adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BiZ VƏ ÖVLADLARIMIZ

OQTAY SALAMOV
22237 | 2012-04-07 06:47

   
   Bu yazının istiqaməti əvvəlcə tamam başqa yöndə idi, sonra lirik ricət real həyatla uzlaşmadı. Amma elə şirin, necə axıcı gedirdi ki...
   
   Kişi - qısa, konkret bitmiş fikirdir. Nöqtə ilə bitmiş fikirdir.
   
   Öz növbəsində isə qadın bu nöqtəni xroniki olaraq istədiyi vurğu işarəsinə çevirir. Çox vaxt vergülə- istəyir ki, davamı və izahı olsun. Ya da sual işarəsi:
   
   Kişi: Yeganəm!
   
   Qadın (mütləq qurtdalayacaq, qəmiş qoyacaq) Yeganəyəm?
   
   Ya da çox nöqtə (ümid yeri qoymaq üçün)
   
   Ya da iki nöqtə (saymaq üçün provokasiya edir)
   
   Ya da nida işarəsi- "səsini çoxalt"
   
   İnd isə smaylik- emosinal rəng əlavə etmək üçün...
   
   Onlar birlikdə "həyatlarının ədəbi əsərini yazırlar". Özü də belə sayıram ki, bu həmmüəllifdə ikinci dərəcəli yoxdur. Bütün bünövrə, bütün baza- kişi ağlının konkret fikirin dərinliyindən asılıdır. Süjet xəttinin gözəlliyi və "naxışları", "ifası" qadın tərəfindən təyin edilir.
   
   Müxtəlif janrlar qamması yaranır: iki sətirlik bayağı lətifədən əbədi həqiqətlər və müdrikliklə dolu monumental üçcildliyə qədər, ən ucuz farsdan nəsilləri silkələyən faciələrə qədər yazırlar.
   
   Biz nə yazacağıq?
   
   Son iyirmi beş ildə cəmiyyətimiz sosial, informasiya və digər sferalarda çox böyük dəyişlikliklər yaşayır. Dəyişikliklərin sürəti o qədər çox olur ki, onlara cavab verməyə, yeni reallığın dərk olunmasına macal tapa bilmirik. Həm də bu reallıqların dərk olunmaması dəyişikliklərin nəticələri ilk növbədə bizim övladlarımızla münasibətlərimizdə əks olunur.
   
   Şüuraltı olaraq övladlarımızla ünsiyyətdə öz həyat təcrübəmizə, bizim valideynlərimizin bizi tərbiyə etdiyi səmtləri tuturuq. Amma müasir reallıqda belə model tez-tez iflasa uğrayır. Təəssüf ki, dünya çox vaxt yaxşıya tərəf dəyişilmir.
   
   İçtimai institutlar, uşaq bağçaları və məktəblər bizim uşaqlığımızdan tamam fərqli yüklər daşıyırlar. Maraqların münaqişəsi, qırıqlıq yaranır. Bilirəm, deyəcəksiniz ki, atalar və oğullar prolemi bineyi qədimdən var və qalacaqdır da. Bunu başa düşürəm. Amma qaçılmaz olmasını qəbul edə bilmirəm. Bəs məktəb yaşlı uşaqların az qala kütləvi intiharlarını necə görməyək?
   
   Praktiki olaraq 80-ci illərin sonlarına qədər uşaqların və yeniyetmələrin dünyagörüşü və tərbiyəsi ilə uşaq bağçaları və məktəblər məşğul olurdu. Oktyabryat ulduzları, pioner və komsomol təşkilatları, müxtəlif dərnəklər və bölmələr. Biz məşğul idik və bizə maraqlı idi. Valideynlərin üzərindən böyük bir qayğını bağçalar və məktəblər götürmüşdü. Valideynlərin üzərinə bir neçə yerdə işləmək düşürdü, uşaqların tərbiyəsi bir növ onların öhdəsində deyildi.
   
   Televiziya onda bizim üçün diqqət yayındıran faktor deyildi. Bizim əsas xitimiz "Nağıllar aləminə səyahət", "Gecəniz xeyirə qalsın, balalar" proqramları idi. Ekrandan zor təbliq edilmirdi.İnternet və kompüter oyunları isə sadəcə olaraq yox idi. Ən əsası isə demək olar ki, hamının gəliri, geyimi, imkanları bir-birinə yaxın idi. Ağalıq və qibtə hissləri az idi. İndikilərlə müqayisə edəndə adamların problemləri gülməyi dərəcədə sadə görünürdü.
   
   İdiki vaxt bizə təbəqələşmə bəxş etdi ki, bağçadan başlayaraq uşağın psixikasında əks olunur, məktəbdə isə tamamilə formalaşır: Zor kultu,güc və üstünlük hətta multfilmlərdə, uşaq oyuncaqlarında da təbliğ olunur. Bir çox ləyaqətli müəllimlərin cəhdlərinə baxmayaraq təəssüf ki, məktəblər tərbiyedici orqan kimi praktiki olaraq tamamilə gücsüz qalıblar. Allaha şükür ki, müəllimlərə az da olsa imkan verirlər ki, uşaqlarımızı öyrədə bilsinlər. Biz amerikan filmlərindən tanış olan ən pis nümunələrə yaxınlaşmışıq. Deyəsən bizim məktəblərimizin yeniyetmələrin liderlik və üstünlük uğrunda çarpışdığı bağlı kulublara çevriləcəyi gün uzaqda deyil. Bizi vaxtımızda da belə şey lər vardı, amma sosial bərabərsizliyə söykənmirdi, özbaşınalıq bu dərəcəyə çatmırdı axı...
   
   Aztəminatlı ailələrin uşaqları saya salınmır, kasıb geyinmiş, cibxərcliyi olmayan uşaqları qəbul etmirlər. Mən ciddi deyirəm, həqiqət belədi. Bilirsiz məktəblərin daxilində nələr baş verir? Bilirsiniz bunlar uşaqlarımıza necə təsir edir? Təəssüf ki, məktəb bizə kömək etmir.
   
   Valideynlər çalışırlar. Bəziləri çox işləyir, bəziləri iş tapa bilmir. Çox əziyyət çəkirlər. Amma inamları yoxdur. Uşaqlar üçün vaxtları yoxdur. Xüsusən də həyatda naümid olan valideynlər cavab tapa bilmirlər. Uşaq soruşanda ki, niyə onun ətrafındakılar kimi yaşamağı təmin edə bilmirsən, niyə gücsüzsən? - cavab ver görüm necə verirsən?...
   
   Standart atalar və oğullar münaqişəsinə öz gücsüzlüyün də əlavə olunur. Çox vaxt bu da əlavə münaqişəyə səbəb olur. Hamı bir-birini ittiham edir. Biz yoruluruq və özümüzü yaxşı valideyn sayaraq düşünürük ki, istirahət etməyə hüququmuz var. Uşağın- mənimlə oyna- xahişlərinə "sonra" deyirik, "televizora bax, kompüterlə oyna" deyirik. Nəticədə qabyuyan maşının reklamını alırıq- "Get o qabları yu, ana". Utanmasalar elə atalarına da deyərlər. Bizim uşaqlarımız kim olacaq, nəçi olacaq? Heç kimi bəyənməyən eqoist, yoxsa özünə inamı olmayan adamcıq? İndi bütün məsuliyyət bizim öhdəmizə düşür.
   
   Həə... Bizim üçün valideynimizdən daha çətindir. Biz məğlubedilməz olmalıyıq, yorğunluğumuzla, tənbəlliyimizlə, öz maraqlarımızla mübarizə aparmalıyıq. İlk növbədə uşaqdır. Doğulduğu gündən bizim qayğımızı hiss etməlidir, bilməlidir ki, biz ona dayaqıq. Özü də həmişəlik dayaq, Uşaq öz sevincini, dərdini ancaq bizimlə bölməlidir. Biz isə onları təkcə eşitməli yox, həm də ən düz qərarı verməliyik. Biz özümüzə yazığımız gəlmədən bütün azad vaxtımızı uşaqlara sərf etməliyik, özümüzün az olanını da uşaqlara verməliyik. Axı onları sevməklə biz özümüzü sevirik. Özünü sevə bilən adam xoşbəxtdir. Məhəbbət- çətin və gündəlik işdir.
   
   Girişdə soruşmuşdum ki, "Biz nə yazacağıq?". Kişini tərifləyib zarafatla olsa qadını qeyri-konkretlikdə qınamışdım. Birlikdə yazdığımızın nə, kim olacağını düşünəndə heç kişilərin də "bitmiş bir fikri ifadə edən" olmadığını görürük. Hələ uşaqlardan soruşun ki, onlar valideynləri haqda nələr düşünürlər?... Ucdantutma sual işarələridir...

TƏQVİM / ARXİV