"Bir dəlinin xatirə dəftəri"

ETİBAR CƏBRAYILOĞLU
48141 | 2012-04-07 06:47
"YUĞ Dövlət Teatrının qapısından içəri keçib zalda yerini möhkəmləndirdinsə maraqlı və düşündürücü bir tamaşaya baxacağın dəqiqdi. Bu dəfə də belə oldu. Amma və lakin...
   
   Bu dəfə "YUĞ" repertuarındakı tamaşalardan birini yox, tamam başqa bir əsəri nümayiş etdirdi. Daha doğrusu, səhnəsini "ADARİ-FİLMS" prodakşının ixtiyarına verdi. "ADARİ-FİLMS" də həmişə maraqlı tamaşalar oynanılan bu səhnədə "YUĞ"un adına layiq iş ortaya qoydu. Qonaqlara böyük rus yazıçısı Nikolay Qoqolun "Dəlinin qeydləri" əsəri əsasında hazırladığı "Bir dəlinin xatirə dəftəri" tamaşasını təqdim etdi.
   
   
   
   Ağıllı işlər-Yaradıcı təşəbbüslər...
   
   
   
   "ADARİ-FİLMS" prodakşına Kinematoqrafçılar İttifaqının üzvü İradə Bağırzadə rəhbərlik edir. "Oskar" mükafatı laureatı Rüstəm İbrahimbəyovun yaratdığı Bakı Beynəlxalq Kino Məktəbinin məzunu olan İradə xanım teatr və kino ilə bağlı müxtəlif uğurlu layihələrin müəllifidi. Onun başçılığı ilə "ADARİ-FİLMS" bu uğurların davamını gətirmək əzmindədi. Növbəti layihə kimi hazırlanan Nikolay Qoqolun "Bir dəlinin xatirə dəftəri" monotamaşası nüfuzlu beynəlxalq teatr festivallarında iştirak etməyə və yüksək yerlər tutmağa iddialıdı.
   
   Layihənin rəhbəri və tamaşanın prodüseri İradə Bağırzadə, səhnə tərtibatçısı Əli Həsənov, musiqi tərtibatçısı Eldar Albertson, işıqçısı Nicat Xəlilovdu. Rüfət Həsənovla Seymur Seyidbəyli isə foto və video çəkilişlərə əmək sərf ediblər. Tamaşa boyu List, Vivaldi, Messian, Haydn, Culliani kimi dahi bəstəkarların musiqiləri səsləndirilir. Layihənin bir özəlliyi də ondadır ki, tamaşa bütünlüklə türk dilində oynanılır.
   
   "YUĞ" Dövlət Teatrının nəzdində fəaliyyət göstərən "Yaradıcı Təşəbbüslər Mərkəzi" bu gözəl tamaşanın seyrçi qarşısına çıxarmaq üçün "ADARİ-FİLMS"ə böyük dəstək göstərib. Öz səhnəsini "Bir dəlinin xatirə dəftəri"nə verib ki, yaradıcı heyət layihəni tamaşaçılar üçün göstərə bilsin. Ağıllı tamaşaçılar "Bir dəlinin xatirə dəftəri" ilə tanış olub fikirlərini bildirsinlər. Necə deyərlər, "Dəli"nin yapdıqlarına ağıllı başla qiymət versinlər.
   
   
   
   Dəlinin yazdığını ağılla oynamaq
   
   
   
   "Bir dəlinin xatirə dəftəri" tamaşasından yazarkən Elvin Adıgözəli unutmaq ağılsızlıq olar. Elvin Adıgözəl tamaşanın həm quruluşçu rejissoru, həm də ifaçısıdı. Monotamaşada seyrçi əvvəldən sonacan səhnədə yalnız onu görür, bir aktyorun teatrına tamaşa edir.
   
   Elvin Adıgözəl Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Çox gənc olmasına baxmayaraq artıq kinoda ssenarist, rejissor və aktyor kimi özünü sınamağa imkan tapıb. "Bir dəlinin xatirə dəftəri" onun teatrda debütüdü. "Bir dəlinin xatirə dəftəri" kasıb teatr estetikasında monotamaşa üslubunda hazırlanıb. Tamaşa dahi rus yazıçısı Nikolay Qoqolun bədii yaradıcılığına maraqlı və fərqli yanaşması ilə seçilir.
   
   Elvin Adıgözəlin tamaşaçıya təqdim etdiyi qəhrəman sadə, maaşı bu aydan o biri aya güclə yetən bir məmurdu. Onu təhqir edən, aşağılayan yüksək çinli məmura sonsuz nifrəti var. Hərdən özünü İspaniya Kralı IX Ferdinand kimi hiss edir, qərarlar, əmrlər verir.
   
   Onun bircə arzusu var. İstədiyi qıza qovuşmaq, dünyanın ən gözəli saydığı sevgilisini ətrafında görmək, saçlarına toxunmaq... Xəyallarında qurduğu bu mənzərəni reallaşdırmaq üçün hər şeyə hazırdı. Sevgilisinə çatmaq üçün onun iti kimi hürməyə də.
   
   Elvin Adıgözəl qəhrəmanın bu yaşantılarını inandırıcı boyalarla təqdim edir. Aktyorluq potensialını ortaya qoyan Elvin bu mürəkkəb obrazın öhdəsindən gəlməyi bacarır. Tamaşaçı "Bir dəlinin xatirə dəftəri" barədə düşünməyə məcbur olur.
   
   "YUĞ" Dövlət Teatrının və "ADARİ-FİLMS" prodakşının da ən böyük istəyi budur. Qızıl kimi vaxtını sərf edib teatra gələn tamaşaçını düşündürə bilmək. Düşünə bilən tamaşaçı dünyanın hansı tərəfində yaşamasından asılı olmayaraq "Bir dəlinin xatirə dəftəri"nə ağıllı qiymət verməyi də bacaracaq.

TƏQVİM / ARXİV