adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iNGiLiS OYUNU

SEYFƏDDİN ALTAYLI
51367 | 2012-04-07 06:47

   
   İngilislər böyük xalqdır, dünya elminin inkişafında özləri boyda rolları olub. Lap yaxınlardan desək dünya miqyasında şöhrət qazanmış fəzək Stephan William Hawking kimi bir alimi kim dana bilər?! Dilləri hind-avropa kökdən olsa da bu gün dünya miqyasında elm dili olma səviyyəsinə yüksəlib, bunu kim dana bilər?!
   
   Hindistan bir vaxtlar ingilislərin müstəmləkəsi idi və oranı işğal etdiklərində xalqa olmazın işgəncələr, zülmlər həyata keçirmişdilər. Bu da, işğalçıların öz hakimiyyətlərini qəbul etdirmə metodlarının ən başında dayananlar deyildir ki?! Onlar bu işgəncələr və zülmlər sayəsində Hindistanı daimi əməcəkləri bir yağlı quyruğa çevirmişdilər. Ümit Burnunun tapılmasından sonra yaranan Hindistan Ticarət Yolu, İngiltərənin bu uğurda hər bir cinayəti həyata keçirə biləcək qədər önəmli idi. William Evard Gladstoneun diktəsi ilə həyata keçirilən Osmanlı İmperiyasını dağıtmaq siyasəti qarşısında Osmanlı Dövləti də İngiltərəyə diz çökdürücü zərbəni vurmaq üçün fəaliyyətə başlamışdı. Osmanlı casusları Hindistanda ingilislərə qarşı uğurlu fəaliyyətlər yeridərək 1906-cı ildə "öz-özünü idarə etmək" şüarı ilə müstəqillik mübarizəsinin başladılmasına nail oldular. Bu hərəkat aramsız davam edərək Mahatma Qandhinin rəhbərliyində 1919-cu ildə Hindistanda passif müqavimət və etiraz nümayişlərinin başladılmasını təmin etdi. 1935-ci ildə ilk anayasa qəbul edildi və parlamentar nizam yaradıldı, 18 İyul 1947-ci ildə də müstəqilliyə nail olundu. Hindistan, ingilislərin əlindən sürüşüb gedirdi. Onlar pəsə-püsələrini yığışdırıb Hindistandan çıxdıqları vaxt, İngiltərə başnaziri Gladstoneun siyasi şagirdi Lloyd Gəorgə belə bir ifadə işlətmişdi; "İngiltərə, Hindistanı itirmişdir, imperiyamızın bayrağı ordan endirilmişdir, ancaq Hindistan göylərində əbədi yaşayacaq bir imperiya bayrağımız vardır ki, o da William Shakespearein dilinin bayrağıdır".
   
   Adamın üstündə Allah var, o vaxtdan indiyə kimi bu sözü təkzib edəcək hər hansı hadisə baş veribdirmi?! Həmin Lloyd George, Atatürkün rəhbərliyində Anadoluda yeridilən Azadlıq Hərbinin uğurla başa çatdırılmasından sonra etdiyi bir çıxışında isə belə demişdi; "İnsanlıq tarixi bir neçə yüz ildə bir dahi yetirir. Bəxtimizin bağlanmasına baxın ki, dünyanın gözlədiyi axırıncı dahi bir anda Türkiyədə qarşımıza çıxdı, həm də bizə qarşı... Nə edə bilərdik?" Bununla da həm öz obyektivliyini, həm də Atatürkün böyüklüyünü vurğulamışdı.
   
   İngilisləri işğalçılığa, bu yolda həyata keçirdikləri qəddarlığa, mərhəmətsizliyə, ədalətsizliyə sövq edən əsas amil öz millətlərinə olan bağlılıqlarıdır. İngilislər bəlkə də dünyanın ən şovinist xalqlarından biridir. Onlar öz xalqlarının firavan yaşaya bilməsi üçün tarix boyu digər xalqları daim xidmətkar, kəniz, kölə, dəyərsiz bir varlıq gözündə görüblər. Bir ingilis centleminini səmimi şəkildə dindirsəniz, həmin anlayışın və duyğunun bu gün də onların ruhunda əsrlə uyğunlaşaraq daha da vəhşi bir simaya büründüyünü görərsiniz. Bir vaxtlar kölə ticarətini kütləviləşdirənlər bunlar deyil ki? O vaxtların kölə ticarətinin yerini indi yaratdıqları təbliğat toru və hərbi-siyasi mexanizm ilə həyata keçirirlər.
   
   Bir də gəlin bizim tariximizə nəzər salaq. Ulu babalarımız tarix boyu insanı Tanrının bir əmanəti, şərəfləndirərək yaratdığı müstəsna bir varlıq gözündə görüblər, ona layıq olduğu dəyəri veriblər. İngilislərlə bizi ayıran fərqlərin başında dayanan da budur.
   
   İndiyə kimi yazdığım yazıların tamamında ingilislərin işğalçı, qəddar, vəhşi, özgə insanları ancaq özlərinin köləsi gözündə görən bir xalq kimi qələmə verdim. Bunda haqsız da deyiləm, çünki dediklərimin tamamı tarixi faktlara söykənir. Gəlin bu faktlardan çox yaxın vaxtlarda reallaşan birinə, İraqın işğalı hadisəsinə bir nəzər salaq.
   
   İşğaldan xeyli sonralar məlum oldu ki, İraq hərbi başlamazdan, daha düzü İraq işğal edilməzdən qabaq ABŞ prezidenti George Bush ilə ən böyük müttəfiqləri İngiltərənin baş naziri Tony Blair işğaldan beş ay qabaq gizli bir razılaşmaya qol çəkiblər.
   
   Tony Blairin xüsusi katibi Matthew Rycroftun yolladığı bir məktuba əsasən İngiltərə ilə ABŞ razılaşıb ki, BMT-nin silah nəzarətçisi Hans Blix əgər İraqda BMT-nin qərarının ixlal edildiyini dünya ictimaiyyətinə bəyan etsin. Onlar da bunu əllərində tutalğa edərək, BMT əmniyyət (Təhlükəsizlik) Şurası tərəfindən ikinci bir qərara yetişilməsinə ehtiyac duymadan hərəkətə keçsinlər, yəni İraqı işğal etsinlər. Hans Blixin bu işi görməsindən qərəz, BMT-nin nümayəndə dövlətlərin təmsilçilərini yığıb ikinci bir qərara yetişməsi haqda səsvermə işini reallaşdırarsa, Fransa və Rusiya kimi ölkələr veto hüquqlarından istifadə edə bilərlər, buna mane olmaqdır. Bununla da Səddama ikinci bir şans verilməmiş olacaqdı. Yəni onlar Səddamı taxtından salmaq və İraqı işğal etmək qərarına yetişmişdilər.
   
   Deməli Rycroft, 17 Oktyabr 2002-ci il tarixində hazırladığı arayışı, o vaxt İngiltərə xarici işlər naziri olan Jack Strawın xüsusi katibinə yollayır. Zərfin üstünə də "həddən artıq məxfidir" cümləsini yazır. Bu o deməkdir ki, həmin zərf kimlərə aiddirsə ancaq onlar bu məlumatlardan xəbərdar ola bilərlər, bu sənədin surətinin çıxarılması da qəti qadağandır. Xüsusi katib Rycroft, hazırladığı sənədi İngiltərənin BMT-dəki xüsusi səfiri Jeremy Greenstocka yollayır. Rycroft, hazırladığı bu məktubu xarici işlər naziri Jack Straw, müdafiə naziri Geoff Hoon və Baş qərargah rəisi admiral Mike Boyceun da iştirak etdiyi İraqla bağlı yığıncaqdan sonra hazırlayır. O yığıncaqda bu qərara gəlirlər ki, BMT silah nəzarətçisi Hans Blix, "İraq, BMT-nin qərarını ixlal etmişdir" barədə qərar qəbul etməlidir. Sənəddə həmçinin deyilir ki; "BMT ikinci bir yığıncaq qurmaq qərarına yetişməzsə, təbii olaraq Fransa və Rusiya vetodan istifadə edə bilməyəcəkdir, o vaxt İngiltərə və ABŞ hərəkətə keçə bilər". Blixin hazırladığı sənəd BMT-də 2002-ci ildə səs çoxluğu ilə qəbul edilir, sonra da məlum işğal hadisəsi tələm-tələsik baş verir.
   
   Qəribə olan burasıdır ki, İngiltərənin başsavçısı Goldsmith və hökumətin hüquq müşavirləri, fikirlərini və qanun hökmünü, "İraqa hərb elan etməyin qanuni sayıla bilməsi üçün BMT ikinci bir qərara yetişməlidir" şəklində dilə gətirsələr də George Bush ilə Tony Blair buna fikir verməmiş və İraqın işğalı gerçəkləşmişdir. İraqın işğalının qeyri-qanuni olduğu barədə həmin hüquqçular arayış hazırlasalar da, BMT-nin silah nəzarətçisi Blix, bu arayışı ictimaiyyətə təqdim etməmişdir. Bu da BMT-nin cilovunun kimin əlində olduğunu və onun kimlərə xidmət etdiyini aydın şəklidə sübut edir.
   
   İllərdən bəridir İngiltərədə, İraqın işğalının qanuni olub-olmadığı barədə mübahisələr gedir. Əslində onlar bu oyunu çox gözəl ustalıqla oynayırlar. Onlar bu cür mübahisələrlə dünyadakı axmaqların və cahillərin gözünü boyayıb guya ingilislərin haqqa-hüquqa hörmət göstərdiyini sübuta çalışırlar. Dünyada bir adam çıxıb onlara demir ki, madəm İraq nahaq yerə işğal edilmişdi, indi nəyiniz varsa götürüb çıxın və İraqın sərvətlərini öz yiyələrinə tapşırın. Ancaq onlar bunu etmək əvəzinə, illər uzunudur ordakı neft və təbii qaz ehtiyatlarının başını qara divlər kimi kəsiblər. İraq nefti və qazının bölüşülməsində ən böyük payı Amerikan və İngilis şirkətləri qapmışdır, Fransa və onların işğalçılığını dəstəkləyən digər qərbli imperialistlər də o şirədən özlərinə verilən qədər pay götürmüşdür. Bu hadisə, aslanların əlinə düşən heyvandan ən böyük payı erkək aslanın götürdüyünü, onun doymasından sonra ancaq qalanını qrupun digər üzvlərinin yeyə bilməsini xatırladır. Yəni təbiətdəki cəncəl qanununun hal-hazırda mərhəmət damarları qırılmış imperialist dövlətlər və xalqlar tərəfindən həyata keçirildiyini sübut edir.
   
   Bakıda, Şəhidlər Xiyabanının bir az alt tərəfində Azərbaycanı işğala gələn, ancaq Qafqaz İslam Ordusu və Azərbaycanlı vətənsevər igid əsgərlər tərəfindən o biri dünyaya yollanan İngilis hərbçiləri üçün bir abidə qoyulubdur. Azərbaycan xalqı Bakıya kimi gəlib çıxan o ingilis hərbçilərin dalınca qırmızı alma göndərib dəvət eləmişdi? Onların müqəddəs torpaqlarımızda nəyi itmişdi ki?!
   
   İngilislər ən başdan bəri dünyanın hər hansı bir nöqtəsinə yolluyacaqları casuslarını o bölgədə yetişmiş bir insan kimi tərbiyə edir, onlar vasitəsiylə də bölgələrdə əvvəlcə istədikləri fikirləri insanların beyninə yeridir, sonra da zərbə üstünə zərbə endirməyə başlayırdılar. Casus olacaq kəsləri də Müstəmləkələr Nazirliyinin işçiləri kənd-kənd dolanıb xüsusilə kasıb ailələrin uşaqlarının içindən ağıllı olanlarını seçib yetişdirirdilər. 18-ci əsrdə yaşamış, Hindistanda, Osmanlı torpaqlarında casusluq etmiş Hempher də onlardan biridir. O, müsəlmanlar içində qızğın fəaliyyətlərə yönəlsə də öz fikrincə nəticə ala bilmir və istefasını təqdim edir. Müstəmləkələr Nazirliyinin idarəçiləri onun bu hərəkətindən bərk hirslənirlər və çağırıb istefasının səbəbini soruşurlar. O da deyir. Bu dəfə idarəçilərdən biri dönüb ona bunları deyir:
   
   "Sən bu fəaliyyətlərin o saat bəhrə verəcəyini zənn etdin?! Əkdiyimiz toxumların cücərdiyini sən də, biz də görmüyəcəyik. Bunu bil ki, xalqı cəhalətin quyusuna salmadıqca müsəlmanların dinini poza bilmərik. Dinlərini pozmadıqca yanlarına yaxınlaşa bilmərik. Bu səbəblə əvvəlcə din xadimlərinin əleyhində danışacaq, hədislərin uydurmadır-deyildir mübahisəsi başladacaqsan. "Qurani-Kərim"in bir hərfini belə poza bilməyəcəyimizə görə ayətləri karımıza gələcək şəkildə yozumlayacaqsınız. Bəlkə ondan sonra bir nəticə hasil ola bilər".
   
   18-ci əsrdə casus Hempherin qabağına qoyulan yol ilə indiki vaxtda isə casusluğu təbliğat toru və hərbi-siyasi yolla nə cür həyata keçirdiklərinə baxsanız onların ifritə simaları bütün detalları ilə əks edər. İndi onlar casuslarını əksəriyyətlə sümürəcəkləri bölgələrin xalqının içindən seçirlər, onları pul və ya ayrı yollarla özlərinin müti quluna çevirib işlərini görürlər.
   
   Artıq onlar bir başlarına deyillər, ingilislərə 20-ci əsrdən bəri Amerika da qoşulubdur. Bu cür qansoran imperialistlərin xüsusilə önəm verdikləri jurnalistlər, siyasətçilər, mədəniyyət daşıyıcısı yazıçılardır. Yazıçı Orxan Pamuqun Nobel mükafatını nəyə görə qazandığını yadınıza salın, nə demək istədiyimi başa düşərsiniz. İmperialistlər onlar vasitəsiylə toplumları istədikləri şəkildə hazırlaya bilirlər. Onlar bunu İraqda da, Misirdə də, Liviyada da çox ustalıqla həyata keçirdilər. Dövlətlərimizin başının salamat olmasını istəyiriksə xalqımızı ayıq-sayıq saxlamalı və imperialistlərin toruna düşməsinə mane olmalıyıq, ayrı yolumuz yoxdur.

TƏQVİM / ARXİV