FiFA, Yekaterina, Bəzər Əsəd, Fidel Kastro və ...Tuyqun Nadirov

ETİBAR CƏBRAYILOĞLU
31859 | 2012-04-18 07:48
FİFA "Xəzər Lənkəran"a qarşı amansız davrandı. Titul qazanmaq yolunda hər bir xalın hava və su kimi lazım olduğu dönəmdə "Xəzər Lənkəran" hava və susuz qaldı. Klubun tər-qan tökə-tökə qazandığı 6 xal da belə getdi. Səbəbi artıq hamıya məlum olduğundan məsələni təzədən yazıb xalınızı, pardon, vaxtınızı almaq istəmirəm. "Xəzər Lənkəran" bir zamanlar Braziliyadan aldığı Romulo Silvanoya pul borclu olduğundan və borcu zamanında ödəmədiyinə görə cəzalandırılıb. Qısası bu.
   
   Ali futbol qurumunun rəhbərləri klubun idarəçiliyinə cavabdeh olan, bu işə görə xeyli para qazanıb gen-bol xərcləyən birilərinə anlatdılar ki, əfəndilər, biz sizin üçün lənkəranlı azarkeşlər deyilik gündə bir yalanla başımızı aldadasız. Bizim siz uyduran nağıllara qulaq asmağa vaxtımız yoxdu. "Sahilə çıxdı matros" mahnısı da zövqümüzə heç cür uyğun gəlmir. Ortada hesab-kitab var. Ya bu bədbəxt Romulonun borcunu, faizini, bizim cərimələri ödəyin, ya da mövsüm bitincə "Bu gəminin dalınca baxma" mahnısını oxuyub ağlaşın. Bu qədər...
   
   Mən də daxil olmaqla "Xəzər Lənkəran"ın minlərlə azarkeşi bu olaydan üzgündü. Mübariz Mənsimov kimi vətənpərvər, Azərbaycanın adını hər yerdə ucaldan, dünyanın bu çətin zamanında kluba milyonlar xərcləyən insanın pullarını yeyib üstündən qazlı su içənlərin isə heç tükü də tərpənmir. Adi günlərdə qəzet səhifələrindən düşməyən, televizoru söndürəndə də ekranda danışmağa davam edən "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov indi nadir hallarda görünür. Həmkarlarım Nadirovdan sözü az qala kəlbətinlə çıxarırlar. FİFA ilə müzakirələr, mübahisələr, yazışmalar getdiyi müddətdə bütün bu olanları ictimaiyyətdən gizlədən, indi isə fakt qarşısında qalan vitse-prezident hələ də günahı başqalarının üstünə atmaqdadı. Necə deyərlər, yenə öz ampluasındadı. Guya borcu vaxtında köçürmək istəyiblər, amma son günlər bəzi məsələlər mane olub. Saatlar yay vaxtına keçib, Çində şaxtaçılar tətil edib, Danimarkada zibildaşıyanlar mitinqə çıxıb, İndoneziyada daşqın olub, Banqladeşdə fil əkiz balalayıb, Mali Respublikasında banan satanlar çevriliş edib, Bakıda duman olub, pulu köçürməli olan bankın xanım əməkdaşı dikdaban geyindiyindən yavaş-yavaş yeriyib... Nə isə. Yəni sizin it gəldi, bizim baltanı apardı... Borc pul, onun faizi və cəriməsi, silinən qızıl kimi 6 xal göz deşir. Körpü selə verilib. İş-işdən keçəndən sonra tumanbağının bərkitməyin isə mənası yoxdu...
   
   Cəmi bir neçə ay əvvəli xatırlayıram. İstefa verməyə məcbur edilən "Xəzər Lənkəran"ın rumın baş məşqçi Mirça Redniklə müsahibəm "Ədalət"də çap olunmuşdu. Qısa vaxt ərzində klubla ölkə kuboku və gümüş medal qazanan, səviyyəli oyunçuları transfer edən, futbolu Nadirovdan fərqli olaraq beş barmağı kimi bilən cənublu azarkeşlərin qəlbində taxt qurmağı bacaran rumın baş məşqçi "Mirça Redniklə qəfil görüş" adlı həmin müsahibədə çox mətləblərə aydınlıq gətirmişdi. Üstəlik əlim dinc qalmayıb elə həmin ərəfədə "Bir adamın iki sözü, çox üzü" adlı bir köşə də guppuldatmışdım. Klubun idarəçilərini işlərində peşəkar olmağa səsləmişdim. Mənsimov qardaşlarının parasını vicdanla xərcləməyə, iddialı komandanı Türkiyədə texniki peşə məktəbinin idman müəlliminin yardımçısı Cüneyt Biçərə tapşırmamağa, lənkəranlı azarkeşlərin qüruru ilə oynamamağa çağırmışdım.
   
   Hər iki yazı "Ədalət"də işıq üzü görüncə klubda aləm bir-birinə qarışdı. Vitse-prezident Tuyqun Nadirov və icraçı direktor, Mübariz Mənsimovun milyonlar əsirgəmədiyi stadionda ot yandırmaq üzrə mütləq çempion, yayda "Yağmadı yağış, bitmədi qamış", qışda "Yağdı yağış, çox bitdi qamış" mahnısını oxumaqdan bezməyən Höccət Hacıyev məni klubun Bakıdakı baş ofisinə dəvət etdilər. Daş atıb başlarını tutdular ki, klubda işlər peşəkar səviyyədə qurulub. Hətta FİFA-dan peşəkar klub adı soruşanda barmaqlarını xəritədə Lənkərana tərəf uzadırlar.
   
   Gördülər ki, qarşılarındakı bu nağıllara qarnı toxdu, əlüstü başqa taktika seçdilər. Elə danışdılar ki, guya klubdakı duruma görə mən günahkaram. Rus çariçası Yekatirinanın bəyəndiyi atı mən bəsləmişəm, xalqa divan tutmağı Bəşər Əsəddən mən xahiş etmişəm, Fidel Kastronun 11 saatlıq tarixi məruzəsini mən yazmışam. Arada məni bir zamanlar "Yeni Müsavat"da çalışdığıma görə şantaş da etdilər.
   
   Durum ortadadı. Görünən "Xəzər Lənkəran"a bələdçi gəmi lazım deyil. Çempionluğa iddialı klub indi nələrin peşindədi. Şair demişkən, indi nə Biçər var, nədə ki, Humay... Klub Romulo Silvanonun borcunu da ödədi, borcun faizini də, FİFA-nın cəriməsini də. Qızıl qiymətli 6 xaldan da oldu. Üstəlik İdman Arbitraj Məhkəməsinə min İsveçrə frankı da ödəməyə məcburdu. Nadirovun nə vecinə? Xərclənən Mənsimovların puludu. Necə deyərlər, özgə malı, can dərmanı. Bütün günü peşəkarlıqdan dəm vuranlar indi özləri də etiraf edirlər ki, klub yaranan 8 il ərzində FİFA ilə aralarında 30 dəfə mübahisə yaranıb.
   
   Tuyqun Nadirov və Höccət Hacıyev kimilərini görəndə dünyaca ünlü futbol adamı Di Stefanonun fikrini xatırlayıram- "Bu gün futbolda nə istədiyini bilməyən xeyli adam var".
   
   Ən dəhşətlisi isə budur ki, "Xəzər Lənkəran"ı bu duruma salanlar istefa verməyi heç ağıllarından da keçirmirlər. Dahi yazıçı Viktor Hüqo deyirdi ki, istefa həmişə vicdanlı addım sayılır. Şəxsən mən Nadirovda bu xüsusiyyəti görmədiyimdən onu istefaya səsləmirəm. Özü bilər, can onun, cəhənnəm Tanrının...
   
   Həftə sonu "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Təəssüf ki, bu yazı "Böyük oyun" ərəfəsinə düşdü. Lənkəranın futbolla nəfəs alan camiəsi bəlkə də məndən inciyəcək. Amma mən bu məsələdə qəribə heç nə görmürəm. Onsuz da "Xəzər Lənkəran"ın daxilində həmişə "Böyük oyun"lar gedir. Oyunçu aparmasın!

TƏQVİM / ARXİV