adalet.az header logo
  • Bakı 19°C

ViTSE-SPiKERiN SƏRSƏMLƏMƏSi...

BABƏK YUSİFOĞLU
48703 | 2012-04-19 07:54
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir təkzibedilməz həqiqətdir. Bu fakt beynəlxalq sənədlərdə də öz təsdiqini tapıb. Lakin Rusiyanın birmənalı şəkildə Ermənistanı dəstəkləməsi hələlik imkan vermir ki, tarixi gerçək öz yerini tutsun. Elə bu münaqişənin antologiyasına nəzər saldıqda onu da dəqiq görmək mümkündü ki, belə bir situasiyanın yaranmasında ən başlıca rolu elə Moskva oynayıb. Ermənilərin torpaq xəstəliyindən istifadə edən Kreml bu müharibəni törətdi və Cənubi Qafqazdakı maraqları naminə hələ də bu siyasətini sürdürməkdədir. Yazını belə başlamağımda məqsədim heç də artıq hər kəsin bildiyi bu çılpaq həqiqətləri təkrarlamaq yox, hazırda mövcud olan bəzi reallıqlara diqqət çəkməkdir.
   
   Erməni ideoloqları, siyasiləri əhalini inandırmışdı ki, işğal etdikləri Azərbaycan ərazilərində yaradılan qondarma "Qarabağ respublikası" bir gün "müstəqil dövlət" kimi tanınacaq. Və yeri gəlmişkən qeyd edim ki, buna onların özləri də ilk vaxtlar əmin idilər. Amma üstündən 20 ildən çox vaxt keçməsinə baxmayaraq onların gözlədikləri baş vermədi. Bu gün isə deyəcəkləri yalanlar da tükənib. Çünki indi hər şeyin əks proseslərlə getdiyi göz önündədir. Ermənistan iqtisadi böhran içərisində, qondarma "respublika" acından köpük qusur, inkişaf bir yana qalsın maddi-sosial durum gün-gündən daha da pisləşir.
   
   İndi vəziyyətləri bərbad gündə olan erməni əhalisi öz liderlərinin yalanlarına qulaq asmaqdansa Azərbaycan tərəfinə daha çox diqqət verməyə başlayıblar. Son dövrlər həm müharibənin hər an başalaya biləcəyi, həm də Azərbaycanın inkişafı Dağlıq Qarabağ ermənilərinin psixologiyasına da ciddi təsir göstərməkdədir. Və bu, erməni siyasilərinin ən çox ehtiyat etdiyi bir tendensiyadır. Məhz elə bu üzdəndir ki, bu gün erməni ideoloqları hər vasitə ilə Azərbaycanın hər bir çıxışını, hər bir addımını əhaliyə başqa çür təqdim etməyə çalışırlar.
   
   Bu günlərdə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları ilə bağlı keçirilən müşavirəsində ölkə prezidentinin çıxışı Ermənistan tərəfində çox böyük əndişə yaradıb. Bir neçə gündür ki, erməni ideoloqları və siyasiləri bu çıxışın təsirini azaltmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni, ümumiyyətlə bütün sahələrdəki inkişafını xarakterizə edən ölkə başçısı torpaqlarımızın işğalına, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Prezident onu da bildirib ki, Azərbaycan həm də informasiya müharibəsinə məruz qalır və bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir: "Getdikcə informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Azərbaycanı qaralamaq, reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır..."
   
   Ölkənin hərbi potensialının gücləndiyini də xüsusi vurğulayan prezident bu sahəyə böyük diqqət göstəriləcəyini bildirib: "Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız var. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcək. Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq".
   
   Bu çıxış yəqin ki, Ermənistanda elə-belə ötüşə bilməzdi. Milli məclisin vitse-spikeri Eduard Şarmazanov bu bəyanatın Ermənistanda yaratdığı təsiri azaltmaq üçün cavab verməyə tələsib. O bildirib ki, Azərbaycan əvvəlcə silahlanmanı və hərbi ritorikanı dayandırmalıdır. "İkincisi, o Azərbaycan xalqını müharibəyə yox, sülhə hazırlamalıdır. Üçüncüsü, Əliyev Azərbaycan bayrağını Xankəndində görmək istəyirsə bunun üçün bir yolu var: müstəqil Arçax respublikası ilə diplomatik münasibətlər yaratmalı, bundan sonra Azərbaycanın "DQR"-dakı səfirliyinin binasında Azərbaycan bayrağı asıla bilər".
   
   Eduard Şarmazanovun diplomatiyadan qandığı olsaydı bu cür dünışmazdı. Çünki o bilməmiş deyil ki, onların "respublika adlandırdığı girdirmə qurumda insanlar sürgün həyatına bənzər bir həyat yaşayırlar. Kəndlərin çox böyük əksəriyyəti kimsəsiz qalıb. Xaricdən gələn ianələrlə və Ermənistandan göndərilən yardımlarla günlərini keçirirlər. Özlərinə aid heç nələri yoxdur. O bilməmiş deyil ki, şovinistlərin qorxusu olmasa orada kimsə qalmaz. Əgər Şürmazanov o bərbad vəziyyətə salınan əraziyə müstəqil dövlət deyirsə, onun ağlında mütləq qüsur var. O bilməmiş deyil ki, onların müstəqilliklə bağlı ümid etdikləri nə varsa artıq iflasa uğrayıb.
   
   Eduard Şarmazanov bayrağımızın bir gün Xankəndində dalğalanacağına inanmırsa onun da bildiyi bir həqiqəti xatırlatmaq istəyirəm. Bəli, Azərbaycan çox böyük məbləğdə vəsaiti hərbi sursatın, müasir hərbi texinikanın alınmasına yönəldirsə, mütləq və mütləq bir məqsədi var. Çünki yəhudi hərbi ekspertlərdən birinin dediyi kimi, heç bir dövlət boşuna bu qədər pulu nahaq yerə silaha xərcləməz. Və buna hamınız inansanız pis olmaz.
   
   Əsl gerçək budur ki, hər kəs layiq olduğu cavabı alacaq. İndi Şarmazanovkimilər oturduqları vəzifələri, yetdikləri mənsəbi, qazandıqları malı-pulu, imtiyazları qorumaq üçün bu cür sərsəm bəyanatları verirlər. Başqa cür mümkün də deyil. Amma zamanı gələndə bunu da edə bilməyəcəklər...

TƏQVİM / ARXİV