adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyul 2015 08:48
33595
GÜNDƏM
A- A+

Qarpızı nə vaxt yemək olar?


Hər bir bostan-tərəvəz məhsulunun və meyvənin mövsümü var. Və həmin mövsümdə də dediyimiz məhsullar yetişir və insanlar onu bazar-dükandan alaraq yeyirlər. Ancaq bir də görürsən ki, qışın oğlan çağında belə bazarlarda piştaxtanın üzərində qarpız, yemiş, gilas, gilənar və digər məhsullar satışa çıxarılıb. Aydındır ki, bu məhsullar mövsümdəkindən nisbətən qat-qat baha qiymətə satılır. Çünki qış mövsümündə sadaladığımız bostan-tərəvəz məhsulları və meyvələr xaricdən gətirilir. Təbii ki, xaricdən gətirilən məhsullar da baha qiymətə satışa çıxarılır. Amma onun da alıcıları var. Nə qədər baha olsa da ürəyi qarpız-yemiş, gilas-gilənar istəyən adam pulundan keçib bu məhsulları alırlar.
Heç kimə məcbur etmək olmaz ki, qışın oğlan çağında niyə qarpız alıb yeyirsən? Bu hər adamın öz işidir və heç kəs də ona göstəriş verə bilməz. Lakin gəlin onunla razılaşaq ki, hər hansı meyvə-tərəvəz və bostan məhsulları mövsümündə yeyiləndə daha dadlı və ləzzətli olur. Çünki həmin meyvələri yedikdə onun dadı insanın damağında uzun müddət qalır.
Bu mövzuda yazı qələmə almağımız heç də təsadüfi deyil. Belə ki, bir neçə gündür ki, ölkənin müxtəlif televiziya kanallarında bazarlarda və mağazalarda satılan qarpızlarla bağlı müxtəlif fikirlər səslənir. Biri deyir ki, indi qarpız yeməzlər, bu adamı zəhərləyə bilər, bir başqası da bildirir ki, qarpıza normal qaydada gübrə veriləndə o məhsul istər istixanada yetişdirilsin, istərsə də günəş şüası altında, fərqi yoxdur, o insan həyatı üçün qorxulu deyil. Amma fakt faktlığında qalır ki, son on gündə ölkəmizdə ona yaxın insan qarpızdan zəhərlənib. Bu barədə Klinik Xəstəxananın Toksikologiya şöbəsində də məlumat var. Deməli, müəyyən qurumların şəhərdə satılan qarpızla bağlı narahatlığı isə əbəs deyilmiş.
Bunlara baxmayaraq, günbəgün Bakı şəhərində qarpız satışı daha da geniş vüsət alır. Bazarlarda, market və mağazalarda qarpızın və yemişin əlindən tərpənmək olmur. Belə baxanda burda pis heç nə yoxdur. Pis odur ki, qıtlıq ola və camaat da bazar-dükandan qarpızı baha qiymətə ala.
Bu gün satılan qarpızın keyfiyyəti ilə bağlı həkim-ekspert Nadir Eyvazovun fikirlərini öyrəndik. O, bildirdi ki, nəinki qarpızı hətta digər mer-meyvələri və bostan-tərəvəz məhsullarını təbii yolla yetişəndən sonra yemək daha məsləhətdir. O ki qaldı qarpıza, yemişə, bu barədə hər il insanlar mövsüm qabağı müxtəlif mütəxəssislər tərəfindən maarifləndirilir. Camaat birmənalı olaraq anlamalıdır ki, qarpızı iyunun axırında və avqustun əvvəllərində yemək olar. Çünki dediyimiz müddətdə qarpız və yemiş məhsulları təbii yolla günəş şüası altında yetişir. Bu yolla yetişən məhsullar insan həyatı üçün heç vaxt qorxulu deyil.
Bizimlə söhbətində Nadir Eyvazov bir fikri də xüsusilə vurğuladı ki, mövsümdən əvvəl yeyilən qarpızlar təhlükəlidir. Çünki onlar istixanalarda süni yolla yetişdirilir və sonra da bazara çıxarılır. Əlbəttə, mövsümdən əvvəl bax, bu günün özündə qarpız satılırsa, deməli o, normal qaydada becərilməyib. Heç olmasa insanlar bazarlardan qarpız alarkən çox irisini yox, uzaqbaşı, beş-altı kilo çəkisi olan qarpız almalıdırlar. Belə ki, xırda qarpızlar bir o qədər də təhlükəli deyil. Düzdür, onun da müəyyən mənada təhlükəsi var, amma iri qarpızlarla müqayisədə bu bir qədər azdır. Həmin qarpızları kəsərkən soyuducuya qoyub sabahkı günə saxlamaq olmaz. Ona görə ki, kəsilmiş qarpız soyuducuda qalanda onda reaksiya gedir və nəticədə o hər hansı insanı zəhərləyə bilər. Sözümüzün canı ondan ibarətdir ki, insanlar bir az da dözməli, on-on beş gündən sonra çox rahatlıqla qarpız-yemiş ala bilərlər. Təbii yolla yetişən qarpız-yemişin insan orqanizmi üçün çox böyük xeyri var. Elə ona görə də mövsüm vaxtı qarpız-yemişdən daha çox istifadə edilməlidir.
Artıq bir faktı da oxucuların diqqətinə çatdırmaq istəyirik ki, bütün bazarlarda Dövlət Baytarlıq Xidmətinin laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalarda bazara satışa çıxarılan qarpızlardan nümunə götürülür, analiz olunur və müsbət cavab alınarsa onun satışına razılıq verilir. Bir neçə gün bundan əvvəl bazarların birindən nümunə götürülən qarpızdan yaxşı nəticə alınmayıb və 600 kiloqram qarpız satışdan çıxarılıb. Mövcud qaydaya görə qarpızda nitratın tərkibi 60 faizi, yemişdə isə 90 faiz olmalıdır. Əgər bazarlarda satılan qarpızların hamısından nümunə götürülsə, onda çoxlarının gətirdikləri qarpız bu tələblərə cavab verməz.
Qarpızdan zəhərlənmənin digər bir problemi ondan ibarətdir ki, həmin məhsullar uzun müddət günəş şüası altında saxlanılır. Təbii ki, bir neçə gün günün altında qalan qarpızda reaksiya yaranır və nəticədə qarpız pis vəziyyətə düşür. Onu alan hər hansı bir insan isə yeyəndən sonra zəhərlənir. Bir daha oxucuların nəzərinə çatdırmaq istəyirik ki, vaxtından tez və günün altında satılan qarpızı, yemişi almasınlar. Əks təqdirdə onlar hər an zəhərlənə bilərlər.
Faiq QİSMƏTOĞLU