adalet.az header logo
  • Bakı 13°C

iBRAHiM ORUCOV

41528 | 2012-04-07 06:47
İncənimi soruşursan,Əfəndim,
   
    Dünyanın bir bucağında, bir eldi.
   
    Halal yığar,haramılar daşıyar,
   
    Haram bişməz ocağında, bir eldi
   
    Əfsanələr incələnib adında,
   
    Binələnib ürəyinin çatında.
   
    Kök-köməci yerin yeddi qatında,
   
   Başı-qardaş bıçağında, bir eldi.
   
   Yüz Məmmədə İlqar verib gözləyir
   
   Qibləm-yönüm,Tanrım-Pirim gözləyir.
   
   Qucğında, qəbir yerim gözləyir,
   
   Qəbirləri qucağında, bir eldi.
   
   
   
   Xoş gördük, əziz oxucu! Üzünüzə açılan bu səhifədə mən sizi, şeirləri özündən xəbərsiz neçə-neçə aşıqlarımızın telli sazında tumarlanan, avazında pərvazlanan, şirin-şirin ballanıb sonra da dillərdə qanadlanan ünlü şairimiz Məmməd İlqarın bir şeiri ilə salamladı . "Salam" da bir Allah kəlamıdı. Ən mübarək, ən savab Allah kəlamı.Deyirlər "Salam" kəlməsinin 70 savabı var. 69-u salam verənin, biri isə alanın payıdı.Elə isə bu mübarək kəlamı körpü edib sizlərlə növbəti görüşə gəldim.Niyə bəs Məmməd İlqar şeiri ilə başladım.Bu şeir özü də Məmməd İlqar dili ilə deyilmiş Allah kəlamıdı.Bu şeirin, bu kəlmələrin axarına qoşub sizləri də dünyanın bir bucağında olan bir elə lap elə Azərbaycan adlı dünyamızın bir bucağında yeləşən, "adında əfsanələr incələşmiş", "kök-köməci yerin yeddi qatında , fəqət "başı qardaş bıçağında" dayanan bir elə-- İncə Dərəsinə və bu dərədə o vaxtın ağaları, bəyləri sayaq ad almış, süfrə salmış köhnə kişilərin sonuncularından bildiyim bir insanın ünvanına aparmaq istəyirəm. Onu Azərbaycanda çox adam tanıyır.Uzun müddət vəzifələrdə olmuş, daim dövlət rəsmləri ilə gəzib-dolaşmış, evi-ocağı gəlimli-gedimli, süfrəsi həmişə qonaqlı-qaralı olmuş, üç İncə oymağında hələ də adı çəkiləndə hörməti, izzəti saxlanılan köhnə kişilər sayağı qürurunu, yerişini, sanbalını, salğarını itirməyən, dünyanın bir bucağında yerləşən bir kəndin, bir elin oğlu - Orucov İbrahim Əsgər oğlunu, deyirəm.
   
   Bu insanın o qədər çox şaxəli xidmətləri olub ki, heç özüm də bilmirəm onun haqqında söhbətə hansı sahədən başlayım.
   
   Adını və necə bacarıqlı, operativ bir insan olduğunu lap uşaqlığımdan eşitsəm də, onunla üzbəüz tanışlığım çox sonrakı illərin söhbətidi.
   
   Çox yaşlı olmamağıma baxmayaraq həyatın enişli-yoxuşlu keşməkeşlərində Tanrının yüzlərlə çətin sınağından çıxmış bir insan kimi özümü, adamları tanımaqda,insan sərrafı bilirəm. Çox tez tanıyıram insanları. Bu kişini tanıdığım gündən onun çox yüksək insani keyfiyyətlərini kəşf etdim, el-oba təəssübkeşliyini çəkmək, ad almaq, ad qorumaq kimi kişi xislətini gördüm.Orucov İbrahim haqda yazı yazmağa, yaxud haqqında nəsə danışmağa mən bilmirəm mənim nə dərəcədə haqqım çatır, bəlkə bu işdə məndən daha çox haqqı olan insanlar var. Amma mən gördüklərimi və duyduqlarımı yazmağı mütləq özümə borc bildim. Kimin könlündən nə sayaq yazmaq keçir - o da onun öz haqqıdır .
   
   Mən Orucov İbrahimin timsalında heç üzünü görmədiyim, amma barələrində nağıllara bənzər gerçəkliklər eşitdiyim, dövrünün , zamanının bəyləri, ağaları, qaçaqları Həsənağa Qiyasbəylini, Molla Nəbini , Köftər Alını, Qaçaq İsmayılı, Qara Nəbini, Uzun Allahverəni, Çopur Məmmədi, Ağakişi oğlu Musanı və sair adını bilmədiyim İncə Dərəsinin xan, bəy misal köhnə kişilərini xatırlayıram. İbrahim Orucovu Azərbaycanda çox insanlar tanıyır. Tanıyanlara onu bur daha xatırladır, bu köhnə kişi ilə onları görüşdürür, tanımayanlar üçün isə onun bir insani mənzərəsini , gücüm çatan müqabilində sözlə çəkmək istəyirəm. Orucov İbrahim Əsgər oğlu 1937-ci ilin oktyabrın 25-də Qazax rayonunun Kəmərli kəndində anadan olub.1955-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub, 1959-da bu texnikumu bitirib. Sonra Hərbi xidmətə gedib. Gürcüstanın Kutaisi şəhərində əla hərbi xidmət keçirib, 1963-cü ildə Gəncə Dövlət Kənd Təsərrüfatı İnstitutuna daxil olub.İnstitutu bitirəndən sonra öz kəndinə qayıdıb .Bir müddət sovxozda baş iqtisadçı kimi işləyib, 1976-cı ildən 1982-ci ilə kimi isə Kəmərli kəndində direktor işləyib.1982-ci ildən 1984-cü illər arası Qazağın Çaylı kəndi-- "Leninqrad " sovxozuna direktor təyin olunub.1984-cü ildə kəndə səs yayılır ki, Bakıdan gələn rəhbərlər kəndin 2.700 hektardan çox torpağınn (yaşıl meşəli,buz bulaqlı, insanların yay istirahət yerlərini, tarixi, dədə-baba torpaqlarını) Ermənistana verirlər. (Onda Kəmərli kəndinin direktoru bu torpağın vətənpərvər oğlu İsa Bəbirov olur. Bu hadisələrdə çox çarpışan, öz sənədini və səhhətini bu torpağa qurban verən təəssübkeş həmyerlimizə Allahdan rəhmət diləyirik. Və Bəbirov İsa haqqında ayrıca bir yazı söz yox ki, yazılacaq)
   
   Həmin illərdə İbrahim Orucovdan təcili olaraq öz kəndinə qayıtmaq tələb olunur.Bu o vaxtlar idi ki, artıq muharibənin ilk rüşeymləri yaranırdı.1987-1988-ci illərdə ölkədə baş verən məlum hadisələr artıq Azərbaycanın hər bir bölgəsində xoşagəlməz proseslərlə nəticələnirdi.Vəziyyət get-gedə ağırlaşırdı. Bir-birinin ardınca Azərbaycanın rayonları, kəndləri hər tərəfdən işğal olunur, bu təhlükə Qazağın neçə-neçə sərhəd kəndləri ilə bərabər artıq İncə Dərəsini də gözləyirdi.
   
   İncə Dərəsində insanlar ayaq üstdə idilər.Gecələr heç kim yatmırdı.Ölkədə çox böyük təxribat , hərc-mərclik yaşanırdı. Bəlkə də o vaxtlar İncə Dərəsi də hər hansı bir təxribatın qurbanı olub ikinci bir Xocalı faciəsini yaşayardı, əgər onun uzaq görən rəhbərliyi, mərd, cəsur oğlanları, respublikanın hər yerindən axışıb gələn ziyalıları olmasaydı.
   
   Azərbaycanın hər bir nöqtəsi müharibə həyatı yaşayırdı.Hər gün yüzlərlə itgilərimiz,girovlarımız olurdu.Hər gün analar şəhid qanı yalayır,şəhid qəbri qucaqlayırdı.O illərdə İncə Dərəsi də ağır mharibə təhlükəsini yaşayırdı.
   
   Bax mən Orucov İbrahimin məhz həmin illərdə olan xidmətlərindən yazmaq istəyirəm.O illərdə olan bir-iki epizodu sizlərə çatdırmaq istəyirəm.
   
   Müdafiə xəttində ayıq-sayıq dayanan kənd camaatı ilə bərabər Sovxoz direktoru da o illərdə hərbi batalyonun təcili yaradılmasının mütləq bildi və həmin batalyonun çox ciddi cəhdlə yaradanlardan oldu. Hava telefonu ilə Ermənistana o vaxtlar Gəncəbasar bölgəsində yeganə çıxışı olan adam Orucov idi.Hər gecə bir xəbər, bir şayə yayılırdı. Bir gecə xəbər çıxdı ki, komandir İsa Sadıqovun adından göstəriş gəlib ki, Kəmərlidən Ermənistanın Noyanberyan rayonu atəşə tutulacaq. Bəs əvəzində İncə Dərəsini nə gözləyirdi, həmin vaxtlar? Bu xəbərin dəqiqliyinə yetən Orucov İ. dərhal hər tərəflə əlaqəyə girib öyrəndi ki, bu növbəti təxribatdı.Həmin gecə səhərə qədər onun ev telefonu susmadı.Kənd artıq köçməyə hazırlaşırdı..... Deyirlər ki, həmin vaxtlar çoxları ancaq Orucovun kənddən çıxıb-çıxmamasını gözləyirdi. Amma həmin vaxtlarda İncə Dərəsinin mərd oğulları Orucova çox dayaq oldular.Həmin illərdə təkcə Qazağın yox, işğal olunmuş digər rayonlarımızdan olan yüzlərlə girovun ya ölüsü ya dirisinin alınmasında İ. Orucova ünvanlanan yüzlərlə insan oldu.Səhərə qədər həyətindən insan axınının ardı-arası kəsilmirdi. Kimisi oğlunun, kimisi yoldaşının, kimisi qardaşının ya ölü, ya diri alınmasında günlərlə Orucovun qapısında gecələyirdi. O illərdə hər vəchlə girovların alınmasında çox böyük əziyyətlərinə görə verilən saysız-hesabsız dəyərləndirmələrin birində oxudum...
   
   " Hörmətli Orucov İbrahim Əsgər oğlu! Sizi Qazax rayonunun Yuxarı Salahlı, I-II Şıxlı, Qaymaqlı, Aslanbəyli və nəhayət Kəmərli kəndlərinin erməni yaraqlılarından qorunmasında göstərdiyiniz analoqu olmayan şəxsi igidliyə və şücaətə, el-obasından muvəqqəti qaçqın düşmüş soydaşlarımıza göstərdiyiniz böyük qayğı və köməkliklərə, saysız xeyriyyəçilik fəaliyyətinizə görə sizə dərin təşəkkürümüzü bildiririk..."
   
   Bu səpgidə, bu məzmunda doğrudan da analoqu olmayan çox böyük şəxsi fədakarlıqları olub Orucov İbrahimin. Onun dediklərindən: "Azərbaycanın hər yerindən 50-dən çox girovun qaytarılmasında şəxsən özüm iştirak etmişəm. Vətən torpaqlarının bütövlüyü uğrunda faciəli surətdə qəhrəmancasına həlak olmuş Qaratel Hacımahmudovanın meydini Berdavan kəndindən özüm alıb gətirmişəm.Təkcə Kəmərli kəndindən 22 girovu qaytarmışam. Onlardan 2 nəfəri qayıdandan sonra rəhmətə gediblər .Bu işlərdə mənə ən çox köməyi dəyən Şəmilov Faiq Ayvaz oğlu olub.Son dəfə isə......."
   
   Hə,əziz oxucu, əslində mənə bütün bunları yazmağa məcbur edən içimdəki ehtiyac nə Orucov İbrahimin uzun illər sovxoz direktoru kimi çoxşaxəli fəaliyyəti, nə müharibə şəraitində yaşayan el-obamızçün həmin dövrdə göstərdiyi misilsiz dəyərləri idi.Əslində bu igidliyin dalında üç İncə Dərəsi kəndlərinin mətnliyi, bütövlüyü, birliyi dururdu.Məni bu yazını yazmağa vadar edən elə onun son kəşfiyyat zamanı başına gələn hadisə oldu.O hadisə ki, ona qədər gecə ya gündüz ermənilərin düz gözünün içinə qədər gedən, nə qorxan, nə çəkinən qürurunu, dəyanətini heç zaman itirməyən mərd Orucovun ilk dəfə o hadisədə dizləri yerə çökdü. Necə mənə nağıl edib eləcə də o hadisəni sizlərə çatdırıram,əziz oxucular...
   
   "...Kəmərli ilə həmsərhəd olan Berdavan kəndinə yenə öz sürücüm Tavat Mustafayevlə kəşfiyyata çıxmışdım.Lazımı yerləri yoxladım.Aşağı enəndə 20-25 nəfər erməni yaraqlısının mühasirəsinə düşdüyümüzü gördüm.Dərhal sürücümə dedim: Tavat,mən düşürəm,sən maşındakı silahla nə bacarırsan vur öldür. Son güllənin birini mənə, birini özünə vurarsan,qoyma bizi girov götürsünlər,-dedim. UAZ- markalı maşından düşən kimi məni mühasirəyə aldılar. Biri dərhal əlindəki xəncəri kürəyimə dirəyib "tərpənmə" dedi. Ermənicə dillərini başa düşürdüm. Artıq bildimki, son dəqiqələrimi yaşayıram. Çünki bıçaq sümüyə dirənmişdi. Başımı yana çevirəndə hansısa biri uzaqdan qışqırdı " Ara, dayan, vurma.Bilisən kimdi,o? O çox ağa adamdı, İbrahimdi". Görünür hansısa vaxtilə qapımızda yal içən erməni idi, tanımışdı, verdiyim çörəyi itirməmişdi, heç olmasa. Məni vurmadılar. Amma ilk dəfə idi, hiss etdim ki, dizlərim yerə çökdü və başım dumanlandı. Məni Tavat evimizə gətirdi. Amma evə çatanda bildim ki, artıq gizlin infarkt keçirmişəm. Sonralar bildim ki, artıq top kimi səhhətimi həmin hadisədə itirmişəm. Sarılıq, zob xəstəlikləri tapdım.Uzun müddət Moskva şəhərində müalicədə oldum. Hələki birtəhər yaşayıram..."
   
   Orucov səsi səngiyə-səngiyə bu hadisəni danışdıqca gözüm önünə o vaxtın Cahandar ağaları, İsrafil ağaları gəldi. Gör bu kişi hansı mərdliklərin sahibi olub ki, hətta arxadan vuran namərd düşmən də "Ağa adamdı, vurma"- deyib. Bütün bu fədakarlıqlardan sonra ancaq "Əhsən sizə, İbrahim ağa!" deyərdim. Amma nə əfsuslar ki, sizin səhhətinizin yerində olmamasını, dağ vüqarlı ,dağ əzəmətli bir kişinin səsinin səngidiyini gördüm.Çox duyğulandım. Hiss etdim ki, bütün bu göstərdiyiniz fədakarlığa görə dövlətimizdən diqqət, qayğı,cəfakeşliyə dəyər umursunuz.Yetmiş dörd yaşında çoxlarının edə bilməyəcəyi işləri görə-görə gəlmisiniz ,amma çoxlarının aldığı adi bir təqaüdü alırsınız. Gözünüz dünya varında, pulunda deyil, diqqətdə, qayğıdadı.Var-dövlət də görmüsünüz, şan-şöhrətdə görmüsünüz. Amma hiss etdim ki,umduğunuz sayğıdı...
   
   Bütün bu illərdə qazandığınız təltiflərə baxdım.Ən böyük qazancınız yəqin ki,övladlarınız olub. 3 qız, 3 oğul. Hamısı da ali təhsilli, vətənə gərəkli övladlar.Vaxtilə, yəni 1982-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən "Şərəf Nişanı Ordeni" ilə dəyərləndirilmisiniz.
   
   1989-da "Əmək Veteranı" medalı ilə təltif olunmusunuz. 1988-ci ildə Azərbaycan Respublikası Müharibə Veteranı adını almısınız.
   
   Azərbaycanın müstəqilliyi və azadlığı yolunda göstərdiyiniz xidmətlərə görə Ə.Şıxlinski adına mükafata layiq görülmüsünüz.
   
   1969-cu ildən Az.KPMK-nın 30-cu qurultayının nümayəndəliyindən başlanan dövləti işiniz bu gün Kəmərli kənd YAP sədri kimi davam etməkdədir.Və sadaladığım irili-xırdalı, neçə-neçə təşkilatın fəxri fərmanları ilə dəyərləndirilmisiniz.
   
   Bir böyük elin, oymağın hömətini qazanmısınız. Hələ də siz gələn məclislərdə yeriniz başda göstərilir. Bütün bunları qazanmaq asanmı? Bir şərəfli adı qazanmaq və qorumaq üçün bir insan ömrünü zərrə-zərrə, gilə-gilə əridirik. Gəlib o ada çata bilirikmi? O adı qazanırıqsa qoruyub saxlaya bilirikmi? Şərəfli ad, el-oba hörməti qazanmaq nə qədər çətindisə, onu ömrün sonunsdək qorumaq, saxlamaq iki qat çətindir və məsuliyyətdir.
   
   Hər kəsə nəsib olmaz siz qazandığınız uğurları qazanmaq.Hər kəsə qismət olmaz siz durduğunuz mövqedə durmaq. Hər kəsin xislətində olmaz sizdə olan ağayanalıq, mərdlik, səxalıq, el-oba təəssübkeşliyi çəkmək, operativ, çevik, itiağıl olmaq, el-obaya gələn qonaq-qaranı, şairi, sənətkarı,deputatı,əsgəri,zabiti hörmətlə qarşılayıb səxa ilə yola salmaq.
   
   Bütün bunlar ağa, bəy kişilərin xislətidi,vallah.Bu keyfiyyətlərin bir ucu əsildən, nəsildən, kökdən, gendən gəlsə də ,heç şübhəsiz bir tərəfi kök-köməci yerin yeddi qatında olan, mədəni dəyərləri çox uzaq keçmişdən xəbər verən, pir yurdu, sirr yurdu İncə Dərəmizdən qaynaqlanır.
   
   Xoş olsun bu dünyaya ağa kimi gəlib ,ağa kimi də gedən kişilərin halına! Sağ əlləri bizim və bizdən sonra gələn oğullarımızın başına....
   
   Qələmə alan Çiçək Mahmudqızı

TƏQVİM / ARXİV