adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Tüstülənən arzu

CEYHUN MUSAOĞLU
31685 | 2012-04-14 11:49
O, "26-lar"ın şərəfsizliyinə salınan parkdakı skamyalardan birində yatmaq istəyirdi. Hava soyuq olduğundan parkda az adam vardı. Hansısa skamyada uzanmaq parkda oturmaq istəyənlərin hüquqlarını pozmurdu. Ən azı üç ay bu oturacaqlar boş qalacaqdı.
   
   Adam özünə münasib yer də seçmişdi. Çantasını başının altına qoyub, azadlığın dadını çıxarmaq arzusu içində alışıb-yanırdı. Başından çıxan tüstü ətrafda gəzişən polislərdən birinin gözündən yayınmadı. Tüstülənən adama yaxınlaşıb, əvvəl özünü təqdim etdi, sonra ondan şəxsiyyətini təsdiq edən sənədlərini istədi.
   
   - Baş çavuş Süleymanov. Xahiş edirəm sənədlərinizi göstərəsiniz.
   
   - Üstümdə bircə diplomdu.
   
   - Ver, baxım.
   
   Polis adamdan diplomu aldı. Açıb içinə göz gəzdirdi. Bir neçə saniyədən sonra diplomu geri qaytarıb "mən də Neft Akademiyasını bitirmişəm" dedi və çantasının içində nə olduğunu soruşdu. Məlum oldu ki, bir neçə kitab, qələm və tələbələrin laboratoriya dəftərindən başqa bir şey yoxdu. Adam bu yoxlamanın mahiyyətini başa düşdüyünü nümayiş etdirmək istədi.
   
   - Qorxmayın, terrorçu deyiləm.
   
   - Hə, bildik, Neft Akademiyasında dərs deyirsən.
   
   - Yox, laborantam.
   
   - Nə fərqi var e, müəllimsən də.
   
   Araya üç saniyəlik sükut çökdü. Polis başını qaldırıb müəllimin başına baxdı. Yenə tüstü çıxırdı. Polisi maraq bürümüşdü. Səhər saat 11-30, kostyumda, qalstukda bir nəfər tüstüləyir. Amma heç yeri yanmır, havadan da yanıq iyi gəlmir. Qalstuklu müəllim onu xəyaldan ayırdı:
   
   - Gedə bilərəm?
   
   - Yox.
   
   - Niyə?
   
   - Sən tüstüləyirsən.
   
   - Hə, deyirəm axı... Tüstüləyən mən deyiləm, içimdəki arzumdur.
   
   - O nə arzudu elə?
   
   - Skamyada yatmaq arzusu.
   
   - Nə danışırsız?.. Müəllim adamsız, indi durub parkda yatacaqsız?
   
   - Məgər müəllimlər parkda yata bilməz?
   
   - Əlbəttə yox. Parkda yalnız bomjlar və piyanskalar yatır.
   
   - Mənim evim də var, ailəm də, işim də. Özüm də spirtli içki qəbul etmirəm. Deyirsiz, parkda yata bilmərəm?!
   
   - İnciməyin, müəllim, bu, mümkün deyil.
   
   - Mən sizi başa düşdüm.
   
   Adam ora-bura boylanıb polisdən getməyə icazə istədi. Polis icazə verdi. Adam parkdan çıxıb Axundov kitabxanasının sağındakı küçəyə paralel olan küçəylə üzüyuxarı addımlamağa başladı. Xeyli getdi, amma bir dənə də olsun ərzaq mağazası görmədi. Qarşısına çıxan bütün mağazalarda telefon satırdılar. Adamın telefondan zəhləsi gedirdi. Telefonu azadlığın cəlladı hesab etdiyindən heç vaxt ona meyl göstərməmişdi. Bu mövzuda maraqlı fikri də vardı: "Adamı itməyə də qoymurlar".
   
   Müəllim nəhayət ki, "28 May" küçəsindəki marketlərdən birindən yarım litr "Xan" arağı, 200 qram kolbasa və bir ədəd çörək alıb gəldiyi yolla geri qayıtdı. Parka çatanda həmin polislərin iki gənclə söhbət etdiyini gördü. Qız oğlanın qolundan yapışmışdı, oğlan isə ciblərini axtarırdı. Qoy, siz deyən olsun, oğlan polisə pul yox, sənəd verəcəkdi.
   
   Müəllim arağı içmək istəmirdi. Birdən polisin sözü yadına duşdü: "Skamyada bomjlar yatır". Əvvəl qalstukunu çıxardı, sonra pencəyinin aşağı düyməsini yuxarı, yuxarı düyməsini aşağı bağladı. Nəsə alınmırdı. Şalvarından kəməri açdı, ayaqqabısını və həmin ayağından corabını da çıxardı, saçlarını dağıtdı. Yox e, alınmır. Təzədən pencəyinin düymələrini açdı, soyunub köynəyinin düymələrini qırıb yerə atdı, pencəyini isə astar üzünə geyindi və kəmərini qarnına bağladı. Hə, indi qarşınızda dayanan müəllimə əsl bomj demək olardı.
   
   Polislər gənclərlə söhbəti qurtarıb parkın girişinə doğru gələndə müəllimi skamyada uzanan gördülər. İkisini də gülmək tutdu. Bu dəfə bayaq söhbətə qarışmayan polis dilləndi.
   
   - Yox e, müəllim, tutaq ki, biz razılaşdıq. Bəs parkda gəzənlərə necə sübut edəcəksiniz ki, bomjsuz? Axı üstünüzdən üfunət iyi gəlmir. Adam əsəbiləşmişdi, başını qaldırıb hirslə dedi:
   
   - Deyirsiz, gedim zibilxanaya girim?!
   
   - Ay müəllim, niyə əsəbiləşirsən. Görürəm, maşallah, setkada arağın, kolbasan da var. Butulkanı çək başıva, kolbasadan da dişlə. Vəssəlam, biz də sənə icazə verək, şellən də özünçün.
   
   Başqa çıxış yolu yox idi. Onu bir dəfə də belə məcbur eləmişdilər. Kafedra müdiri yanına çağırıb demişdi ki, dəftəri olmayan tələbəyə rəisin uşağı olduğu üçün laboratoriya işindən qiymət yazmalıdır. "Bəs dəftər necə olsun" sualına belə cavab almışdı: "Get özün yaz".
   
   Hə, ilk dəfə idi ki, müəllimin dilinə araq dəyəcəkdi. Setkadan arağı çıxardı, qapağını açdı. Təklif müəllifi olan polisin "dayan, gedim stəkan gətirim, bizdə dejurkada olmalıdır" replikasının cavabında müəllim "bomjlar arağı stəkanla içmirlər" - deyə cavab verdi və butulkanı başına qaldırdı. Yarıya qədər içdi, nə kolbasadan, nə də çörəkdən dişlədi. Başının altına qoyduğu çantasını da ağaclığa tullayıb skamyaya uzandı.
   
   Polislər ordan uzaqlaşsalar da gözləri arxada qalmışdı. Müəllimin hərəkəti onları çaşdırmışdı. "Niyə belə eləyir" sualı ətrafında diskussiya açmaq istəyirdilər ki, birdən ratsiyadan səs gəldi: "19, 19 ərazidə kim var, onları da götürüb "Azadlıq" meydanına gəlin, insanlar yenə "azadlıq" deyib küçələrə düşüb.
   
   Polislər parkı tərk eləməmişdən öncə arxaya döndülər. Müəllimi son dəfə görmək istəyirdilər. Amma heç nə görünmədi. Müəllimin uzandığı skamyanın yanından ötənlər isə işıq seli ilə qarşılaşırdılar.

TƏQVİM / ARXİV