üNVANSIZ EŞQ

FAİQ QİSMƏTOĞLU
43540 | 2012-04-07 06:47
İndiki dövrdə oxucunu təəccübləndirmək və onun qəlbini ələ almaq hər yazıçıya nəsib olmur. Ən azından ona görə ki, indi çoxlu sayda kitablar yazılır, romanlar çap edilir və şeirlər oxuculara təqdim olunur. Amma gəlin, görək həmin kitabların oxucuları varmı?! Bax, bu günün ən böyük problemi də elə oxucu qıtlığıdır. Kitablar yazılır, əsərlər çap olunur əksər oxucu isə onunla maraqlanmaq istəmir. Ancaq istedadlı yazıçılar və qələm sahibləri yazdıqları romanla, povestlə və digər bədii əsərlərlə oxucuların ürəyinə yol tapmağı bacarırlar.
   
   Bu mənada Ənvər Seyidovun əvvəllər çap olunmuş "Təlatüm", "Gürzə" və eləcə də "Ünvansız eşq" və yeni çapdan çıxmış "Tale yolları" romanları diqqəti çəkir. Təbii ki, romanın mövzusu maraqlı, yazıçı dili şirin olanda istər-istəməz oxucu o kitabı ələ alarkən axıra qədər oxuyub başa çatdırır. Bu ilk növbədə yazıçının xoşbəxtliyidir. Onu da bildirək ki, bu romanların mövzusu real həyatdan götürülüb və hər şey olmuş əhvalatlar əsasında qələmə alınıb. Bununla yanaşı, hər üç roman əsasında eyni adlı kino-ssenari yazılıb və əsər ekranlaşdırılıb. Belə ki, Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində bədii televiziya filmləri çəkilib.
   
   "Ünvansız eşq" romanı isə adını sadaladığımız bədii əsərlər kimi çox orijinal və təbii qələmə alınıb. Burda hər şey yerli-yerində və bütün detallar xırdalığına qədər bədii surətdə öz əksini tapıb. Romanın süjet xətti belədir ki, orta təhsilini bitirən Oqtay Azərbaycan Dövlət Universitetində qəbul imtahanları verərkən müsabiqədən keçə bilmir və o, Bakıda Yel xəstəlikləri xəstəxanasında baş həkim işləyən əmisinin yanına gəlir və orda işə düzəlir. Elə hər şey də bundan sonra baş verir. Əmisi Saleh Fərruxlu qardaşı oğlunun bütün dərdini, atasızlığını unutdurmaq üçün dəridən-qabıqdan çıxır. Çalışır ki, Oqtay atasızlığı və onun ağrısını heç vaxt hiss etməsin. Amma zaman öz işini görür. Bu gəncin qəlbində həyat eşqi, mübarizlik, haqq-ədalətə inam həddindən çox güclü olur. O qədər güclü olur ki, zəhmətkeşlik, əzabkeşlik və ən nəhayət inamlı mübarizə Oqtayı böyük arzusuna qovuşdurur. O, böyük arzuya çatandan sonra da sadəliyini, səmimiliyini, sədaqətini və bütövlüyünü qoruyub saxlaya bilir. Ən azından təsdiq edir ki, kişilər də həyatda sədaqətli ola bilirlər. Sevdikləri bir xanımın dərdini, qayğısını və əzab-əziyyətini çəkməyi bacırırlar.
   
   O, xəstəxanada işləyərkən özündən böyük Sənubər adlı gözəl bir qadınla tanış olur. Sənubərin həyat yoldaşı isə çox savadsız və ancaq pul qazanın, həyatını yeyib-içməkdə görən bir molla olur. Mənən zəngin olan qadının qəlbini həmin molla ələ ala bilmir. Elə xəstəxanada da Sənubərlə Oqtay arasında olan sevgi macərası başlayır. Oqtay elə fikirləşir ki, bu hisslər ötəri olacaq və müəyyən zaman kəsiyindən sonra hər şey ötüb keçəcək. Amma hər şey heç də ötüb keçmir. İllər arxada qalsa da, bu məhəbbət hər iki insanın ürəyində alov kimi şölə saçır.
   
   Artıq Oqtay Ali Məhkəmənin hakimi olur. Böyük hörmət-izzət və nüfuz sahibi olan Oqtayı respublikada çox savadlı və ədalətli hakim kimi tanıyırlar. Oqtay ədalətli hakim olmaqla yanaşı, zəngin dünyagörüşə malik və böyük ürək sahibi olan insandır. Uzun illərdən sonra yenidən onlar Ali Məhkəmənin qarşısında görüşürlər. Məlum olur ki, Sənubərin oğlu Əziz münaqişə zəminində başqa birisini bıçaqla vurub öldürüb. Sənubər isə kömək məqsədi ilə Ali Məhkəməyə gəlir və Oqtayı tapır. Oqtay Sənubəri görəndə əlləri titrəyir və gözləri dolur. Xatirələr onu ötən günlərə qaytarır. Qısa söhbətdən sonra Sənubər ondan oğluna kömək etməyi xahiş eləyir. Təbii ki, Oqtay ona çox böyük qayğı ilə, məhəbbətlə və sevgi ilə yanaşır. Bunu Sənubər də hiss eləyir. Ona görə də sevinir ki, nə yaxşı Oqtay həmin məhəbbəti ürəyinin dərinliyində qoruyaraq saxlayıb. Yüksək vəzifə pilləsinə qalxsa da, Oqtay dəyişməyib.
   
   O, Əzizə kömək etmək məqsədi ilə digər hakim yoldaşlarından xahiş edir. Xahiş edir ki, Əzizin işinə ədalətlə baxsınlar. İşə baxılır və Əzizə ağır cinayət törətdiyinə görə 8 il həbs cəzası təyin edilir. Aydındır ki, həbsxana həyatı o qədər də rahat olmur. Əziz həbsxanaya düşür, anasısa yataq xəstəsi olur. Və Oqtaya günlərin bir günündə Sənubər məktub yazıb göndərir ki, mən ölüm ayağındayam, xahiş edirəm mənim kimsəsiz kimi dəfn edilməyimə qoymayasınız. Mənə arxa durun və kömək eləyin. Bu məktubu oxuyandan sonra Oqtayın gözləri dolur və bir başa xidməti maşınına əyləşib sürücüyə deyir ki, maşını Hökməliyə sür. Artıq Oqtay onların evinə çatanda Sənubər keçinir. Amma Oqtay içəri keçib son dəfə sevdiyi qadınla vidalaşır və onun saçlarını sığallayır.
   
   Sonradansa Oqtay Sənubərin həbsxanada olan oğlunu azad etmək üçün zərərçəkmiş tərəflə görüşür. Zərərçəkmişin qohumları deyir ki, bütün günah bizim övladımızda olub. O yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Biz onu öldürən adamda heç bir günah görmürük. Beləcə, Oqtay zərərçəkmiş tərəfin razılığını alandan sonra Əzizi həbsxanadan buraxdırır. Həbsxanadan bir başa hər ikisi Sənubərin dəfn edildiyi qəbiristanlığa gəlir. Həmin səhnə yazıçı tərəfindən o qədər orijinal və səmimi təsvir edilib ki, kitabı oxuyan hər bir oxucu bu səhnənin nə qədər yadda qalan olduğunu unuda bilmir. Elə həmin epizodu bir daha oxucuların diqqətinə cəlb eləmək istəyirik: "...Hardasa şimşək çaxdı. Bayaqdan göy üzündən asılıb qalmış buludlar buna bənd imiş kimi öz yağış yükünü yer üzünə boşaltmağa başladı. Məzar daşı bir anda islandı. Yağış damlaları Sənubərin şəklinə düşür, ordan da üzü aşağı diyirlənirdi. Kənardan baxana elə gəlirdi ki, məzarın üstündə ki, bu gözəl qadın səssiz-səmirsiz, için-için ağlayır. Nə bilmək olardı, bəlkə də bir-birinə izahı olunmayan bir sevgi ilə bağlanan 3 insanın bərabər olması göyləri də sevindirir və buludlar öz sevincini - yağış payını onlara hədiyyə etməklə bildirir.
   
   Yağış yağırdı. İki kişinin ürəyinin birləşdiyi, bərabər döyündüyü bu məzarlığa, məzarlığın yerləşdiyi ucsuz-bucaqsız çöllüyə yağırdı. Ətrafdan islanmış torpaq və yaşıl ot iyi gəlirdi. Təbiət oyanmağa başlamışdı".
   
   Hər ötəri hissə heç də məhəbbət demək olmaz. Amma Oqtayla Sənubərin məhəbbəti çox təmiz, çox ülvi və çox qeyri-adi bir məhəbbət olur. Düzdür, onlar həyatda bir-birinə qovuşa bilmirlər, amma sonradan Əzizin həbsxanadan çıxmağı ilə bu üç insan yenidən birləşir və zaman-zaman duyğularını yaşayırlar. İnsan var ki, ailə qurur, övladları olur, sonra da ayrılır. Amma çətin gündə övladlarının anasının harayına çatmır, dadına yetmir və özünü yad adam kimi aparır. Ancaq bu romanda təsvir olunan Oqtay isə tamamilə saf, təmiz və sədaqətli bir insandır. O öz sədaqətini sözlə yox, əməli ilə, tutduğu mövqeyi və əqidəsi ilə təsdiq eləyir. Elə yazıçının da ən böyük ustalığı ondan ibarətdir ki, bu epizodları yaratmaqla qəhrəmanların səmimiliyini oxuculara inandıra bilib. İnandıra bilib ki, həyatda Oqtay kimi öz məhəbbətinə sədaqətli olan insanlar var. O, yüksək vəzifəyə qalxsa belə yenə əvvəlki səmimiyyətini və sadəliyini qoruyub saxlayır. Bu cür qəhrəmanlara ancaq bir söz deyə bilərik: onlara eşq olsun!
   
   Eyni adlı roman əsasında 2011-ci ildə bayaq dediyimiz kimi, kino-ssenari yazılıb və film ekranlaşdırılıb. Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində çəkilən bədii televiziya filminin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" və "Qızıl Qılınc" mükafatları laureatı, istedadlı televiziya rejissoru Məhərrəm Bədirzadədir. Kadrları əsasən Bakı kəndləri və Şamaxı rayonunda lentə alınan filmin quruluşçu operatoru Rüstəm Yaqubovdur. Filmin bəstəkarı İqbal Ağayev, quruluşçu rəssamı isə Rəfael Əlizadədir.
   
   İnanırıq ki, "Azərnəşr" tərəfindən çap edilən bu kitab çoxlarının marağına səbəb olacaq. Ən azından ona görə ki, romanın mövzusu orijinal və dili çox şirindir. Təbii ki, indiki dövrdə hər oxucunun roman oxumağa bir o qədər də səbri olmur. Amma sizi inandırırıq ki, bu kitabı kim vərəqləsə, özündən asılı olmayaraq, sonuncu səhifəyə qədər onu oxumağa çalışacaq. Hər halda, oxucunu heç vaxt məcbur eləmək olmaz. Kimin ürəyi nəyi istəyirsə, elə onu da seçib oxuya bilər.

TƏQVİM / ARXİV