodu öz estetik tələbləri və meyarları çərçivəsində təhlil etmişdir. Bu dövr haqqında nə qədər çox yazılsa da, mübahisəli məsələlər, fərqli yanaşmalar qalmaqdadır. B. Əhmədov belə mübahisəli məsələlərdən uzaq durmur, onlara müasir, siyasi-ideolji prizmalardan kənarda dayanaraq cəsarətlə yanaşır, müasir elmi qənaətlər müstəvisində qiymətləndirir. Müəllif ədəbiyyatşünaslığımızın indiyə qədərki uğurlarından bəhrələnsə də, deyilənləri təkrar etməmiş, problemlərə öz baxışlarını ortaya qoymuşdur.
   
   Müəllif XX yüzilliyin ən mürəkkəb, qarışıq, ziddiyyətlərlə dolu, milyonlarla insanların faciəsinə səbəb olmuş 30-cu illər ədəbiyyatına münasibətdə tamamilə yeni, cəsarətli yanaşmalar sərgiləyir. Ədəbiyyat və repressiya məsələlərində populist, əslində isə informasiya dəqiqliyinə, sənəd şəhadətinə əsaslanmayan ittihamlardan uzaq durmağa çalışaraq həmin dövrün ədəbi faciəsini bütün xarakteri ilə açmağa çalışır. Burada geniş oxucu kütləsinə adı o qədər də bəlli olmayan Ümgülsüm, Əliyusif, Ə. Dai və başqa kimi yazıçıların yaradıcılıq nümunələri təhlilə cəlb olunmaqla o dövrün ədəbi mənzərəsinin, ədəbi problemlərinin əhatəli bir şəkildə işıqlandırılmasına nail olunur. Kitabın 2-ci cildində bu barədə xeyli yeni informasiya verilmişdir. Tədqiqatçının hər bir hadisəyə konkret sənədlər, faktlar əsasında qiymət vermək, ədəbi mübahisələrlə danosbazlığı fərqləndirmək səyləri təqdirə layiqdir. Bizim razılaşmadığımız yalnızca ucdantutma hamıya, hər şeyə "zaman belə idi, günahkar sistem idi, başqa çarə yox idi" kimi prinsip və mövqe ilə qiymət verilməsinə meyldir. Bu cür yanaşma ziyalı, qələm sahibinin məsuliyyəti məsələsinin üzərindən xətt çəkmək olardı. Repressiya yalnızca Stalinin və sistemin günahı olmuş olsaydı, Stalinin ölümü, sistemin dağılması ilə də aradan qalxardı. Ta bu günədək davam edən danosbazlıqlar, MK-ya yazılan məktublarla vicdanlı ədəbi şəxsiyyətlərə, vicdanlı ziyalılara qarşı hücumlar olmazdı. Tarix yalnız tarix üçün öyrənilmir. Tarix həm də bu gün üçün dərslər çıxarmaq naminə öyrənilir. Bu hadisələri dərslikdən öyrənən gənc nəsildə dolayısı ilə belə bir fikir yarana bilər ki, məqsəd üçün (yaşamaq, karyera, repressiyadan qaçmaq və s.) hər cür vasitə (danos, böhtan, siyasi ittiham irəli sürmək və s.) məqbuldur. Biz özümüzdə cəsarət tapıb siyasi həyatda və psixologiyada baş vermiş eybəcərliyin ədəbi-əxlaqi həyatımızda da əksini etiraf etməyi bacarmalıyıq. Əks təqdirdə, əxlaq tərbiyəsində tarixin rolunu heçə endirmiş olarıq.
   
   Aydındır ki, bir məqalə çərçivəsində dərsliyin bütün məziyyətləri barədə geniş danışmaq imkanı yoxdur. Qısaca olaraq "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin diqqət çəkən məziyyətlərinə bir daha diqqət yönəltmək istərdim.
   
   1) Dərslikdə tədqiqata cəlb olunan dövrün ədəbi məhsullarının dəyərləndirilməsində yeni metodoloji yanaşma ortaya qoyulmuşdur. Xüsusən, M. Hadi və H. Cavid kimi ziddiyyətli elan edilmiş, Ə. Hüseynzadə, Ə. Ağayev kimi burjua yarlığı ilə düşmən cəbhəsinə atılmış, Ə. Müznib kimi "mürtəce romantik" epiteti ilə damğalanmış sənətkarlara, son illərdə 37-ci il repressiyasına münasibətdə qeyri-peşəkarlığın meydan sulamasından doğan səhv yanaşmalara yeni metodoloji prinsiplər əsasında qiymətləndirilmə işi aparılmışdır. Başqa bir bədii-estetik müstəvidə və fərqli meyarlarla yanaşmanı romantizmə, 30-cu illər ədəbiyyatına münasibətdə daha aydın şəkildə görə bilərik. Bu münasibət zəminsiz, faktsız, göydəndüşmə deyil, konkret bədii-tarixi örnəklərə dayanılaraq irəli sürülmüşdür. Məsələn, bizdə Azərbaycan romantizminin yaranmasını (daha da güclənməsini yox, yaranmasını) 1905-ci il rus inqilabının təsiri ilə bağlamaq ənənəsinin qarşısına müəllif bu inqilabdan daha öncə yazılmış bədii örnək (Ə. Hüseynzadənin 1904-cü ildə yazılmış şeiri) və romantizmin ədəbi-tarixi qaynaqları (klassik ədəbiyyatımızın metodu və onun təsiri) arqumenti ilə çıxır.
   
   2) Kitabda hədsiz dərəcədə geniş material əhatə olunmuş, təhlilə cəlb edilmiş, ümumiləşdirilmiş, ümumi istiqamət, ədəbi meyllər və istiqamətlər konteksində qiymətləndirilmişdir.
   
   3) İndiyə qədər yalnızca adı çəkilmiş, ya da "düşmən cəbhə"nin əsgərləri kimi qiymətləndirilmiş yazıçı və publisistlərin həyat və yaradıcılıqlarını işıqlandıran protret oçerklərə yer verilmişdir. 1-ci cilddə Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, Əliabbas Müznib, Əlipaşa Səbur, 2-ci cilddə Hacı Kərim Sanılı, Almas İldırım, Məmməd Əmin Rəsulzadə haqqında portret oçerklər verilmiş, Azərbaycanın Cümhuriyyət dövrü və mühacirət ədəbiyyatı ayrıca fəsillərdə araşdırılmışdır.
   
   4) Müəllif Azərbaycan ədəbiyyatı anlayışını yalnızca Quzey Azərbaycanda yaradılan ədəbiyyatla məhdudlaşdırmamış, hər iki kitabda sözü gedən dövrdə Güney Azərbaycanda yaradılmış ədəbiyyata da imkan səviyyəsində yer ayırmışdır. Fikrimizcə, bu dogru yanaşmanı bir az da irəli apararaq, onu Güney Azərbaycan ədəbiyyatı adı altında yox, bütöv bir ədəbiyyat olaraq öyrənmək daha doğru olardı.
   
   5) Müəllif təkbaşına bu cür ağır bir işin öhdəsindən gəlmişdir. Bəzilərində belə bir təsəvvür formalaşıb ki, ədəbiyyat tarixləri yalnızca kollektiv əməyin nəticəsi kimi ortaya çıxa bilər. Xüsusən, çoxcildlik, geniş bir dövrü əhatə edən ədəbiyyat tarixinin yazılması müəlliflər ordusu tərəfindən ( məsələn, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitunun yazmış olduğu "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildlikləri kimi) yerinə yetirilməlidir. Professor B. Əhmədov isə fərdi şəkildə ədəbiyyatımızın ən zəngin və mürəkkəb bir dövrünün - bütöv XX əsrin ədəbiyyat tarixini, onun inkişaf istiqamətlərini, mövzu və ideya problematikasını, sənətkarlıq xüsusiyyətlərini ortaya qoyan bir tədqiqat-dərslik yazmaq cəsarəti göstərmişdir.
   
   Kitablarda dərslik üçün xoşagəlməz xırda və texniki qüsurlar da mövcuddur. Müəllif 30-cu illərdən danışarkən yazır: "Ədəbi irsə, klassikaya, eləcə də ənənə və milli mentalitetə nihilist münasibət hələ də aradan götürülməmişdi. Ədəbiyyatda, sənətdə ideoloji təmayüllər qalmaqda idi." (2-cild, s. 106) (Seçdirmələr mənimdir - V.Ə) Əlbəttə, burada "aradan götürülməmişdi", "təmayüllər qalmaqda idi" kimi hökmlər özünü doğrultmur. Çünki nihilist münasibət, ideoloji təmayüllər 30-cu illərdə yerini möhkəmlətməyə, tam və qəti qələbəyə hazırlaşırdı. Dərsliyin gələcək nəşrində diqqətli redaktə və korrektura işi bu kimi səhvləri asanlıqla aradan qaldıra bilər.
   
   B. Əhmədovun haqqında söz açdığımız dərslik-tədqiqatı, bütövlükdə, həm ədəbiyyatşünaslığımızın, həm də dərslik yazma ənənəmizin ən uğurlu örnəyi hesab edilməlidir.

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV