adalet.az header logo
  • Bakı 16°C

BiR YOLUN AQiBƏTi...

BABƏK YUSİFOĞLU
30145 | 2012-04-11 07:40
Bir müddət əvvəl, daha dəqiq desək 2011-ci il may ayının 4-də ölkənin informasiya agentliklərinin yaydığı bir xəbəri oxuyanda camaat çox məmnun qalmışdı. Xüsusilə də Hövsan qəsəbəsinin, kəndinin, həm də yeni salınmış Dədə Qorqud qəsəbəsinin əhalisi bərk sevinmişdi. Xəbərdə deyilirdi: "Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb". (milli.az).
   
   Ölkə başçısının əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn, bütün sahələri əhatə edən bu geniş müddəalı sərəncamın bir bölümündə bildirilirdi: (Yazıda yalnız bu məsələdən bəhs edəcəyimiz üçün onu dəqiqliklə qeyd edirik)""2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı məqsədlərə nail olunacaqdır:
   
   - elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması;
   
   - yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;..."
   
   Bu o demək idi ki, əksər qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına cavabdeh olan bir sıra məmurlar məcburi qaydada "gözdən iraq, könüldən də uzaq" prinsiplərini bir kənara qoymaq zorunda qalacaqlar. Və Zığ qəsəbəsindən tutmuş Hövsana və kəndə qədər bərbad vəziyyətdə düşmüş 10 kilometrə yaxın yol da düzələcək. Hər gün insanlar zülm çəkə-çəkə getdikləri bu çala-çuxurlardan qurtulacaqlar. Təsəvvür etmək mümkündü ki, həmin zülümlü yolu sutkada ən azı iki dəfə qət etmək (şəhərə getmək və qayıtmaq) məcburiyyətində qalan adamlar üçün bu nə demək idi. Məgər buna görə sevinməyə dəyməzdimi?! Dəyərdi.
   
   Əhali ötən ilin may ayının əvvəlində verilmiş sərəncamın icrasını səbrsizliklə gözləməyə başladı. Amma zaman ötdükcə get-gedə daha da dağılan yollarda heç bir işin aparılmadığını görən sakinlər yavaş-yavaş ümidlərini üzməyə başladılar. Bəziləri də belə düşünürdü ki, bu işə cavabdeh olan məmurlar yəqin qurd ürəyi yeyiblər ki, dövlət başçısının göstərişinə belə biganəliklə yanaşırlar. Amma ümidlərin tamam söndüyü ərəfə idi ki, informasiya mənbələri təkrar belə bir xəbər verdilər. "Yaxın günlərdə Bakının əksər yollarında təmir işlərinə başlanılacaq. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, hazırda hansı yolların təmirə ehtiyacı olduğu müəyyənləşdirilir və bir neçə gün sonra kütləvi şəkildə təmir işlərinə başlanılacaq". (28 Fevral 2012). Düzü, bundan sonra hamı rahatlandı ki, kimsənin həddi deyil ki, ölkə başçısının göstərişlərini qulaqardına vursun.
   
   Həqiqətən də martın sonlarında, aprelin əvvələrində bəhs etdiyimiz Hövsan yolunda təmir işlərinə start verildi. Buldozerlər, asvalt tökən, asfalt daşıyan maşınlar hərəkətə keçdilər. Sağ olsunlar. Hətta yolun müəyyən hissəsi artıq təmir də edilib. Amma...
   
   Xahiş edirəm, kimsə bu "amma"nı görülən işlərə qulp qoymaq mənasında anlamasın. Çünki yol boyu görülən işlərə nəzər saldıqca bəzi nüanslara görə təəccüblənməyə bilmirsən. Belə ki, yola tam qaydada asfalt döşənmir. Dağılmış hissələrin üzü xüsusi maşınlarla çıxarılandan sonra həmin məsafələr asfaltlanır, nisbətən salamat qalan məsafələr isə olduğu kimi saxlanılır. Özü də həmin asfaltlanmayan hissələrin çoxunun üzəri çatlarla doludur. Və ən sadə məntiqlə deyə bilərik ki, hər gün minlərlə nəqliyyat vasitəsinin fasiləsiz hərəkət etdiyi yolun bu düzəldilməyən hissələri çox çəkməz ki, yararsız vəziyyətə düşər. Və həmin çatlardan başlayan dağılma prosesi bu gün min bir əziyyət, böyük xərc hesabına düzəldilən yola da keçərək yenə əvvəlki bərbad vəziyyətinə düşər. Bəs onda prezidentin "yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi;..." üçün ayırdığı vəsaitə niyə belə ögey münasibət bəslənir?! Sonucda həmin pullar bu ölkənin, bu xalqın pulları deyilmi?! Mən yolsalınma üzrə mütəxəssis deyiləm, lakin bilirəm ki, bu şəkildə, başdansovdu formada müasir yollar nə təmir edilir, nə də yenidən qurulur.
   
   Daha bir məsələ. Məndə olan məlumatlara görə, Zığ qəsəbəsindən Hövsana qədər olan yolda nəqliyyat vasitələrinin hərəkət intensivliyi, yolun ensiz olması üzündən tez-tez törənən avtomobil qəzaları və bu qəzalarda baş verən ağır faciələr... nəzərə alındığı üçün həmin yolun genişləndirilməsi də planlaşdırılmışdı. Lakin yolun indiki təmirinə nəzər saldıqda bunun şahidi olmuruq. Məgər şəhərdən böyük yaşayış massivinə uzanan yol belə olmalıdırmı? Yenidən qurulması bir yana dursun, axı əsaslı təmir də heç belə aparılmır. Elə isə kim deyə bilər ki, Hövsan yolu layihədə nəzərdə tutulduğu kimi düzəldilir?
   
   Məncə bu gün yolun əsaslı təmirini həyata keçirən təşkilatların, müəssisələrin rəhbərləri qeyd etdiklərimizi və qeyd etmədiklərimizi məhz indi nəzərə alsalar çox yaxşı olar. Çünki zamanı gələndə onlardan bunların cavabı tələb ediləcək. Bir də, iş başında olan həmin adamlar niyə insanların alqışını, xeyir-duasını alıb həm də savab yiyəsi olmaq istəmirlər ki?..
   
   Mövzuya yenidən qayıdacağıq.

TƏQVİM / ARXİV