adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Əsgərlik Gündəliyim - 12

İNTİQAM VALEHOĞLU
61096 | 2012-04-14 08:26
Əsgər bıçağı
   
   
   
   29 mart 2008-ci il. Düz 93 günüm qalır tərxis olunmağa. Artıq yeni işçi qrupu yaradılıb. Vaxt daraldıqca daha çox darıxmağa başlayıram. Gecəni NBM növbətçisi olmalıyam. Heç olmasa yoldan gedib gələnləri görürəm və bir az da olsa başım qarışır...g
   
   Səhəri gün mənimçün daha pis hadisəylə yadda qalır. Əsgər yoldaşım Fərmanov İlkinin yastığının içindən bıçaq çıxır. Kim bilir, ya özünə, ya da hansısa əsgər yoldaşına xəsarət yetirmək istəyirmiş. Nə yaxşı ki, vaxtında işin üstü açıldı. Bu gün həm də yay vaxtına keçidlə əlaqədar saatlar bir saat irəli çəkilir. Axşam saat 6-da növbəmi təhvil verməliyəm. Əslən ağdamlı olan Hüseynov Vasif isə yenə də öz ampluasındadır. Yenə diribaşlığı, hər kəslə dil tapmağıyla fərqlənir... Mənim xidmətim olan Vasif komendaturanın yaxınlığından keçən bir dəstə adama səslənir...bir neçə dəqiqədən sonra geri qayıdır...bir litr "pepsi", bir manat pul, siqaret... Lap bazarlıq edib ki...Axşamüstü hərbi hissə komandirinin maddi-texniki təminat işləri üzrə müavini Təyyar Nəzərov komendaturaya gəlir. Ya maşınını yuduzdurmağa, ya da əli aşağıdır..
   
   Mart ayının 31-i azərbaycanlıların soyqırımı günüdür. Amma deyəsən bununla bağlı hansısa tədbirin keçirilməsi nəzərdə tutulmur. Bu gün əsgərləri yenə "podsovka"ya işləməyə göndərəcəklər. Vaxt öldürmək üçün yaxşı fürsətdir... Daha doğrusu fürsət idi... Çünki həmsoyadım, leytenant Alıyev "səndən işləyən olmaz" deyib məni geri qaytarır. Elə bil tənbəl olmağım alnıma yazılıb))) Heç olmasa yolda bir saat vaxtdan getdi, həm də ömürdən. Sabah 2006-cı il oktyabr çağırışçılarından 10 nəfər tərxis olunmalıdır. Mayorlar həmin on nəfərlik siyahını açıqlayır. İnsafən onların bu seçimi doğru idi. Çünki tərxisə gedənlərin siyahısında ilk olaraq bir, yaxud iki valideynini itirmiş əsgərlə, özləri valideyn olan əsgərlər göstərilmişdi. Afərin mayor! Son günlər Allahverdiyev Şəhriyar və qardaşlığım Əliyev Elnurla daha çox dərdləşirik, söhbətləşirik... Gələnlərdən. Gedənlərdən. Haqsızlıqlardan...
   
   
   
   1 aprel kədəri
   
   
   
   1 aprel. Həm gülüş günüdür, həm də on nəfər əsgər yoldaşımın ailələrinə qovuşacağı gün. Gözlərdə sevinc, kədər, qəm, qüssə...nə isətəsən görə bilərsən. Yeni gələnlər evə gedəcəkləri günün xeyli uzaqda olmağına kədərlənirlər. Tərxisə gedənlər ailələrinə qovuşacaqlarına sevinirlər, mənsə gənc əsgərlərə baxıb 90 günümün qalmasına şükr edirəm. Komendaturanın baş aşbazı Tağıyev Əlinin dayısı Kamazla onu evə aparmağa gəlib. İndi həmin mənzərəni nə qədər də çalışsam sizə təsvir etməkdə acizəm. Aylarla düşmən kimi olan uşaqlar bir-birlərini duz kimi yalayırlar... ayrılıq anıdır...Hava getdikcə qaralır, ətraf görünməz olur. Şəkidən Bakıya gedən qatar isə komendaturanın iki yüz metrliyindən keçir. Bir azdan artıq keçmiş əsgər yoldaşlarımız vaqonlara minib evlərinə gedəcəklər... Onları yola salırıq... Təbii ki, NBM-ə qədər. Kimdir bizi dəmiryolu vağzalına buraxan... Uzaqbaşı qapının ağzına qədər yola sala bilərik onları... Hərbinin qaydaları yenə də işə düşür... Qatarın tərpənməsinə saniyələr qalır. Hamı avtoparkda barmaqlarının üstündə dayanıb bayıra boylanır ki, dəmiryolu vağzalını, keçmiş əsgər yoldaşlarını görsün. Uşaq ağlı... Axı bu qaranlıqda yanında duran insanı zorla gördüyün halda 200 metr uzaqlıqda hansısa əsgəri necə görmək olar. Qatar tərpənir. Vaqonların cırıltısı düz dayandığımız yerə gəlir... Baxırıq... Uşaqlar günortadan söz veriblər ki, vaqonlardan hər hansı vasitəylə bizə əl edəcəklər... Və... birdən qatarın pəncərələrindən düz 8 işiq parlayır və sayrışmağa başlayır. Bu əsgərlərin alışqanlarının fənərləridir. Yandırıb bizə əl eliyirlər, sağollaşırlar... Təbii ki, onların arasında mənim də yola getmədiklərim var. Amma elə bilirəm ki, qardaşımdan ayrılıram. Bu da qəribə hissdir. Niyə 1 ay, iki ay əvvəl belə deyildik ki?!
   
   
   
   Ayrılıq alınmadı
   
   
   
   Hamı ağır-ağır avtoparkdan sinif otağına, kazarmaya gedir... indi bizə qalır bu vəziyyətdən çıxmaq. Siqaret siqaretə calanıb, hamı tüstüləyir. Təbii ki, əsgərdə bu qədər siqaret ola bilməz. Həmin siqaretləri bizə tərxisə gedən yoldaşlarımız alıblar. Səhər açılır... bu gün daha bir qrup evə gedəcək... yenə ayrılıq, yenə üzüntü...Offffff... offffffff... Bu arada məşhur müğənni Nüşabə Ələsgərlinin bacısı oğlanları komendaturaya ezam olunurlar. Hər halda özləri belə deyirlər və hərbi hissədə də onları hər kəs Nüşabə xanımın bacısı uşaqları kimi tanıyır. Əkizdirlər, Cəfərov Anar və Surac. Surac bir müddət qarnizonda sürücü olub. Anar isə hərbiyə yanvar ayında gəlib. Bir az dirəşkənliyi var, necə deyərlər hələ ağzı isti yerdədir. Surac isə vəziyyətdən xəbərdardır. Bilir ki, komendaturada at oynatmağına dəyməz... Çünki bura at oynatmaq meydanı deyil. İkincisi də burda oynatmağa at da yoxdur... Amma deyəsən "dedlər" gedəsi olmadılar. Hamısı darıxırlar... Yaz yağışı da öz işindədir. Gah yağır, gah dayanır, gah güclənir... Axşam yenə NBM növbətçisiyəm.
   
   
   
   Əla başlanğıc
   
   
   
   Bu gün isə çox əla başladı. Çünki Sərhəd Dəstəsindən gələn telefonoqrammaya əsasən bütün "dedlər" dərxis olunacaq. Hamısı mülki geyimlərini geyinib taksilərlə Sərhəd Dəstəsinə hərbi biletlərini almağa getdilər. O hərbi bileti ki. Düz 547 gündür onu almaq üçün burdadırlar. Qışın soyuğunda, yayın istisində...
   
   Aprelin 4-də xeyli fasilədən sonra yenidən komendatura növbətçisi təyin olunuram. Çox pis. Çünki 12 saat ərzində bu qədər şəxsi heyətin qeydinə qalmaq, onları xidmətə çıxarmaq asan iş deyil. Ələlxüsus da belə bir məqamda. Çünki 3 ayım qalmış kiminləsə mübahisə eləmək fikrində deyiləm. Mehdiyev Turalla yenə əməlli-başlı çəkişmə gedir aramızda. Şəxsi heyəti çıxarıb ərazini təmizlətdirirəm. Təmizlətdirirəm deyəndə ki, burda ayıb bir iş yoxdur. Zamanında özüm də eləmişəm bu işləri. Mayor İsgəndərovun "sən əməlli-başlı xidmət aparırsan ki" deməyə məni həvəsləndirir. Baxmayaraq ki, son günlər içimdə bu insana qarşı əməllicə nifrət yaranıb. Aylardır mənə və əsgər yoldaşlarıma elədiyi haqsızlıqlara görə. Axşam xidməti təhvil verib Elnurla bir kənara çəkilirik ki, söhbətləşə bilək. Elnur haqda bir neçə kəlmə. Dostum elə birisidir ki, aylardır hüzn içərisində yaşayan birini də şənləndirə, əhvalını yüksəldə bilər. Elə şaqqanaq çəkib gülməyi bəs edir ki, bütün pislikləri unudasan.

TƏQVİM / ARXİV