adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Açılın qapılar, Şaha gedəlim"

20734 | 2012-04-10 07:37
Böyük təsəvvüf şairi
   
   Pir Sultan Abdal
   
   
   
   İslam haqqında biliklərimiz çox zaman mollaların dar dünyagörüşündən o tərəfə keçmir. Təəssüf ki, xalqımız özünə müsəlman desə də, dünyagörüşümüz bu dinin təbliğ etdiyi dünyagörüşündən çox fərqlidir. İllərlə savadsız din xadimlərinin və islamdan bixəbər cahillərin yalançı təbliğatları əsil islamı öyrənməyimizə mane olub. Hal-hazırda özümü islam dinin daşıyıcısı, müsəlman hesab etməsəm də, islamın gözəl tərəfləri və bu dininin dünyaya bəxş etdiyi işıqlı şəxsiyyətlər haqqında tərəfsiz, qərəzsiz yazılar yazmaq, islama bir az da kənardan baxmaq istəyirəm. Yazıdakı irəli sürdüyüm mövqeni və fikirləri savunmağa hər zaman hazıram. Eyni zamanda bu mövzuda yazacağım yazılarla bağlı, istənilən dindarla və ya ateistlə polemikaya hazıram. Bəri başdan bildirim ki, yazılarımda islam dünyagörüşünü və ya ateizmi təbliğ etmirəm. Əsas məqsədim islamın yetişdirdiyi böyük şəxsiyyətləri Azərbaycan oxucusuna tanıtdırmaqdır.
   
   
   
   Ələvilər
   
   
   
   Böyük ələvi piri, türk millətinin yetişdirdiyi öndər simalardan olan Pir Sultan Abdal haqqında yazmağı çoxdan düşünürəm. Sadəcə bu yazıya başlamaq üçün vaxtım və zamanım olmadığı üçün, yazı bir qədər gecikdi. Hələ Gəncədə yaşayarkən folklorşünas alim, Pir Sultan Abdalın torunu Sədnik Paşa Pirsultanlı bu böyük insan haqqında mənə çoxlu rəvayətlər danışmışdı. Etiraf edim ki, Pir Sultan sevgisini mənə dəyərli alim aşılayıb. Bərabər çalışdığımız zamanlarda folklor haqqında qocaman alimin danışdıqlarını yaddaşımın bir küncünə yazır, əsatirlər, əfsanələr və rəvayətləri, aşıq şeirini həvəslə mütaliə edirdim.
   
   Pir Sultan haqqında danışmazdan əvvəl istəyirəm onun mənsub olduğu ələvi təriqəti haqqında oxucularımıza müəyyən qədər məlumat verim. Ələvilik islam təriqətləri arasında geniş yayılan cərəyanlardan biridir. Müsəlman ölkələrinin bir çoxusunda, xüsusən də Türkiyə, Suriya, İraq, Pakistan, Misir və digərlərində bu cərəyanın tərəfdarları var.
   
   Çox vaxt ələvilik təriqətini İslamın şiə məzhəbi ilə qarışdırırlar. Uzun illər Türkiyədə də insanlar ələviliyin şiəliklə eyni olduğunu düşünürdü. Hətta ələviliyi "əliəllahılarla" eyni cərəyan hesab edənlər də var. Halbu ki, bu cərəyan artıq mövcud deyil.
   
   Ələvilik şiəlikdən qaynaqlansa da sufi-təsəvvüf dünyagörüşü üzərində qurulub. Günümüzdə ələvilikdən ayrı olduğu düşünülən bəktaşilik ələviliyin bir qoludur.
   
   Hacı Bəktaş Vəlinin yaratdığı bəktaşi cərəyanın mənsubları Osmanlı imperiyasının möhkəmlənməsində, Sultan Süleyman dönəmində isə Avropanın fəthində yaxından iştirak edib. Bəktaşilər Osmanlı ordusunda böyük nüfuza malik idi. 1826-cı ildə Osmanlı imperiyası yeniçərilərdən imtina edəndə Bəktaşi təriqəti də qadağan edildi.
   
   Həm Türkiyədə həm də islam dünyasında bir çox məşhur adamlar bu təriqətin mənsubu olub.
   
   Çox maraqlıdır ki, dünyaya meydan oxuyan, öz xalqını qırğına verən Bəşər Əsəd də ələvi təriqətinə mənsubdur.
   
   Ələvilik Allah, Məhəmməd və Əlinin müqəddəsliyini qəbul edən, şiələrin birinci imam kimi qəbul etdiyi dördüncü xəlifə Əlinin görüşlərini daşıyan təriqətdir. Bu yolda olanlar ələvi sayılsa da bəktaşilik və qızılbaşlıq da ələviliyə aid cərəyandır. Ələvi təriqətinin əsasında 4 qapı və 40 məqamı sistemi var. Ələviliyə görə, 4 qapı sıralama olaraq şəriət, təriqət, mərifət və həqiqətdən ibarətdir. Hər bir qapının 10 bölümü var ki, bu da 40 məqam sayılır. Ələvilik cərəyanında saz xüsusi önəm daşıyır. Saz və aşıq ələvi ibadətinin ayrılmaz hissəsidir. Demək olar ki, bütün mərasim və ibadətlərdə sazdan istifadə edən ələvilərin gündəlik həyatında sazın xüsusi yeri var. Hətta ələvilərin günahdan təmizlənmə ayinində, Səma mərasimində saz mühüm rol oynayır.
   
   Ələviliyin ən böyük atributu Cəm evləridir ki, bu artıq ayrı bir mövzunun söhbətidir.
   
   Ələvi-bəktaşi ədəbiyyatı
   
   və Pir Sultan Abdal
   
   
   
   Ələvilikdən danışarkən ələvi ədəbiyyatını da unutmamaq lazımdır. Türk ədəbiyyatının formalaşmasında ələvi-bəktaşi təkkələrində yetişmiş ozan və şairlərin danılmaz rolu var. Bektaşi-ələvi şairlərinin yaradıcılığı həm şiəliyin, həm bəktaşi-ələvi təfəkkürünün araşdırılması baxımından çox önəmlidir. Bu sahədə araşdırma aparan elm adamlarına yeganə maneə, adaş şairlərdir. Bəktaşilikdə bir neçə adam eyni təxəllüsü istifadə edə bilərdi.
   
   Ona görə də ortada olan mətnlərin kimə məxsus olması çox zaman sual yaradır. Amma ələvi-bəktaşi şairləri ilə öz xarizması və düşüncə tərzi ilə seçilən bir çox şairlər var ki, onların yaradıcılığını araşdırmaq daha asandır. Ələvi-bəktaşi şairlərinin ən məşhuru Pir Sultan Abdaldır. Pir Sultan Abdalın 1510-1590-cı illər arasında yaşadığı ehtimal olunur. Ancaq bu tarix dəqiq deyil.
   
   Pir Sultan indiyə qədər dəfələrlə araşdırılmış, haqqında kitablar yazılmış böyük şair və ürfan adamı olmaqla yanaşı, həm də üsyan başçısıdır. Onun rəhbərlik etdiyi üsyan haqqında Osmanlı tarixindən bəhs edən kitablarda heç bir məlumat olmasa da, onun şeirləri bu üsyana ciddi şəkildə işıq tutur.
   
   Əsil adı Heydər olan və Sivas vilayətinin Banaz kəndində doğulan bu böyük şair eyni zamanda ünlü təriqət şeyxi sayılırdı. Banazda bu gün də Pir Sultana məxsus olduğu deyilən bir ev, qarşısında şairin yaşadığı dövrdən qaldığına inanılan bir söyüd ağacı, ağacın altında, əsasının ucuna taxıb Xorasandan gətirildiyinə inanılan bir dəyirman daşı vardır. Pir Sultan yazda, gözəl havalarda bu daşın üstünə oturub arvadıyla söhbət edərmiş. Kəndlilər bu evi, ağacı, daşı müqəddəs sayarlar.
   
   Onun yaşadığı dövr Osmanlı imperiyasında Sultan Suleymanın, Səfəvi imperiyasında isə Şah İsmayılın oğlu Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdür. Osmanlıya müxalif olan Pir Sultan şeirlərində və qoşqularında Şah İsmayılı mədh edirdi. Eyni zamanda onun şeirlərində Təhmasib şahın da adına rast gəlmək mümkündür.
   
   Pir Sultan Abdal haqqında çox maraqlı rəvayətlər həm yazılı ədəbiyyatda, həm də xalqın dilində çox geniş yayılıb. Rəvayətlərdən birində deyilir ki, Pir Sultan ocağının dərvişləri arasında Sofular kəndindən gəlmiş çox imanlı bir dərviş varmış. Pir Sultana könlünü vermiş, Xızır adlı bu dərviş eyni zamanda bütün Pir Sultanın təkkəsində çox sevilən bir insan imiş. Bir gün Xızır Pir Sultanın yanına gəlib İstanbula gedib elm öyrənmək istədiyini deyir. Təriqət haqqında kifayət qədər məlumata sahib olan Xızırın İstanbula getmək arzusu Pir Sultana qəribə gəlir. Şahidlərin dediyinə görə, Pir Sultan Xızıra üz tutub belə deyir: "Sən İstanbula gedib elm oxuyub paşa, hətta vəzir olacaqsan. Ancaq bütün bu mərtəbələri qazandıqdan sonra öz mürşidini asmaq üçün gələcəksən".
   
   Xızır mürşidinə etiraz edir və bunun qeyri-mümkünlüyünü bildirir. İllər sonra, İstanbulda oxuyub elm sahibi olan, bəylərbəyi vəzifəsinə təyin oluna Xızır Paşa mürşidi Pir Sultanın qaldırdığı üsyanı yatırmaqla görəvləndirilir. Sultanın əmrini yerinə yetirən Xızır Paşa üsyanı yatırır və mürşidini həbs edir.
   
   Pir Sultan Abdal Torpaq qalasında məhbusluqda olarkən haqqında Sultanın ölüm fərmanı gəlir.
   
   Xızır Paşa köhnə mürşidinin həyatını qurtarmaq üçün ondan "Şah" kəlməsi olmayan üç nəfəs (Üç bəndlik şeir) deməsini istəyir. Çünki Sultan və saray adamları "Şah" kəlməsinin yalnız düşmənləri Səfəvi hökmdarları ilə bağlayırdılar. Halbuki, Pir Sultanın şeirlərindəki "Şah" kəlməsi İmam Əlinin vəsfidir. "Şah" yəni "Şahi-Mərdan Əli".
   
   
   
   Mürşidini asdıran mürid
   
   
   
   Xızır Paşa mürşidini asdırsa da, Pir Sultan Abdalın dar ağacı altında söylədiyi məşhur şeir hələ də dillərdə dastandır:
   
   
   
   "Xızır Paşa bizi bərdar etmədən
   
    Açılın qapılar, Şaha gedəlim.
   
    Siyasət günləri gəlib çatmadan
   
    Açılın qapılar Şaha gedəlim..."
   
   
   
   Pir Sultan üsyanı haqqında heç bir məlumat olmasa da, Osmanlı tarixində bir neçə Xızır Paşa adlı dövlət adamı olub. Bunlardan yalnız biri rəvayətdə adı çəkilən Xızır Paşaya uyğun gəlir. 1560-1567-ci illərdə Bağdaş valisi Xızır Paşa böyük ehtimalla Bağdada gedərkən yolüstü Sivasa da dönmüş və Pir Sultanın rəhbərlik etdiyi üsyanı qanla boğmuş, mürşidini də dar ağacından asmışdır.
   
   Pir Sultan Abdal əfsanələşdirildiyi üçün onun üsyanı da ola bilsin ki, xalq üsyanının, etirazının simvoludur. Hətta asılması da tarixi fakt yox, əfsanə hesab edilir.
   
   Əgər Pir Sultan Abdal edam olunubsa da, bu edam səhnəsi haqqında danışılan əfsanələr çox qabardılır. Bəzi alimlər onun şeirlərindəki "Şah" kəlməsinin hər zaman İmam Əliyə müraciət olduğunu qəbul etmirlər. Ancaq araşdırmaçılar Pir Sultanın xalqı osmanlı əleyhinə qaldırdığını, hətta üsyana rəhbərlik etdiyini israrla yazırlar. Ona görə də, bəzi məqamlarda bu müraciətin Təhmasib şaha ünvanlandığı açıq-aydın hiss olunur:
   
   "Yürüyüş eylədi Urum üstünə
   
   Əli soylu gözəl İmam gəliyor...
   
   Böyük Heydər, Şah-ı Cahan torunu
   
   Əli soylu gözəl İmam gəliyor..."
   
   Bu misralarda söhbət Şah İsmayılın oğlu, Şeyx Heydərin nəvəsi Şah Təhmasibdən gedir. Əgər belədirsə, siyasi baxımdan Osmanlı dövlətinin Pir Sultan haqqında edam hökmü çıxarmasını tamamilə ədalətsiz hesab etmək düzgün deyil.
   
   Amma bu edamı gerçəkləşdirən Xızır paşa haqqında danışarkən istər-istəməz onu qınamaya bilmirsən. Bəlkə də, türk-islam tarixində mürşidini qətlə yetirən tək-tük müridlərdən biridir Xızır Paşa.
   
   Bu gün Sivasda beş metr uzunu, iki metr eni olan təpəni Pir Sultanın məzarı hesab edirlər. Əfsanəyə görə onu asıldıqdan sonra Xızır Paşanın əmri ilə daşqalaq ediblər.
   
   
   
   Pir Sultan Abdalın yaradıcılığı
   
   
   
   Sözsüz ki, biz Pir Sultan Abdala siyasi və dini baxımdan qiymət vermək fikrindən uzağıq. Lakin onun edamı haqqında yayılan əfsanələrin ürəkgöynədən təsirinə də düşmək fikrində deyilik.
   
   Dövrümüzə qədər gələn şeirlərindən hiss olunur ki, Pir Sultan şair kimi rəvan təbə və bənzərsiz istedada sahib olub. Hansı təriqəti və siyasəti dəstəkləməsindən asılı olmayaraq biz bu böyük ürfan və söz adamının acınacaqlı taleyi və ibrətamiz həyat hekayəsini oxuculara çatdırmaqda və tanıtdırmaqda maraqlıyıq.
   
   Osmanlı düşmənçiliyi və Səfəvi heyranlığı birbaşa Pir Sultanın mənsub olduğu təriqətlə bağlı idi. Çıldıran döyüşündən sonra xeyli gücünü itirmiş Səfəvilər, Osmanlıda yaşayan ələvilərin ümid yeri idi. Siyasi olaraq sərhədlərini genişləndirməyi düşünən Osmanlı dövləti üçün Pir Sultan kimi böyük təriqət adamları ciddi təhlükə hesab olunurdu.
   
   Onun şeirlərindəki mistika və ruhaniyyət o qədər güclüdür ki, oxuyarkən onun təsirinə düşməmək mümkün deyil. Bəlkə də bu səbəbdən Türkiyənin ələvilər yaşayan bölgələrində, məclislərdə saz havaları üstündə oxunan şeirlərin böyük əksəriyyəti ona məxsusdur. Ən önəmli detallardan biri də budur ki, Pir Sultan Abdal türk ələvilərin və şiələrin qəhrəmanı olaraq tarixə düşüb.
   
   Kiçik bir yazıda Pir Sultan Abdal haqqında geniş məlumat vermək imkanımız olmasa da, böyük ələvi şeyxini və təsəvvüf şeirinin nümayəndəsini sizə az da olsa tanıtmağa çalışdıq. Bəlkə də, xızır paşalar pir sultanları asmasaydı, tarixin təkəri başqa cür fırlanardı...

TƏQVİM / ARXİV