BiR MüƏLLiM ŞiLLƏSi...

FAİQ QİSMƏTOĞLU
25878 | 2012-04-14 08:26
Hər insanın həyatda müəllimi olub. Kimliyindən asılı olmayaraq, məktəbə gedir, partiya arxasında əyləşir və müəllim qarşısında dayanır. Müəllim qarşısında dayanmaq o qədər də çətin deyil. Çətini odur ki, müəllimin dediklərini yadda saxlayasan, əməl edəsən və günlərin birində də ürəyində arzuladığın istəyə nail olasan. Arzuya gedən yol bütün hallarda orta məktəb partasından başlayır. Orta məktəbdən başlayan bu yol o qədər dolanbac, o qədər çətin və o qədər enişli-yoxuşludur ki, o yolla addımlamaq hər adamın işi deyil...
   
   Köhnə kişilər, köhnə müəllimlər bu gün tarixin yaddaşına həkk olunub. Ən azından ona görə ki, indiki dövrümüzdə, zəmanəmizdə belələrinə çox az-az rast gəlirik. Görürük ki, yox, biz zamanında o köhnə kişilərin, o köhnə müəllimlərin qədrini yaxşı bilməmişik. Elə fikirləşmişik ki, hər gün onları görəcəyik, onların öyüd-nəsihətini eşidəcəyik və onların isti söhbətlərini dinləyəcəyik. Amma zaman ötüb və günlərin birində biz həmin adamları itirmişik. İtirəndən sonra onların böyüklüyünü, ucalığını və ən nəhayət əvəzedilməzliyini hiss eləmişik. Hiss eləmişik ki, uzun illər və uzun zaman kəsiyi ötsə də bu köhnə kişilərin və köhnə müəllimlərin yeri görünür. Yeri özü də elə görünür ki, onu heç də başqası əvəz eləyə bilmir. Sadəcə olaraq, kimlərsə gəlib gedir, amma onun yerini verə bilmir ki, verə bilmir...
   
   Füzuli rayonunun Böyük Bəhmənli kəndində çox dəyərli, ziyalı və yeri görünən müəllimlər olub. O müəllimlər tək bizə deyil, babalarımıza, atalarımıza, analarımıza dərs deyiblər. Özü də elə dərs deyiblər ki, o dərsi bizə sonradan atalarımız, analarımız xatırladanda çox şeyi anlamışıq. Anlamışıq ki, onların müəllimləri heç də elə-belə müəllim, ziyalı insan olmayıb. Əlbəttə, o şəxslər və o insanlar yaddaşlarda əbədi iz qoyur ki, onlar ya istedad, ya da çox savadlı şəxslər olurlar. Belə müəllimlərdən biri rəhmətlik Əvəz Əliş oğlu Əliyev olub. Düzdür. Əvəz müəllimdən əvvəl bizim oxuduğumuz məktəbdə rəhmətlik mənim bibimin yoldaşı Yaqub müəllim direktor işləyib. Biz onu görməmişik. Amma görənlər deyir ki, Yaqub müəllim kimi direktor bu məktəbin tarixində tək-tükdür. Bizim gördüyümüz direktorsa rəhmətlik Əvəz müəllim idi. O bizə kimyadan dərs deyirdi. Dərsi də elə canlı və elə maraqlı aparırdı ki, milçək uçsa səsi eşidilərdi. Ən dəcəl və ipə-sapa yatmayan sinif yoldaşlarımız olan Şiraslanın, Filqətin, Bəbəşin qorxusundan Əvəz müəllimin dərsində səsləri belə çıxmazdı. Bürüşüb elə oturardılar ki, Əvəz müəllimin diqqətini cəlb eləməsinlər. Əgər bir kimsə o, dərs dediyi vaxtda artıq hərəkət eləsəydi, səs salsaydı vay o adamın halına. Demək o şagirdin işi çox ağır olacaqdı. Ən azından ilboyu olmasa da, bir ay müəllimlər otağında ona "dərs" verəcəkdilər. Bu dərs də elə-belə olmazdı. Orda çəkilən qulaq, orda vurulan şillə heç kimin yadından uzun müddət çıxmazdı. Elə ona görə də bir kimsə Əvəz müəllimin dərsində dəcəllik eləməz və müəllimlər otağına gedib çıxmaq istəməzdi.
   
   Əvəz müəllim də kimya dərsini bayaq dediyimiz kimi, elə gözəl izah eləyirdi ki, ən zəif uşaqlar belə onun dediklərini başa düşür və dərsi hazırlayıb sinfə gəlirdilər. Vay onda ki, hər hansı mövzu ilə bağlı danışanda hansısa şagird lövhədə kimyəvi reaksiyanı yazarkən bir səhv eləyəydi. Bax onda Əvəz müəllim əsəbləşər, yumşaq əlləri ilə adamın üzünə bir şillə ilişdirərdi. Şilləni də Əvəz müəllim ona görə ilişdirərdi ki, hər hansı bir səhv bir daha təkrarlanmasın. Əgər kimsə bundan nəticə çıxarmazdısa, bax onda vəziyyət daha da qəlizləşər, növbəti dərs zamanı rəhmətlik Əvəz müəllim hövsələdən çıxardı. Deyərdi ki, mən sizə elə dərs deyirəm ki, heç bir qaranlıq məsələ qalmır. Siz də zəhmət çəkib mənim öyrətdiklərimin heç olmasa 60 faizini mənə qaytarın. O, 60 faizi mənə qaytara bilsəniz, ali məktəbə qəbul imtahanı verərkən kimyadan ən aşağısı "4" ala biləcəksiniz. "5" almaq istəyənlər isə gərək öyrətdiklərimin hamısını yadda saxlasın.
   
   Doğrudan da bu belə olurdu. Bizim məktəbi bitirən şagirdlərin bir çoxu Tibb İnstitutuna və eləcə də Pedaqoji İnstitutun kimya-biologiya fakültəsinə sənəd verirdi. Onlar da kimya imtahanından ya "4" alırdılar, ya da "5". Bütün bunlar rəhmətlik Əvəz müəllimin zəhməti id. Həmin illərdə bizim orta məktəbi bitirən çoxlu sayda şagirdlər Tibb İnstitutuna və eləcə də Pedaqoji İnstituta qəbul olurdular.
   
   Bizim sinifdə isə kimyanı ən yaxşı bilən Gülbahar Məmmədova (indi o həmin orta məktəbdə kimya-biologiya müəlliməsi işləyir), rəhmətlik Yusif Namazov və bir də mən idim. Rəhmətlik Əvəz müəllim elə fikirləşirdi ki, orta məktəbi mən bitirəndən sonra Tibb İnstitutuna qəbul olacam. Çünki humanitar fənlərlə yanaşı, kimyanı və dəqiq elmləri də çox yaxşı bilirdim. Amma mənim ali məktəbə qəbul olmaq xəbərini eşidəndə Əvəz müəllim təəccübləndi. Təəccübləndi ki, sən kimyanı, biologiyanı, fizikanı çox yaxşı bilirdin. Nə üçün həkim olmadın? Mən də sadəcə olaraq cavab verdim ki, özümü həkim kimi görmürdüm. Ona görə də jurnalistika sənətini seçdim...
   
   Böyük Bəhmənli kənd orta məktəbində təkcə biz şagirdlər deyil, müəllimlər də Əvəz müəllimdən çəkinərdilər. Bir müəllimin ixtiyarı nə idi ki, vaxtında dərsə gəlməsin və dərs boş keçsin. Biz elə hallar olduğunu 10 il oxuduğumuz dövrdə heç vaxt görməmişdik. Görməmişdik ki, hansısa müəllim dərs vaxtı sinfə gəlməsin və bizə dərs deməsin. Açıq dərslərdə də Əvəz müəllim heç bir müəllimə xəbər eləmədən qəfil sinfə girərdi. Keçib arxa partada əyləşərdi və dərs sona çatana qədər nəsə qeydlər eləyərdi. Bilmirdik, o nə qeydlər eləyərdi, amma bir onu bilirdik ki, dərs deyən müəllim özünü əməlli-başlı itirərdi. Çünki Əvəz müəllim çox zəhimli və çox da tələbkar bir insan idi. Elə onun zəhminə görə də bayaq dediyimiz kimi, müəllimlər ondan çəkinərdi.
   
   Bir dəfə dərs ili başa çatırdı. Onda Əvəz müəllim məni və bir də 10-cu "a" sinifində oxuyan bibimoğlu Təbrizi otağına çağırtdırdı. Dedi ki, siz dərslərinizi yaxşı oxuyursunuz. İstəyirəm bu yay mövsümündə hər ikinizi ya Moskvaya, ya da Kiyevə pulsuz "putyovka" ilə istirahətə göndərim. Düzü, bu söz bizi lap sevindirdi. Çünki hər il məktəbimizdə 9-cu sinifdən 10-a keçəndə yaxşı oxuyan şagirdlərdən bir neçəsi Moskvaya, Leninqrada, Kiyevə pulsuz istirahətə göndərilərdi. Bu, bizə nağıl kimi gəlirdi. Amma bu nağıl günlərin birində reallaşdı, Təbrizlə məni yolun kənarında görən Əvəz müəllim "putyovka"ları bizə uzadaraq dedi ki, sabah Bakıda olmalısınız. Ordan birbaşa turizm mərkəzindən Kiyevə yola düşəcəksiniz.
   
   Beləliklə, biz 9-cu sinfi bitirəndən sonra Kiyev kimi böyük bir şəhəri gördük. Hansı ki, Bakıya onda birinci dəfə gəlirdik. Sözümüzün canı odur ki, Əvəz müəllim həm yaxşı müəllimi, həm də yaxşı, savadlı şagirdi qiymətləndirməyi bacarırdı. Amma gərək Əvəz müəllimin əsəbinə də toxunmayaydın. Bax elə ki, onu əsəbləşdirdin, ayağını düzgün atmadın, dərsə hazır olmadın, onda o şagirdin işləri çox çətin olurdu. Çətin olanda belə idi ki, dərsin bilməyən, nadinclik eləyən və ipə-sapa yatmayan şagirdin ağzı möhkəm-möhkəm ovulurdu.
   
   Bayaq dediyimiz kimi, kimin ağzı nə idi ki, Əvəz müəllimin sözündən çıxsın, dərsə gəlməsin, dərsdən qaçsın. Əvəz müəllim hamının müəllimi idi, hamının yol göstərəni idi. O, tamamilə başqa bir düşüncənin, başqa bir əxlaqın sahibi idi. O bizi döyürdü ki, danlayırdı ki, adam olaq, oxuyaq və günlərin birində də əlimizdə bir sənətimiz olsun. Rəhmətlik Əvəz müəllimin yaddaşlara yazılan bir fikri vardı: deyirdi ki, oxuyun, adam olun. Bax onda bir vaxtlar mən bu dünyada olmayacağam, amma görəcəksiniz ki, mənim vurduğum şillə və mənim nəsihətlərim sizi istəyinizə qovuşdurub. Doğrudan da, bu belə idi. Əvəz müləlimin, eləcə də başqa müəllimlərimizin vurduqları şillə çox müqəddəs şillə idi. Bu şillə bizə həmişə vurulmazdı; dərsimizi oxumayanda, dəcəllik eləyəndə və yolumuzu azanda vurulardı. O müqəddəs şillələr çox şagirdləri əyri yoldan, pis yoldan çəkindirib və işıqlı yola aparıb və o müqəddəs şillənin xeyirini indi bir vaxtlar bizim məktəbi qutarmış minlərlə insanlar görürlər.
   
   Məktəbimizdə o vaxtlar yaxşı müəllimlər çox olub. Cəlal müəllim, Nuğay müəllim, Balaca müəllim, Cəmil müəllim, İsa müəllim, Cavanşir müəllim, Qəzənfər müəllim, Ənvər müəllim, Həqiqət müəllimə, Nürəddin müəllim... bizim yaddaşımızda əbədi iz qoyublar. O izlər uzun illər və uzun zaman kəsiyi keçsə də heç vaxt yadımızdan çıxmır. Yadımızdan çıxmayan bir də məktəbin qarovulçusu rəhmətlik Xalaoğlu Tərxandır. Çünki Xalaoğlu Tərxan uşaqlar məktəbin pəncərəsini, sinif otaqlarını qıranda, onları Əvəz müəllimlə qorxuzardı. Deyərdi ki, ay köpəkuşağı, pəncərəni sındırdınız, sabah Əvəz müəllim məndən soruşanda deyəcəm ki, pəncərəni sındıran Təvəkkülün oğlu Şiraslandır. Görün onda Əvəz müəllim sizin başınızda turp əkir, ya yox?! Təbii ki, bu sözləri eşidən hər bir şagird və eləcə də Təvükkülün oğlu ipə-sapa yatmayan Şiraslan özünü yığışdırırdı. Qorxurdu ki, Xalaoğlu Tərxan Əvəz müəllimə çatdıra, Əvəz müəllim də Şiraslanı sala şapalağının altına. Bax bu qorxu, bu hisslər bizi pis vərdişlərdən və dəcəllikdən uzaqlaşdırırdı. Amma indi bir şagirdə müəllim şillə vuran kimi valideyni onu ya hədələyir, ya da polisə verməklə qorxudur. Müəllim də ağrımayan başına dəsmal bağlamaq istəmir, deyir ki, altda qalanın canı çıxsın. Elə altda qalının da canı çıxır. İndiki dəcəl uşaqlar, ipə-sapa yatmayan şagirdlər ya içkiyə qurşanır, ya da narkotikaya və günlərin birində də cinayət törədərək türməyə düşürlər.
   
   Hər dərs deyən insana və hər əlinə jurnalı götürən adama müəllim demək olmaz. Müəllim Əvəz müəllim kimi ziyalılara deyilir. O ziyalılara ki, işlədikləri uzun illər ərzində biliyini, istedadını şagirdlərinə ötürə bilir. Eyni zamanda, onlar ucalığa qalxaraq ən yüksək zirvədə dayanırlar. Əvəz müəllim kimi insanlar Füzuli təhsilində və eləcə də ölkəmizin təhsil sistemində o qədər də çox olmayıblar. Onların durduğu ucalığa baxanda fikirləşirsən ki, bu insanlar həqiqətən də sağlıqlarında özlərinə şagirdlərin ürəklərində əbədi heykəl ucaldıblar.
   
   O heykəl minlərlə şagirdlərin ürəyindədir və zaman-zaman əbədi iz qoyur. Əgər biz bu gün hansısa mövqeyə çatmışıqsa, buna görə ancaq Əvəz müəllim kimi dəyərli ziyalılara, işıqlı insalara minnətdarıq. Zamanından və məkanından asılı olmayaraq müəllimlər müəllimi olan bu cür insanların həmişə yeri görünür. O yeri ki, onlar tutublar və onlar durublar və onlardan sonra gələn bir kimsə son 50 ildə o ucalığa çata bilməyib...

TƏQVİM / ARXİV