SÖZ QAPINI DÖYƏNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
34668 | 2012-04-07 06:47
Özünü nə qədər kənara çəkmək istəsən də mümkün olmur. Ona görə mümkün olmur ki, sən kənara çəkildiyin səndən kənara çəkilmir. Əksinə, o sənə bir az da yaxın gəlir. Elə bir sənlə min illik bir ədavəti var. Çalışır, vuruşur ki, elə sənin yanında olsun, sənin gözünün önündə olsun. Bilmirəm niyə? Ümumiyyətlə, niyə axı belədi, onu bilmirəm. Bu yerdə yadıma müxtəlif atalar sözləri və deyimlər də düşür. Amma neyləyim ki, mənim içimdən keçəni onlar ifadə etmir. Görünür, bu zamanın basqıları məni o qədər sıxıb-sıxçalayıb ki, ətrafı anlamaq, duymaq qabiliyyətim get-gedə kütləşir, kəsərini itirir. Bəlkə buna təəssüf edimg Bəlkə də yox!.. Amma hər halda, nə isə etməliyəmg Amma nə?!
   
   Həyatımız elə qurulub ki, hər gün kiminləsə qarşılaşmalı, kiminləsə üz-üzə gəlməli, kiminləsə təmas qurmalısan. Ən azı marşrut avtobusunda kiminsə ayağını tapdalamalısan, çiyninə toxunmalısan. Bax, bundan sonra nə baş verəcəyini hər kəs özü təsəvvür etsin. Yəni burda yaxalaşmaq da mümkündü...söyüşmək də... və yaxud da bizim millətə xas olan yüksək mədəniyyətlə üzr istəyib ayrılmaq da. Yəni bütün bu halların hamısı yaşadığımız günün, həyatın güzgüdə görünən bir nöqtəsidir. Ancaq bundan maraqlı, bundan önəmlilər isə xüsusi bir qabiliyyət, istedad tələb edir ki, onu görəsən, qavrayasan, araşdırıb dərk edəsən. Yalnız bundan sonra öz-özünə pıçıldayasan ki:
   
   - Pahattonan... Nələr varmış bu dünyada?! Biz fil qulağında yatıbmışıq...
   
   Hə, bu dünyada olanların dəxli elə bu dünyada olanlara nə qədərdisə, olmayanlara da onun yarısı qədərdi. Bu yerdə içimdən ümidsiz bir fikir gəlib keçir. Onu da yazmaya bilmirəm:
   
   - Bəxtəvər bu dünyada olmayanların başına. Nə dünyanın dərdini çəkirlər, nə də dünya onlar barəsində düşünür. Kefdədilər vallah. Sağ əlləri dünyanı anlamayanların başına. Belə getməyəcək ki, axırı bir dayanacaq da olacaq. Maşın dayanacağı, qatar dayanacağı, axırı nə bilim nəyinsə dayanacağı. Düşməli olanlar zorla da olsa düşürüləcəklər.
   
   Deyəsən bir az pessimist oldu, qanqaraldan nöqtələrə toxundum. Üzrlü sayın, bütün bunlar təsadüf deyil, günün yaratdığı ovqatdı. Mən də o ovqatın içərisində öz dayanacağını gözləyənlərdən biriyəm. Hələ ki, əlimi qoymuşam qaşımın üstünə, baxıram. Bəzən o dayanacaq ovcumun içində görünür, bəzən də aralıdan. Gah məni ilğım aldadır, gah da gerçəklik. Hər halda, şair demişkən, "bu da bir ömürdü yaşayırıq". Nə qədər, necə, hara kimi yaşadığımızı bilsək də, bilməsək də.
   
   Hə, deməli, bu günün ovqatı mənim üçün çox qəribə başladı. Bu qəribəlik də ondan ibarət oldu ki, bir topa söz adamı yığışdı bir məclisə. Mən gözlədim ki, bir topa söz adamı nə isə təzə söz danışacaq, təzə bir söz deyəcək. Amma bir Allah şahiddir ki, belə olmadı, hamı köhnə patefon kimi öz mahnısını təkrarlayırdı. Bircə həmin o mahnının ifa olunduğu məkan dəyişmişdi. Amma həqiqətən gözəl məkan idi. Əsl memarlıq nümunəsi, əsl sənət göstəricisi idi. Adamın gözü, könlü rahatlanırdı. Bu işin ustalarına təşəkkürlər gəlib keçirdi ürəyimdən. O təşəkkürlərin işığında həmişə eşitdiyim sözləri yavaş-yavaş unudub xəyallara üz tuturdum. Xəyallar da ki, qanadlı, kövrək və həm də adamın özünü özünə qaytaran bir dünya. O dünyadan qulağıma gələn patefondakı səslər, sözlər yox, təptəzə, yanağının yaşı qurumamış misralar idi.
   
   
   
   mən bir az uzaqları
   
   yaxın etmək istədim...
   
   mən bir az yaxınlara
   
   yaxın getmək istədim-
   
   deyəsən alınmadı...
   
   
   
   mən könlümdə cücərdib
   
   sözü səməni etdim...
   
   ürəyimi sevginin
   
   çölü, çəməni etdim-
   
   deyəsən alınmadı...
   
   
   
   mən qapıya dəymədim
   
   pəncərəyə toxundum...
   
   gül budağın əymədim
   
   çiçək-çiçək oxundum-
   
   deyəsən alınmadı...
   
   
   
   mən özümdən-özümə
   
   nərdivanam, bacayam...
   
   düşündüm ki, içimdə
   
   çölümdən çox ucayam-
   
   deyəsən alınmadı!..
   
   
   
   ***
   
   
   
   Hə, günün ovqatı məni öz aurasına necə alıbdısa, suya düşmüş, yağışda islanmış kimi nə qədər silkinsəm də, canım qurumur ki, qurumur. Elə istəyirəm ki, bu nəm paltar qarışıq hardansa asılım ki, Bakının neçə gündü zəhlə tökən, ürək bulandıran küləyi bəlkə quruda. Amma bir qəribə deyim də var. Deyiblər ki, "bəlkəni əkiblər, bitməyib"...
   
   İndi həmin o deyimdən. O məntiqdən çıxış edərək özümü yenidən kökləməyə, yenidən ələ almağa çalışıram. İstəyirəm ki, içimdə neçə gündü gəzdirdiyim və bir an da olsun unutmaq istəmədiyim bir xoş anı, bir zaman kəsiyini sözə çevirim, yazıya hopdurum. Özü də elə hopdurum ki, həmin o zaman kəsiyinin şahidləri də bu gerçəkliyi qəbul etsinlər, həmin məqama yenidən qayıdıb onu təkrar yaşasınlar.
   
   Doğrudur, bəzən deyirlər ki, əsas istəmək olmasa da, işin yarısı məqsədə gedən yolun ikidə biri məhz o istəkdən keçir. O istək səni həmin işi başlamağa vadar edir, o yolun yolçusuna çevirir. Bax, bu mənada mən də bir vaxtlar sözünü tanıdığım, misralarını müxtəlif mətbu orqanlarda, eləcə də "Alatoran" jurnalında, sonra "Ədalət" qəzetinin səhifələrində oxuduğum Əli Hacıyla üz-üzə tanışlığımı anbaan yaddaşımda təzələyirəm. Bu tanışlığa işıq salan, körpü olan insanları yaxşı mənada alqışlayıb içimdən onlara isti bir minnətdarlıq göndərirəm. Bilmirəm, çatır-çatmır, amma dərk etdiyim budur ki, isti, səmimi duyğuları, alqışları, salamları heç nə ilə ört-basdır etmək, daldalamaq mümkün deyil. Necə deyərlər, "yerin də qulağı var, gedib sahibinə çatacaq". Odur ki, Əli bəylə üzbəüz tanışlığım, söz dostluğundan ürək dostluğuna, ruh dostluğuna çevrildikcə, həmin o səbəbkarlar da mənim üçün bir az da dəyərli olurlar. Mən də o dəyərə söykənərək aprelin 2-də doğum gününü qeyd etdiyimiz, özü də qaçaraq gəlib yüyrək getdiyim məclisi, ordakı insanları salamlayır və düşünürəm ki, həmin o məclisin təkcə ahəngi yox, həm də mühiti başdan-başa bir səmimiyyət idi. Dostlar təkcə kabab yeyib araq içmirdilər, həm də bir-birlərinə ürək açıb, ürək nümayiş etdirirdilər. Hər sözün hər hərfi, hər cümlənin hər bir işarəsi yalnız və yalnız səmimiyyət idi, diqqət idi. Dünyada həsrətini və həsədini çəkdiyim səmimiyyət və diqqət!!! Mən orda öz-özümə qeyri-ixtiyari pıçıldadığım sözü indi də aşkar şəkildə dilə gətirirəm:
   
   - Biz niyə həmişə olduğumuz kimi olmuruq? Biz niyə həmişə diqqətli və səmimi deyilik? Nədir bizim qarşımızı kəsən? Bəlkə maddiyyat? Bəlkə vəzifə? Axı dünyadakı mövcüd ən müqəddəs kitablar belə öz səhifələrində kiminsə bu dünyadan maddiyyat, kürsü, vəzifə apardığını yazıb göstərməyib. Maddiyyat da, vəzifə də, kürsü də elə bu dünyada qalıb. İnsanların özləri ilə apardığı sonradan rəhmətə çevrilən səmimiyyət və diqqət olub. Niyə sağlığımızda rəhmət qazanmaq istəmirik görəsən?
   
   Deyəsən çox dərinə getdim. Yox, alimlik iddiasında deyiləm, nə də mühakimə etmək haqqım yoxdu. Sadəcə, içimdən gəldi və mən də içimdən gələni deməyə bilmirəm. Bax, elə ruh dostum Əli bəyin doğum günündə də ona hədiyyə etdiyim, daha doğrusu, etmək üçün çalışdığım sözümdən başqa heç bir şeyim olmadı. Mən də o sözü, o şeiri ona bağışladım.
   
   
   
   gəlmişəm gəzib dolaşım
   
   gül, çiçəyə bulaşım...
   
   bir az ərisin təlaşım-
   
   bir az da yaşaya bilim...
   
   dumanı geynim əynimə
   
   gəlməsin kədər eynimə...
   
   söz yağsın qəlbə, beynimə-
   
   bir az da yaşaya bilim...
   
   
   
   bulaqdan ovucla içim
   
   çayı tən ortadan keçim...
   
   lilparla durulsun içim-
   
   bir az da yaşaya bilim...
   
   
   
   tumurcuğun gözün sevim
   
   ocaq çatıb közün sevim...
   
   qaya dibi olsun evim-
   
   bir az da yaşaya bilim...
   
   
   
   gəlmişəm təzdən köklənim
   
   təzələnim, həm köhnəlim...
   
   yüyrək ol ki, ay köhlənim-
   
   bir az da yaşaya bilim...
   
   
   
   
   
   
   
   ***
   
   Hə, Əli bəyin doğum günündə qürur duyduğum və Azərbaycan bayrağını Avropanın musiqi beşiyində dalğalandıran Eminin atası ilə də üz-üzə gəldim. Xəzər bəyin bu məclisi çox ağsaqqalyana idarə etməsi mənə qayım-qədim kişiləri xatırlatdı. Özümdən asılı olmadan Hüseynə tərəf boylandım. O da köklənmişdi məclis üstündə, amma bir az da dalğın görünürdü. Nələr düşündüyü mənə az-çox bəlli olsa da, üstünə getmədim. Sadəcə, onun Əli bəylə olan böyük bağlantısının işığı mənə hər şeyi unutdurdu. Özümdən asılı olmadan, Xəzər bəydən icazə alıb elə o məclisə yollanarkən kağıza köçürdüyüm şeiri oxudum. Əvvəlcə şeiri sizə də çatdırım, sonra səbəbini deyərəm:
   
   
   
   söz qapını döyəndə
   
   varaq çəkir adamı...
   
   yaxın qəlbə dəyəndə-
   
   uzaq çəkir adamı...
   
   
   
   yar yoluna sər, çiçək
   
   təzə çiçək, tər çiçək...
   
   göz oxşayan hər çiçək-
   
   yarpaq çəkir adamı...
   
   
   
   dil-dodağı qanadı
   
   sındı ruhun qanadı...
   
   hamısı bir yanadı-
   
   torpaq çəkir adamı!..
   
   
   
   Hə, indi səbəbini deyim. Ətrafda ağacların tumurcuqlayan, yarpaqların dit verən anı olduğunu yəqin ki, hamımız bilirik. Bax belə bir vaxtda dünyaya gələn insanların maraqlı tarixçələri olduğuna şübhəm yoxdur. Çünki onlar qan qaynayan, könül coşan məqamlarda dünyaya təşrif buyurublar. Xoşbəxtlik orasındadır ki, bu cür insanlar gülün, çiçəyin bir-birinə sarmaşdığı, çayın, bulağın bir-birinə qovuşduğu dağlıq bölgələrdə doğulalar. Onda iki qəribəlik bir-birinə qovuşub qeyri-adilik yaradır zənnimcə. Təəssüf ki, mən, eləcə də o yerlər üçün əli həmişə uzanıqlı olan digər soydaşlarımız, lap elə Hüseynin özü də, Əli bəy də, Xəzər bəy də nələr itirdiyimizin fərqinə vara-vara ümidlə, təsəlliylə yaşayırıq. Yaşayırıq ki, bəlkə növbəti ad gününü Qarabağda keçirdik... Bəlkə növbəti badələri Şuşada qaldırdıq... Yenə hardansa hərlənib-fırlanıb "bəlkə" gəlib düşdü ortalığa. Az qala 25 ildi ki, heç "lazım" da ortalıqdan çıxmır. Hamımız "lazım" gəlsə deyirik. Amma heç birimiz nə lazımın harda olduğunu bilmirik, nə də onun dalınca durub getmirik, gözləyirik o gəlsin. Onun da gəlib-gəlməyəcəyi hiss olunmur...
   
   Ağrıyan ürəyimin səbəbini anlamaq üçün yenə kağıza, qələmə könül verirəm.
   
   
   
   gedim sözün dalınca
   
   görüm harda ləngiyib...
   
   bəlkə yoxuşa düşüb-
   
   bəlkə ruhu səngiyib?..
   
   
   
   gedim sözün dalınca
   
   Şuşaya gedən kimi...
   
   özünü bu səfərlə-
   
   bəxtəvər edən kimi!..
   
   
   
   gedim sözün dalınca
   
   nökər kimi, şah kimi...
   
   səcdəsində dayanım-
   
   sözün də Allah kimi!..
   
   
   
   ... Bilmirəm, bu yazının əvvəli ilə sonu bir-birinə nə deyir? Bir-biri ilə dil tapıb anlaşır, ya yox. Amma dəqiq bilirəm ki, mən ovqatın içindən çıxıb başqa bir ovqata düşməklə bu yazını bilgisayara söylədim. Çünki Əli bəyin doğum günündə mən tamam başqa notlar üzərində köklənmişdim. İçimdə sanki Koroğlunun uvertürası səslənirdi. Duyğularım Üzeyir bəyin musiqisi, Nizaminin sözləri və Bülbülün səsində "SƏNSİZ" deyirdi. Yazını yazdığım gün isə heç arzulamadığım bir "patefon" məclisində oldum. Hamı minillik mahnını kağızdan oxuyan kimi, elə oxudu ki, kimin niyə oxuduğu, necə oxuduğu bilinmədi. Sadəcə yadımda bir səs qaldı: Quru, ölü bir səs!!!
   
   Heç kimə o cür səsləri yaddaşımda gəzdirməyi, eşitməyi arzu etmirəm. Çox istərdim ki, o səslər də bir az cilalansın, bir az təzələnsin, sözlərinə gerçəklik qatılsın, rəngi müasirləşsin, ən azı ifaçılardan yerlərini dəyişən olsun. Heç olmasa həmişə çıxış edənlər oturub əl çalsınlar ki, əvvəllər əl çalanlara da indi çıxış etmək növbəsi çatsın, bəlkə rəngarənglik ola. Axı eyni rəngə baxan göz axırda döyənək olur?!..

TƏQVİM / ARXİV