adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bəhailik və Azərbaycan bəhailəri haqqında

22909 | 2012-04-13 08:44
Bəhailik nədir? Bəhalilər kimə xidmət edir və Azərbaycanda onların fəaliyyəti nədən ibarətdir?
   
   Yəqin ki, yuxarıdakı suallar çoxlarını düşündürür. Məhz bu suallara cavab tapmaq məqsədi ilə araşdırmaya başladım. Təxminən iki ay öncə Azərbaycan Bəhai icmasının ofisində qonaq oldum və bəhailik haqqında 10-dan çox kitab əldə elədim.
   
   Bu gün dünyanın 235 ölkəsində 6 milyondan çox bəhai var. Qonşu İranda isə 300 000-dən artıq bəhai yaşayır. İranda İslam inqilabı həyata keçiriləndən sonra 200-dən çox bəhai edam olunub. Azərbaycanda təxminən 1000 nəfərə yaxın bəhai var. Ölkəmizdə bəhailər təqib olunmur. Ramazan bəyin bildirdiyinə görə Bəhailər 20 000-dən artıq şəhid verib. Əsas təşkilatları Ümumdünya Ədalət Evidir.
   
   Bəhailiklə bağlı, bu dinin Azərbaycanda və dünyada yayılmasıyla bağlı suallarımı Ramazan Əsgərli cavablandırır. Müsahibim Ramazan bəy Azərbaycan Tibb Universitetinin məzunudur. 12 yaşından həqiqət axtarışında olduğunu bildirən həmsöhbətim, axtardığı bütün sualların cavabının Bəhai dinində olduğunu bildirir.
   
   - Ramazan bəy, mümkünsə, əvvəlcə bəhailik və onun yaranması haqqında oxucularımıza məlumat verərdiniz. Harda, hansı məqsədlə yaranıb bəhailik?
   
   - Əvvəlcə sizə babilik haqqında məlumat verməyim yerinə düşərdi. Babilik, Seyyid Əli Məhəmməd Babın yaratdığı bir dini təlimdir. İranda, daha doğrusu Güney Azərbaycanda yaranıb. Seyyid Əli Məhəmməd Bab, 1844-cü ildə Bab ləqəbini götürmüş, özünü Allahın vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Quddusla Məkkəyə yollanaraq müsəlmanların müqəddəs ibadətgahı Kəbə yaxınlığında öz missiyasını elan etmiş, vəd olunmuş Qaim, yəni Mehdi olduğunu bildirmişdir. Daha sonra Seyyid Əli Məhəmməd Kufə şəhərinə gedərək orada öz dəvətini elan edib. Təbliğinə başladığı gündən Babın təlimi fanatizmə qarşı yönəlmiş olduğu və tamamilə yeni prinsip və qanunlar elan etdiyi üçün İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar topladı. Lakin Seyyid Əli Məhəmməd Babla bu dəvət və missiya bitmirdi. Seyyid Əli Məhəmməd Bab özündən sonra zühur edəcək "Allahın zahir edəcəyi kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir elan olunub, bir qismi tərəfindən isə qəbul edilib. Yəni ona münasibət birmənalı olmayıb. Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Seyyid Əli Məhəmməd Bab Maku zindanında "Bəyan" adlı kitabını qələmə alıb.
   
   Babın artan nüfuzu həm hakimiyyəti, bundan daha çox üləmaları qorxuya salmışdı, odur ki, onlar Onun birdəfəlik məhvi üçün çalışdılar və buna 1850-ci ildə nail oldular. Bab həmin il iyul ayının 9-da Təbrizdə, insanların gözü qarşısında güllələndi.
   
   - Babın öldürülməsi ilə babilik bitdi və yeni bir dönəm başladı. Düzmü başa düşdüm?
   
   - Seyyid Əli Məhəmməd Bab özündən sonra gələcək, "Allahın zahir edəcəyi kəs" haqqında məlumat vermişdi. Ancaq onun ölümüylə babilik tamamilə aradan qalxmadı. Babın ardıcılları üləmaların təhriki ilə çox qəddar təqib və qətliyamlara məruz qalırdılar və buna görə də müdafiə olunmaq məcburiyyətində qalırdılar. Yeni doğulmuş dinin ardıcıllarının fəaliyyəti yatırılsa da, Babın ideyaları tamamilə aradan qalxmadı.
   
   1863-cü ildə əsl adı Mirzə Hüseyn Əli olan Bəhaullah Bağdadın Rizvan bağında bəyan etdi ki, o bütün İlahi Kitablarda, həmçinin Babın "Bəyan" kitabında zühuru vəd olunmuş "Allahın zahir edəcəyi kəs"dir. Babın sağlığında onun davamçısı olanların, onun ardıcıllarının böyük əksəriyyəti Bəhaullahın Təliminə iman gətirdi. Babdan sonra özünü "Allahın zahir edəcəyi kəs" elan edən Bəhaullahın ardıcılları bəhailər adlanırlar. Bəhailik artıq yeni bir inanc sistemi, yeni bir dindir.
   
   - Babın ən məhşur ardıcıllarından biri bildiyim qədər Güney Azərbaycanlı şairə xanım Zərrintacdır. Bu barədə nə deyə bilərsiniz?
   
   - Güney Azərbaycanda Babilər hərəkatında demək olar ki, Zərrintacın, yəni Tahirə Qürrətüleynin xüsusi yeri var. Tahirə xanım Şərqdə çadrasını atan ilk qadındır. Hərəkat yatırılarkən Tahirə xanım da öldürülüb. Azərbaycanın tanınmış yazıçılarından Əzizə Cəfərzadənin "Zərrintac - Tahirə" adlı əsəri də var. Bu barədə tarixi mənbələrdə kifayət qədər məlumat var.
   
   - Şimali Azərbaycanda babilik nə vaxt yayılmağa başlayıb?
   
   - Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq Babiliyi onlara çatdırıb. Qısa vaxt ərzində Naxçıvanda onun çoxlu tərəfdarları meydana gəlib. Hətta çar Rusiyası tərəfindən xanlıqdan uzaqlaşdırılan Naxçıvan sonuncu xanı da babiliklə bağlı olub.
   
   - Məşhur milyonçu Musa Nağıyevin də babi olduğunu deyirlər...
   
   - Bəli, Musa Nağıyev bəhai olub. Lakin bu məsələ müxtəlif mənbələrdə müxtəlif cür işıqlandırılır və ziddiyətli məlumatlar verilir.
   
   - Yenidən qayıdaq Babiliyin Bəhailiyə çevrilməsinə. Bu proses necə baş verdi?
   
   - Qeyd etdiyimiz kimi, İranda babilik hərəkatı yatırılan zaman hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli - Bəhaullah Osmanlı imperiyasının ərazisinə sürgün olunur. Babilik yaranandan 19 il sonra Bəhai dinini elan edir. Bəhaullah sağlığında öz oğlunu Əbdül-Bəha Abbası davamçısı-Bəhai Yazılarının səvhsiz və qüsursuz şərhçisi elan edib. Çünki müqəddəs kəlamların şərhini vermək üçün varisə ehtiyac var idi. Əbdül-Bəhanın dövründə bəhailik 37 ölkəyə yayılıb və Bəhai inzibati quruluşunun yaradılmasının əsası qoyulub. Bu quruluşda əsas orqan Məhfil adlanır.
   
   - Belə çıxır ki, babilik öz mahiyyətini dəyişmədən bəhailiyə çevrilib və daha da genişlənib? Azərbaycanda daha çox hansı şəhərlərdə yayılırdı bəhailik?
   
   - Bab öz yazılarında Bəhaullahın gəlişini xəbər verib. Onun gəlişiylə bəhailik yaranıb və inkişaf edib. O cümlədən Azərbaycanda da bəhalik bundan sonra daha geniş yayılıb.
   
   XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Gəncə, Bərdə, Şəki, Sabirabad, Neftçala və digər yerlərində fəaliyyət göstərib. Bakı və Balaxanı İcmaları dünyanın ən qədim bəhai icmalarından hesab olunur.
   
   1860-70-ci illərdə Bakı İcmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədir İsmayılzadənin böyük rolu olub. O vaxt bu icmalarda yüzlərlə insan təmsil olunub.
   
   Bəhai İcmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhumat və cəhaləti pisləyib, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ edib, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atıb. Çox az adam bilir ki, ilk dəfə azərbaycanlı qızlara təhsil verilməsinin əsası bəhailər tərəfindən qoyulub. Dinlər və xalqlar arası dialoq ideyasının da əsası bəhalikdən gəlir. Yəni bu ideyanı yaradan bəhailərdir.
   
   - Sovet dövründə bəhailik təqib olunurdumu?
   
   - Bəli, Sovet dövründə Bəhailər təqib olunub və Bakı Bəhai İcmasının Məhfilinin 9 üzvü repressiyaya məruz qalıb. Bütün digər dinlər kimi biz də Sovet hakimiyyəti dövründə təqib olunurduq.
   
   - Müstəqillik dövründəki fəaliyyətinizdən danışardınız...
   
   - 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçib. Sumqayıt İcması da həmən ildə qeydiyyata alınıb. 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçib. Bu gün Azərbaycan Respublikasında bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər. Siyasətə qarışmırıq. Ölkənin qanunları bizim tərəfimizdən sözsüz qəbul olunur.
   
   - Ramazan bəy bu yaxınlarda görkəmli yazıçımız Rafiq Tağı qətlə yetirildi. Qətlin səbəbləri içərisində İran ayətullahlarının verdiyi ölüm fətvası daha çox qabardılır. Bu məsələyə münasibətinizi bilmək istərdim...
   
   - Mən şəxsən Rafiq Tağının qətlini pisləyirəm. Bunu edənlərin tapılmasını, qanun qarşısında cavab verməsini istəyirəm. Bəhailikdə bu cür cəzalandırma metodları yoxdur. Bizdə ölüm fətvası, daşqalaq, asma kimi cəzalar yoxdur. İranda islam inqilabı baş verəndən bu günə qədər 200 bəhai edam olunub. Hələ də həbsdə olan, təqib olunan bəhailər var.
   
   - Azərbaycan respublikasının Nazirlər kabinetinin dini icmalar üçün ayırdığı yardımdan imtina etmisiniz. Bunu nəylə əsaslandırırsınız?
   
   - Bəhailikdə ianə xüsusi bir imtiyazdır. Bəhai olmayanlar bizə ianə edə bilməz. Hətta qoyulmuş qaydaları pozanları ianə verməkdən məhrum etmək bir növ cəza formasıdır. Verilən yardımın miqdarından və kim tərəfindən verilməsindən asılı olmayaraq biz icmadan kənar mənbələrdən və Bəhai olmayanlardan yardım qəbul etmirik.
   
   - Sizin yəhudilər tərəfindən maliyyələşdirildiyiniz deyirlər. Bu nədən qaynaqlanır?
   
   - Belə bir şey mümkün deyil. Əgər biz dövlətin yardımını qəbul etmiriksə, deməli bu absurd fikirdir. Bizim ibadət edərkən yönəldiyimiz qiblə, Bəhaullahın dəfn olunduğu yer, bizim ən gözəl məbədgahlarımızı İsrailin Əkka şəhərindədir. Bəhaullah Əkkada dəfn olunarkən o yerlər Osmanlı torpaqları idi. Bütün bunlar bizim haqqımızda yayılan yanlış məlumatlardır.
   
   - Bəhailikdə donuz ətinə, faizə və içkiyə münasibət necədir?
   
   - Faizə icazə verilir. Xüsusilə bank faizləri ilə bağlı heç bir problem yoxdur. Donuz ətinin yeyilməsi ilə bağlı qadağamız yoxdur. Ancaq içki və narkotik haramdır.
   
   
   
   ***
   
   Ramazan Əsgərli ilə söhbətimiz uzun çəkdiyi üçün söhbətimizin hamısını sizlərə çatdırmaq mümkün deyil. Ancaq bəhailərin əsas dini prinsiplərini oxucularla bölüşmək istəyirəm.
   
   Dinləri haqqında bəhailərin düşüncələri:
   
   -Bəhai Dini - tam müstəqil, dünyavi din hesab olunur. Bəhailər də öz dinlərinin sonuncu din olmasına inanırlar.
   
   -Bəhai dinin əsas paradiqması, Allahın birliyi (vahidliyi), dinlərin birliyi və bəşəriyyətin birliyidir.
   
   Bəhailiyin islamdan qəti şəkildə fərqlənən cəhətləri:
   
   -Bəhailər islam şəriətini qəbul etmir.
   
   -Bəhailər Allahın sevdiyi insanların vücudunda zühur etməsinə inanırlar.
   
   -Namaz və qiblələri tamam fərqlidir. Bəhailərin qıldıqları kiçik, orta və böyük namaz müsəlman namazından fərqlidir. Namazların böyük hissəsini Bəhaullah onların üzərindən götürüb.
   
   -Təqvim forması həm Miladi, həm də hicri təqvimindən fərqlidir.
   
   Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər.
   
   -Babın qiyamı təqvimin ilk günü, ilin başlanğıcı sayılır. Təqvim "Bədi" adlanır.
   
   -Babın dünyaya gəldiyi Şirazdakı evi ziyarət, bəhailərin Həcc ziyarəti hesab olunur.
   
   -Bab hər iki tərəfin razılığı ilə edilən ticarətin, o cümlədən sələmin (Faizin) halal olduğunu elan edib. Bab deyib ki, " Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir."
   
   -Bab islamda olan hicab qadağasını ləğv edib və insanların bir-birinə baxmasını halal elan edib. Bəhai qadınları hicab bağlamır.

TƏQVİM / ARXİV