60-ı azırdın, 120-yə nə qaldı...

ETİBAR CƏBRAYILOĞLU
27367 | 2012-04-14 08:26
XXI əsr hələ gəlib çatmamışdı. Paytaxtın mərkəzindəki Şəhriyar adına Mədəniyyət Mərkəzinin yarıqaranlıq, alababat təmir üçün ürəyi gedən çayxanasında ilk dəfə görüşdük. Çalışdığım qəzetin redaksiyası həmin çayxanaya bitişik binada yerləşdiyi üçün müsahibim məhz oranı seçmişdi. O zaman Eldəniz bəy populyar telekanallardan birindəki böyük vəzifəsindən istefa vermişdi. İstefanın səbəbləri barədə müsahibə hazırlamalı idim. İstedadlı kino-ssenarist, yazıçı Eldəniz Quliyevlə üzbəüz tanışlığımız belə bir şəraitdə reallaşdı.
   
   Eldəniz bəy ürəyini boşaltdı. Özü də necə... Qarşı tərəfə hörmət və sayğısını göstərmək şərti ilə, kübarcasına. Şər-böhtan atmadan, haray-həşir salmadan, əsl ziyalıya xas təmkinlə. Hər kəsə göstərdi ki, o, prinsiplərini dəyişməkdənsə, iş yerini dəyişməyi üstün tutur.
   
   Həmin söhbətdən xeyli müddət keçib, hətta arada əsr də dəyişib. Eldəniz Quliyev isə öz prinsiplərini dəyişmədən yaşayır. Heç dəyişməyə hazırlaşmır da. Bəlkə biriləri 60 yaşdan sonra bəzi "redaktə" işləri aparmağı yaxşı bacarır. Amma geridə buraxılan illər ərzində tanıdığım Eldəniz bəydə bu "bacarığı" müşahidə eləməmişəm.
   
   Eldəniz Quliyev artıq müsahiblərimdən biri yox, dostlarımdan biridi. Digər dostları kimi mən də qollarımı çırmayıb onun 60 illik yubileyinə hazırlaşıram. Bu əlamətdar gün təkcə onun özü, həyat yoldaşı Xalidə xanım, qızı Afaq, oğlu Nəcəf, nəvəsi Ülvi üçün bayram deyil ki. Elə bütün dostlarının, doğmalarının, həmkarlarının, həmfikirlərinin şad günüdü. Dostların bu bayramında gözəl ziyalımız, uzun illər polis orqanlarında çalışmış polkovnik Şirin Şirinovun yeri necə də görünür...
   
   Eldəniz Quliyev bizim məmləkətdə kinonu beş barmağı kimi bilən beş-altı şəxsdən biridi. Andrey Tarkovskidən dərs alıb. Ssenarisi əsasında çəkilən "Pirverdinin xoruzu", "Cin mikrorayonda", "Cansıxıcı əhvalat" göz qabağındadı. Xocalı faciəsini ilk dəfə hələ 1992-ci ildə "Haray" filmi ilə kinoya gətirən ssenarisdi. Eldəniz Quliyev aktyor kimi də filmə çəkilib. "Qaçaq Nəbi"nin Mirzəsi yadınızdadı yəqin...
   
   Kino onun ailəsinin də taleyində mühüm yer tutur. Həyat yoldaşı Xalidə xanım "Nəsimi"də, "Tütək səsi"ndə, "Xoşbəxtlik qayğıları"nda unudulmaz obrazlar yaradıb. Bu gün təkcə Azərbaycanda deyil, İranda da filmlərə çəkilir. Oğlu Nəcəf dünya şöhrətli Rüstəm İbrahimbəyovun yaratdığı Bakı Beynəlxalq Kino Məktəbinin məzunudu.
   
   Eldəniz Quliyev ölkəsini, xalqını sevən insandı. Və ən əsası bu sevgidə heç bir təmənna, riyakarlıq, göstəri yoxdu. Dostumuz Azərbaycanı tanıtdırmağın deyil, sevdirməyin tərəfdarıdı. Bir neçə il öncə "Ədalət" qəzeti üçün onunla hazırladığım müsahibəni xatırlayıram. Eldəniz bəy həmin müsahibədə izah edirdi ki, Azərbaycanı tanıtmaq çox asan bir işdi, artıq onu sevdirmək mərhələsinə başlamaq lazımdı.
   
   Gələn ay ölkəmiz nəhəng bir musiqi yarışmasına ev sahibliyi edəcək. Aylardı ki, xarici mətbuat Azərbaycandan yazır, telekanallar buraları oralarda tanıdır. Bu proses musiqi yarışmasından sonra da davam edəcək. Göründüyü kimi, Azərbaycanı tanıtmaq məsələsi artıq problem deyil. Amma əcnəbi həmkarlarımız Azərbaycanı sevməyə hələ də həvəsli deyillər. Eldəniz Quliyev haqlı imiş. Biz bu işə gərək çoxdan başlayaydıq.
   
   Eldəniz bəy son illər mətbuatda tez-tez görünür. Cəmiyyətdə baş verən proseslərə bir ziyalı kimi münasibət bildirir. İşsiz qalsa da, prinsipsiz qalmayıb. Dostumuzun 60 illik yubileyi ərəfəsində qədim Çin filosofu Konfutsinin kəlamını xatırlayıram- Zülməti söyməkdənsə dur bir şam yandır! Eldəniz Quliyev zülməti söyənlərdən yox, həmişə qaranlığa qalib gəlməyə çalışan ziyalılardandı.
   
   Yandırdığın şamlar sönməsin!

TƏQVİM / ARXİV