adalet.az header logo
  • Bakı 19°C

"GƏL, BÖLƏK DüNYANI..."

VƏSİLƏ USUBOVA
27780 | 2012-04-07 06:47
Barmağımı indicə oxuduğum cümlənin üstündə gəzdirirəm. Bayaqdan bəri neçə dəfə oxumuşam, beynimdən, ürəyimdən keçirmişəm. Gündə saysız-hesabsız sözlər, cümlələr eşidirəm, oxuyuram. Adisi də var, qeyri-adisi, maraqlısı, yaddaqalanı, düşündürəni də. Unutduqlarım yadımda qalanlardan daha çoxdu. Bu cümlə niyə belə tutdu məni?! Silkələdi, üşütdü, qızdırdı...Özümü özümlə üz-üzə qoydu. Bəlkə əvvəllər də dönə-dönə rastlaşmışam bu deyimlə, ancaq fikir verməmişəm, üstündə dayanmamışam. Görünür, sözlərin də təsirləndirmə, duyğulandırma məqamı var. Yetişməlidi, halınla səsləşməlidi, dərdini dəbərtməlidi... Gözlərimi yumuram; zülmət qaranlıq... Açıram; bomboz ətrafım günəşin xəstəhal şüalarından bir az da boğulub. Havadan ağırlıq, nisgil, pərişanlıq yağır. Boğanaqlı hava yaz ovqatını korlasa da, təbiətin əzəli və əbədi işinə- tumurcuqları budaqlara muncuq kimi düzməsinə mane ola bilmir...
   
   Dünya öz işindədi. Səninlə ilgilənməyə nə vaxtı var, nə həvəsi... Başının çarəsini özün qılacaqsan. Qəlbinin tənhalığını boğa bilsən, dünya da sənə zaman ayıracaq...Yoxsa, elə bilirdin bu dünyada hamı səndən ötrüdü?!...Əsla!
   
   Hə,... kədərlənməyə dəyər. Hər şey təzələnir, dönüb qayıdır, yeni bir ömrə başlayır. Təəssüf dolu bir yanğı bürüyür varlığını....
   
   Səndən ötrü heç nə təzədən başlamayacaq...
   
   Xatirəndə qalanlar da artıq köhnəlmiş yaşantılarından başqa bir şey deyil...
   
   Heç kəs poza bilməyib bu sarsılmaz qanunu. Dəyişə bilməyib olacaqların yönünü. Sənin də əlindən bir şey gəlməyəcək. Yandırma özünü...
   
   ***
   
   Kim deyir ki, dünyada adam çoxdü?! Yox, dünya cəmi iki nəfərlikdi. Sən və O! O yoxdusa, onda adamlar da çoxalacaq. Səni darıxdırmağa, canını sıxmağa fürsət gəzəcəklər.
   
   - Bilirsən, həyatın boyu nə qədər səhvlər eləmisən?
   
   - Bilirəm. Mənim bütün ömrüm elə səhvlərdən ibarətdi...
   
   - Heç ağrıtmır səni?
   
   - Ağrıtmaq nədi? Od vurub yandırır təpədən dırnağa...
   
   - Düzələsi bir şey qalıb? Nəyisə qaytara bilərsən?!
   
   - Yox,yox...
   
   - Onda... çox çətin olmalıdı səninçin. Bilirsən, bu səhvlərinin səbəbi nə olub?
   
   - Nə olub?
   
   - Təkliyin...
   
   Qoy, cümləni bir də oxuyum: "Həyatın məşəqqətlərinə dözmək üçün onu mütləq bir qadınla bölüşmək lazımdır". Anatol Frans. Deyəsən, ağıllı kişi olub bu Anatol Frans. Bir zərif qadını güclü hesab edəcək qədər ağıllı. Bundan o yanası heç gərək də deyil...
   
   Ancaq... bu sözlər güclü cinsin nümayəndələriyçin deyilib, axı... Bəs, məndə niyə belə suçluluq ovqatı yaradır?! Mən ki,...Niyə özümdən danışıram?! Mən təkəm, bəyəm?...Mənə qədər dünya bölünmüşdü. Yalan və Haqq dünya deyirdilər adına. Birincisi ağlı-qaralı, ikincisi cənnətli-cəhənnəmli. İkincinin gerçəkmi, xəyalmı olduğunu kimsə isbatlaya bilməyib hələ ki,... Birinci isə gözümün önündəydi. Məni ağuşuna almışdı. Hələ ki, istiydi, nəvazişkardı, şirin, başdöndürən sözlər pıçıldayırdı qulaqlarıma. İnanırdırırdı, qanadlanırdırırdı məni. Özümdən əvvəlkilərin səhvlərinə, aldanışlarına gülürdüm. Zəif, ağılsız sayırdım taleyi dönükləri, bəxti uğursuzları. "Bir ömür nədir ki, onu da əməlli-başlı yaşaya bilmirlər. Taleyin hünəri nədi, üzümə gülməsin?! Özüm istədiyim kimi quracağam həyatımı. Görərsiniz..." Görürdülər. Sonrasını da gördülər. Görməyən təkcə mən idim. Heyrətdən bərələn gözlərimlə sağıma-soluma baxırdım...
   
   Özümdən əvvəl inananların və ağzı yananların aqibətini yaşayırdım indi...
   
   Dünya məni ağladıb özü gülürdü. İblis kimi qəhqəhə çəkirdi...
   
   Gəncliyimizin bir mahnısı vardı;
   
   
   
   Gəl, bölək dünyanı ikilikdə biz,
   
   Qara mənə qalsın, ağı sən götür...
   
   Necə şirin, necə qırmızı bir yalan idi... İnanmışdım buna da. Amma mən ikisini də bölmək istəyirdim. Səninlə yanaşı addımlayanın qaralar içində yaşadığına necə dözmək olar?! Dözüb də ağappaq bir ömür sürmək mümkündürmü?! Sənin yarındısa, hər şey yarıbayarı olmalıdı. Sevgi də, təbəssüm və göz yaşı da, aclıq da, toxluq da. Əsl bütövlük, tamlıq onda yaranacaqdı. Paylaşanda, bölüşəndə...
   
   Kimnən bölüşəsən, paylaşasan bu ağlı-qaralı dünyanı?! Yanında olmaq əvəzinə, hayanın olmaq yerinə başında oturmaq istəyənləmi?!. İki kəlmə bölüşüb dərdləşəndə özünü fateh kimi aparır. Qarşısındakı sirli aləmi açmaq, gözəlliyindən, cazibəsindən zövq almaq əvəzinə təkəbbür göstərir. Nağıl kimi bir ömür yaşamaq, qırxıncı otağın sirrini açmaq eşqinə düşmək ağlından belə keçmir. Dünyanın məşəqqətlərinə dözməkçin yardımçı ola biləcək birisi kimi görə bilmir səni. Gözü dördbir yanı axtarır həmişə. Xəyalı kim bilir haralarda dolaşanın birisiynən nəyi, necə paylaşasan?! Nə qədər gərəkli olduğunu anlaya biləydi, keşkə... Öz gözündə neçə qat ucalardı, ondan gözlənilənlərə layiq olardı o zaman...Dünyada saysız-hesabsız gözəllər var fikriynən özünü yormazdı. Bir nəfərlə hər şeyi bölüşüb bütövləşərdi, tamamlanardı...
   
   Ağılda olmasa da, zövqdə Anatol Fransdan geri qalmayan, bu dünyada hər şeyi bütöv istəyən Yevgeni Yevtuşenko təkcə sevdiyi qadının balışının yarısını arzulayırdı...
   
   ***
   
   Ürəklə qoluna girə bildiyin varsa, kürəyini dağa söykəmişsən, demək, zamanın küləkləri hansı səmtdən əsir-əssin, üşüdə bilməz, uçura bilməz səni...
   
   Bəs, yanındakı?! Soyuq küləklərin qabağını kəsə biləcək qədər dözümlü, alınmaz birisidimi? Zəiflikdən, zəriflikdən güc almağı bacarandımı? Cavabınız "hə"disə, dünyanız bütövdü, demək...

TƏQVİM / ARXİV